Bilirəm, çox gözələm. Bunu mənə hamı deyir. Ləçəklərim çox gözəldir, rəngim ürəkaçandır. Və? Mən heç xoşbəxt deyiləm amma.-Niyə? Sənin yerində olmaq istəyən neçə çiçək var . Sən sadiqlik rəmzisən.
+Mən çiçək də olmaq istəmirəm ki. Mən də sizlər kimi olum. Dünyanın gözəlliyini görə bilim. Mən sadiq də olmaq istəmirəm. Mənim gözəlliyimi öyməsinlər də. Mənim tamaşama durmasınlar da.
-Axı sən gülsən, necə gəzə bilərsən dünyanı?
+Sən gəzə bilirsən amma. Mən niyə gəzməyim ki?
-Mənim yaradılışım belədir, sənin yaradılışın elə. Biz istədiyimiz kimi yaşaya bilmərik ki?
+ Mənim də ayaqlarım var. Ancaq torpağa basdırılıb, yeriməyə qoymurlar məni. İnsanlar çox qəddardılar. İşgəncə verirlər mənə.
-Sən hər şeyə bir tərəfdən baxma. Ən azından səni sevirlər, gözəlliyinə heyran olurlar. Sən bir mənə bax.
+ Sən naşükürsən. İstəyəndə üzürsən, istəyəndə hoppanırsan. Mən isə... Eh... Mən çox bədbəxtəm.
Zanbaq bu sözləri deyib susdu. Boynubükük uzaq yollara tamaşa edirdi. Insanlar yol üstündə gözəlliyi ilə göz oxşayan çiçəyə baxıb sevirdilər. Saatlarla çiçəklə söhbət edənlər də var idi. Sevgililər çiçəyin qarşısında bir-birilərinə sadiqlik andı verirdilər. Hər biri özünü bu çiçək kimi sevgisinə sadiq qalacağı ilə öyünürdü. Zanbaq isə bu sevgi etiraflarından artıq bezmişdi. O daha gözəl həyat istəyirdi. Gəzmək, uzaq yerlərə getmək, daha mənzərəli yerlər görmək arzusu ilə alışıb yanırdı. Öz-özünə insanları qınayırdı. “ Onlar necə də azadlıqlarının qədrini bilmirlər. Həyatda azad olmaq qədər gözəl ikinci nə ola bilər?” deyə hey qara-qara düşünürdü.
Bir gün güclü külək əsirdi. Külək insanların gözəlliyini öyə-öyə bitirə bilmədikləri zanbağı hey sağdan, soldan döyəcləyirdi. Zanbaq gah yerə yıxılır, gah ayağa qalxırdı. Ləçəkləri yerə tökülürdü. O, ayaqlarını torpağın altından çıxarıb qaçmağı necə də arzulayırdı. Külək kəsdikdən sonra yağış yağmağa başladı. Küləyin döyməyi az imiş kimi yağış da zanbağın başından döyəcləyirdi. Zanbağın göz yaşları yağışın damcılarına qarışdı. Gölməçələr yarandı. Zanbaq artıq heydən düşmüşdü. Yıxılıb yorğun halda öz dibində də qaldı. Yenə də ayaqlarını çıxarıb qaça bilmədi torpaqdan. Yağışdan sonra səhərin yandırıcı günəşi parladı səmada. Günəş buludları qovduqdan sonra şəstlə “mən də varam” deyirdi. Hər zamankından daha çox şəfəqlərini yayırdı. Sanki zanbaqdan nəyinsə qisasını alırdı. Şüalarını ox kimi batırırdı çarəsizə. Dəqiqələr irəlilədikcə günəş daha da təpəyə dırmanırdı. Gəlib düz çiçəyin başı üstündə durdu. Yazıq zanbaq bu dəfə də istidən qovrulurdu. Onsuz da küləyin döyməyindən qanadlarını itirmişdi. Ağrı-acını qəbullanmış kimi başını önünə salıb növbəti zərbəni gözləyirdi.
Səhər açılan kimi qurbağa gəlib zanbağın qarşısında dayandı.
-Necəsən, dost? Ayy, sənə nə olub belə?
Çiçək artıq danışmaqla özünü daha da yormaq istəmədi. Susdu. Qurbağa dayanmadan çiçəyin gah arxasına , gah önünə keçib sualları çiçəyə yağdırırdı.
-De görüm axı nooldu e sənə? Axşam mən gedəndə sən necə gözəl idin. İndi ləçəklərin hanı sənin?
Zanbaq çox halsız, zəif səslə dilləndi:
+Külək döydü, yağış döydü, günəş döydü məni. Mənə kömək et, qurbağa qardaş. Mən də yağışdan gizlənmək istəyirəm. İnsanlara de ki, mənim ayaqlarımı torpaq altından çıxartsınlar. Onlara minnətdar olaram.
-Sən nə danışırsan? Yaşaya bilməzsən axı. Sən torpaqla qidalanırsan. Torpaqdan çıxsan məhv olarsan.
+Sən buna yaşamaq deyirsən? Əsl yaşayan sizsiz. Mən əzab çəkirəm.
-Elə demə, dostum, axı sən sadiqlik rəmzisən.
Qurbağanın sözləri zanbağı daha da qıcıqlandırdı. Var gücü ilə qışqırmağa başladı.
+Mən sadiq olmaq istəmirəm. Mən torpağa sadiq olmaq istəmirəm. Bu yerləri istəmirəm. Azad olmaq istəyirəm mən. qoy məhv olum, qoy yox olum, ancaq azad olum. Çıxardın məni torpaqdan.
Qurbağa zanbağı heç belə görməmişdi. Onun halına acımağa başladı. Hər zaman gözəl görünüşü ilə gözləri oxşayan zavallı çiçək nə hallara düşmüşdü. Ancaq nə etməli? Əlindən heç nə gəlmirdi. Qurbağa səssizcə çiçəyin yanından uzaqlaşdı.
Aylar ötdü, zaman keçdi. Zanbaq nə küləklər, nə yağışlar, nə sevgilər gördü. Taleyini dəyişə bilməyəcəyini bilirdi. Ancaq daha heç kimlə danışmırdı. Küskün idi həyatına. Qurbağa hər gün dostunun yanına gəlir, onunla uzun-uzadı söhbət edir, ancaq heç bir cavab almırdı.
Artıq zanbağın yaraları sağalmışdı. Yeni ləçəklər ilə bəzənməşdi. Taleyi ilə barışmışdı da. Bəzən döyülməyə də, yanmağa da alışırlarmış. Yenə hər zamankı kimi sevgililər çiçəyin qarşısında durub bir-birilərinə sədaqət sözü verirdilər. Öncə gülün gözəlliyini öydülər. Gah sığal çəkdilər ləçəklərinə, gah qoxladılar, gah da əzizlədilər. Sadiqliklərinə and içdikdən sonra çiçəyi dərib döşlərinə sancdılar. Zanbaq nə olduğunu anlamadı da. Sevinsinmi, üzülsünmü bilmədi. İçində bir azadlıq havası vardı. İllərlə gözlədiyi xoşbəxtliyə qovuşacaqdı. Uzaqlaşdıqca ətrafa boylanır, gördüyü hər ağacla, hər çiçəklə, daşla, kəsəklə gülərək salamlaşırdı, dərhal da sağollaşırdı . Daha fərqli yerlər görəcəkdi. Sonunun nə olacağını düşünmürdü belə. “İnsanların döşündə gəzmək də varmış qismətimizdə. Uzaq-uzaq ölkələrə gedəcəm, azad olacam. Daha döyən olmayacaq məni” deyə fərəhlənirdi. Birdən ayaqlarının torpaq altında qaldığını anladı. Büzüldü, kiçildi o gözəlim. Al yanaqları soluxdu. Gözəlliyini tamamilə itirdi o gözəlim. Azadlığa qovuşmadan saatlarla əzizlənən, gözəlliyi oxşanılan bir çiçək artıq heç kimə lazım deyildi. Ayaqlar altına atıldı zanbaq. Tapdandıqca “azadlıq hər zaman gözəl olmurmuş” deyə düşünürdü. Fəqət, artıq çox gec idi.
Müəllif: Şəhriyyə Qəzənfərqızı