Ləğv edilmiş Milli Təhlükəsizliyi Nazirliyi Baş İstintaq İdarəsinin rəisi, general-mayor Mövlam Şıxəliyev və onunla birgə azadlıqdan məhrum edilmiş istintaq idarəsinin rəis müavini, 1-ci şöbənin rəisi Yasin Məmmədov, istintaq idarəsinin 2-ci şöbənin rəisi, polkovnik Vüsal Ələkbərov, istintaq idarəsinin metodiki yardım və kriminalistika şöbəsinin rəis müavini Sahib Ələkbərovun barələrində olan hökmdən verilmiş apellyasiya şikayəti üzrə məhkəmə prosesi keçirilib. Sumqayit.tv Teleqraf.com-a istinadla xəbər verir ki, Bakı Apellyasiya Məhkəməsində hakim İlqar Murquzovun sədrliyi ilə baş tutan proses Mövlam Şıxəliyevin vəkili Ceyhun Yusifovla hakim arasında mübahisə ilə başlayıb. Hakim vəkili prosesə gecikməkdə ittiham etsə də, vəkil vaxtında məhkəməyə gəldiyini qeyd edib.
Daha sonra hakim Mövlam Şıxəliyevin poçt vasitəsi ilə məhkəməyə iki vəsatət təqdim etdiyini bildirib.
Hakim deyib ki, hər iki vəsatət törədilən əmələ hüquqi qiymət verilməsi ilə bağlıdır. Onun sözlərinə görə, hər iki vəsatətdə göstərilənlərə yekunda qiymət veriləcək.
Daha sonra çıxış edən Mövlam Şıxəliyev bildirib ki, xüsusi xidmət orqanlarında 36 il xidməti olub. 2015-ci ildən 2021-ci ilə qədər olan müddət ərizində onun barəsində cinayət tərkibi müəyyən edilməyib: “Amma 2021-ci ildə barəmdə cinayət işi başlanıb. Bu cinayət işinin başlanması üçün mötəbər sübutlar təqdim olunmayıb. Mənimlə bağlı Baş prokuror Kamran Əliyevə, baş prokurorun 1-ci müavini Elçin Məmmədova yalan, təhrif edilmiş məlumatlar məruzə edilib. Bu yanlış məlumatların əsasında da barəmdə cinayət işi açılıb və bu iş də məhkəməyə göndərilib.
Məhkəmə prosesində prokuror cinayət işi ilə bağlı bir mötəbət sübut təqdim etmədi. Yalnız məni müstəntiqlərə göstəriş verməklə bu cinayətləri törətdiyimi qeyd edtilər. Mən Müdafiə Nazirliyinin işçisi və yaxud komandir deyiləm ki, kiməsə göstəriş verəm. Heç bir müstəntiqə göstəriş vermək, onların işinə qarşımaq səlalhiyyətim olmayıb. Mənim vəzifəm yalnız işlərin daxil olmasının dəqiqliyini yoxlamaq, bölgülər aparmaqdan ibarət olub. Həmçinin işlərin süründürməçiliyə yol verilməməsi, vaxtında müvafiq qurumlara təqduim edilməsinə nəzarət etmişəm”.
Mövlam Şıxəliyev qeyd edib ki, müstəntiqlərə icraatında olan işlərlə bağlı göstəriş verməsi haqda yazılan ittiham da düzgün deyil: “Mən müstəntiqlərə göstəriş verməmişəm. Bütün müzakirələr Baş Prokurorluqda aparılıb, orada da yekun nəticəyə gəlinib. Yalnız sonda müstəntiqlər mənə məruzə ediblər ki, bu işlərlə bağlı belə tədbirlər görülüb. Heç bir işdə mən iştirak etməmişəm.
Bakı Hərbi Məhkəməsinin hakimi Elbəy Allahverdiyev prokurorluğun yazdığı ittihamı təsdiq edib. Bu gün məhkəmələrdə bir çox hüquqi islahatlar aparılır. Mən də bu islahatlara inanaraq şikayət etmişəm. Ümid edirəm ki, barəmdə ədalətli qərar qəbul ediləcək. Çünki mən təqsirsizəm”.
Zərərçəkmiş Hüseyn Səfərovla bağlı epizoda toxunan Mövlam Şıxəliyev deyib ki, ondan ov tüfəngi istəməsi və alması barədə yazılanlar düzgün deyil: “Hüseyn Səfərov deyir ki, həmin silahlı Vüsal Ələkbərova verib. Bunu Hüseyn Səfərovun özü indi də deyə bilər. Vüsal Ələkbərov da bu epizodu 2015-ci ildə mühakimə olunan zaman etiraf edib və deyib ki, Hüseyn Səfərovun verdiyi ov silah ondadır və evində saxlayır.
Bundan başqa, ittiham verilib ki, 2008-ci ildə ondan “Vertu” mobil telefon almışam. Birinci bu hədiyyə olub. Hədiyyə nə vaxtdan rüşvət sayılıb? Bu da 2010-cu ildə olub. Bütün bunları məhkəməyə təqdim etmişəm. Barəmdə cinayət işinin başlanılması ilə bağlı mötəbət sübutlar bundan ibarətdir.
Prokuror Vüsal Mehrəliyev bir dürüst sübuta istinad etməyib. Bu iş üzrə ümumilikdə 32 epizod var. Epizodlar üzrə heç bir sübut yoxdur. Hakim də bildirdi ki, bu işdə mötəbət sübut yoxdur, bunu məruzə edəcəm. Amma sonda bəraətlik olan iş üzrə ittihamedici hökm çıxarıldı. Bu, insan taleyidir. Belə biganə yanaşmaq olmaz. Mən bu dövlətə şərəfimlə xidmət etmişəm”.
Bu zaman zərərçəkmiş Hüseyn Səfərov generalın sözünü kəsib və onu vətənə xəyanət etməkdə ittiham edib. Onların mübahisəsini hakim sakitləşdirib.
Daha sonra çıxış edən Mövlam Şıxəliyevin sözlərinə görə, iş üzrə zərərçəkmiş şəxslərdən 21 nəfəri ifadəsində Mövlamı tanımadığını qeyd edib: “Belə görünür ki, mənə 5 mərtəbəli ittiham verilib. Belə ittiham olar? Zərərçəkmişərdən biri Rauf Həsənov Sübahir Qurbanov və Füzuli Məmmədovun cinayət işi üzrə zərərçəkmiş qismində tanınıb. Həmin iş üzrə də ittihamedici hökm çxıarılıb və bu şəxs Füzuli Məmmədovdan şikayətçi olub.
2021-ci ilə kimi dbu şəxs mənim adımı çəkməyib. Necə olubsa, 2021-ci ildə bu şəxsin də adı mənim işimə əlavə olub. Rauf Həsənov da məhkəmədə deyib ki, məni tanımır. Onun şikayəti Füzuli Məmmədovla bağlı olub. Həmin iş üzrə Füzuli Məmmədov cəzalandırılıb. Füzuli Məmmədov da ayrı idarənin işçisi olub”.
Mövlam Şəxəliyev qeyd edib ki, Zakir Qaralov və Eldar Mahmudov ona heç bir göstərişlər verməyib. Qeyd edib ki, bu işlərlə bağlı qərarların prokurorluqda qəbul edilməsi barədə danışarkən heç kimi ititham etmir: “Çünki mənim özümün də təqsirim yoxdur”.
Mövlam Şıxəliyev bildirib ki, zərərçəkmiş Namil Rzayevin onunla yaşadıqları binanın blokunda görüşməsi, ondan pul alması barədə dedikləri həqiqət deyil. Bildirib ki, onun Namil Rzayevlə yaxın münasibəti olmayıb və onların evləri arasında olan məsafə ilə bağlı məhkəməyə sübutlar təqdim edib.
Mövlam Şıxəliyev rüşvət alma və hədə-qorxu yolu ilə pul, əmlak tələb etmə ittihamlarını da qəbul etməyib. “Texnikabank”ın sahibi Etibar Əliyevin epizodu üzrə danışan generalın sözlərinə görə, onun əmlakının ələ keçirilməsi barədə yazılanlar həqiqət deyil: “Etibar Əliyevin əmlakını alan şəxs məhkəmədə ifadə verdi. Bildirdi ki, həmin əmlakı sonradan Ramiz Mehdiyevin kürəkəni İlham Əliyevə satıb. Bu nə ittihamdır mənə veriblər? Kimə nə hədə-qorxu gəlmişik, kimdən nə almışıq? Bu biabırçı ittihamdır”.
Mövlam Şıxəliyev qeyd edib ki, orden-medallarının əlindən alınması ilə bağlı hökm çıxarılıb: “Bizə bu medallar, ordenlər elə-belə, asanlıqla verilməyib. Biz prezidentə qarşı olan sui-qəsdin qarşısını aldıq. Bir iranlı casus Heydər Əliyev Mərkəzinin qarşısında kirayə ev tutmuşdu, yüksək peşəkarlıqla, snayper vasitəsilə sui-qəsd planlaşdırırdı. Vüsal Ələkbərovla Sahib Ələkbərov həyatlarını təhlükəyə ataraq bu qəsdin qarşısını aldılar.
Bundan başqa Hacı Məmmədovun quldur dəstəsi Bakının lərziyə salmışdı. Bu cinayətkarı ifşa etməklə 12 qətlin üstünü açmışıq. Biz bu işləri görüb, cinayətkarları məhkəmə məsuliyyətinə vermişik.
Jurnalust Elmar Hüseynovun qətlinin üstünü açmışıq. Bu cinayəti törədən şəxsləri müəyyən edərək barələrində axtarış vermişik. “Meşə qardaşları”, “Sumqayıt camaatı”, Nardaranda iran casuslarını ifşa etmişik. Bu xidmətlərimizə görə, orden və medallarla təltif olunmuşuq”.
Nizami Kazımov, Hüseyn Səfərov və digər zərərçəkmişlərlə bağlı epizodlara münasibət bildirən Mövlam Şıxəliyevin sözünü Hüseyn Səfərov növbəti dəfə kəsib. “Qurani-Kərim” kitabını çıxaran zərərçəkmiş ona and içir ki, Mövlam Şıxəliyev yalan danışır. Mövlam Şıxəliyev isə “Quran sənə qənim olsun” cavabını verməsi mübahisəyə səbəb olub.
Mövlam Şıxəliyevin vəkilləri Ceyhun Yusifov və Arzu Cavadov zərərçəkmişin məhkəmənin gedişini pozmaqda ittiham ediblər. Hakim isə zərərçəkmiş şəxsə xəbərdarlıq edib.
Daha sonra çıxışını davam etdirən Mövlam Şıxəliyev deyib ki, zərərçəkmiş Akif Qurbanovun epizodu üzrə ittiham da əsassızdır: “Bu şəxslə bağlı 2017-ci ildə Vüsal Ələkbərov mühakimə olunub və 1 milyon manatın ona qaytarılması ilə bağlı məhkəmə qərarı var. Vüsal Ələkbərovun özü də bu ittihamı qəbul etmir. Ortada Bakı Apellyasiya Məhkəməsi və Ali Məhkəmənin də qərarları var. Amma növbəti dəfə hakim bu epizod üzrə hökm çıxarıb. Bu da hakimin nöqsanıdır. Barəmizdə ehtimallara əsaslanaraq hökm çıxarılıb. Bununla bağlı da şikayət etmişik”.
Mövlam Şıxəliyev qeyd edib ki, məhkəmə istintaqı zamanı bir nəfər də olsa sübutların onun tərəfindən saxtalaşdırılması epizodu üzrə dindirilməyib.
Əmalakların müsadirə olunması ilə bağlı danışan Mövlam Şıxəliyev deyib ki, bununla bağlı araşdırma aparılmayıb: “Konstutsiya Məhkəməsinin Plenumunun 24 fevral 2022-ci il tarxili qərarında cəzaların icrası şərh olunub. Həmin qərarda qeyd edilib ki, cinayət hadisəsindən əvvəl əldə edilmiş və ya digər şəxslərə məxsus əmlaka müsadirə tətbiq oluna bilməz. Bəs nə səbəbə ədalət mühakiməsi olan məhkəmə bunlara məhəl qoymadan hökm çıxarıb?
Mənə və ailə üzvlərimə aid olan 1950-ci ildə babamdan atama qalmış əmlak müsadirə edilib, hans ki, 1991-ci ildə anam tərəfindən həyat yoldaşıma bağışlanmışdı. Bununla bağlı sənədləri məhkəməyə təqdim etmişəm. Bundan əlavə, 1993-cü ildə, 1998-ci ildə, 2005-ci ildə, 2007-ci ildə bağışlanma müqavilələri və alqı-satqı ilə əldə edilmiş əmlaklarımız məhkəmə tərəfindən müsadirə edilib. Bunlar barəsində məhkəməyə sənədlər təqdim etmişəm. Bu represiyanın səbəbi nədir?”
Növbəti proses fevralın 6-da davam edəcək.