XİYABANİNİN SİYASİ UZAQGÖRƏNLİYİ



XİYABANİNİN SİYASİ UZAQGÖRƏNLİYİ... - Onun bir sıra fikirləri bu gün də öz siyasi əhəmiyyətini və dəyərini itirməyib
Şeyx Məhəmməd Xiyabani Güney Azərbaycanda və bütün İranda imperializmə qarşı və demokratik azadlıqlar uğrunda mübarizə aparmış ictimai-siyasi xadimlər içərisində xüsusi yer tutur. İranın, o cümlədən, Güney Azərbaycanının XX yüzilliyin əvvəlindəki inqilabi mühitində yetişmiş Məhəmməd Xiyabani müasiri olduğu Şərqin və Qərbin qabaqcıl ictimai fikrin bəhrələrini mənimsəyən, inqilabiliklə elmiliyi öz fəaliyyətində birləşdirə bilən nadir siyasi xadimlərdəndir.
Fövqəladə üstün keyfiyyətlərinə görə Məhəmməd Xiyabani əsrin nəbzini tutmuş, dünyada baş verən inqilabi, siyasi proseslərdən düzgün nəticə çıxara bilmiş, ayrı-ayrı dövlətlərin siyasətinə, dünyaya car çəkdikləri müraciətlərə onların məhz işləri ilə qiymət verməyi bacarmışdı. O, Rusiyada baş verən siyasi-inqilabi dəyişikliklərin müsbət cəhətlərini görməsinə və birinci dünya müharibəsindən sonra Sovet (keçmiş çar) qoşunlarının İrandan çıxarılması dövründə Güney Azərbaycandakı rus qoşun hissələrindəki əsgər və matros deputatları sovetləri ilə həmkarlıq etməsinə baxmayaraq, zəmanəmizin bir çox siyasi xadimlərindən irəli gedərək, o zaman böyük uzaqgörənliklə Sovet Rusiyasının bir çox cəhətdən, ələlxüsus xarici siyasətdə çar Rusiyasının davamçısı olmasını görmüş və fikrini bolşevizmi "çarizmin o biri üzü" adlandırmaqla bildirmişdi.
Oktyabr çevrilişindən sonra Şərq ölkələrində ən tez bir zamanda siyasi hakimiyyəti ələ almaq xatirinə nəyin bahasına olursa-olsun "sosialist" inqilabını Şərqin ayrı-ayrı bölgələrinə köçürməyə can atan bir çox siyasi xadimlərdən fərqli olaraq Xiyabani Güney Azərbaycanda qarşıda duran vəzifələrə daha açıq gözlə və uzaqgörənliklə yanaşmış və düzgün hərəkət xətti seçmişdi - o, bütün demokratik qüvvələri öz sıralarında birləşdirəcək bir siyasi təşkilatın - Demokrat Partiyasının yaradılmasına nail olmuşdu.
Ş.M.Xiyabani 1880-ci ildə Təbriz yaxınlığındakı Xamnə qəsəbəsində tacir ailəsində anadan olmuşdur. Mükəmməl dünyəvi və dini təhsil almış, müxtəlif peşələrdə çalışmış olan Məhəmməd Xiyabani 1905-1911-ci illər İran Məşrutə (konstitusiya) inqilabı dövründə siyasi həyata qədəm qoymuş, inqilabın fəal iştirakçılarından biri olmuşdu. O, Təbrizdəki həlledici vuruşmalardan biri zamanı (5 mart, 1909) Xiyaban məhəlləsində göstərdiyi qəhrəmanlıq və şücaətlə xüsusi fərqləndiyi üçün Xiyabani adını qazanmışdı. Xiyabani Azərbaycan Əyalət Əncüməninin fəal üzvlərindən idi. Azərbaycan əyalətindən Milli Məclisin ikinci dövrəsinə nümayəndə seçilən Xiyabani Məclisdə sol nümayəndələrə yaxınlaşır və az sonra, 1909-cu ildə təşkil edilmiş İran Demokrat partiyasına (İDP) daxil olur. 1911-ci ilin dekabrında irtica bütün ölkədə demokratik qüvvələrə qarşı hücuma keçdikdə o, İranı tərk etməyə və Qafqaza getməyə məcbur olmuşdu. Bir müddət Bakı yaxınlığındakı Novxanı kəndində yaşamışdı.
Məhəmməd Xiyabani 1914-cü ildə Təbrizə qayıtdıqdan sonra orada bir dükan açaraq həm ticarətlə, həm də gizli siyasi fəaliyyətlə məşğul olur.
1917-ci ildə Rusiyada fevral Burjua İnqilabı nəticəsində çarizmin devrilməsi ilə öz etibarlı arxasını itirmiş olan İran irticası geri çəkildikdə Güney Azərbaycanda gizli fəaliyyət göstərən siyasi təşkilatlar açıq işə keçdi, yeniləri yarandı. Bu təşkilatlar içərisində Ş.M.Xiyabaninin başçılıq etdiyi İDP-nin Azərbaycan Əyalət Komitəsi daha nüfuzlu təşkilat idi. Açıq fəaliyyətə keçən komitə öz təşkilat şəbəkəsini xeyli genişləndirdi, əyalət komitəsinin Azərbaycan vilayət mərkəzlərində - Sərab, Ərdəbil, Zəncan və Urmiyada komitələri yarandı. Aprelin 9-dan etibarən əsasən Xiyabaninin rəhbərliyi ilə partiya orqanı kimi "Təcəddüd" qəzetinin nəşrinə başlanıldı. Dörd il ərzində 202 sayı çıxmış qəzetin saylarının əksəriyyəti Xiyabaninin baş redaktorluğu ilə nəşr edilmişdir. Fars dilində nəşr edilən qəzetin nüsxələri Tehrana və İranın digər şəhərlərinə də göndərilirdi.
İlk məqalələrini "Təcəddild" qəzetində dərc etdirən Xiyabani eyni zamanda bir publisist kimi püxtələşirdi. Xiyabani özünün ən qiymətli fəlsəfi məqalələrini, bədii-fəlsəfi esselərini məhz bu qəzetdə nəşr etmişdir.
1917-ci il avqust ayının 24-də Əyalət Komitəsinin geniş konfransının hazırlanması və keçirilməsində, konfransda Azərbaycan Demokrat Partiyasının (ADP) müstəqil elan edilməsində və partiyanın qarşıdakı vəzifələrini müəyyənləşdirən qətnamələr qəbul olunmasında partiyanın Mərkəzi Komitəsinin başçısı Xiyabani olduqca mühüm rol oynadı.
1917-1920-ci illərdə Xiyabani İranın hakimiyyət dairələrinin xalqa zidd fəaliyyətinə və imperialistpərəst siyasətinə, o sıradan İngiltərə dövləti ilə imzaladıqları 1919-cu il sazişinə qarşı çıxaraq, Məşrutə inqilabı dövründə əldə edilmiş Əsas Qanunun həyata keçirilməsi və təkmilləşdirilməsi uğrunda Güney Azərbaycanda genişlənən milli və demokratik hərəkata, bu mübarizənin zirvəsi olan 1920-ci il 7 aprel Təbriz üsyanına rəhbərlik etmişdir.
Üsyanın qələbəsindən sonra ictimai İdarə Heyətinin iyun aynın 24-də yaradılan Milli Hökumətə başçı seçilən Xiyabaninin siyasi dövlət xadimi, iti qələmi olan publisist və kütlələrə nüfuz edən natiq kimi müxtəlif sahələrdəki istedadı daha bariz şəkildə üzə çıxdı. Üsyanın iştirakçısı və MH-ın üzvü, tanınmış maarifçi Abdulla Abdullazadə Bakıya göndərdiyi məktubunda Şeyx Məhəmməd Xiyabaninin fövqəladəliyini, bir başçı kimi keyfiyyətlərini xüsusi qeyd etməklə belə bir nəticəyə gəlirdi: "həqiqətən onları qeyri adamlar ilə qiyas (müqayisə) etmək olmaz".
O dövrkü İranın mərkəzi hökuməti və rəsmi qəzetləri, eləcə də bir çox Qərb müəllifləri Xiyabanini “separatçı” adlandırmalarına baxmayaraq, o, Güney Azərbaycanın İrandan ayrılması fikrini nə siyasi və elmi-nəzəri yazılarında, nə də ictimaiyyət qarşısındakı gündəlik çıxışlarında irəli sürmüşdür. Bəlkə əksinə, "Ey əziz Azərbaycan, sən bir iti gözsən ki, İran səninlə Avropa mədəniyyətinə baxır" - deyən Xiyabani Təbrizdən başlamış üsyanın bütün İrana yayılacağını və bu işdə Azərbaycanın, ələlxüsus Təbrizin və təbrizlilərin mühüm rol oynayacağını söyləyirdi. "Təbriz İrana nicat verəcəkdi" kəlamı doğma diyarı Azərbaycanın vurğunu və fədaisi olan Xiyabaninin səmimi sözləri idi. Xiyabani gələcək demokratik quruluşda bütün İranda əslində hakimiyyət başında məhz azərbaycanlıları görmək əzmini dəfələrlə ifadə etmişdir. Onun təbrizlilərə, onların qabaqcıl dəstəsi demokratlara müraciətlə gələcəkdə İranda "bütün qüvvələr sizin əlinizdə mərkəzləşəcəkdir" deməsi də bunu göstərirdi.
İranın bütün azadlıqsevər qüvvələrini birgə mübarizəyə çağıran Xiyabani İranın gələcək dövlət quruluşunun bütün xalq tərəfindən müəyyən edilməli olduğu üzərində xüsusi dayanırdı. O, İranda şahlığın ləğvi və respublika elan edilməsi fikrini dolayı yollarla xalqa aşılamağa çalışırdı və eyni zamanda federasiyalı dövlət quruluşunu xüsusi rəğbətlə nəzərə çarpdırırdı.
Çox maraqlıdır ki, bir çıxışında Xiyabani hər bir xalqın müstəqilliyinə xüsusi əhəmiyyət verərək "Bir xalqın şərafəti üçün birinci şərt onun müstəqil olmasıdır. Müstəqil olmayan bir xalqın əzmi və hörməti yoxdur" deməsi belə bir ehtimala əsas verir. Xiyabani Azərbaycanın ehtiyacları üzərində xüsusi dayanırdı. O, hesab edirdi ki, gələcək demokratik quruluşlu İranın tərkibində öz muxtar hüququna malik olacaq Azərbaycana (Güney), onun tələblərinə xüsusi diqqət yetirilməli idi. Çünki onun fikrincə, "Azadistan çox zərərlər çəkmiş, zərbələrə düçar olmuş, özgələrindən və özününkülərdən xəsarət görmüşdür. İndi isə o, təmir və bərpaya möhtacdır".
Doğma diyarı Azərbaycanla fəxr edən, bu diyarın yüksəlməsi və öz inqilabi, sosial-iqtisadi və mədəni vəziyyətinə uyğun mövqe tutmasına, xalqın tələblərinə cavab verən siyasi status qazanmasına can atan, burada yaşayan millətin yeniləşməsinə və yetkinləşməsinə çalışan Xiyabani həmin xalqa müraciətlə: "Sizi diri, düşüncəli və yeniləşmiş bir millət etməliyik" deməklə azərbaycanlıları fəal və qəti mübarizəyə səsləyirdi.
Xiyabaninin üzərində xüsusi dayandığı problemlərdən biri də Azadistanda qadınların ictimai həyatda iştirakı məsələsi idi. O, Güney Azərbaycanda, ümumiyyətlə bütün İran tarixində ilk dəfə olaraq belə aydınlıqla və yüksək məqamda qadınların fəal sosial qüvvəyə çevrilməsi ideyasını irəli sürürdü. Onun bir sıra məqalələri ("Dünyanın məşhur qadınları", "Dünya qadınlarının tərəqqisi", "Bizim qadınlarımız", "Sabahkı analarımız" və s.) və nitqləri məhz bu mühüm problemə toxunurdu. Xiyabaninin təşəbbüsü ilə üsyan dövründə Təbrizdə pulsuz qız məktəblərinin açılması bu yolda atılan ilk addımlardan idi.
Xüsusi qeyd etməyə ehtiyac var ki, Xiyabaninin - mükəmməl dini təhsil görmüş, Məşrutə inqilabı dövründə Təbrizin Sam-Sam məscidində pişnamazlıq etmiş bu mütəfəkkir şəxsin dinə münasibəti birmənalıdır. O, üsyan dövründəki çıxışlarından birində bu münasibəti yığcam olaraq belə ifadə etmişdi: "Din həmişə və hər yerdə siyasətə tabe olmuşdu və indi də onun nüfuzu və hakimiyyəti altında fəaliyyətini davam etdirə bilər".
Azərbaycanın sosial-siyasi və mədəni həyatının bütün sahələrini və ayrı-ayrı məsələlərini diqqət mərkəzində saxlayan Xiyabaninin Azərbaycanda maarifpərvərlik, təlim-tərbiyə məsələləri, ədəbiyyat və incəsənətin siyasi həyatda rolu və qarşılıqlı əlaqəsi haqqında görüşləri, dünya klassik fəlsəfi cərəyanları, fəlsəfənin kateqoriyaları, dünyanın siyasi mənzərəsi, o sıradan ayrı-ayrı müxtəlif ölkələrdə inqilabi hadisələr və başqa qlobal problemlərlə bağlı fikirləri və müqayisələri onun bir sıra məqalələrində, başlıca olaraq isə nitqlərində öz əksini tapmışdır. Diqqətə layiqdir ki, təcəddüd siyasi-fəlsəfi nəzəriyyəsi bu məktəbin (təcəddüd məktəbinin) ardıcıllarından və Güney Azərbaycanda (ümumiyyətlə, bütün İranda) "SƏRBƏST ŞEİR" janrının) banilərindən olan Tağı Rəfətin redaktorluğu ilə üsyan zamanı Təbrizdə Gənclər təşkilatının orqanı kimi nəşr edilən "Azadistan" dərgisində "ədəbiyyatda təcəddüd məktəbi" kimi öz təcəssümünü tapmışdı.
Bununla da deyə bilərik ki, Xiyabani üsyana hazırlıq və üsyan dövründə təcəddüd siyasi-fəlsəfi, sosial və ədəbi məktəbinin əsasını qoymuş və inkişaf etdirmişdi.
Beləliklə, Xiyabaninin başçılığı ilə həyata keçirilmiş bu üsyan İranda hökm sürən imperialist ağalığına, şahlıq quruluşuna qarşı və azərbaycanlıların öz milli istiqlaliyyəti uğrunda mübarizə tarixində böyük əhəmiyyətə malikdir. Təbrizdəki bu tarixi üsyana və bütün hərəkata rəhbərlik etmiş Şeyx Məhəmməd Xiyabaninin şəxsiyyəti Cənubi Azərbaycanda hələ keçən əsrin sonlarından rüşeym halında təzahür edən milli şüurun inkişaf prosesində xüsusi bir mərhələ təşkil edir. İranda yaşayan azərbaycanlılarda milli özünüdərketmənin inkişafında, onların İran miqyasında öz əhəmiyyətini qavramasında Xiyabaninin xidməti əvəzsiz idi.
Bir inqilabçı kimi Şərqin bir çox siyasi xadimləri ilə bir cərgədə duran, öz təfəkkürünün, mütərəqqi və ictimai görüşlərinin genişliyi ilə fərqlənən Xiyabaninin bir sıra fikirləri bu gün də öz siyasi əhəmiyyətini və dəyərini itirməyib.
Ş.M.Xiyabaninin siyasi fəaliyyəti, nəzəri-fəlsəfi baxışları Azərbaycan xalqının milli-azadlıq və demokratik hərəkatı tarixində dərin iz buraxmışdır. Onun şah əsəri olan "Azərbaycan və Azərbaycan demokratiyası" məqalə-essesi bu gün də son dərəcə müasir səslənir və azərbaycanlılara vətənpərvərlik, milli qürur, dəyanət, öz qüvvəsinə inam və mübarizlik dərsi verir, hazırkı milli tələbləri baxımından son dərəcə müasir və xalqa çağırış kimi səslənir. Bu sözlər Güney azərbaycanlılara bu gün də qürur, dəyanət, mübarizlik və yalnız öz qüvvəsinə güvənclik dərsi verir:
"Ey Azərbaycan, ey Azərbaycan demokratiyası...
Sən təcəddüd və təkamülün geniş meydanının tənha yolçususan, təcrübə keçmisən, imtahandan çıxmısan və indi sənin qarşında yeni bir dövr açılır...
İstibdad əleyhinə üsyan, əcnəbi istilasına qarşı müqavimət, pozucu ünsürlərlə mübarizə, şücaət və qeyrət, canfəşanlıq və mətanət tələb edir. Bunların hamısı pak övladlarının vücudunda vardır...
Budur, artıq keçmişin zəhmətlərindən istifadə dövrü gəlib çatmışdır, keçmişin xarabaları üzərində gələcəyin sarayları yüksəlmişdir...
Ey ölməz Azərbaycan, bu ümidləri doğrult, başını uca tut, yaşa, həmişə yaşa...!"
Üsyan mərkəzi hökumətin təşkil etdiyi silahlı hücum nəticəsində məğlubiyyətə uğradıldıqda da Xiyabani həyatının son anlarında şəxsi mərdlik və dəyanət nümayiş etdirmişdir. Məlumdur ki, MH-ın yerləşdiyi Ala-Qapı sentyabrın 12-də kazaklar tərəfindən alındıqdan sonra partiyanın sağ qalmış üzvləri gizli işə keçməyi və öz başçıları Xiyabanini irtica qüvvələrindən gizlətməyi qərara almışdılar. Lakin onun gizləndiyi yer irtica qüvvələrinə bildirildi və Xiyabani 1920-ci il sentyabrın 14-də bir neçə kazakın hücumu zamanı öldürüldü. Bundan əvvəlki gün isə evində gizləndiyi Şeyx Hüseynəli Miyanəçi Xiyabaniyə təklif edir ki, gedib validən onun üçün aman istəsin. Xiyabani isə cavab vermişdi: "Mən düşmən müqabilində dizimi yerə vurmaram. Mən İran Məşrutə inqilabının oğluyam. Mən ölümü təslim olmaqdan üstün tuturam". Ertəsi gün kazakların hücumu başlandıqda, Xiyabani son gülləsi ilə özünü öldürmüşdü.
Allah rəhmət eləsin, üstündəki torpaq yüngül olsun. Mənsub olduğu türk xalqı üçün o əbədiyaşardır.
Mürsəl İRƏVANLI

3-05-2022, 15:00 196

Digər xəbərlər

Bakı-Sumqayıt qatarlarının müvəqqəti ləğv edilmiş reysləri bərpa olunur

Zakir Fərəcov Şəhər Günündəsəyyar qəbul keçirdi – FOTO

Sumqayıt Məhkəməsi avtоmоbilini təmir edən ustanı döyən şəxsin cəzasını azaltdı

50 milyonluq qızıl QALMAQALI: azərbaycanlı iş adamı AXTARILIR

DYP-dən sürücülərə MÜRACİƏT

Şahlar Əsgərovdan Ramiz Mehdiyevə ŞOK İTTİHAMLAR - Sirləri açdı!

Sələmçi qadını və onun ərini öldürən ömürlük məhkumla bağlı QƏRAR

"Sumqayıt" doğma meydanda "Şamaxı"ya qarşı itkilərlə çıxacaq

Sumqayıtda ər arvadını döydü

"Mehdi Hüseynzadə”də keçiriləcək tədbirin planı bəllidi – azarkeşlər meydanda yarışacaq

Sumqayıtda yataqxanada qadınlar arasında dava - TƏFƏRRÜAT

"Sənətçiyə elə pul verməlidir ki, evə ət alacağını düşünməsin" - Məşhur aktyor

*Bakıda yeni universitet korpusu və yaşayış binaları layihələrinin ekoloji qiymətləndirilməsi aparılıb*

Merkelin xatirələri: Rusiya, NATO və Ukrayna mübahisələri üzə çıxdı- SENSASİYA

Ərdoğandan xəbərdarlıq: “Putin buna sərt cavab verə bilər”

Türkiyədən ABŞ-a çağırış: “Siz qoşunlarınızı geri çəkin, biz də...”

Deputatın “Zəngimcell”i: “Balansınız bitmişdir…”

Müqayis Verdiyev yenidən məhkəmə qarşısında

Pensiya ödənişi niyə gecikir? – Nazirlikdən açıqlama

Sumqayıtdakı lisey direktorunun qardaşı rəhmətə gedib

1 2 3 4 5 6 7 8 9 10 ... 903
Dünən, 18:05
Dünən, 17:37
Dünən, 12:39
Dünən, 12:32
Dünən, 11:50
Dünən, 11:41
Dünən, 11:34
Dünən, 11:31
Dünən, 10:24
Dünən, 10:10
Dünən, 10:00
Dünən, 09:00
21-11-2024, 19:29
21-11-2024, 11:07
21-11-2024, 10:53
21-11-2024, 10:46
21-11-2024, 10:16
21-11-2024, 10:01
21-11-2024, 09:09
20-11-2024, 19:47
20-11-2024, 19:24
20-11-2024, 16:08
20-11-2024, 15:29
20-11-2024, 15:25
20-11-2024, 15:23
20-11-2024, 15:20
20-11-2024, 15:14
20-11-2024, 15:12
20-11-2024, 15:08
20-11-2024, 15:04
20-11-2024, 15:00
20-11-2024, 14:58
18-11-2024, 09:09
18-11-2024, 09:02
15-11-2024, 19:20
15-11-2024, 14:16
15-11-2024, 14:08
15-11-2024, 14:01
15-11-2024, 13:59
15-11-2024, 13:53
1 2 3 4 5 6 7 8 9 10 ... 903