6072
Xəbər verdiyimiz kimi, bu gün Türkiyənin Kahramanmaraş bölgəsində baş verən və 10 əyaləti əhatə edən zəlzələ nəticəsində minlərlə ev dağılıb. Bu saata olan məlumata görə, zəlzələ nəticəsində 912 nəfər həlak olub, 5385 nəfər yaralanıb. Bu zəlzələ Suriyada da böyük dağıntılara və insan tələfatına səbəb olub.Mövzunun aktuallığını nəzərə alaraq, Bakupost.az dünya tarixində öz dağıdıcılığı və çoxsaylı insan itkiləri ilə yadda qalan ən güclü zəlzələlər barədə məlumatları təqdim edir.
Qeyd edək ki, hər il dünyada 100 000-ə yaxın zəlzələ baş verir. Onların arasında 100-ə yaxın güclü zəlzələ olur. Ən güclü zəlzələlərə isə daha az rast gəlinsə də, onların gətirdiyi fəlakətlər genişmiqyaslı olur. Bu zaman insan itkilərinin sayı və dağıntılar çox olur. Yer üzündə elə zəlzələlər də baş verib ki, onlar dərsliklərə salınıb. Belə zəlzələlər zamanı insan itkiləri üz minlərlə olur. Bu yazıda da məhz belə zəlzələlərdən bəhs edəcəyik.
Yaponiya tarixindəki ən dağıdıcı zəlzələ
1923-cü il sentyabrın 1-də Yaponiyanın Kanto bölgəsində bəşər tarixinin ən dağıdıcı zəlzələlərindən biri baş verdi. Onun maqnitudası 8,3 bal idi. Bu zəlzələ demək olar ki, Tokio və Yokohamanı tamamilə məhv etdi. Rəsmi məlumatlara görə, həmin zəlzələ zamanı 174 min nəfər ölüb, 542 min nəfər isə itkin düşüb. Qurbanların ümumi sayı təxminən 4 milyon nəfərə çatıb. Zəlzələ nəticəsində 694 min ev və tikilidən 381 minə yaxını ya qismən, ya da tamamilə dağılıb.
İranda ən ölümcül zəlzələ
865-cı il dekabrın 22-də İranın Damqan şəhərində 7,9 bal gücündə zəlzələ baş verib. Sonradan müəyyən edildiyinə görə zəlzələnin episentri şəhərdən bir qədər aralıda yerləşib. Bölgənin mürəkkəb geologiyası səbəbindən dağıntı zonası Əlborz dağları boyunca təxminən 350 kilometrə qədər uzanıb. Bu zəlzələ zamanı Əhəvan, Astan, Taş, Bəstam və Şahrud şəhərlərində ciddi dağıntılar baş verib. Onların yaxınlığındakı bütün kəndlər demək olar ki, tamamilə dağıdılıb. Təbii fəlakət 200 minə yaxın insanın həyatına son qoyub.
Haitidə 200 000-dən çox insanın ölümünə səbəb olan zəlzələ
2010-cu il yanvarın 12-də Haiti Respublikasında baş vermiş zəlzələ 222.570 nəfərin həyatına son qoyub. Rəsmi məlumatlara görə, 311 min nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb. 869 nəfər itkin düşüb. Fəlakətdən dəyən maddi ziyanın məbləği 5,6 milyard avro təşkil edib. Zəlzələnin episentri Haiti Respublikasının paytaxtı Port-o-Prensdən 22 kilometr aralıda yerləşib. İlk təkanların gücü 7 bal olub. Bundan sonra çoxlu təkrar zəlzələlər qeydə alınıb. Onlardan bəzilərinin gücü 5 baldan çox olub.
Dəhşətli Gəncə zəlzələsi
1139-cu il sentyabrın 30-da Gəncə şəhəri yaxınlığında 230 minə yaxın insanın həyatına son qoyan zəlzələ baş verib. Tarixçilərin fikrincə, təbii fəlakət o qədər güclü olub ki, Kəpəz dağı uçaraq, yaxınlıqdaqn keçən Ağsu çayının məcrasını kəsib. Nəticədə bu ərazidə səkkiz göl əmələ gəlib ki, onlardan biri də Göygöldür. Həmin göl 1965-ci ildə yaradılmış Göygöl qoruğunun bir hissəsidir.
Hələbdə dağıdıcı zəlzələ
Gəncə zəlzələzindən bir il əvvəl tarixin ən dəhşətli yeraltı təkanlarından biri baş verib. Belə ki,11 oktyabr 1138-ci ildə Suriyanın Hələb şəhərində baş verən 8,5 bal gücündə zəlzələ 230.000-dən çox insanın həyatına son qoyub. Hələb şəhəri əhalisinin sayı yalnız bir neçə əsr sonra bərpa olunub. Bu zəlzələ 1138-1139-cu illərdə baş verən, müasir Suriyanın şimalını, Türkiyənin cənub-qərbini, daha sonra isə İran və Azərbaycan ərazilərini əhatə edən silsilə zəlzələlərin bir hissəsi idi.
Müasir tarixin ən ölümcül zəlzələsi okeanda baş verib
Müasir tarixdə ən ölümcül zəlzələsi 2004-cü il dekabrın 26-da Hind okeanında, Sumatra adası yaxınlığında olub. Zəlzələ Sumatra adasındakı sunami nəticəsində baş verib. Bu zəlzələ zamanı müxtəlif hesablamalara görə, 228.000- 300.000 arasında insan həlak olub. Zəlzələnin maqnitudası 9,1-9,3 bal arasında dəyişib. Bu, tarixin ən güclü 3 zəlzələsindən biridir. Zəlzələ 14 ölkənin sahillərinə çatan sunamiyə səbəb olub. Hətta sunaminin dalğaları zəlzələnin episentrindən 6900 kilometr aralıda olmasına baxmayaraq, Cənubi Afrikanın Port Elizabet sahillərinə də çatıb. Bəzi hallarda sahildə dalğanın hündürlüyü 20 metrdən yeksək olub.
Qansu və Şensi faciəsi
1920-ci il dekabrın 16-da Çinin Qansu və Şensi əyalətlərində dağıdıcı zəlzələ baş verdi. Onun ilk zərbəsinin gücü 7,8 bal idi. Bunun ardınca üç dəqiqə davam edən silsilə şoklar baş verdi. Onlar o qədər güclü idilər ki, yerdə yaranan çatlar arasında bütöv kəndlər yerləşirdi. Qansu və Şensi zəlzələsi nəticəsində ölənlərin ümumi sayı 270 min nəfər olub. Xeyli insan evini itirdiyi üçün soyuqdan ölüb. Bu zəlzələ zaman ümumilikdə Çinin yeddi əyaləti zərər çəkib. Dağıntı sahəsi 3,8 min kvadrat kilometr təşkil edib.
Bizans İmperiyası tarixində ən böyük Antakya zəlzələsi
Tarixçilərin fikrincə, bu zəlzələ zamanı 250 min insan həlak olub. Zəlzələ Suriyaya bitişik bölgələri əhatə edən cə Bizansın tərkibində olan Antakyada baş verib. Zəlzələ nəticəsində yaranan yanğınlar buradakı binaların əksəriyyətini məhv edib.
Tanşan fəlakəti
1976-cı il iyulun 28-də Çinin Tanşan şəhərində daha bir fəlakətli zəlzələ baş verib. Onun maqnitudası 7,8 bal olub. İlk zərbədən şəhər binaların 90 faizi dağılıb. Rəsmi məlumatlara görə, təbii fəlakət 242 419 nəfərin həyatına son qoyub. Qeyri rəsmi məlumatlara görə isə bu göstərici 655 min nəfər olub. İnsan tələfatının çoxluğu zəlzələnin əsas zərbəsinin gecə baş verməsi ilə izah olunur. Demək olar ki, şəhərin bütün sakinləri həmin an yuxuda idi.
Tarixin ən ölümcül zəlzələsi. Yenə Çin
Bəşər tarixində ən ölümcül zəlzələ 1556-cı il yanvarın 23-də Şensi əyalətində baş verib. Böyük Çin zəlzələsi adlnan bu zəlzələ nəticəsində 830.000-dən çox insan ölüb. Zəlzələnin episentrində 20 metrlik boşluq və çatlar əmələ gəlib. Dağıntılar zəlzələnin episentrindən beş yüz kilometr aralıda yerləşən ərazilərdə də baş verib.
Belə böyük insan itkisi sakinlərin əksəriyyətinin zəlzələyə davamsız evlərdə, eləcə də düz yamaclarda qazılmış mağaralarda yaşaması ilə izah olunur. İlk təkanlardan sonra binalar boş torpağa batmağa başlayıb, mağaralar dağılaraq sel suları altında qalıb.
Tarixin ən güclü zəlzələsi. Çili, 1960
Ayrı bir sətirdə bəşəriyyət tarixindəki ən güclü zəlzələni xatırlatmaq istərdik. Bu zəlzələ 1960-cı il mayın 22-də Çilidə baş verib. Buna Böyük Çili zəlzələsi də deyilir. Onun maqnitudası 9,5 bal olub. Güclü təkanlar 200 min kvadrat kilometr ərazini silkələyib. Zəlzələ dalğaları 10 metr hündürlüyə çatan sunamiyə səbəb olub. Onlar hətta zəlzələnin episentrindən təxminən 10 min kilometr aralıda yerləşən Havay adalarının Hilo şəhərinə də çatıb və xeyli ziyan vurublar. Sunaminin qalıqları Yaponiya və Filippin sahillərində də müşahidə olunub.
Təəccüblüdür ki, belə güclü zəlzələ nəticəsində qurbanların sayı yuxarıda sadaladığımız zəlzələlərdə olduğundan az idi. Bu da zəlzələnin əsas gücünün əhalinin az məskunlaşdığı ərazilərə yönəlməsi ilə izah olunur. Çili zəlzələsi nəticəsində 6 min insan həlak olub.
SSRİ tarixinin ən güclü zəlzələsi
1948-ci il oktyabrın 5-dən 6-na keçən gecə Türkmənistanın paytaxtı Aşqabadda bəşəriyyət tarixinin ən dağıdıcı zəlzələlərindən biri baş verdi. Rixter cədvəli üzrə zəlzələnin gücü 7,3 bal, episentrdə isə 9-10 bal idi. Bir neçə dəqiqə ərzində Aşqabaddakı binaların 98%-i toza çevrilib. Təbii fəlakət nəticəsində eyni ailənin bütün üzvləri həlak olub.Ümumilikdə, paytaxtda və yaxın ərazilərdə 110-170 minə yaxın insan ölüb.
SSRİ dövründə ən güclü zəlzələlərədn biri də 7 dekabr 1988-ci ildə Ermənistan SSR-in şimal-qərbində - Spitak şəhərində verib. Nəticədə 25 min nəfər həlak olub. Zəlzələnin təsiri Ermənistan ərazisinin demək olar ki, 40 faizini əhatə edib. Bu fəlakət nəticəsində 140 min insan əlil olub, 514 min nəfər evsiz qalıb.
Zəlzələnin maqnitudası 6,8 bal olub. Zəlzələnin episentrinin yerləşdiyi şəhərin özü, eləcə də yaxınlıqdakı 58 kənd yerlə-yeksan olub. Silsilə təkanlar 21 şəhər və 300 yaşayış məntəqəsinə xeyli ziyan vurub.
Zahid
BakuPost