Təbiətin bu yerlərə bəxş etdiyi əsrarəngsiz gözəlliklərlə əhatə olunmuş bu tarixi məkan, öz yaddaşında çox tarixi anlara şahidlik etmişdir. Bu yerlərin təbii gözəllikləri - füsunkar təbiəti, hamını heyran qoyan coğrafi mövqeyi, qartal baxışlı əzəməti dağları, qonaqpərvər insanları, yağılara sipər çəkilmiş Qalaları , saf sulu çayları, müxtəlif növ ağacları olan sıx-sıx meşəlikləri, tarixi abidələri, yeraltı və yerüstü təbii sərvətləri hər kəsi heyran etmişdir.
Qaraqoyunlu dərəsinə verilən "Qaraqoyunlu" adı isə vaxtilə Azərbaycanda tarixən yaranmış və hökmranlıq etmiş Qaraqoyunlu dövlətinin adı ilə bağlıdır. "Azərbaycan tarixi" kitabında oxuyuruq ( "Azərbaycan tarixi" kitabı", I cild, səh. 223) :
-1406-cı ildə Sultan Əhməd Cəlairinin qoşunları İraqdan Azərbaycana soxuldular. Əhməd Cəlairi bayrağında qara qoyun şəkli olan Qaraqoyunlu tayfa birləşməsinin başçısı Qara Yusiflə hərəkət edirdi. Qaraqoyunlu birliyi XIII əsrdən başlayaraq Diyarbəkirdə, Azərbaycanda və qismən də İraqda köçəri həyat sürürdülər. Kürdən cənuba doğru uzanan Azərbaycan torpaqları, Ermənistan, Gürcüstan və ərəb İraqı bu dövlətin tərkibinə daxil idi .Təbriz, dövlətin paytaxtı idi.
Bir faktı da unutmaq olmaz ki, Qaraqoyunlu dərəsində məskunlaşmış kənd əhalisi dəfələrlə işğala məruz qalmış, onlar təkcə xarici işğalçılar tərəfindən deyil, həm də bəzi daxili düşmənlər tərəfindən talanmış, məhv edilmişdir. Uzağa getməyək, 1895-ci ildən 1988-ci ilə kimi, Qaraqoyunlu dərəsinin kəndləri beş dəfə işğala məruz qalmış , mənfur erməni daşnak dəstələri tərəfindən öz doğma yurd yuvalarından zorla, vəhşicəsinə, silah gücünə didərgin salınmışdılar. Beş dəfə talanan, güllələnən, ölümə məhkum edilən azərbaycanlıların qaçqın, köçkün vəziyyətə düşməsi onların maddi, siyasi əhvali-ruhiyyəsinə təsir etmişdir. Çox şükürlər olsun ki, Qaraqoyunlu mahalında yaşayan bu millət, millət kimi öz mənliyini saxlamış və bütün işgəncələrə sinə gərərək yaşamış və yaratmışdır. Başı bəlalı kəndlərimizin keçirdiyi bu tarixi faciələrini araşdırdıqca ürəyimiz ağrı tapır, keçmişimizə ürəkdən yanırıq.
Qaraqoyunlu mahalının kəndlərindən biri də Çaykənd kəndidir. Çaykənd kəndinin özünəməxsus coğrafi quruluşu var. Kəndi Tərsəçay (sonralar ermənilər bu çayı "Getik" adlandırdılar) iki yerə bölür. Murğuz, Cantəpə, Soyuqbulaq dağlarından süzülüb gələn və Tərsəçaya tökülən bu çayların sayı çox olduğundan, kəndin adı "Çaykənd" adlandırılmışdır.
Kəndin Qərb hissəsi Quzey ,şimal hissəsi Güney adlanır. Kəndin Quzey hissəsi meşəliklərlə əhatə olunmuşdur. Bu səmtin 3-7 kilometrliyində, meşələrin içində Bəryabad və Əmirxeyir kəndləri yerləşir. Bu meşəlikdə olan talalarda əkin yerləri və 6-7 kilometr uzaqlıqda, dağ ətəyində biçənək, otaraq və əkənək yerləri var. Kəndin Güney tərəfi isə çılpaqlıq, seyrək meşəliklə əhatə edilmişdir. Bu ərazinin çox hissəsini otaraq yerləri təşkil edir. Kəndin ortasından Dilican, Qazax şose yolu Çəmbərək (Krasnoselo) və Basarkeçərə (sonralar ermənilər "Vardenis" adlandırdılar) keçəndə, yenə də Tərsəçay kəndi iki yerə bölür. Çay cənubdan şimala axdığına görə, ulu babalarımız "Tərsə"çay adlandırmışdır.
Çaykənd kəndi Qərbi-Cənubdan Salah, Qaraqaya, Yanıxpəyə kəndləri ilə həmsərhəddir. Kənd Dilican şəhərindən 30 km, Karvansaradan (sonralar İcevan adlandırılmış) 32 km, Çəmbərəkdən isə 25 km -lik məsafədə yerləşmişdir. İrəvandan (sonralar Yerevan adlandırılmış) isə 132 km aralıdır.
Çaykənd kəndi Yelizovatopol ( əvvəlki adı Gəncə ) quberniyası, Qazax qəzasının Dilican nahiyyəsinə daxil olan Qaraqoyunlu mahalının Mərkəzi olmuşdur. Kəndin əsası XVIII əsrdə ,təxminən 1778-ci ildə qoyulmuşdur. Kənd 1937-ci ilin dekabrın 31-nə kimi Dilican rayonunun tərkibində olmuşdur. 1938-ci ilin əvvəlindən 1988-ci ilin dekabrına qədər isə Çəmbərək rayonunun ərazi vahidində yerləşmişdir.
Çəmbərək rayonu Ermənistanın şimal- şərqində yerləşən inzibati rayon olmuşdur. Bu rayon Ermənistan SSR-i Ali Sovetinin qərarı ilə 1937-ci il dekabrın 31-də yaradılmışdır. Çəmbərək rayonu Azərbaycan Respublikasının Gədəbəy rayonu ilə həmsərhəddir. Rayonun sahəsi 697 kvadratkilometr, əhalisi 26264 (1978-ci il məlumatı) nəfər idi. Əhalinin 80 faizini azərbaycanlılar təşkil edirdi. Rayonun 20 kəndindən 12-si Azərbaycan kəndi, 7-si erməni və biri ruslar (malakan) (Krasnoselo-"Qırmızı kənd" adı da məhz burdan əmələ gətirilmiş və bu adı da, Rusiya imperiyası vermişdir) yaşayan kəndlər olmuşdur.
Krasnoselo rayonu XVIII əsrin sonuna kimi Çəmbərək adlanmışdır. XVIII yüzilliyin axırları, XIX yüzilliyin əvvəllərində çar Rusiyasının ruslaşdırma siyasətinin nəticəsində ucqarlara ,o cümlədən Çəmbərəyə çoxlu malakanlar sürgün edilmişdir. O vaxtdan Çəmbərək Mixaylovka adlandırılmış və 1920-ci ilə kimi bu adla tanınmışdır. 1920-ci ildə Qızıl Ordu Mixaylovkaya gəlmiş və onun şərəfinə rayon Krasnoselo (Qırmızı kənd) adlandırılmışdır.
Erməni millətçiləri rayonun adını özlərinin xeyrinə olaraq 1945-ci ildə Qarmir (Qırmızı) adlandırmağa təşəbbüs göstərmiş, ancaq əhalisinin əksəriyyətini təşkil edən azərbaycanlıların və rusların ciddi narazılığı buna imkan verilməmişdir.
Çaykənd kəndində 1897-ci ildə 754 nəfər, 1904-cü ildə 660 nəfər, 1914-cü ildə 677 nəfər ,1916-cı ildə 722 nəfər ,1919-cu ildə 847 nəfər azərbaycanlı əhali yaşamışdır ("Ermənistan azərbaycanlılarının tarixi coğrafiyası" kitabı, Bakı, "Gənclik", 1995, səh. 90 ).
1919-cu ilin yazında -Novruz Bayramında Andranikin daşnak qoşunu Karvansara( Icevan)-Dilican istiqamətində Çayqarışandan (Darlıq) Qaraqoyunlu dərəsindəki kəndləri dağıtmaq, talamaq, əhalini qılıncdan keçirmək məqsədi ilə hücuma keçmişdir. Bu zaman kəndin sayılan adamları əli silah tutanların hamısını toplayıb, hücumun qarşısını almaq üçün təyin edilmiş sahələrdə cəbhəyə yollanmışdılar. Mərd azərbaycanlılar keçid və bərələri kəsmiş daşnak dəstələrinə ardıcıl olaraq zərbələr endirmişdilər. Azərbaycanlıların erməni daşnak dəstələrini pərən-pərən etməsi işində Qaraqoyunlu dərəsinin Kovxası, Hasanxan oğlu Mehralı koxanın əvəzsiz xidməti olmuşdur. Mehralı koxanın əsas qoçaqlığı bir də orasında olmuşdur ki, daşnak dəstələrinə hər tərəfdən zərbə endirməkdə Göyçə igidlərini də köməyə çağırmışdır. Qızğın döyüşlərdə ölənlərə baxmayaraq, döyüşçülərimiz döyüş mövqelərindən gecəli-gündüzlü aralanmamışlar. Mehralı koxa, Topal Oruc (İstiqlalçı deputat Etibar Məmmədovun ulu babası) döyüşçüləri ərzaq və patronla təmin etmək işini müvəffəqiyyətlə yerinə yetirirdilər. Onlar arxa cəbhədən kənd əhalisini köçürməyi də düzgün planlaşdırmışdılar.
Qərbi Azərbaycandakı Qaraqoyunlu adlanan region 1938-ci ilin yanvar ayına qədər Qazax qəzasının Dilican nahiyəsinin tərkibində olmuşdur. Bu regionda 14 kənd mövcud olmuşdur: Haqqıxlı, Alaçıqqaya, Ağkilsə, Murteyil, Polad, Salah, Göyərçin ,Qaraqaya, Yanıxpəyə, Çaykənd, Bəryabad, Əmirxeyir, Gölkənd və Cıvıxlı.
1938-ci ildə bu kəndlərdən Qaraqaya, Yanıxpəyə, Çaykənd, Bəryabad, Əmirxeyir, Gölkənd və Cıvıxlı kəndləri yeni təşkil edilmiş Krasnoselo ( Çəmbərək) rayonunun tərkibinə, Haqqıxlı, Alaçıqqaya, Murteyil, Ağkilsə, Salah, Polad və Göyərçin kəndləri isə İcevan (Karvansara) rayonunun tərkibinə keçirilmişdir.
Azərbaycanlı kəndlərinin müxtəlif rayonların tərkibinə daxil edilməsində də bir erməni hiyləgərliyi dayanmışdır; əsil məqsəd xalqın siyasi qüvvəsini parçalamaq, onların birliyini pozmaq olmuşdur və bu proses, sonralar da riyakarcasına davam etdirilmişdir.
Bu 14 kəndin hamısı, sovetləşmədən əvvəl Çaykənd kəndindəki kovxalığa tabe olmuşlar. Qaraqoyunlu mahalının inzibati Mərkəzi Çaykənd kəndində yerləşmişdir.
Qaraqoyunlu mahalının kəndlərinin əhalisi beş dəfə -1895-1896, 1905-1907, 1918-1920, 1948-1953 və 1988-ci illərdə erməni millətçilərinin və rus şovinistlərinin köməyi ilə doğma torpaqlarından zorla qovulmuşlar.
Silahlı erməni daşnaklarının şose yolu ilə gətirdikləri topu azərbaycanlı döyüşçülər erməniləri öldürərək ələ keçirmiş, ancaq heç kəs ondan istifadə etməyi bacarmadıqlarına görə, topun lüləsinə daş doldurmuş, mümkün olan yerlərini qırıb dağıtmışdılar.
Döyüşçülərin bir neçə gün vuruşması ərzində, o dövrün bütün silahları ilə silahlandırılmış erməni daşnakları ilə qeyri-bərabər vuruşmalarda əhali şimal istiqamətində, Gədəbəy ərazisinə qaçmışlar . Adamlar az yüklə qaçmışlar, onların ev əşyaları, mal-qaraları ermənilər tərəfindən talan edilmişdir. Gədəbəyin müxtəlif kəndlərində ,Tovuz, Şəmkir, Qazax rayonunun kəndlərində müvəqqəti məskunlaşan Qaraqoyunlular, öz doğma yurdlarına 1920-ci ilin sonunda və 1921-ci illərdə qayıtmışlar.
Yalnız 1922-ci ildən sonra, yaranan sakitlikdən istifadə edən qaçqın əhali öz ata-baba yerlərində sakin olmuşlar. Çaykənddə 1922-ci ildə 569 nəfər, 1926-cı ildə 616 nəfər, 1931-ci ildə 662 nəfər, 1970-ci ildə 1140 nəfər, 1979-cu ildə 1096 nəfər, 1987-ci ildə 1110 nəfər azərbaycanlı əhali yaşamışdır. Bu illərdə əhalinin əsas məşğuliyyəti maldarlıq, əkinçilik, bostançılıq, tütünçülük, arıçılıq olmuşdur ( məlumatlar "Ermənistan azərbaycanlılarının tarixi coğrafiyası" kitabından götürülmüşdür).
Erməni daşnak dəstələrinin qarşısını alan , xalqı qırğına verməyən, döyüşlərdə igidlik göstərənlərdən, Çaykənddən- Muxtar İsmayıl oğlu, Rüstəm Xudu oğlu, Pirməmməd Mahmud oğlu, Qasım Mahmud oğlu, Alaxançal İsgəndər Binnət oğlu, Məhəmməd, İsgəndər oğlu, Hasan Sərdar oğlu, Qurban Xəlil oğlu, Qaraqaya kəndindən- Alaxançal İsgəndər, Namazalı ,Nəsib,Hüseyn və Layış Paşa qəhrəmancasına döyüşmüşlər. Kənardan heç bir kömək almadan, Qaraqoyunlular son damla qanlarına qədər vuruşduqlarına baxmayaraq, təpədən dırnağa qədər məqsədli şəkildə silahlanmış mənfur düşmənlərə qarşı mərdliklə döyüşmüşlər.
Qaraqoyunlu ərazisinin qədim tarixə malik olmasını sübut edən faktlardan biri də, kəndlərin ərazilərində olan qədim kənd xərabələrinin qalıqlarıdır. Maraqlıdır ki, bu xərabələrin adları xalis Azərbaycan adlarıdır. Bunların bir neçəsini qeyd edək:
Çaykənd kəndinin ərazisində: Çatal çınqıl, Quzey kalafası, Şamın kalafası, Malağan xırmanı, Kərtdəş oğuz qəbri, Qara çuxur, Qazan düşən, Kirdivan və s.
Qaraqayada: Quğu, Taxta, Oğuz yurdu, Donuz damı və s.
Yanıxpəyədə: Xalıl kəndi, Çopur talası, Tik daş, Hacı Abbas, Mancan yurdu, Yumalaq və s.
Gölkənddə: Qara torpaq, Qızıl qaya, Ağca qala, Qara Əhmədli, Quydivi və s.
Əmirxeyirdə: Kalafalıq, Armudluq, Alaçıq daş, Tik daş, İsrafil qalası, Div ziyilli və s.
Adlarını qeyd etdiyimiz ərazilərdəki xarabalıqların hamısının yaxınlığında qəbirstanlıq da məlumdur. Bu qəbirstanlıqda olan qəbir daşlarının heç birində erməni xaçına, erməni yazısına və hər hansı erməni işarələrinə rast gəlmək mümkün deyil. Əgər bu yerlər qədim erməni torpağıdırsa ( ermənilərin dediyinə görə), bəs niyə bu ərazilərdə bir dənə də olsun erməni nişangahı, erməni abidələri yoxdur. Əksinə, göstərilən keçmiş yaşayış yerlərində yaşayan azərbaycanlılara aid maddi-mədəniyyət abidələri erməni millətçiləri tərəfindən dağıdılmış və talan edilmişdir.
Çaykənd kəndi hər tərəfdən şişuclu və səfalı dağlarla əhatə olunmuşdur. Kəndin dağ adları: Cantəpə ,Murğuz, Böləli, Yaralı, Mehralı yurdu, Muncuqlu, Qədir yaylağ, Çopur yaylağı, Mehdioğlunun yaylağı, Seydimalı düşən, Mollalı,Çatal çınqıl, Məmmədkərim yaylağı və s.
Bizim səngərli dağlarımız XIX yüzilliyin ortalarında məşhur EL Qaçaqlarının həm də məskəni olmuşdur. Qonşu Qazax, Tovuz elindən dövrünün zülmkarlarına qarşı amansız mübarizə aparan Qaçaq Kərəm, Qaçaq Tanrıverdi ,Qandal Nağı, Dövlətxan bizim dağlarda uzun müddət məskən salmışlar. Onlar bəzən bu dağlarda çar casusları və yerli satqınlarla da vuruşmalı olmuşlar. Əmirxeyir kəndindəki qayaya sığınan Qaçaq Kərəm rus zabitini burada güllələmişdir. Bu qaya indi də "Gülləli" adı ilə qalmaqdadır.
Kəndimizin həm Quzeyində, həm də Güneyində yüzlərlə bulaqlar axıb gedir. Kəndimizdə olan bulaqlar: Şəkər bulağı, Muncuqlu bulağı, İldızlı bulağı, Muxtar bulağı, Qorçu bulağı ,Kar Əhmədin bulağı ,Qədir bulağı, Məmmədkərim bulağı, Pirğələm bulağı, Bəkir bulağı, Malağan bulağı (malakanlar tapdığı bulaq), Noylu bulaq, Daşlı bulaq, Qıvla bulağı, Ağcaqayınlı bulaq, Manquzu bulağı,Şoran bulaq,Dəlmə bulağı,Buzlu bulaq,Dəmrov bulağı,Ortalıq bulağı və s.
Bulaqlarımız da şairlərimizin, yazarlarımızın məhəbbət mövzusu olmuşdur. Bulaqlar gənclərimizin, qocalarımızın məhəbbət sevgisinin qovuşduğu yer, görüş yeri , əyləncə yeri olmuşdur. Bulaqlar hər birimizin ilham mənbəyi olmuşdur.
Şəkər bulağı öz təmiz, şirin və sərin suyu ilə kəndimizdəki bulaqların şahı olmuşdur. Bu bulaq ən əziz qonaqlarımız üçün görüş və şənlik yeri olmuşdur.
Çaykənd kəndinin ərazisindəki çaylar haqqında:
1. Tərsə çay ( sonralar ermənilər "Getik" adlandırdılar): Kəndin ortasından üzü aşağı gedən, ən uzun, ən iri nçaydır. Bu çayın mənbəyi Şah dağından başlayaraq Çəmbərək rayonunun Toxluca, Ağbulaq kəndlərinin cənub ərazilərindəki dərələrdən, rayonun Orcanikidze (V. İ. Leninin mənfur silahdaşı) kəndinin şərqi-şimal hissəsinin dərələrindən gələn kiçik bulaq çayları hamısı Tərsə çaya tökülür. Bu çay yaz ayında çox sulu olur. Güclü yağış yağanda daha selə səbəb olur. Bu çar rayon ərazisindən gələndə Çəmbərək, Qoturbulaq (Ttucur) , Təzə Başkənd, Qaxdağan (Martuni)) ,Gölkənd, Çaykənd, Qaraqaya, Salah, Polad, Alaçıqqaya kəndlərinin ortasından axıb, Kirovakanın ( S. M. Kirovun adı verilmiş şəhər) və Dilicanın ərazisindən gələn çayla qovuşub, Qazax şəhərini keçib Kür çayına qarışır.( Bu çay xəritədə Ağstafa çay adı ilə verilib).Çayın kəndimizə gələn uzunluğu 50 kilometrdən çoxdur.
2. Xanımbəyi çayı -yalnız Çaykənd ərazisindən axan suların hesabına əmələ gələn, xırda çaydı,r yaz aylarında suyu çoxalır, yay aylarında isə azalır. Keçmiş zamanlarda bu çayın üzərində Kirdivan məhəlləsində Ustalılar tayfasının su dəyirmanı olmuşdur.
3. Murğuz çayı-mənbəyini Murğuz dağlarından alan çay kəndin Güney hissəsindən axır .
4. Bəryabad çayı-kənd ərazisindən keçən ikinci böyük çaydır. Bu çay öz mənbəyini Toxluca kəndinin cənub ərazisindən alaraq Əmirxeyir, Bəryabad kəndlərindən keçərək Çaykəndin ortasından keçən Tərsə çay ilə birləşir.
5.Qarasu çayı-kiçik dağ çayıdır, ancaq kəndin öz bulaqlarından əmələ gəlmişdir.
Atav -babalarımız "Su dirilikdir" -deyiblər. Kəndimizin bol neməti olan sular haqqında elimizdə yüzlərcə atalar sözləri yaranmışdır.
Tərsə çayda bir neçə növ balıq olur: bığlı, axçalı, qara balıq, qızıl balıq .Babalarımız bu qızıl balıqdan müalicə üçün də istifadə etmişlər .
Kəndimizin səngər Qalaları haqqında:
Qayalar kəndin bütün ərazilərində var. Hər qaya öz adı ilə çağrılır: Səngər qaya, Gözdək qaya, Qızıl qaya, Səsverən qaya, Quşlu qaya, Qatar qaya, Sarı qaya, Avdı qayası, Dəvəboynu qalası, Buxarılı qaya, Danışan qaya, Sarımsaqlı qaya, Kəmənd qaya və s.
Dağlarımızın döşündəki nəhəng qayalar da uca dağlara pənah gətirir. Qışın qarlı şaxtalarından, yayın isti küləklərindən,payızın şiddətli yağışlarından qorunmaq üçün dağlar onları öz qoynuna basmış, bununla da özünün yaraşığını, vüqarını qoruyub saxlamışdır. Belə bir dağ mənzərəsinin sirrini duyan babalarımız haqlı olaraq demişlər ki,"Qaya dağa arxadır". Kəndin yaxınlığında olan "Mədən qayası"nın daşlarından uzun müddət kənd əhalisi inşaat materialı kimi istifadə etmişlər. "Avdı qaya", "Dəvə boynu qayası", "Kəmənd qaya" kəndin mənzərəsini daha da gözəlləşdirir. "Ağ qaya" adlı qayanın daşını isə, quyularda bişirib ev tikmək üçün əhəng (kərpic) hazırlamışdılar. Babalarımız çay daşlarından binalar tikiblər, yarma hazırlamaq üçün kirkirə düzəldiblər, un hazırlamaq üçün dəyirman daşı hazırlayıblar.
Dərələr haqqında:
Qaya, təpə olan yerdə dərələr də olmalıdır. Kəndimizin ərazisində dərələr də çoxdur. Malağan dərəsi ,Gödək dərə,Yaloxlu dərə, Çatal çınqılın dərəsi, Yağlı dərə, Çətin dərə, Qaranlıq dərə, Şamın dərəsi, Papı dərə, Quğu dərəsi, Oğru dərə, Çınqıllı dərə, Pirverdi dərəsi, Əzgilli dərə, İlanlı dərə, İt ölən dərə, Ağnavad dərəsi və s.
Hər bir dərənin özünə məxsus mənzərəsi var. Axı, zirvəyə gedən yol dərədən keçir!... Yaz mövsümündə bənövşə, nərgiz, müxtəlif yemliklər ( pencər) yığmaq, yay vaxtı isə istidən qorunmaq üçün sərinləşmək, dərələrimizi yada salır. Xalq şairi Nəbi Xəzrinin "Dərələr" şeirinə bəstələnmiş mahnını gözəl müğənnimiz , Xalq artisti Şövkət xanım Ələkbərova necə də gözəl ifa edir... Şövkət xanımın ifasında həmin mahnını eşidəndə, dərələrimiz yadıma düşür, qəmginləşirik ... Uşaqlığımızı və cavanlığımızı keçirdiyimiz dərələrdən baldırğan, kığ, qulançar ,süntürük yığdığımız günlər yadımıza düşdükcə ,çimizdən odlanıb yanırıq... Hər dərədən evə əli dolu gələnlər, indi hər nemətə həsrətlə içimiz ovula-ovula baxıb, köksümüzü ötürürük...
Təpələr haqqında:
Dağ olan yerdə təpə də olacaq. Güney tərəfdə Haça təpə, Avdı təpəsi, Daşlı təpə, Tüklü təpə, Şiş təpə və s.
Dağların şiş uclarına təpələr deyirlər. Təpələri seyr etmək ucalığı sevmək deməkdir! Təpələrə qalxıb alçaqları görmək və seyr etdikcə, insan özünü təbiətən uca hiss edir.
Talalar haqqında:
Meşə olan yerlərdə talalar da olur. Talalar meşələrin ortasında olan çılpaq əraziyə deyilir. Bu talalar həm də, meşədə yaşayan heyvanların istirahət meydançasıdır. Kəndimizin meşəliklərinə gözəllik verən talalarımız: Ayı talası, Rəhim talası, Muxtar talası, Osman talası, Qorçu talası,Daşlı tala, Quzey kalafası talası, Şamın talası, Kərtdəş talaşı, Göy tala və s.
Talalar hər tərəfdən meşə ilə əhatə olunduğu üçün daha əzəmətli görünür. Bunu meşəyə bələd olanlar bilər. Meşədə gəzənlər hər hansı talaya çıxanda özündə bir yüngünlük hiss edir, talada dincəlməyə, istirahət etməyə çox meyilli olurlar. "Ayı talası" adlı yerdə babalarımız ayı ovlayıblar, meşədəki ayılar bu talaya pənah gətirən zaman pusquda dayananlar onları hər tərəfdən gülləyə tutarlarmış... Buna görə də bu talanın adı "Ayı talası" qalıb. Bir çox talalar da şəxsi adam adları ilə adlanıb. Görəsən, əsrlər boyu yerində qalan bu dağlara ,bu təpələrə niyə bir erməni dığasının adı verilməyibdir?!... Çünki, bu yerlər qədim Oğuz yurdlarıdır, bu yerlərdə yalnız azərbaycanlılar yaşamışlar!
Göllərimiz haqqında:
Kəndin ərazisində bir neçə göl var. Bu göllər kəndin Quzey hissəsində yerləşibdir: Göygöl, Ziyilli göl, Böyük göl, Mamırlı göl, Armudluqda olan göl. Göllər xırda olduqları və bulaq suları ilə əhatə olmadıqlarına görə, genişlənməmişdir. Yalnız "Böyük göl" adlanan gölə bir neçə bulaq suları qarışdığı üçün qurumur və eyni səviyyədə qalır.
Meşələr haqqında:
Kəndimizin həm Güney ,həm də Quzey sahəsi meşəlikdir. Quzey sahəsində meşələr çox və sıxdır. Meşələr orada çoxluğu təşkil edən ağacların adı ilə adlanır: Palıdlı, Göyrüclü, Armudluq, Almalılıq, Şamlıq, Vələslik, Cökəlik, Alımçalı, Fıstıqlıq və s. Kənd ərazisində olan meşəlikdə aşağıdakı ağac növləri var: palıd, vələs, göyrüc, alma, fıstıq, ağcaqayın, alımça, qoz (ceviz), yemişan, boz söyüd, qələmə,albalı, ardıc, dəmirqaya, qozqara, əzgil, dağdağan, göyəm, qarağat, qovaq, südlü və s.
Meşələrimizdəki bitki növləri, zəngindir. Bu bitki və ağaclardan kənd sakinləri uzun müddət bəhrələnmişdir. Meyvələri qarağat, moş kimi geniş istifadə edilən bitkidir.Meyvəsindən kompot, mürəbbə və şirə hazırlanır. Meşələr Qaraqoyunlu dərəsinin bir nömrəli təbii sərvəti olmuşdur. Buna görə də meşə həmişə qorunmuşdur. Çox qədimdən də meşə dövlət əhəmiyyətli olduğu üçün kənd adamları həmişə qorunmuş və saxlamışlar. Kəndimizdə meşə təsərrüfatı ilə məşğul olan xüsusi idarə varıydı. Bu idarədə baş meşəçi,meşəbəyi və meşə qoruyucuları ilə yanaşı, həm də yeni meşəsalma briqadası varıydı. Bu idarə meşənin qurusundan, qocasından yanacaq hazırlayır və bütün rayon idarələrini, məktəb, xəstəxanaları yanacaqla təmin edirdi.
Kənd ərazisində yabanı ot bitkiləri də zəngin olmuşdur. Kəndimizin dağlıq sahəsindəki ot bitkilərinin hamısı müalicəvi əhəmiyyətə malik olan çox keyfiyyətli bitkilərdir. Ən çox işlənən növlərdən bəzilərini qeyd edirəm:
Baldırğan(özək), kığ, qoyunqulağı, qulançar, quşəppəyi, qırxbuğum, danaayağı, qazayağı, əvəlik, yarpız , yemlik, kəkotu (kəklikotu), ətotu, gicitkan, əmənkömənci, yolotu, dəvədabanı, anadız, süntürük, tərpətöyün, qaya sarımsağı, soğan, çiriş, cincilim, xatın barmağı, südlü, çaşır, yovşan, boymadərən, qantəpər(sarı çiçək), çiyələk(moruq), məryəm noxudu, Novruz gülü, bağayarpağı, cajıx, bənövşə ,nərgiz ,somutqan, gülxətmi, bəlğəmotu, üzərrik, yonca, qarayonca, sarmaşıq, qıjı, lalə, xaşxaş, lilpar və s.
Kəndin dənli bitkilər aləmi:
Kənd əhalisi uzun müddət əkinçiliklə məşğul olublar. Kənd adamları birinci olaraq xışla(cüt) yer şumlayıblar. Sonralar isə qara kotandan istifadə ediblər. Bu kotanlar yarı ağac ,yarı dəmirdən hazırlanırdı. Böyük kotanlara altı boyun ( üç cüt) öküz, cütə isə iki boyun (bir cüt )öküz qoşulurmuş. Əkin işləri iki növbəli-yaz əkini və payız əkini olurdu.
Yaz əkinində yazlıq buğda arpa pirinc darı qarğıdalı kartof kərdiyar toxumlarından istifadə olunurdu (Kərdiyar-arpa bə buğdanın qarışdırılıb yaz dövründə səpilməsidir).
Qaraqoyunlunun heyvanlar və quşlar aləmi:
Qaraqoyunlu dərəsində -düzlərdə, dərələrdə, talalarda, meşələrdə, kahalarda, sıx-sıx meşəliklərdə,kol-kos içərisində ilin bütün fəsillərində müxtəlif növ çöl heyvanları ,köçəri quşlar və digər quşlar yaşayırdılar: canavar, ayı,tülkü, maral,cüyür, dağ keçisi, dovşan, çöl donuzu.
Bu ərazilərdə daimi yaşayan quşlar və köçəri quşlar yaşayırdılar: qaranquşlar, sığırçınlar,hophopquşu, şanapipiklə,r göyərçinlər, zağcalar və s.
Bu ərazilərdə həmçinin ziyanverici quşlar da məskən salmışdılar: qartallar, car, çalağan, qızıl quş, sərçə, toyuq götürən və s.
Meşələrimizdə quşlar daha çoxdur. Bu quşlardan yalnız dağ döşündə, toz ağacı deyilən bitkilərin sıxlığında məskən salan qırqovullar yeyilir. Güney dağlarında olan mavrı kəklikləri və dağ kəklikləri, bildirçin, alabaxta, göyərçinlər də ovlanan və əti yeyilən quşlardır.
Çalağanlar, qızılquşlar, qarğalar da ərazidə çox olan quşlardır. İl boyu kənddən çıxmayan və ev quşları ilə birgə dən yeyən quş sərçələrdir. Onlar, qış nə qədər sərt keçsə də, ərazidən köçmürlər.
Kəndin iqlimi o qədər də sərt, soyuq iqlim deyil. Qış beş ay çəkir. Yaz ayı martın 22-dən sonra başlayır. Aprel-dekabr ayları qoyunların çöl otaraq, mal-qaranın isə may-noyabr ayları otaraq aylarıdır. Qış noyabr-mart aylarıdır. Yağıntılar, küləklər orta səviyyədədir.
Ta qədimdən bəri kənd camaatı meşədən öz ehtiyacları üçün istifadə etmişlər. Qaraqoyunlu dərəsinin meşə təsərrüfatına Dilican meşəçilik idarəsi rəhbərlik etmişdir. Bu idarənin əsil adı Tərsəçay meşəçilik idarəsi idi. Sonralar ermənilər bu idarənin adını dəyişdirib, Dilican meşəçilik idarəsi etdilər. Dilican meşəçilik idarəsinin ən geniş sahəsi Qaraqoyunlu meşəsidir. Bu sahədə iki meşə şöbəsi- Çaykənd və Polad idarələri uzun müddətli fəaliyyətə malik olmuşlar.
Çaykənd meşəçilik idarəsini uzun müddət ermənilər rəhbərlik etmişlər. Bu təsərrüfatda 30 il Q Koçarov adlı bir erməni başçılıq etmişdir. Koçarovdan sonra 1970-ci ilə kimi bu idarədə əsas işçilər və rəhbərlər yenə də erməni millətinin nümayəndələri olmuşdur. 1970-ci ildən sonra Məmmədov Məhəmməd, Əliyev Məcid, Ağayev Məcid və İsgəndərov Avtandil rəhbərlik etmişlər.
Vaxtilə Çopur talası, Şamın kalafası,Gödək dərə, Quydyvin ,Tala adlı sahələrdə salınmış tingilər hesabına meşəçiliyi artırırdılar. Təsərrüfata uzun müddət Avtandil İsgəndərov rəhbərlik etmişdir.
Qaraqoyunlu mahalının adlı-sanlı şəxsiyyətlərindən olan Avtandil İsgəndərov, hər cür hörmətə və ehtirama layiq təsərrüfat başçısı olmuşdur. Onun bir şəxsiyyət kimi formalaşmasında, inkişafında və qazandığı nüfuzun sərhədləri olmamışdır. Çəmbərək rayonunda qazanılan bu ad-san, getdikcə hər yana yayılmış, öz miqyasını daha da genişləndirmişdir. Avtandil İsgəndərovun fəaliyyəti yaxın-uzaq yerləri aşaraq, öz sferasını bütün Qərbi Azərbaycana-Ermənistan adlandırılan Respublikadan kənara çıxmış və az qala bütün Cənubi Qafqaza qədər yayılmışdır .O, öz xalqını sevən, onun qədrini bilən, daim öz el-obası ilə fəxr edən bir ziyalı idi .Tapşırılan iş üçün şəxsi məsuliyyətini dərk etmək, həmişə şəxsi nümunə göstərmək Avtandil İsgəndərovun əsas iş prinsipi olaraq daim təkmilləşdirilirdi. Avtandil dayının erməni rəhbərləri içərisində də nüfuzu getdikcə artır, ermənilər onun nüfuz dairəsinə tabe olmağa məcbur edilirdi. Erməni dilinin hərtərəfli bilmək, yazmaq və erməniləri öz dillərində dilləndirmək və özünə tabe etdirmək kimi xüsusiyyətlər onu hər tərəfdə məşhurlaşdırmışdır. Hətta, onun ömür yolu Ermənistan MK-nə qədər uzanırdı. Onunla ermənilər sözsüz olaraq, razılaşmalı olurdu. İsgəndərov Avtandil olan yerdə ermənilər hər şeydən məhrum olmaq dərəcəsinə qədər enməyə vadar olunurdu .Təbiətə olan vurğunluğu , Qaraqoyunlunun fauna və florasının qorunub saxlanılmasında Avtandil müəllimin əvəzsiz xidmətləri olmuşdur. Qaraqoyunlu mahalından azərbaycanlılar zorla qovulanda da, Avtandil İsgəndərov əhalinin sağ-salamat çıxarılması və təhlükəsiz olaraq Azərbaycanımızın ərazisinə köçürülməsində böyük rol oynamış və öz həyatını təhlükəyə ataraq, "işi uğurla" başa çatdıra bilmişdir. Bu Böyük İnsan haqqında çox deyilmiş, çox yazılmış, hətta onun həyat və fəaliyyətilə bağlı rəvayətlər də dolaşmaqdadır. Mən də onun şəxsiyyəti və nüfuzu qarşısında öz oğulluq borcumu yerinə yetirməyə çalışmış və Avtandil Avı oğlu İsgəndərovu "Xatırlanır oba, eldə" şeirimlə tərənnüm etməyə, onun vəsfini qələmə almağı özümdə borc bildim. Allah Avtandil dayıya, onun ömür-gün yoldaşı Gülarə xalaya və valideynlərinə rəhmət eləsin. Qəbirləri nurla dolsun.
Qaraqoyunlunun sadiq qonağı N. B. Vəzirov haqqında:
Görkəmli Azərbaycan dramaturqu, nasiri Nəcəf bəy Vəzirov (1854-1926) Qaraqoyunlu mahalının meşələrinə, onun füsunkar təbiətinə heyran olan bir meşəbəyi kimi buralara yaxından bələd olmuşdur. Nəcəf bəy Vəzirov 1878-ci ildə Petrovski-Razumovski Kənd Təsərrüfatı Akademiyasını bitirdikdən sonra, 1880-1894-cü illərdə Dilicanda I dərəcəli meşəbəyi vəzifəsində işləmişdir.
İrəvandan Dilicana girən yolun solunda, meşənin içində ikimərtəbəli bir bina ucalır. Bu binanın girəcəyində qapının sağ tərəfində bir lövhə vurulmuşdur. Orada yazılıb: "Azərbaycanın tanınmış sənətkarı Nəcəf bəy Vəzirov bu binada yaşamışdır". Həmin lövhə rus və erməni dillərində yazılmışdır.
Yazı Çaykənd kəndinin mərhum oğlu, Qərbi Azərbaycanın fədakar ziyalısı, Qaraqoyunlu mahalının tarixinin, əlaqələrinin ədəbi-bədii materiallarının ilk tədqiqatçısı Qurban Süleymanovun aşağıdakı əsərləri əsasında işlənmişdir:
1. Qurban Süleymanov: "Əzəli Oğuz Yurdum-doğma Çaykəndim"
2. Qurban Süleymanov və Niyaz Süleymanov: "Qaraqoyunlunun ilk təhsil ocağı"
3. Qurban Süleymanov: "Qaraqoyunluda izi və sözü qalanlar"
4. Qurban Süleymanov: "Görüşlərim, Xatirələrim"
İşləyəni: Niyaz Süleymanov
(ardı var)