Torpaqlarımızı 30 illik işğaldan azad edən, qanı bahasına ərazi bütövlüyümüzü bərpa edən igid oğullarımızın bu gün anım günüdür. Düşmənin təxribatlarının qarşısını almaq üçün 2020-ci il sentyabr ayının 27-də başlanan mübarizə 44 gün sonra, 10 noyabrda qələbəmizlə başa çatdı.
Azərbaycanın ərazi bütövlüyü uğrunda gedən Vətən müharibəsində şəhidlik zirvəsinə ucalan və xalqın rəğbətini, sonsuz sevgisini qazanan qəhrəmanlarımızdan biri barədə danışacağıq.
44 günlük haqq savaşımızda qəhrəmanlıqlar göstərən, öz canını dogma torpağımıza qurban verən igid hərbçilərimizdən biri də
Zaur Ələsgərlidir.
Tərcümeyi-hal:
Zaur Mübariz oğlu Ələsgərli 1995-ci il martın 5-də Sumqayıt şəhərində dünyaya göz açıb. 2001-04-cü illərdə Sumqayıt şəhərində 13 nömrəli tam orta məktəbdə, 2004-12-ci illərdə isə Hacı Zeynalabdin qəsəbəsində 19 nömrəli tam orta məktəbdə təhsil alıb. Zaur Ələsgərli 2013-14-cü illərdə Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmətdə olub. 2016-18-ci illərdə Azərbaycan Hərbi Dəniz Qüvvələrinin, 2018-ci ildən isə Xüsusi Təyinatlı Qüvvələrin sıralarında müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu olub.
Azərbaycan Ordusunun Su Altı Hücum (SAH) Xüsusi Təyinatlı Qüvvələrinin giziri olan Zaur Ələsgərli 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Cəbrayılın, Füzulinin, Qubadlının və Xocavəndin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Ayxan və Ayaz adında iki oğlu yadigar qalıb. Zaur Ələsgərli oktyabrın 31-də Hadrutun azad edilməsi zamanı şəhid olub. Sumqayıt şəhərinin Şəhidlər xiyabanında dəfn olunub.
Prezident
İlham Əliyevin imzaladığı sərəncamlarla Zaur Ələsgərli döyüş zamanı göstərdiyi şücaətlərə görə “Qarabağ” ordeni, “Vətən uğrunda”, “Cəbrayılın azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə”, “Füzulinin azad olunmasına görə”, “Qubadlının azad olunmasına görə” medalları ilə təltif olunub.
Oxu.Az-ın əməkdaşı şəhidin həyat yoldaşı
Vəfa Ələsgərli ilə həmsöhbət olub.
- Vəfa xanım, Zaurla bağlı xatirələrinizi bizimlə bölüşməyinizi istərdim.- Zaur Hərbi Dəniz Qüvvələrində miçman idi. Müharibənin başladığı ilk gündən döyüşlərə qatılıb. Mənim bundan xəbərim yox idi. Gəncədə olduğunu bilirdim. Beş il bir-birimizi sevmişik. Biz kiçik yaşımızdan bir-birimizi tanımışıq. Lakin o, hərbçi olmaq arzusundan mənə bəhs etməyib. Zaurla üç il idi ki, ailə həyatı qurmuşduq. Mən sanki dünyaya gözümü Zaurla açmışdım. Zaur müharibəyə gedəndə bizim bir övladımız var idi. Digərinə hamilə idim. O hər şeyi arxada buraxıb Vətəni üçün savaşmağı seçdi.
- Yoldaşınızla sonuncu dəfə nə zaman görüşdünüz?- Onun sonuncu baxışını bir ömür unuda bilmərəm. Sonuncu dəfə sentyabrın 25-i evə gəldi. Axşam qayıtmalı idi. Gedəndə onu yola salmaq üçün Ayxanla birlikdə qapıya çıxdıq. Heç vaxt elə etmirdi. Həmişə sadə formada vidalaşırdı. Sanki bir daha görməyəcək kimi bizimlə görüşdü. Qapıdan geri çevrilib bizə çarəsiz halda baxdı. O baxışı heç vaxt unuda bilmirəm. Onun üzü, baxışı bir ömür yadımdan çıxmaz. Həmin andan sonra ona zəng vurdum. Niyə elə baxdığını soruşdum. Dedi ki, sənə elə gəlib, mən evdən həmişəki formada çıxmışam. Müharibəyə getdiyini deməmişdi. Lakin onun baxışları məni həyəcanlandırdı. İçimdə istər-istəməz qorxu yarandı. Sonradan başa düşdüm ki, o hara getdiyini bilirmiş, ona görə də elə baxırmış. Zaur işi barəsində heç vaxt danışmırdı, məndən həmişə gizlədirdi.
- Yoldaşınızla tez-tez telefonla danışa bilirdiniz? Son danışığınızda sizə nələr dedi?- Onunla mütəmadi olaraq əlaqə saxlamaq mümkün deyildi. Elə olurdu ki, günlərlə danışa bilmirdik. Hər kəs Zaurun harada olduğunu bilirdi. Lakin mənə demədilər. Zaur sonuncu dəfə mənimlə oktyabrın 30-u danışdı. Əvvəllər zəng edəndə, adətən, çox az danışırdı. Lakin həmin gün bir neçə dəfə zəng vurdu və çox danışdı. Normal, hər zaman olduğu kimi söhbətləşdi. Mənə heç nə bildirmədi. Son sözü “uşaqlardan da, özündən də muğayat ol” oldu. Həmin an nə demək istədiyini başa düşmədim. Telefonu söndürəndən sonra niyə belə dediyini düşündüm. Yenidən zəng etdim. Artıq telefonu söndürülmüşdü. Ondan sonra əlaqə kəsildi... Zaur mənim həm atam, həm anam, həm bacım, həm də qardaşım idi. Bir sözlə, hər şeyim idi. Bəlkə də, bu qədər sevdiyimə görə Allah onu mənim əlimdən aldı.
-
Böyük oğlunuz Ayxanın hərbçi olmaq istədiyini dediniz.- Böyük oğlum Ayxan 2018-ci ildə dünyaya göz açıb. Adını Zaur özü qoymuşdu. Zaur övladına hər şeyi edirdi. Həmişə deyirdi ki, “mən özüm çox çətinliklər çəkmişəm, imkan vermərəm ki, Ayxan çətinlik üzü görə”. Canı bahasına olsa da, dediyini etdi. İşdən yorğun gəlsə də, onu qəti şəkildə evdə bizə hiss etdirməzdi. Deyirdi, gülürdü, uşaqla oynayırdı. Çox mülayim və gülərüz insan idi. Ayxan atası ilə bağlı hər şeyi xatırlayır. Çox insan deyirdi ki, uşaqdır, başa düşmür. Lakin uşağın dilindən ən yaxşı anlayan anasıdır. Yoldaşımın yeddisi çıxana qədər Ayxan yuxuda “ata-ata” deyib ağlayırdı. Həmin ərəfədə sanki boğulurdum, evdə qala bilmirdim. Həyətə düşmüşdüm. Ayxan məni axtarırdı, gözü üstümdə idi. Evə gələn kim, məni qucaqlayıb, düz gözümün içinə baxdı və ”mama, getmə” dedi.
Artıq Ayxanın beş yaşı var. İndidən hərbçi olmaq istədiyini deyir. Onun bu istəyinə heç vaxt qarşı çıxmaram. Bu yaxınlarda atasını yuxuda gördüyünü dedi. O, ilk dəfə idi, atası ilə bağlı yuxusunu mənimlə paylaşırdı. Ayxan yuxuda görüb ki, atası onu iş yerinə aparıb, yedizdirib, gəzdirib, oynadıb. Sonra da mənə təhvil verib.
- Kiçik oğlunuz Ayaz, təəssüf ki, atasını görməyib. Adını necə seçdiniz?- Düzdür, Ayaz atasını görməyib. Yoldaşım şəhid olanda Ayaza hamiləliyimin altıncı ayı idi. Ayaz 2021-ci il yanvarın 25-də doğulub. Həmin gün həyatımın ən çətin günü idi. O günə qədər özümü o qədər tənha hiss etməmişdim. Belə bir söz var ki, insan anadan, atadan yetim qalır. Onunla yanaşı, insan yoldaşdan da yetim qalarmış. Həmin gün Zaurun mənim yanımda olduğunu hiss edirdim və buna əmin idim. Onu xəstəxanadan çıxanda da hiss etdim. Yanvarın 27-si xəstəxanada olanda gecə onu yuxuda gördüm.
Ayazın cinsiyyəti bilinən zaman adını birlikdə fikirləşirdik. Ayaz simadan atasına çox bənzəyir. Müharibə başlamamışdan öncə uşağa nə ad qoyacağımızı düşünürdük, İnternetdə adlara baxırdıq. Soruşdum ki, Ayaz adı necədir? Dedi ki, “gözəl, ağlabatan addır”. Hələ də qərarsız idik. Müharibəyə getdi. Oradan zəng vurmuşdu. Dedim ki, uşağın adı da yoxdur. Dedi, “uşağın adı niyə yoxdur ki, onun adı Ayazdır”.
Sanki şəhid olacağını əvvəlcədən hiss edirdi. Bir dəfə dedi ki, birdən mən şəhid olsam, çaşıb mənim adımı uşağıma qoyarsınız, bunu qətiyyən etməyin. Pis oldum, sözünü kəsdim. O sözü deməsəydi belə, mən uşağıma onun adını qoya bilməzdim. Zaur mənim üçün tamam başqa biridir. Onun adını övladıma qoyub, çağıra bilməzdim...
Ayazın iki yaşı var. Mənə çox bağlı uşaqdır. Ancaq mənim qucağımda qalır. Bir tək atasını ziyarət etməyə gedəndə qucağımdan düşür. Dayanır, məzara baxır. O hiss edir ki, orada yatan atasıdır. Evdə şəkillərinə baxıb, ata deyir. Onu heç mən öyrətməmişəm. Övladım dünyaya gözünü açmamış atasız qaldı. Çox ağırdır. Allah heç bir ailəyə yaşatmasın.
- Qələbə xəbərini necə qarşıladınız?- 10 noyabr 2020-ci il tarixində Qələbə xəbərini eşidəndə digər ailələrə görə çox sevindim. Müharibə bitdi, artıq heç bir ailə yarımçıq olmayacaq. Torpaqlarımız azad olundu, şəhidlərimizin qanı yerdə qalmadı. Bunlara görə çox sevindim. Daha sonra birdən ayıldım ki, Zaur yoxdur. Yenidən o vəziyyətimə qayıtdım. Mən oturub dərdimi də çəkə bilmirəm. Çünki övladlarım var. Onlara dərd yaşatmağa haqqım yoxdur.
- Vətən müharibəsinin başlanmasının üçüncü ildönümüdür...- Düzdür, üç il keçir ki, yoldaşım yoxdur. Yox sözü düzgün deyil. Yoxluğunu qəbullana bilmirəm. Çünki dinimizdə də deyirlər ki, şəhidlər sağdır. Kaş yanımızda olardı. Biz onunla fəxr edirik. Ad qoyub, getdi. Zaursuz yaşamaq çox ağırdır.
- Son olaraq nə demək istəyərdiniz?- Şəhid ailələrinə Allahdan səbir diləyirəm. Biz bir-birimizi başa düşürük. Qazi ailələri isə şanslı insandırlar ki, sevdikləri onların yanına qayıtdı. Düzdür, yaralıdırlar, elələri var ki, yataq xəstəsidir. Amma şanslıdırlar ki, ən azından, uşaq “ata” çağıranda, o, uşağına cavab verə bilir...
Nəzrin Vahid