Bu həftə sonu keçirilməsi planlaşdırılan OPEC+ toplantısı noyabrın 30-na təxirə salınıb. OPEC-in noyabrın 25-də keçirilməsi planlaşdırılan konfransı da noyabrın 30-na keçirilib.“Bloomberg” Agentliyinin yazdığına görə, toplantı Səudiyyə Ərəbistanının digər iştirakçıların neft hasilat səviyyələrindən narazı olması səbəbindən danışıqlardakı gərginliyə görə təxirə salınıb. OPEC və müttəfiqləri neft qiymətləri baxımından getdikcə daha kövrək bir vəziyyətlə üzləşirlər.
Xam neft sentyabr ayında pik həddindən təxminən 18 faiz geriləyərək bir barel üçün 79 dollara düşüb. Gələn il bazarda neft profisit olacağı barədə proqnozlar verilib.
İyul ayından etibarən gündəlik hasilatı əlavə 1 milyon barel azaldan Səudiyyə Ərəbistanının digər üzvlərlə hasilat səviyyəsi ilə bağlı çətin danışıqlar apardığı deyilir. “Rystad Energy” analitikləri hesab edirlər ki, hasilatın daha da azaldılmaması şəraitində neft qiymətləri 2024-cü ildə bir barel üçün 80 dollar ətrafında qalacaq. Şirkət qeyd edir ki, OPEC+ nazirlər komitəsinin iclasları heç vaxt dörd günə təxirə salınmayıb. Bununla belə, “Rystad” danışıqlarda dalana dirənmə ehtimalını istisna etmədən qarşıdakı görüşdə hasilatın azaldılması ilə bağlı razılığın əldə olunacağını gözləyir.
“Kommersant” qəzeti yazır ki, Səudiyyə Ərəbistanı razılaşma ölkələrini hasilatın mövcud azaldılması səviyyəsini ən azı gələn ilin birinci yarısı üçün saxlamağa razı salmağa çalışır. Lakin əksər dövlətlər bunu etmək istəmirlər. Nəşr qeyd edir ki, görüşün belə təxirə salınması bu illərdə ilk dəfə baş verib ki, bu da bazardakı mövcud vəziyyətlə bağlı fikirlərin müxtəlifliyini nümayiş etdirir.
Qeyd edək ki, OPEC+ hasilatın azaldılmasına dair son qərarını 2022-ci ilin sonunda qəbul edib - sutkada 2 milyon barel. Həmçinin cari il ərzində Rusiya və Səudiyyə Ərəbistanı könüllü olaraq ixracı və hasilatı azaldıb. Bununla belə, hələ sentyabr ayında bir barel üçün 100 dollar olan qara qızılın qiyməti hazırda 80 dollardan aşağıdır və tələbin azalması səbəbindən qışda daha da ucuzlaşa bilər.Səudiyyə Ərəbistanı üçün 70 dollardan aşağı qiymətlər əlverişli deyil və Ər-Riyad qara qızılın qiymətini artırmaq üçün tədbirlər görməkdə qərarlıdır. Lakin analitiklərin fikrincə, Səudiyyə təkbaşına hasilatı azaltmağa davam edə bilməz, ona görə də çox güman ki, digər OPEC+ üzvlərini də könüllü olaraq hasilatı azaltmağa inandırmağa çalışacaq.
Beynəlxalq Enerji Agentliyinin hesabatına əsasən, bu ilin oktyabrında qlobal gündəlik neft təklifi 320 min barel artaraq 102 milyon barelə çatıb. Artımın əsas hissəsi ABŞ və Braziliyada qeydə alınıb: “ABŞ və Braziliyada hasilatın artımı proqnozları üstələyib ki, bu da 2023-cü ildə qlobal neft tədarükünün sutkada 1,7 milyon barel artaraq rekord həddə - 101,8 milyon barelə çatmasına səbəb olub. Bu, əvvəlki illə müqayisədə 140 min barel çoxdur”.
Agentliyə görə, hər hansı gözlənilməz fasilələrin qarşısını almaqla, OPEC-ə daxil olmayan hasilatçılar 2024-cü ildə qlobal artıma yenidən gündə 1,6 milyon barel töhfə verməklə dünya bazarına tədarükü misli görünməmiş 103,4 milyon barelə çatdıracaqlar. Agentliyin ehtimalına görə, 2024-cü ildə neftə olan gündəlik qlobal tələbat 102,9 milyon barel (öncəki proqnoz - 102,7 milyon barel) civarında olacaq.
Bu isə o deməkdir ki, Səudiyyə Ərəbistanı, yaxud onun OPEK+ daxilində ən yaxın müttəfiqi Rusiyanın bazardan çəkdiyi həcmlərin yerini digər ölkələr rahatlıqla tutacaq. Məhz buna görə OPEK+ razılaşmasının digər iştirakçıları - Birləşmiş Ərəb Əmirlikləri, İraq, Əlcəzair və digərləri, hətta Rusiya da hasilatın əlavə azaldılmasına qarşı çıxır. Rusiya baş nazirinin müavini Aleksandr Novak ölkəsinin hazırkı neft qiymətlərindən razı olduğunu bəyan edib.Maraqlıdır ki, OPEK+ ölkələri hasilatın mövcud kvotası həcmində nefti dünya bazarına çıxara bilmirlər. BEA-nın hesablamalarına əsasən, oktyabrda razılaşma iştirakçılarının ümumi hasilatı kvotadan 1,600 milyon bareldən çox aşağı olub.
OPEK+ razılaşmasının iştirakçısı olan Azərbaycanda neft hasilatı kvotaya çatmır. Energetika Nazirliyinin məlumatına əsasən, 2023-cü ilin oktyabr ayında ölkəmizdə gündəlik neft (kondensatla birlikdə) hasilatı 603 min barel olub. Bunun 489 min barelini xam neft, 114 min barelini kondensat təşkil edib.
Qeyd edək ki, “OPEC plus” əməkdaşlığı çərçivəsində 2023-cü ilin sonuna kimi Azərbaycanın ixtisarlarla bağlı öhdəliyi gündəlik 33 min barel, gündəlik xam neft hasilatı üzrə kvotası isə 684 min bareldir. Bu isə o deməkdir ki, Azərbaycan oktyabr ayında hasilat kvotasından 195 min barel az neft istehsal edib. Bunun əsas səbəbi ölkənin başlıca mənbəyi olan “Azəri-Çıraq-Günəşli” yatağında hasilatın təbii azalması prosesidir. Statistik məlumatlara əsasən, təkcə son üç ildə - 2021-2023-cü illərdə neft hasilatında azalma 4 milyon tona yaxın olub. Belə çıxır ki, hər il orta hesabla neft hasilatı 1,3 milyon ton azalıb. Hökumətin 2024-cü il üzrə proqnozundan aydın olur ki, növbəti ildə də hasilat azalacaq.
Hazırda Azərbaycan ixracatının 90 faizə yaxınını neft və neft məhsulları təşkil edir. Bu kontekstdən neftin qiyməti ölkəyə daxil olan valyutanın həcminə birbaşa təsir göstərir. AÇG-də hasilat və ixracın azalması Azərbaycanın əldə etdiyi valyuta gəlirlərinin də aşağı düşməsinə səbəb olub. Belə ki, bu ilin yanvar-oktyabrında Dövlət Neft Fonduna AÇG yatağı üzrə 5 milyard 865,8 milyon ABŞ dolları, Şahdəniz yatağı üzrə (qaz və kondensat) 1 milyard 183 milyon ABŞ dolları olmaqla cəmi 7 milyard 48,8 milyon ABŞ dolları gəlir daxil olub. Ötən ilin eyni dövründə bu göstəricilər AÇG yatağından 8 milyard 326 milyon ABŞ dolları, Şahdəniz yatağından 1 milyard 209 milyon ABŞ dolları olmaqla cəmi 9 milyard 535 milyon ABŞ dolları təşkil etmişdi. Göründüyü kimi, AÇG üzrə gəlirlər 2 milyard 460,2 milyon dollar, “Şahdəniz” üzrə gəlirlər isə 26 milyon dollar azalıb.Neft Fondu ilə yanaşı neft-qaz sektorundan dövlət büdcəsinə daxilolmalarda da azalma var. Rəsmi məlumata əsasən, 2023-cü ilin yanvar-oktyabr aylarında Dövlət Vergi Xidmətinin xətti ilə dövlət büdcəsinə neft-qaz sektorundan 6 milyard 206,1 milyon manat vergi daxil olub. Ötən ilin eyni dövründə bu göstərici 6 milyard 960,4 milyon manat təşkil etmişdi. Bu isə neft-qaz sektorundan vergi daxilolmalarının 754,3 milyon manat azalması deməkdir.
Bu azalmalara rəğmən ölkənin xarici ticarətində 9 ayda 13,9 milyard dollar profisitin olması valyutaya olan ehtiyacların qarşılanmasında problem yaratmır. Mərkəzi Bankın məlumatına əsasən, daxili valyuta bazarında tarazlığın qorunduğu şəraitdə manatın nominal effektiv məzənnəsi 2023-cü ilin 10 ayında 21.6 faiz möhkəmlənib. Tənzimləyici bildirir ki, profisitli xarici ticarət balansı şəraitində ilin əvvəlindən bəri Mərkəzi Bankda keçirilən valyuta hərraclarının 99 faizində təklif tələbi üstələyib. Bu səbəbdən 10 ayda Mərkəzi Bankın valyuta bazarına müdaxiləsi 1247.9 milyon ABŞ dolları təşkil etməklə alışyönlü olub.
Bu isə milli valyutanın məzənnəsinin tənzimlənməsi baxımından ən mühüm amildir. Azərbaycanda milli valyutanın ABŞ dollarına qarşı məzənnəsi son 6 ildə dəyişməz olaraq qalmaqdadır. Mərkəzi Bank tərəfindən inzibati qaydada tənzimlənən məzənnənin ölkənin əsas ixrac məhsulu olan neftin dünya bazar qiymətinə bağlı olduğu artıq hamı tərəfindən qəbul olunan reallıqdır. Buna görə də manatın məzənnəsinə dair proqnozlaşdırmalar bütün hallarda neftin dünya bazar qiymətinə dair proqnozlara bağlı olur. Nəzərə alsaq ki, Azərbaycanda növbəti 3 il üçün makroiqtisadi proqnozlaşma, icmal büdcə, həmçinin 2024-cü il üçün dövlət büdcəsi neftin 60 dollarlıq orta qiyməti əsasında hazırlanıb, onda yaxın 3 ildə manatın məzənnəsi ilə bağlı ciddi təhdidin olmadığını söyləmək olar. Əksər beynəlxalq maliyyə qurumlarının proqnozlaşdırmalarına baxdıqda bu amilin başlıca rol oynadığı görünür. Belə ki, noyabrda “Fitch Group”a aid olan “Fitch Solutions” (FS) qarşıdakı on il üzrə Azərbaycan manatının məzənnəsi üzrə proqnozunu açıqlayıb. Şirkət 2027-ci ilə kimi manatın məzənnəsinin sabit qalacağını proqnozlaşdırıb. Bununla belə, şirkət ekspertləri 2027-ci ildə manatın məzənnəsinin 1,75 səviyyəsinə, 2028-ci ildən isə 1,80 səviyyəsinə qədər enəcəyini gözləyirlər. Proqnoza görə, USD/AZN məzənnəsi 2033-cü ilə kimi 1,80 səviyyəsində qalacaq. Bundan əvvəl Niderlandın beynəlxalq bank və maliyyə xidmətləri korporasiyası ING, “S&P Global Ratings” beynəlxalq reytinq agentliyi də manatın məzənnəsinin 2026-cı ilə kimi sabit qalacağını proqnozlaşdırdıqlarını açıqlayıblar.S&P-da hesab edirlər ki, karbohidrogen qiymətlərində kəskin azalma olarsa və uzun müddət aşağı səviyyədə qalarsa, hökumət manatın məzənnəsinə düzəlişlər etməyi düşünə bilər: “Bu, Azərbaycan Mərkəzi Bankının 2015-ci ildəki tədbirləri kimi xarici valyuta buferlərinin əhəmiyyətli dərəcədə itkisinin qarşısını almağa kömək edəcək”.
Maraqlıdır ki, hər üç analitik mərkəzin proqnozu Azərbaycan hökumətinin proqnozu ilə üst-üstə düşür. Belə ki, İqtisadiyyat Nazirliyi tərəfindən təqdim olunmuş makroiqtisadi proqnozlarda 2024-2027-ci illər üzrə manatın ABŞ dollarına qarşı məzənnəsi 1,70 manat səviyyəsində götürülüb. 2024-cü il üzrə dövlət büdcəsi zərfində yer alan məlumatda qeyd olunur ki, makroiqtisadi sabitliyin qorunması məqsədilə fiskal və monetar siyasətlərin əlaqələndirilməsinin gücləndirilməsi milli valyutanın mübadilə məzənnəsinin cari ildəki kimi sabit qalmasını dəstəkləyəcək.
//
“Yeni Müsavat”