Əriyin meyvələri təzə halda yeyilməkdən başqa, ondan kompot, mürəbbə, cem, povidla, pastila, şirə hazırlanır
Azərbaycanda iqtisadi rayonlar sırasında Naxçıvan iqtisadi zonası ərik istehsalının 30%-ni təşkil edir.
Sortları.
Əriyin dünya miqyasında 2000-dən artıq sortu vardır.
Respublikamızda əsasən Şalax, Badam ərik, Qırmızı yanaq, Əbu Talibi, Ağ Təbərzə, Haqverdi sortları becərilir.
Xarici səraitə münasibəti.
Ərik bitkisi istiyə tələbkardır. Qısa müddətli şaxtalar ağaclara təsir etmir. Nisbi sükunət dövrü qısa olduğundan fevralda çiçək tumurcuqları inkişafa başlayır. Bu dövrdə olan 18…20° şaxta çiçək tumurcuqlarını məhv edir.
İşığa tələbkardır. Kölgəli yerlərdə çətir çılpaqlaşır və meyvə budaqcıqları tez quruyur. Quraqlığa nisbətən davamlı bitkidir.
Torpaq tələbi
Ərik, yaxşı su və hava keçirmə qabiliyyətinə malik yüngül torpaqlarda normal inkişaf edir. Ağır gilli və gillicəli torpaqlarda pis inkişaf etdiyindən əriyin şaftalı və alçaya calanması tövsiyə edilir. Torpağın həcmi çəkisi (xüsusi sıxlığı) 1,5 q/sm3 olduqda ərik bitkisi inkişaf edə bilmir.
Çoxaldılması
Ərik əsasən göz calağı ilə artırılır. Calaqaltı olaraq ərik, alça, badam, şaftalı, gavalı toxmacalarından istifadə edilir. Calaq yayda, iyul-avqustda və sentyabrın birinci yarısına kimi aparılır. Bir sıra özübarlı sortları toxumla da artırırlar. Tinglər güclü böyüyür və onlar birinci ili bağa əkmək üçün yararlı olurlar.
Bağın salınması və qulluq.
Ərik bağı üçün onun ekoloji xüsusiyyətlərinə uyğun sahələr seçilir və ümumi qəbul olunmuş qayda əsasında hazırlanır. Hazırlanmış sahə 12-15 hektarlıq sərnələrə bölünür və ağaclar düzbucaqlı əkin sxemi ilə, qida sahəsi 8-7x4-5 m verilməklə əkilir.
Cərgəaraları ağaclar məhsula düşənə qədər qara herik, məhsula düşdükdən sonra isə siderat və kifayət qədər su və qida ilə təmin olunmuş sahələrdə çəmən sistemində saxlanır.
Gübrələnmə qaydası
Ərik bitkisi gübrələnməyə müsbət münasibət bəsləyir. Payızdan şum altına, cavan bağlarda təsiredici maddə hesabı ilə 60-90 kq fosfor və kalium, vegetasiya dövründə isə 60 kq azot, yaşlı bağlarda 120-150 kq fosfor, 90 kq kalium, 90 kq azot verilməsi məhsuldarlığa müsbət təsir edir.Qeyd:(Torpaq analizinə görə gübrələmə aparılması məsləhətdir)
Suvarılma qaydası
Ərik rütubətə orta dərəcədə tələbkardır. Vegetasiya dövründə 4-5 dəfə (çiçəkləməyə qədər, çiçəkləmədən sonra, meyvələr yetişməzdən qabaq, meyvələr yığıldıqdan sonra, yarpaqlar tökülən ərəfədə) hər hektara, yaşdan asılı olaraq 400-600 m3 su norması ilə suvarılır.
Mənbə: Aqronomiya