Sumqayit.tv “
Vesti.az”da yayımlanan “Sumqayıta aparan yol – 35 il öncə baş verənlər” yazısını təqdim edir.
Ermənilər 35 il öncə Dağlıq Qarabağ Muxtar Vilayətinin (DQMV) Ermənistana verilməsini tələb edərək Azərbaycana qarşı açıq şəkildə ərazi iddiaları irəli sürdülər.
Bu proses mitinq və yürüşlərlə, azərbaycanlıların döyülməsi və öldürülməsi, Ermənistandan, həmçinin Qarabağda ermənilərin sıx məskunlaşdığı yaşayış məntəqələrindən (məsələn, Xankəndi şəhərindən, hansı ki, sovet dövründə adı Stepanakert olub) qovulması ilə müşayiət olundu.
Ermənistandan qovulan azərbaycanlılar əsasən, Bakı və Sumqayıt şəhərlərində yerləşdirildi. Təxribat ustaları ilə dolu SSRİ Dövlət Təhlükəsizlik Komitəsi öz ata-baba yurdlarından didərgin salınmış azərbaycanlıların emosional vəziyyətindən istifadə edərək Sumqayıt şəhərində ermənilərin kütləvi öldürülməsini təşkil etdi.
Xüsusilə qeyd etmək lazımdır ki, təxribatçılardan ibarət dəstəyə Eduard Qriqoryan adlı qatı cinayətkarın başçılıq etməsi isti izlərlə dərhal aşkar olundu. Sonrakı baş verən hadisələr, həmçinin ermənilərlə azərbaycanlılar arasında münaqişənin gərginləşdiyi dövr hər kəsə məlumdur.
Erməni təbliğatı isə özünəməxsus qaydada - həyasızcasına yalan danışmaq xislətinə uyğun olaraq, Ermənistan-Azərbaycan münaqişəsinin məhz Sumqayıt hadisələrindən başladığını iddia edir, bəziləri isə ermənilərin versiyasına inanmağa üstünlük verir. İş o yerə çatdı ki, münaqişənin başlamasının səbəbləri ilə bağlı erməni təbliğatının tezisini Rusiya Prezidenti Vladimir Putin də sözbəsöz təkrarladı.
Təbliğat öz yerində, lakin hadisələrin bəzi iştirakçılarının, şahidlərinin hələ də sağ olduğu, tarixi sənədlərin isə hələ erməni tarixçilərinin xoşladığı kimi saxtakarlığa məruz qalmadığı bir vaxtda, xüsusən də söhbət ən yeni tarixdən gedərkən faktlardan qaçıb gizlənmək mümkün deyil.
Beləliklə, Azərbaycan ərazisində mövcud olan separatçı qurum işğal dövründə “Artsaxın gənc alim və mütəxəssisləri assosiasiyası” layihəsi adlı elektron kitabxana yaradıb. “
Vesti.az” elektron kitabxananı araşdıran zaman “DQMV-nin xronikası: fevral 1988 – fevral 1990” adlı maraqlı sənədlə rastlaşıb. Həmin broşür 1990-cı ildə Bakıda çap olunub. Broşürün naşiri kimi DQMV üzrə Azərbaycan SSR Respublika Təşkilat Komitəsi göstərilir. Burada Ermənistan-Azərbaycan münaqişəsinin başlanmasına dair sənədli faktlar toplanıb.
“
Vesti.az” broşürdən bəzi çıxarışları dərc etmək qərarına gəlib. Bu nəşrdən 27 fevral 1988-ci il Sumqayıt hadisələrindən əvvəl baş vermiş hadisələri seçmişik.
“DQMV-də hadisələr fevral ayında DQMV-nin Azərbaycan SSR-in tərkibindən çıxarılması və bu vilayətin Ermənistana birləşdirilməsi tələblərinin irəli sürülməsi ilə başladı. DQMV-də baş verən hadisələrdən əvvəl millətçilik yönündə açıq-aşkar təxribatçı işlər görülürdü. DQMV-də hələ 1987-ci ilin yayında və payızında vilayətin erməni əhalisini Azərbaycan xalqına qarşı qızışdırmaq məqsədi ilə millətçi məzmunlu vərəqələr paylanılırdı”, - sənədin giriş hissəsində deyilir.
Broşürdə həmçinin millətçi yazıçı Zori Balayanın təxribatçı rolundan da bəhs edilir:
“İdeoloji artilleriya hazırlığının əsas silahlarından biri publisist Zori Balayanın erməni və rus dillərində Ermənistanda böyük tirajla çap olunmuş şovinist, anti-Azərbaycan “Ocaq” kitabı idi. Zori Balayan öz kitabında bütün Cənubi Qafqaza qarşı iddialar irəli sürərək yazır ki, qədim ermənilər “dənizdən-dənizə” qədər olan ərazilərə sahib idilər.
Balayan tarixi hər cür saxtalaşdıraraq, Qarabağı Ermənistan vilayətlərindən biri adlandırır. Bundan əlavə, Azərbaycan xalqına qarşı açıq ifadə olunan düşmənçiliklə dolu əsərində Qarabağda yaşayan azərbaycanlıları “bir ovuc kənardan gələn köçərilər” adlandırır.
Eyni zamanda, Zori Balayan Ermənistan SSR-in ərazilərinin kiçikliyindən danışır”.
Broşürdə Balayanın “Ocaq” kitabından sitat gətirilir: “Və düşündüm ki, aramızdakı məsafələr necə kiçikdir. Ərazimiz necə dardır və biz sıxılırıq... Dünyanın heç bir yerində heç kim bizim kimi sıxıntı yaşamır... Ərazisinə görə ən kiçik respublika bizim ölkəmizdir və üstəlik, hər tərəfdə ancaq daşlar, qayalar var”.
“Hadisələrin ardıcıllığı göstərir ki, 1987-ci ilin may ayından 1988-ci ilin fevralına qədər olan dövrdə muxtar vilayətdə vəziyyət gərginləşib. “DQMV-nin Ermənistan SSR-in tərkibinə daxil olması tələbi ilə bağlı sənədlərə imzaların toplanması ilə bağlı Stepanakert şəhərində və ətraf rayonlarda çoxsaylı faktlar qeydə alınıb. Müəssisə, təşkilat və idarələrin kollektivlərindən də eyni məsələ ilə bağlı aidiyyəti qurumlara müraciətlər yönəldilib. Vilayətdə DQMV-nin yaranma tarixinin milliyyətçi mövqedən təsvir olunduğu, Azərbaycana qarşı təhdidlərin, Ermənistana birləşmək uğrunda mübarizəyə çağırışların yer aldığı öznəşr məhsulları geniş yayılmışdı”, - sənəddə deyilir.
Broşür müəllifləri qeyd ediblər ki, bütün bu aksiyalar “Qarabağ” komitəsinin üzvləri olan, milliyyətçi düşüncəli İrəvandan olan ziyalılar və gənclərin rəhbərliyi, həmçinin bilavasitə iştirakı ilə mütəşəkkil qaydada həyata keçirilib. Nəşrin müəllifləri DQMV-də Qarabağ hərəkatının Ermənistandan olan emissarlarının fəallaşmasını qeyd edirlər.
“Vilayətdə separatçı hərəkatın təşkilati əsasları yaradılıb ki, sonradan “Krunk” komitəsi adı altında qanuniləşdirilib. DQMV-nin Azərbaycanın tərkibindən çıxarılaraq Ermənistana verilməsi haqqında qərarın qəbul olunduğu, DQMV Xalq Deputatları Sovetinin 21 fevral 1988-ci il tarixində keçirilmiş sessiyası vilayətin partiya, sovet, təsərrüfat, həmkarlar ittifaqı, komsomol orqanlarının, ictimai təşkilatlarının respublika orqanlarına açıq itaətsizliyinin başlanğıcını qoydu. Konstitusiyaya zidd olan bu akta zamanında həm respublika, həm də ittifaq səviyyəsində hüquqi-siyasi qiymət verilməyib”, - deyə sənəddə bildirilir.
Sənədin davamı olaraq Ermənistan SSR-in Qafan şəhərində baş vermiş yanvar hadisələri də qeydə alınıb.
“Ermənistan SSR-in Qafan şəhərindəki aksiya kütləvi iğtişaşlar formasını aldı və 25 yanvar 1988-ci il tarixində ilk dəfə yüzlərlə azərbaycanlı öz doğma yurdlarını tərk etməyə məcbur oldu. Artıq fevral ayı üçün həmin şəxslərin sayı bir neçə minə çatmışdı. Böyük Vətən Müharibəsindən sonrakı dövrdə ilk dəfə olaraq Sovet İttifaqının ərazisində məcburi köçkünlər peyda oldu”, -broşürdə vurğulanır.
Sənədin müəllifləri qeyd ediblər ki, etnik zəmində ilk qətl 22 fevralda Stepanakert-Ağdam yolunda baş verib və iki nəfər azərbaycanlı bu hadisənin qurbanları olub.
“Sonradan Azərbaycanda Sumqayıt, Özbəkistanda Fərqanə, Qazaxıstanda Yeni Uzen, Ermənistanın Quqark rayonunda (burada 100-dən çox azərbaycanlı öldürülüb) zorakılıq hadisələri, ardınca isə Bakıda və Oşda (Qırğızıstan) faciələr baş verdi”.
Qeyd olunur ki, 16 fevraldan 2 marta qədər Stepanakertdə və rayon mərkəzlərində kütləvi toplantılar təşkil olunub və DQMV-nin Ermənistana birləşdirilməsi tələbləri irəli sürülüb.
Növbəti bir neçə gün ərzində 3000-dən çox azərbaycanlı Stepanakertdən və vilayətin rayonlarından köçərək respublika əhalisinin əksəriyyəti azərbaycanlı olan rayonlarına getdi.
Sonra baş verənlər hamıya məlumdur - münaqişənin qaynar fazaya keçməsi, Qarabağın Azərbaycan kəndlərindəki faciələr, Xocalı soyqırımı, Qarabağın və ona bitişik yeddi rayonun bütünlüklə işğalı, etnik təmizləmə, 30 illik danışıqlar və nəhayət ki, 2020-ci ilin sentyabr-noyabr ayları - İkinci Qarabağ müharibəsi, Azərbaycan ərazilərinin erməni işğalçılarından azad edilməsi.
Faktlar çox inadkardır və onlardan kənar səsləndirilən fikirlər yalançı təbliğatdır. Bir daha təkrarlamaq və qeyd etmək lazımdır ki, yalnız yuxarıda dərc olunmuş məlumatlar bir daha onu nümayiş etdirir ki, ermənilərlə azərbaycanlılar arasında münaqişə Sumqayıt hadisələrindən başlamayıb, əksinə Sumqayıt hadisələrinin özü Ermənistanın Azərbaycana ərazi iddiaları irəli sürməsi ilə başlayan prosesin faciəvi davamına çevrilib.