Hacı Zeynalabdin Tağıyevin Azərbaycan tarixində özünəməxsus yeri var. Milyonçunun gördüyü xeyirxah işlərdən bir əsrdir danışılır, onun əməyi yüksək qiymətləndirilir. Tağıyevi əminliklə 20-ci əsrin əvvəllərində indiki postsovet məkanında ən tanınmış azərbaycanlı adlandırmaq olar.
Bizimyol.info xəbər verir ki, Bakı milyonçusu ziyalılara az dəstək nümayiş etdirməyib. Tağıyevin təkcə bir neçə qəzeti maliyyələşdirdiyini xatırlamaq kifayətdir. Amma onun ziyalılarla az qarşıdurması da olmayıb. Tağıyevin Nəriman Nərimanovla problem yaşadığı, Cəlil Məmmədquluzadənin bir sıra yazılarını bəyənmədiyi məlumdur. Əhməd Ağaoğlunun isə Azərbaycandan Türkiyəyə köçməsinin əsas səbəbkarının Tağıyev olduğu bildirilir.
Hacı Zeynalabdin 1911-ci ildə görkəmli yazıçı Əbdürrəhim bəy Haqverdiyevi işdən çıxartdırıb. Bu heç də ağızdan-ağıza gəzən şayiə deyil. Haqverdiyev məsələ haqda tərcümeyi-halında yazıb: “1911-ci sənədə "Tağıyеv-Bеhbudov" kеyfiyyətindən dolayı qulluqdan olan qarabağlıları və o cümlədən məni paraxodstvadan xaric еtdilər (Bu xüsusda əlimdə indi də sənəd var)”.
Bəs hansı Tağıyev-Behbudov münaqişəsindən söhbət gedirdi? Niyə məhz Haqverdiyevi işdən çıxarmışdılar?
Münaqişədə adı çəkilən Lütfəli bəy Behbudov 1877-ci ildə Şuşa qəzasının Bayat kəndində doğulmuşdu. 20-ci əsrin əvvəllərində Sankt-Peterburqdakı Dağ-Mədən Akademiyasında oxuyanda Hacı Zeynalabdin Tağıyevin ona maddi köməyi dəymişdi. Sonradan milyonçu gənc mühəndisi şirkətində işə götürmüşdü. Behbudov burada hətta müdir vəzifəsinə qədər yüksəlmişdi.
Onların arasının dəyməsində Bakıda yayılmış söz-söhbət əsas rol oynayıb. Şəhərdə danışırlarmış ki, Lütfəli bəy milyonçunun həyat yoldaşı Sona xanımla eşq yaşayır. Behbudov xatirələrində yazır ki, 1911-ci il mayın 15-də vacib görüşdən qayıdıb Tağıyevə məruzə edir. Evə qayıdandan bir az sonra Hacı Zeynalabdin mühəndisin arxasınca adam göndərir, ertəsi gün onun malikanəsinə gəlməli olduğunu bildirirlər. Behbudov gedir, Tağıyev onu qapıda qarşılayır, otaqları gəzməyə başlayırlar. Yataq otağına girəndə kənardan qəfil bir neçə nəfər çıxır, qapını arxadan bağlayıb onu döyməyə başlayırlar. Səbəbini soruşanda deyirlər ki, Hacının həyat yoldaşına sataşıb. Lütfəli bəy çox təhqir olunur. Onu diz çökdürürlər, üzünə tüpürürlər. Axırda faytonla gələn Behbudovu evinə at arabasında yola salırlar.
Lütfəli bəy çox sarsılır, işi belə qoymamaq qərarına gəlir. Şuşa ziyalısı milyonçunu məhkəməyə verir. Behbudov xatırlayır ki, sonradan cümhuriyyətin banilərindən olacaq Fətəli xan Xoyski onu dilə tutmağa çalışır, problemi məhkəmədə həll etməyi məsləhət görmür, amma Behbudov sözə baxmır. Bakı Dairə Məhkəməsi Lütfəli bəyin döyülməsində hər hansı şəkildə iştirak etmiş 7 nəfərə iş kəsib. Bir dəfə də məhkəmə iclaslarında görünməyən Tağıyevə 2.5 il, qalan şəxslərə 2 il iş verilib. Həmin adamların əksəri milyonçunun qohumları olub. Hacı Zeynalabdinin oğlu Sadıx, bacısının əri İrza bəy Məmmədbəyov, qardaşı oğlu Məmməd Rza Tağıyev Lütfəli bəyi alçaltmağı özünə şərəf bilib. Onların heç biri həbs həyatı yaşamyıb. Tağıyev təxminən 350 min rubl xərcləyərək buna mane olub. Hacı Zeynalabdinin bu davranışını hətta SSRİ-nini yaradıcısı Vladimir Lenin yazılarının birində tənqid edib, neft milyonçusu qudurğanlıqda ittiham olunub.
Məhkəmə çəkişməsi Tağıyevin nüfuzuna böyük zərbə vurub. Hacı Zeynalabdin hadisədən dərhal sonra şirkətlərində işləyən bütün qarabağlıları qovub. Şuşada doğulmuş Əbdürrəhim bəy Haqverdiyev də yerlisi Lütfəli bəyə görə işsiz qalıb