Dövlət Statistika Komitəsinin (DSK) məlumatına görə, 2024-cü ilin yanvar-mart aylarında Azərbaycana dünyanın 171 ölkəsindən 513,5 min turist gəlib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 39,2 faiz çoxdur. Ölkəmizə səyahət edənlər əsasən Rusiya, Türkiyə, İran, Hindistan, Gürcüstan, Qazaxıstan, Səudiyyə Ərəbistanı, Pakistan, Birləşmiş Ərəb Əmirlikləri və digər dövlətlərin vətəndaşlarıdır. Qeyd edilən dövrdə Avropa İttifaqına üzv ölkələrdən Azərbaycana gələnlərin sayı da əhəmiyyətli dərəcədə artıb. Bu bölgədən 18,6 min nəfər səfər edib ki, bu da 1,6 dəfə artım deməkdir.
Ümumi tendensiya onu göstərir ki, Azərbaycana turist axını güclənir və pandemiyadan əvvəlki səviyyəyə qayıdır və proqnozlar ilin sonuna səyahətçilərin sayının 2 milyon nəfəri ötəcəyini deməyə əsas verir. Birinci rübdə hotel və mehmanxanalara, turizm müəssisələrinə verilmiş turist sifarişlərin sayı da onu əsaslandırır ki, ölkəmizdə turizm sektoruna maraq artır. Turizm İnkişaf Strategiyasında yaxın illərdə Azərbaycana 4 milyon beynəlxalq ziyarətçinin səfər etməsinə nail olmaq əsas məqsədlərdən biri kimi müəyyən edilib. Qeyd edək ki, Azərbaycan turizmi üçün ən uğurlu il 2019-cu il olub, həmin ildə ölkəmizi 3,2 milyon əcnəbi ziyarət edib ki, bu da rekord göstərici hesab olunur.
Turizmdə qiymətlər necədir?Statistika onu göstərir ki, Azərbaycanda turizm paketinin qiymətləri bahalaşıb. Xüsusilə də 4 və 5 ulduzlu hotellərin qiymətlərində artım daha çox olub. Belə ki, beynəlxalq onlayn turizm platformaları olan “TripAdvisor”, “Four Square”, “Booking.com” bronlaşdırma portallarında yerləşdirilmiş qiymət cədvəlindən də aydın olur ki, cari ilin ilk rübündə Azərbaycandakı 5 ulduzlu hotellərdə bir günlük orta qiymət 215,3 manat təşkil edib. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 46,5 faiz çoxdur. Yəni, cəmi bir il ərzində qiymətlər təxminən 102 manat bahalaşıb. Bu, orta qiymətdir, hotellərin sırasında ən yüksək qiymətlər Qubada qeydə alınıb, bir günün səyahət dəyəri 309,4 manat təşkil edib. İkinci yerdə 307 manat olmaqla Qəbələ hotelləri qərarlaşıb. Bu, əvvəlki ilə nisbətən 14 faiz bahalaşma deməkdir. 5 ulduzlu hotellər arasında üçüncü yeri isə 233,8 manat olmaqla Naftalan tutub. Şamaxıda 5 ulduzlu hotellərdə bir gecə qalmaq 213,8 manata, Bakıda 209 manata, Lənkəranda 170 manata, Abşeronda 165 manata, Şabranda 154 manata, (Qaxda 153,7 manata, İsmayıllıda 152,5 manata başa gəlir. Ən sərfəli qiymət Şəkidədir, 71 manat.
Xatırladaq ki, Azərbaycanda Milli Ulduz Təsnifatına uyğun olaraq 150 hoteldən cəmi 44-ü 5, 4 və 3 ulduz dərəcəsinə layiq görülüb. 5 ulduzlu hotellər “Baku Marriot Hotel Boulevard”, “Faimont Baku Flame Towers”, “Four Seosons Hotel Baku”, “Hilton Baku”, “Hyatt Regency Baku”, “Inter Continental Baku”, “Marxal Resort &Spa”, “Qalaaltı Hotel&Spa”, “Quba Palace Hotel”, “Sheraton Baku İntourist”, “JW Marriot Absheron Baku”dur. 4 ulduzlu hotellərə isə “Courtyard by Marriot Baku”, “Dreamland Golf Hotel”, “Park İnn by Radisson Baku Hotel”, “The Merchant Baku” və “Vogue Hotel”i aid etmək olar. Qalan hotellər hələ öz ulduz sertifikatını artıra bilməyib. Ümumilikdə, 2023-cü ilin yekunlarına əsasən, Azərbaycanda 700-ə yaxın mehmanxana müəssisəsi qeydiyyatdan keçib. Paytaxt Bakının mehmanxana nömrələrinin xüsusi çəkisi ölkənin mehmanxanalarının nömrə fondunun 45-48 faizini təşkil edir.
Turizm müəssisələri bunu bir neçə amillə bağlayır. Belə ki, hotel, yerləşdirmə, nəqliyyat, qida, istirahət, əməkhaqqı və digər xidmətlərin xərc zərfinin formalaşmasına təsir edir. Bu, həm də müxtəlif rayonlar üzrə dəyişir. Bakı, Quba, Qəbələ, Qusarda turizm xidmətlərinin xərc zərfinin dinamikası daha böyükdür. Məsələn, Qəbələdə bir turistin bir günlük xərci 150-200 manat, Gəncədə 140-180 manat, Bakıda 220-250 manat təşkil edir. Xaçmazda, Nabranda orta infrastruktura malik turizm obyektlərində qiymət 100 manat təşkil edir. Bunu müxtəlif iqtisadi rayonlar üzrə hotel və mehmanxanaların əldə etdiyi gəlir və xərc, mənfəət göstəricilərini müəyyən etmək mümkündür. Məsələn, Bakı şəhəri turizmin gəlir və xərclərinə görə, ilk sırada dayanır, Qəbələ şəhəri isə ikinci yerdədir. Eləcə də Quba ilə Lənkəran gəlir və xərc dinamikası da xeyli böyükdür. Bu, həmin bölgədəki hotellərin xeyli baha olmasının bir göstəricisi kimi diqqəti cəlb edir.
Bütün bunların müqabilində turizm sektorunda xidmətlərin keyfiyyəti qaneedici deyil. Turizm müəssisələrinin əksəriyyətində paket gecələmə, qəlyanaltı və iaşə xidmətlərindən ibarətdir. Qardaş Türkiyədə isə turpaketə 20-dən artıq xidmət çeşidi daxildir. Regionalarda turizm obyektlərinin bir çoxunun istirahət, əyləncə, idman, sağlamlıq xidmətləri yox dərəcəsindədir.
Dövlətin dəstəyi qiymətləri ucuzlaşdırmağa imkan verir...Azərbaycan hökuməti xarici turistlərin gəlişini stimullaşdırmaq üçün asan viza rejimini təmin edib. Dövlət başçısının 2016-cı il 1 iyun tarixli “Elektron vizaların verilməsi prosedurunun sadələşdirilməsi və “ASAN Viza” sisteminin yaradılması haqqında” Fərmanı ilə “ASAN Viza” sistemi yaradılıb. Sistem vasitəsilə əcnəbilər və vətəndaşlığı olmayan şəxslər elektron vizanı 3 addımla (müraciət et, ödəniş et və e-vizanı yüklə) və 3 iş günü ərzində əldə etmək imkanına malikdir. Həmçinin, turizm sektorunun inkişafı üçün dövlət müxtəlif optimallaşdırma tədbirləri həyata keçirib, müxtəlif iqtisadi alətlər tətbiq edib, təşviqedici investisiya və vergi siyasəti həyata keçirir. Vergi Məcəlləsində edilmiş yeni dəyişikliklərə əsasən, 2024-cü ildən turizm subyektlərinə (mehmanxana, hotel və sanatoriyalar) vergi təşviqlərinin verilməsi nəzərdə tutulub. Regional turizmi dəstəkləmək və biznes üzərindəki sabit vergi xərclərinin optimallaşdırılması təsbit olunub. Vergi Məcəlləsinin 16.3-cü maddəsinə müvafiq olaraq Bakı, Sumqayıt, Xırdalan şəhərləri və Abşeron rayonu istisna olmaqla, respublikanın digər şəhər və rayonlarında mehmanxana, hotel və sanatoriya fəaliyyətində istifadə edilən daşınmaz əmlaka görə əmlak vergisi 2024-cü il yanvarın 1-dən 3 il müddətinə 75 faiz azaldılıb. Bu güzəştlər turizm sektorunda yerləşmə xidmətlərinin və istehsal xərclərinin azalması fonunda qiymətlərin ucuzlaşmasına da imkan yaradır.
Hədəf 4 milyon turistdir, bəs qiymətlər?Turizm iqtisadiyyatın qan damarlarından biri hesab olunur. Ümumdünya Turizm Təşkilatının məlumatına görə, 2023-cü ildə turizm sektoru dünya iqtisadiyyatına 10 trilyon dollar həcmində və ya ÜDM-in 12-13 faizi həcmində töhfə verib.
Dövlət Statistika Komitəsinin məlumatlarına əsasən, son 2008-2023-cü illərdə Azərbaycanda turizm və ictimai iaşə sektorunda ÜDM-nin həcmi 16 dəfə artaraq 2023-cü ildə 1,5 milyard dollara və ya 2,6 milyard manata çatıb. Bu sahədə yaradılan ümumi dəyərin ölkə üzrə ÜDM-dəki payı 2008-ci ildəki 0,6 faiz bənddən 2023-cü ildə 2,4 faiz bəndi səviyyəsinədək yüksəlib. Bu rəqəm digər ölkələrlə nisbətdə aşağıdır. Qonşu Gürcüstanda təkcə Batumi şəhərinin illik turizmdən gəlirləri 6 milyard dollara yaxındır. Ölkəmizdə ÜDM-in tərkibində sahə strukturu olaraq turizmin payı 3 faizdən də aşağıdır, amma bunu ən azı 10 faizə qədər yüksəltmək mümkündür. Ələlxüsus da, hazırda işğaldan azad olunmuş ərazilərdəki zəngin turizm potensialının hərəkətə gətirilməsi perspektivdə bu sahənin böyüktutumlu əlavə dəyər yaradan sahəyə çevriləcəyini şərtləndirir.
Statistik məlumatlara görə, hazırda Azərbaycanda turizm və aidiyyatı sahələrdə çalışan işçilərin sayı 60 min nəfərdən çoxdur ki, onların yarısı rayonların payına düşür. Ona görə də turizmdə qiymətlərin normal olacağı halda Azərbaycan turist sayı müəyyən edilmiş hədəfə - 4 milyon çatmağa imkan verə bilər. Bu isə turizmin ÜDM-də payının ən azı 3 milyard manata çatmasına, bu sahədə çalışan işçilərin sayının isə 100 min nəfərə yüksəlməsinə imkan yaratmış olar.
“Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nın tədbirlər planında turizm sahəsi ilə bağlı müəyyən edilmiş tədbirlər planında da strateji, institusional və maliyyələşmə mexanizmlərinin gücləndirilməsi, eləcə də “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair” Dövlət Proqramında azad edilmiş rayonların turizm potensialının inkişaf etdirilməsi nəzərdə tutulub.
Bütün bu hədəf prioritetlərinin əsas konsepti isə Azərbaycanı dünya turizm ailəsində öz layiqli yerini tutmasına nail olmaq, turistlərin ən çox cəlb olunduğu 20 turizm məkanından birinə çevirməkdir. Strateji baxışlar çox nikbin və ümidvericidir, ancaq qiymətlərin münasibliyi də əsas şərtlərdən biri kimi diqqətdən qaçmamalıdır.