Hər kitab bir tarixdir. Xalqın tarixinə sayğılarla, dövlətçiliyə sədaqətlə, orduya sevgilərlə yazılan kitablar gənclərin milli-mənəvi dəyərlər əsasında formalaşmasında, ordunun şəxsi heyətinin mənəvi-psixoloji hazırlığının daha da yüksəldilməsində əhəmiyyətli və daha düşündürücü olur. Xalq şairi Səməd Vurğun demişkən, deyilən söz yadigardır...Bu günlərdə Azərbaycan Ordusunun Təlim-Tədris Mərkəzində Əməkdar jurnalist, istefada olan mayor Rəşid Faxralının “Əsgər nəfəsi” kitabının təqdimat mərasimi olub. Təqdimat mərasimini Əməkdar incəsənət xadimi, Prezidentin fərdi təqaüdçüsü polkovnik Abdulla Qurbani açıb. Tədbirdə ərazi bütövlüyümüz uğrunda şəhid olanların, son döyüşlərdə düşmən təxribatının qarşısını alarkən şəhidlik zirvəsinə yüksələnlərin xatirəsi ehtiramla yad edilib.
Əsgər nəfəsini hamımız duymuşuq, duyuruq. Vətən müharibəsində bu nəfəs Zəfərə aparan yolun nişanvericisi oldu. Jurnalist, şair R.Faxralının “Əsgər andı” kitabı bu inamın kitabıdır.
A.Qurbani bildirib ki, “Əsgər andı” kitabı üç bölmədən ibarətdir: Vətən müharibəsinə qədərki dövrdə yazılanlar, Vətən müharibəsində yazılanlar, Vətən müharibəsindən sonra yazılanlar. Müxtəlif janrlarda yazılanları bir amal birləşdirir: əsgərə, Qələbəyə inam. Bütün məqalələrin, reportajların, esselərin, müsahibələrin zəmanətçisi onun sərlövhəsidir. Hamısının sərlövhəsi böyük inama söykənir, böyük inam dövlətçilikdən, dövlətçiliyə sədaqətdən rişələnir. Vətənpərvərlik şeirləri üçün seçilən ad həm yadda qalandır. Həm də düşündürücüdür: Səngər – yazı masası...
R.Faxralının səngərlərdə əsgərlərlə söhbətlərinin, sorğularının mahiyyəti vətənpərvərlik olub. Məqalələrindən birində belə bir məqam var. Rəşid səngərdə düşüncəli gördüyü əsgərdən soruşur:
-Nəyi düşünürsən, əsgər?
Əsgərin cavabı Rəşidin də, Rəşidlərin də ürəyini dağa döndərir:
-Torpağı.
“Əsgər nəfəsi” belə düşünən əsgərlərin kitabıdır. R.Faxralının bu kitabı Azərbaycanın torpaqlarını işğaldan azad edənlərin nəfəsinə sevginin kitabıdır.
Kitaba daxil edilən bütün məqalələr, reportajlar, esselər, disputlar, müsahibələr zamanında “Azərbaycan Ordusu” qəzetində dərc edilib. Bu baxımdan kitaba daxil edilən hər yazını jurnalistin qazanılacaq qələbəyə, deməli, Azərbaycan əsgərinə inamı hesab edilməlidir. “Səngər müvəqqəti dayanacaqdır, Böyük Qələbənin yolları üstə”, Azərbaycan əsgərinin düşüncələrini “Səngərləri sərhədlərə köçürəcəyik” məqaləsində olduqca inamla, sevgilərlə ümumiləşdirən R.Faxralı Vətəni sevənlərin jurnalistidir, Vətən məhəbbətinin jurnalistidir.
“Rəşid Faxralının yaradıcılığında bütün obrazlar Vətən obrazı ətrafında birləşir”, deyən A.Qurbani tədbir iştirakçılarının diqqətini bir məqam ətrafında cəmlədi: yüksək döyüş və mənəvi-psixoloji hazırlığa malik olan Azərbaycan əsgərinin Vətən müharibəsində qazandığı Qələbədə mətbu sözün də öz yeri olub. Bu baxımdan Əməkdar jurnalist R.Faxralının yazdıqları, “Əsgər nəfəsi” Azərbaycan əsgərinin ruhunun sözlə ifadəsidir.
A.Qurbani onu da qeyd etdi ki, bu kitab həm jurnalistika ilə məşğul olanların, həm də Ordumuzun tarixi ilə maraqlananların həmişə müraciət edəcəyi kitab olacaq...
Mətbuat Şurası sədrinin müavini Müşfiq Ələsgərli şair R.Faxralıının əsərlərinin poetik dəyərindən söz açdı, onu çağdaş jurnalistikamızda gərəkli xidmətləri olan jurnalist kimi xarakterizə etdi.
Tarix elmləri doktoru, ehtiyatda olan polkovnik Mehman Süleymanov R.Faxralının yaradıcılığından, bu yaradıcılığın mənəvi-xəlqi çalarlarından, özünəməxsusluğundan, leksik tərkibindən, zaman anlamında xalqın dünənlərinə ehtiramından danışdı. M.Süleymanov “Xalq Ordusu” qəzetinin (indi “Azərbaycan Ordusu” kimi nəşr edilir) nəzdində R.Faxralının xidmətindən ayrıca danışılmalı olduğunu, onun üslubunun bənzərsizliyinin böyük qibtələrlə əhatələndiyini bildirdi. “Rəşid Faxralı hərbi jurnalistikanın konturlarını müəyyənləşdirən, yaradıcılığı ilə bu konturların perspektivlərini inkişaf etdirən jurnalist oldu. “Xalq Ordusu”nun ilk saylarında dərc edilən “Torpaq”, “Fərarilik”, İnam” və s. kimi məqalələr şəxsi heyətin mənəvi-psixoloji hazırlığında əhəmiyyətli olmuşdu. Mən xaricdə xidmət edəndə Bakıdan apardığım az sayda kitablardan biri də R.Faxralının “Min illərin duası” kitabı idi. Poemanı tarixçi kimi oxuyurdum və məni heyrətləndirən bu idi ki, Rəşid tarixi hadisələrə gərəkli poetik biçim verə bilmişdi. Buna görə onu neçə dəfə oxumuşdum”, - deyə M.Süleymanov əlavə etdi.
Filologiya elmləri doktoru Bədirxan Əhmədov da R.Faxralının hərbi jurnalist olaraq ilk fəaliyyətinin şahidi kimi sayğılarla danışdı. O, ilk ezamiyyətlərdəki təəssüratlarını sonrakı ezamiyyətlərin etibarlı başlanğıcı kimi xarakterizə etdi: “Füzuli, Cəbrayıl rayonlarına ezamiyyətimizdə əsgərlərlə söhbətlərimiz, bu ezamiyyətdən sonra ilk dəfə qəzetin səyyar nömrəsinin hazırlanması, dərci hərbi jurnalistikada bir mərhələ oldu. Bu mərhələdə Rəşidin xidmətləri danılmazdır”.
B.Əhmədov “Əsgər nəfəsi” kitabına daxil edilən məqalələrin bədii dəyərini də, jurnalistikada yeni, bənzərsiz üsluba malik olduğunu da xüsusi vurğuladı: “Oxuyursan, az qala sənə elə gəlir ki, məqalələr Zəfərdən sonra yazılıb. Hər məqalənin sonunda dərc edildiyi tarix sənin düz düşünmədiyini xatırladır. Bu baxımdan Rəşidin kitabına az qala jurnalistika möcüzəsi də deyə bilərik...”.
Təqaüdçü-tədqiqatçı Eldar Məmmədov Rəşid Faxralının jurnalistikaya gəlişindən söz açaraq qeyd etdi ki, onun yaradıcılığının poetikası diqqəti çəkir. Məqalələrində də, reportajlarında da, esselərində də poetika məzmunla qoşalaşır ki, bu da məqalənin (reportajın, essenin) oxunaqlığını artırır. Bir məqamı da diqqətinizə çatdırım: Rəşid yeniyetməliyində, cavanlığında Faxralıda eşitdiyi ibrətamiz hadisələri, faktları jurnalistikaya gətirir ki, bunlar da günümüzlə ruhən səsləşir. “Əsgər nəfəsi” kitabı hamımızın kitabıdır...
Ehtiyatda olan polkovnik-leytenant, Əməkdar müəllim Bayram Məmmədov R.Faxralı ilə Zəngilanın işğaldan əvvəlki döyüşlərində tanış olduğunu, bu döyüşlərdə onun da iştirak etdiyini, döyüşləri, işğalın anatomiyasını jurnalistikanın imkanları ilə tarixləşdirdiyini, təkcə zəngilanlı döyüşçülərin deyil, ümumən Azərbaycan Ordusunun şəxsi heyətinin söz qardaşı olduğunu bildirdi. B.Məmmədov onu da əlavə etdi ki, Faxralının Zəngilan işğal olunanda yazdığı “Arazı mən də keçdim, ürəyimdə dərd yükü” məqaləsi Zəngilanın işğalının söz xəritəsidir. Bu məqalə o zaman, işğal sona yetənə kimi hər bir zəngilanlının ürək döyüntülərinə qarışırdı.
Veteran jurnalist Səfər Mahmudzadə R.Faxralının sözə sayğısından, bu sayğını jurnalistikaya sevgi bilməsindən danışaraq dedi ki, onun “Əsgər nəfəsi” son dövrlərdə nəşr edilmiş ən dəyərli kitablardan biridir. Bu kitab əsgərin gücünə, ordunun qüdrətinə sevginin kitabıdır.
“Xatirə kitabı”nın baş redaktoru Nəzakət Məmmədova isə qeyd etdi ki, “Xatirə kitabı” hazırlananda belə kitablardan da bəhrələnirik. Bu cür kitablar müəyyən mənada istinad olur. “Əsgər nəfəsi” kitabından bəhrələnməli məqamlar çoxdur və gələcək nəşrlərimizdə bundan da mənbə kimi istifadə edəcəyik.
Jurnalist Müzaim Hüseynzadə R.Faxralının yaradıcılığının müxtəlif istiqamətlərindən danışaraq bildirdi: “Rəşid Faxralının şeirləri hansı sevgilərlə oxunursa jurnalist Rəşid Faxralının məqalələri də həmin sevgilərlə oxunur. “Ulduz” jurnalında Rəşidin “Xəncər” hekayəsini oxumuşdum. Olduqca gözəl hekayə idi. Məzmun Xocalı faciəsi, təqdim yeni, bənzərsiz... Yəni Rəşid nasir kimi də özünün ürəyini, onun döyüntülərini yazır və yazdıqları bəyənilir. Bu baxımdan R.Faxralı xoşbəxt yazardır. Onun “Əsgər nəfəsi” kitabı da maraqla, sevgilərlə oxunacaqdır.
“Olimpiya dünyası” qəzetinin əməkdaşı, Əməkdar jurnalist Aslan Şirəliyev R.Faxralı ilə jurnalistika fakültəsində təhsil illərindən, onun öyrənmək istəyənlərə səmimi tövsiyələrindən və s. danışdı, dərslərdə qrupa ağsaqqallıq köməyindən söz açdı...
Jurnalist, ehtiyatda olan mayor Vahid Məhərrəmli R.Faxralı ilə ezamiyyətlərindən, orada əsgərlərlə söhbətlərindən, o söhbətlərin məqaləyə necə çevrilməsindən, yazdıqlarının bədii dəyərindən danışdı, onun yaradıcılığını “duru yaradıcılıq” adlandırdı...
Jurnalist Lalə Hüseynova R.Faxralının yaradıcılığından danışaraq dedi ki, “Əsgər nəfəsi” kitabına daxil edilən məqalələri zamanında “Azərbaycan Ordusu” qəzetində oxumuşuq. Həmişə də onlar bizə könül xoşluğu verib. Etiraf edilməlidir ki, onun yazdığı məqalələrin sərlövhələrində ahənrübalıq var. Şuşada keçirilən “Xarıbülbül” festivalı haqqında yazdığı “Salam, Xarıbülbülüm, salam, “Xarıbülbül”üm!” məqaləsi kimi...”.
Çıxış edən kursantlar da “Əsgər nəfəsi”nin Ordumuzun şəxsi heyətinin mənəvi-psixoloji hazırlığında əhəmiyyətli olacağından danışdılar.
Sonda “Əsgər nəfəsi” kitabının müəllifi R.Faxralıya Ordunun şəxsi heyətinin mənəvi-psixoloji hazırlığında xidmətlərinə görə Müdafiə Nazirliyinin rəhbərliyinin mükafatı təqdim edilib. Mükafatı təqdim edən A.Qurbani Azərbaycan Ordusununu döyüş və mənəvi-psixoloji hazırlığının daha da yüksələcəyinə əminliyini bildirib.