Taliban və “Əl-Qaidə” ilə mübarizədə mərkəzi platsdarm olan Baqram aeroportunu səssiz-səmirsiz tərk edən ABŞ qoşunları əfqanları çətinə salıb; terror rüzgarı bölgədə güclənəcəkmi? - politoloqların şərhiƏfqanıstan hərbi rəsmiləri ABŞ hərbçilərinin gecə ilə səssiz-sədasız elektriki bağlayıb Baqram hava limanını tərk etdiyini xəbər verir. Rəsmilərin bildirdiyinə görə, amerikalı hərbçilərin gedişindən əfqan komandir iki saat sonra xəbər tutub. “Yeni Müsavat” bildirir ki, Baqram hava limanı Taliban və “Əl-Qaidə” ilə mübarizədə əsas mərkəz rolu oynayırdı. Pentaqon avqust ayının sonuna qədər hava bazasından qoşunların çıxarılması prosesinin tamamlanacağını bildirmişdi.“Amerikalıların Baqram hava bazasını tərk etməsi barədə şayiələr eşitdik... və nəhayət səhər saat 7-yə qədər hərbçilərin bazanı tamamilə tərk etdiyini təsdiqlədik”, - deyə Baqram hava limanının yeni rəhbəri, general Mir Əsədulla Kohistani bildirib. ABŞ-ın hərbi rəsmisi polkovnik Sonni Legget Əfqanıstan hərbçilərinin şikayətinə cavab verməyib. O, keçən həftə verilən açıqlamaya istinad edərək, bazadan çıxarılmanın ABŞ-ın Əfqanıstan liderləri ilə koordinasiyalı şəkildə həyata keçirildiyini bildirib.Açıqlamada həmçinin bildirilir ki, prezident Co Baydenin aprel ayının ortalarında Əfqanıstanda qalan son hərbi qüvvələrin tamamilə çıxarılacağını elan etməsindən sonra hava bazasının təhvil verilməsi prosesi başlayıb. Əfqan komandir bildirib ki, ABŞ hərbçiləri bazada 3 milyon 500 min ədəd inventar tərk edib. Bunlara on minlərlə şüşə su, enerji içkisi, hazır yeməklər, qapı dəstəyi, pəncərə, telefon kimi əşyalar da daxildir.
ABŞ-ın, NATO-nun, müttəfiq ölkələrin qoşunlarının Əfqanıstandan çıxması region üçün başağırısı olacaq deyə, proqnozlar verilir. Xüsusilə də Orta Asiyada terrorun baş alıb gedəcəyi deyilir. Bundan sonra Əfqanıstanı ələ keçirəcək qüvvə - Talibanın terror ruzigarları əsdirəcəyi iddia olunur və bu prosesdən bölgə ölkəsi olaraq Azərbaycanın da zərər görə biləcəyi ehtimalı var.
Taliban Pakistanda yetişdirilib. ABŞ bu gücü Pakistandakı gizli-aşkar bazalarında yaradıb. Ekspertlər deyirlər ki, Pakistanın Talibana nəzarət imkanları hələ də qalır. Pakistanla Azərbaycan isə dost-qardaş ölkələrdir. Belə olan halda bizim Talibanın şərindən uzaq daya biləcəyimiz mümkün olacaq inandırıcıdır. Eyni zamanda Türkiyə Əfqanıstanın paytaxtı Kabulda hava limanını mühafizə edəcək. Bu mənada Pakistan və Türkiyə kimi qardaş ölkələr Azərbaycana Taliban təhlükəsi olmasına imkan verməzlər. Yəni bunu bir qarantiya saymaq olar. Lakin bütövlükdə NATO qoşunlarının Əfqanıstandan çıxması Orta Asiya üçün ciddi problem olaraq qalacaq. Taliblər Tacikistan, Qırğızıstan, Özbəkistan kimi ölkələrə ciddi terror təhlükəsi sızdıra bilər.
Tofiq AbbasovPolitoloq Tofiq Abbasovun fikrincə, neçə onilliklərdir Əfqanıstan həmişə böyük gərginlik ocağı olub və ölkədə qeyri-stabillik hökm sürüb. Onun sözlərinə görə, vaxtilə SSRİ-nin etdiyi səhvi indi ABŞ təkrarladı.Ekspert hesab edir ki, amerikalılar da bu bölgədə məğlub olduqlarını etiraf etdilər və Əfqanıstandan çıxırlar: “Taliban qüvvələri özlərini hökumət kimi aparır. Əşrəf Qani hökuməti Kabil və ətraf ərazilərə nəzarət edə bilir. Qəndahar və digər bölgələrdə taliblər güclüdürlər. Bundan başqa, Əhməd Şah Məsud tərəfdarları İranla yaxındır. Ancaq Taliban tarixi dönüş yaşaya bilər. Onlar ölkəni normala çevirə bilərlər, bir şərtlə ki, qrupun daxilində yekdillik olsun”.
T.Abbasov bildirir ki, Talibanda bir qrup Pakistanla, bir qol İranla, bir qanad Rusiya ilə bağlıdır: “Vahid qüvvə yoxdur. Ona görə Talibanın davranışından çox şey asılı olacaq. Qərb etiraf etdi ki, uduzub. Türkiyə bəlkə nəsə edə bilər. Çünki müsəlman ölkəsi kimi yaxşı qarşılanır, Ərdoğanın Əfqanıstanda nüfuzu var. Amma bütün Əfqanıstana Türkiyənin siyasəti necə yararlı olacaq, bunu demək çətindir.
İndi Taliban çalışacaq ki, Əşrəf Qəni hökumətini devirsin. Amerika çox çalışdı ki, bu ölkədə müasir sənayenin əsasını qoysun. Hətta dağ-mədən işindən başladılar, amma gördülər ki, ciddi maneələr var. Əfqanıstan o zaman düzələcək ki, milli sənayesi yaranacaq, istehsal prosesi işə düşəcək. Əfqanıstanda mərkəzi dövlətçilik yaranmalıdır, ölkədə yerli tayfalarla məsələlər həll edilir. Heç kəs mərkəzə tabe deyil. Odur ki, Amerikanın regiona qayıdacağına inanmıram. Eləcə də Yaxın Şərq siyasəti iflasa uğrayıb. Bundan sonra Əfqanıstan qonşularla, Tacikistan və Özbəkistanla əlaqələri inkişaf etdirməlidir. Onlar ölkəyə ayaq basan qüvvələrə işğalçı kimi baxırlar. Bu baxımdan Qərb müdaxilə etməsə, Əfqanıstanda daxili qüvvələr konsensusa gəlməklə nəticə əldə edə bilərlər".
Ramiyə MəmmədovaSiyasi şərhçi Ramiyə Məmmədovanın sözlərinə görə, Taliban Əfqanıstana 1996-cı ildə nəzarət edib: “Ölkənin ən sabit dövrü olub. Bu baxımdan ümid etmək olar ki, onlar Əfqanıstanda total nəzarətə sahiblənsə, bəlkə müəyyən stabillik əldə edilə bilər. ABŞ-ın Talibanla barışığı və regiondan çıxması da belə qənaət yaradır ki, danışıqlarda anlaşma olub, taliblər amerikalılara vəd veriblər. Hətta vəd verməsələr belə, ABŞ anlayır ki, Əfqanıstanda qalması artıq müdafiə xərcləridir, heç nə edə bilməzlər”.
Ekspertin fikrincə, əfqan xalqının siyasi şüuru, təhsil səviyyəsi inkişaf etmir, sivilizasiya olduqca aşağıdır: “Ölkəni cəhalət bürüyüb. Tayfalar, qəbilələr mövcuddur. Mərkəzi hökumətə biət etməyən güclər, qruplar çoxdur. Burada sabitliyin əldə olunması mümkün olmayacaq. Taliban ikinci dəfə Əfqanıstanı götürüb öz hakimiyyətini bərqərar etsə də, bu ölkədə sabitlik əldə etmək, normal iqtisadiyyat təşkil etmək, sosial rifaha yetmək mümkün olmayacaq. Birincisi, Talibanda bunları etmək üçün heç bir potensial və proqram yoxdur. İkincisi, ölkə əhalisi özü də artıq işləməyi yadırğayıb, döyüşməyə vərdiş edib. İşləmək deyəndə isə yüz minlərlə əfqan narkotik bitkilər əkib-becərməyi nəzərdə tutur”.
Müsavat.com