Sumqayit.tv teleqraf.com-a istinadən şəhid general-mayor Polad Həşimovun anası Səmayə Həşimova ilə müsahibəni təqdim edir:
- Səmayə ana, artıq bir il ötür. Bu əzab şəhid anası olaraq sizin üçün bir əsrə bərabərdir. Hər kəs deyir ki, 8 Noyabr zəfərə gedən yol Polad Həşimovun şəhadətindən başlayır...- 12 iyunda Tovuz döyüşləri başladı, 8 noyabrda qələbə qazanıldı. Müharibə Poladla başlasa da, Azərbaycan xalqının üç min Polad kimi oğullarının şəhid olması ilə başa çatdı. Bu rəqəmi üç min ilə ifadə etmək olmaz. Bu otuz ildə otuz mindən artıq şəhid vermişik. Fərqi nədir ki, 1992-ci ildə şəhid oldu, ya 2020-ci ildə? Hər biri Qarabağ uğrunda canından keçdi.
- Polad Həşimovun arzularından biri Qarabağı azad görmək idi. Onda bu sevgi haradan qaynaqlanırdı?- Poladda Qarabağ sevgisinin həddi-hüdudu yox idi, onu nə ölçü, nə də çəki ilə demək olmaz. Poladın Qarabağa sevgisi o qədər idi ki, 28 il orduda xidmət etdi. Qarabağ onun Vətənə sevgisinin bir hissəsi idi.
- Deyirlər ki, hərbçi olmurlar, hərbçi doğulurlar. Poladın uşaqlıda hərbiçi olmaq kimi arsuzu var idi?- Uşaqlıqda şahmat, futbol oynayırdı. Hər zaman uşaqlar komandalarında öz dəstələrinə çəkməyə çalışırdılar. Polad orta məktəbi bitirib hərbiyə getdi. Doqquzuncu sinfə qədər hərbi sahəyə getmək kimi fikri yox idi. Doğrudur, uşaqlıqda bütün uşaqlar kimi müharibə oyunları oynayırdı. 1990-cı ildə Qarabağ müharibəsi başlayanda Polad fikrindən döndü ki, hərbiyə yönələcəm. Fikrindən dönən uşaq deyildi. Qarşısına məqsəd qoydu ki, Qarabağı azad edəcək. Gedəndə evindən çox orada vaxtı keçirdi.
- Birinci Qarabağ müharibəsi, ardınca Aprel döyüşləri, sonuncu dəfə də Tovuz döyüşlərindən generalın şücaəti eşidildi. Polad hər zaman ön cəbhədə idi?- Həmişə... 28 il hərbi qulluğunun cəmi bir ili Tovuzda, bir ili Qusarda, iki ili Sumqayıtda oldu. Qalan 24 ilini ön cəbhədə keçirdi. Aprel döyüşlərində iştirak etdi. O vaxtı döyüş başlamazdan əvvəl mənimlə danışmışdı. Döyüşlər qəflətən başladı. Xəbərlərdən öyrəndim ki, cəbhədə atəşkəs pozulub. Hər yerə zəng etdim, Polad cavab vermədi. Əslində o, telefon istifadə etmirdi. Dostlarına zəng etdim, o zaman Bərdə korpusunda idi. Dedilər cəbhədə atışma gedir, iş yoldaşlarına zəng etdim ki, heç olmasa mən gəlim. Dedilər heç nə yoxdur, amma yalan söyləyirdilər. Dedim ki, heç olmasa telefonu ona verin, səsini eşidim. Dostları məni sakitləşdirməyə çalışdı, inanmadım. Dedim bircə dəfə "Ana" sözü desin, biləcəm ki, yaxşıdır. Zəng etmişdi: "Ana, qorxma", birtəhər səsini başa düşdüm. Polad o qədər qışqırmışdı ki, səsi çıxmırdı. Aradan 10 gün keçdikdən sonra Polad zəng etdi ki, "Cəbhədən kənardayam, narahat olma". Sonra nəvəm zəng etdi ki, “Atam evə gəlmişdi, heç çay da içmədi. Gəldi ayağının yarasını açdı bağladı, getdi”. Mən dizindən yaralandığını eşitmişdim. Yenidən zəng etdim, açmırdı. Uzun zənglərimdən sonra cavab verdi, dedim “Niyə açmırsan?” Dedi “Ay ana, başımız qarışıqdır”. Dedim “Yaralanmısan”? Dedi “Yox, kim deyir ki”? Demədim nəvəm deyib. Polad deyirdi ki, nənəyə xəbər verməyin. Bilirdi ki, mən dözə bilmirəm. Soruşdu kim deyib, dedim özüm hiss edirəm. Dedi “Sən görməmisən, necə hiss edirsən? Sən məni aldadırsan. Sən məndən söz alırsan. Yaralanmamışam”. Aradan 15 gün keçmişdi, gəldi. İcazə vermədi yarasına baxım..
- Dediniz ki, yaralandığını sizdən gizlədirdi. Polad hər zaman problemlərini gizli saxlayırdı?- Problemlərindən danışmazdı. Hərbi sirri heç vaxt vermirdi. Özünün də problemi olanda mənə dəqiq demirdi. O mənə demədiyi üçün yaxın yoldaşlarından öyrənməyə çalışırdım. Soruşanda deyirdim eşitmişəm, hiss edirəm... O istəmirdi ki, çətinliklərini ailəsi bilsin.
- Sonuncu dəfə nə zaman görüşmüşdünüz?- Şəhid olmazdan əvvəl martın əvvəllərində görüşdük. 2 gün burada qaldı, getdi. 19 martda pandemiya başladı. Ondan sonra gəlmədi…Deyirdi ki, pandemiya bitsin, gələcək. Amma bilirdim ki, onu mükafatlandırmaq üçün Müdafiə Nazirliyinə dəvət ediblər. Açıqlamırdım, gözləyirdim ki, özü desin. Bir gün telefonda xəbərim olduğunu bildirəndə kimin dediyini soruşdu. Yenə hiss etdiyimi dedim. Dedi “Nə oldu, sən hər şeyi anlayırsan? Elə bir söz deyiblər, amma hələ təsdiqlənməyib”. Mükafatlandırma aprel, may, iyun aylarına planlanmışdı. 15 iyun üçün əmr imzalandı. Polad Bakıya gəlməli idi. İyunun 11-də danışdıq, dedi “iyulun 15-i Bakıya gəlirəm, sən deyən iş təsdiqləndi. Yəqin 14-ü yola çıxıb, gələrəm evə”. Səhəri tabutu gəldi...
- Polad Həşimov şəhid olanda iş yoldaşlarından, onu tanıyanlardan haqqında öyrəndik. Siz Poladın hansı xarakterlərini bəyənirdiniz?- Onun var var-dövlətə marağı yox idi. Həmişə düşünürdü ki, nə edim ki, kiməsə köməyim dəysin. Cibinin son qəpiyinə kimi kiməsə yardım etməyə çalışırdı. Ən böyük marağı kasıb balalar olub. Həmişə deyirdi ki, “Ay ana, sən bilirsən ki, cəbhədə olanlar hamısı kasıb balalarıdır. Onlara köməyim əsgərlərə kömək yox, kasıblara köməkdir”. Polad bəlkə də bir çörək alanda parasını evinə aparır, yarısını əsgərlərə verirdi. Deyirdi ki, xalqıma qulluq edirəm.
- Övladları ilə bağlı arzularından danışmışdı?- Polad sirrini açan deyildi. Hərdən ona deyirdim ki, uşaqları sıxma. Onları cəzalandırmaq üçün kitab oxutdurardı. Özünün oxuduğu ən ağır, böyük kitabları verirdi, vaxt qoyurdu ki, 3 günə bu kitabı mənə danışmalısan. Ən böyük arzusu isə qızının oxuyub həkim olması idi. Deyirdi ki, qız oxumalıdır. Qızına özü də demişdi ki, “Oxuyub arzuna çatarsan, amma necə mən işləyirəmsə, sən də eləcə xalqına qulluq edərsən”. Amma qismət...
- Qarabağa gedə bildiniz?- Qarabağa getməmişəm, təklif gəlməyib. Qarabağa özüm getmək istəməsəm də, Poladın ora ilə bağlı çox arzusu var idi. Özünün bir səs yazısı var, deyirdi ki, bayraq Şuşada sancılacaq… Qarabağa tanıdığım adamlar arasından gedənlər olarsa, deyəcəm ki, Şuşadan torpaq gətirsinlər.
- Bir şəhid anası kimi şəhid ailələrinə nə deyə bilərsiniz?- Şəhid ailəsinə nə deyə bilərəm ki? Şəhid ailələri arasında çox oluram. O anaları dindirmək qeyri-mümkündür. Hər birinin ürəyində ayrı-ayrı arzuları var. Şəhid analarının ürəyini heç nə sağaltmaz. Allah şəhid yoldaşlarına dözüm versin. Amma şəhid anasının ürəyində elə bir ağrıdır ki, onu heç kəsə aça bilməz. Bu dərdi özləri ilə axıra qədər apararlar