İşıq üzü görən kitablar “Üzümün təhlükəli xəstəlik və zərərvericiləri”, “Bar verən üzümlüklərdə budama, quru bağlama və yaşıl əməliyyatların aparılma qaydaları” və “Üzüm bağlarının ekoloji risklərdən qorunma üsulları” adı ilə çap olunub. Kitablar üzümçülükdə çalışan fermerləri təlimatlandırmaq məqsədi ilə hazırlanıb.Üzümçülük kənd təsərrüfatının ən gəlirli sahələrindən biridir. Lakin son illərdə yeni üzümlüklərin salınmasında, becərilməsinda, ən əsası isə üzüm sortlarının seçilməsinda bir sıra problemlər vardır. Bəzi üzüm sortlarının bioloji xüsusiyyətləri onların becərildiyi bölgənin torpaq-iqlim şəraiti ilə uzlaşmadığından və bütün sortlara aqrotexniki qulluq işləri şablon şəkildə tətbiq olunduğundan təsərrüfatda qarşıya qoyulan məqsədə çatmaq xeyli çətinləşir. Üzümçülükdə elmi cəhətdən əsaslandırılmış aqrotexniki tədbirlər sistemindən istifadə etməklə üzümün əkin sahələrini genişləndirmək, sort tərkibini yaxşılaşdırmaq çox vacib bir məsələdir. Respublikamızın ayrı-ayrı bölgələrində son zamanlar üzümçülüyün inkişaf etdirilməsi ilə əlaqədar yeni yaradılmış fermer təsərrüfatları aqrotexniki tədbirləri yerinə yetirməkdə çətinliklərlə qarşılaşırlar.
Müxtəlif elmi mənbələrin, eləcə də BMT-nin Ərzaq və kənd təsərrüfatı (FAO) ekspertlərinin verdikləri məlumata görə hər il xəstəliklərin, zərərvericilərin və alaq otlarının verdiyi ziyan nəticəsində məhsul itkisi təxminən 75 milyard dollar olur ki, bu da ümumi məhsulun 35 %-ni təşkil edir.
Üzümçülükdə uğurlu nəticələrə nail olmaq üçün hüquqi, təşkilatı, iqtisadi, düzgün sort seçimi, üzümçülüyün ixtisaslaşması və differensiyası və s. məsələlərin həlli ilə yanaşı üzümlüklərdə hər il həyata keçirilən aqrotexniki tədbirlər və əməliyyatlar üzüm sortlarının bioloji və bitkinin yetişdirildiyi yerin torpaq-iqlim şəraitinin xüsusiyyətinə əsaslanaraq aparılmalıdır. Tənəyin məhsuldarlığı bioloji xüsusiyyətləri ilə yanaşı müxtəlif amillərin (abiotik, biotik, antropogen) və tədbirlərin qarşılıqlı təsiri altında formalaşır və inkişaf edir.
Kitablarda üzümdə saralmalar, xlorozlar, nekrozların baş vermə səbəbləri və onlara qarşı aparılan tədbirlər, yüksək və aşağı temperaturun təsiri ilə üzümdə baş verən fəsadlar, quraqlığın üzümə təsiri, bar verən üzümlükərdə budama, quru bağlama və yaşıl əməliyyatların aparılma qaydaları, üzümün xəstəlikləri və digər bu kimi vacib mövzular üzrə tövsiyələr yer alıb.