“Əjdər Zeynalovun işdən çıxmasına qol çəkmədiyim üçün “qara siyahı”ya düşdüm” - TANINMIŞ AKTRİSA İLƏ MÜSAHİBƏ
Zülfiyyə Eldarqızı: “Halbuki, o qalmaqalların heç birində mənim imzam, əlim yox idi…” Zülfiyyə Eldarqızı (İsmayılova Zülfiyyə Eldar qızı) Sumqayıtda anadan olub, əslən Laçındandır. 1989-1994-ci illərdə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Teatr rejissorluğu ixtisasında təhsil alıb. 1998-2015-ci illərdə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində dərs deyib. “Azərbaycan kino tarixi oçerkləri” (2001) dərs vəsaitinin həmmüəlliflərindən biridir. Sənətşünaslıq üzrə fəlsəfə doktorudur. Mətbuatda 100-dən çox məqaləsi çap olunub. Vaxtilə Cəfər Cabbarlı adına İrəvan Dövlət Azərbaycan Dram Teatrında aktrisa kimi çalışıb. “Netflix İndoneziya”nın istehsalı olan “Layla Məcnun” (2021, rejissor Monti Tiva) filmində və daha neçə-neçə seriallara çəkilib. Hazırda Milli Konservatoriyada, BDU-da müəllimlik edir. Tanınmış aktrisa, qiraətçi, pedaqoq Zülfiyyə Eldarqızı ilə müsahibəmizdə həyat və yaradıcılığı ilə bağlı suallara cavab tapmağa çalışdıq. - Zülfiyyə xanım, siz tanınmış aktrisa olmaqla yanaşı, sənətşünaslıq üzrə fəsləfə doktoru, bədii qiraət ustasısınız. ilk olaraq işinizdən, fəaliyyətinizdən başlayaq. Hazırda hansı işdə çalışırsınız? - Fuad bəy, əvvala çox sağ olun, təşəkkür edirəm! Mən həmişə jurnalistlərlə dostluq edirəm. Jurnalistlər bizim özümüzə, sənətimizə diqqət və qayğı göstərirlər. Ən çox da sizə ona görə təşəkkür edirəm ki, siz dünyasını dəyişmiş böyük sənətkarlarımızın yaradıcılığını ön plana gətirirsiniz. Məlik Dadaşov haqqında olan yazınızı oxumuşdum və çox bəyənmişdim. Mən də özümü çox xoşbəxt sənətçi sayıram ki, o böyük, dahi sənətkarımız Məlik Dadaşovun dövründə oxumuşam, təhsil almışam. Bizə bilavistə dərs deməsə də, eyni dövrdə, eyni havanı udmuşuq. Çox pərəstiş elədiyim böyük sənətkarımızdı. Buna görə də sizə ikinci təşəkkür düşür. Bəli, hal-hazırda Milli Konservatoriyada Muğam ifaçılığı kafedrasında aktyor sənətinin əsaslarını, nitq mədəniyyətini tədris edirəm. Eyni zamanda da Bakı Dövlət Universitetində Jurnalistikanın nitq mədəniyyətini tədris edirəm. İnşallah, qismət olarsa sentyabrdan yenidən dərslərimiz davam edəyəcək. Onu da vurğulayım ki, 2008-ci ildə Xalq yazıçısı Anarın bədii əsərlərinin ekranlaşdırılması mövzusunda dissertasiya işimi uğurla müdafiə etdim. Bundan sonra "Qəm pəncərəsinin o üzündə" adlı monoqrafiyamı dərc etdirdim. Həmin monoqrafiya araşdırmalar, kinoşünaslar, kinorejissorlar üçün ən gözəl mənbədir, dərs vəsaitidir. - Nə üçün sizə ilk olaraq işinizlə bağlı sual verdim? Çünki, ötən il mətbuatda işsiz olduğunuz haqda xəbərlər yer almışdı, hətta bu və ya digər məsələlərlə bağlı nazirlə görüşmək istəyinizi ifadə etmişdiniz. Necə oldu, görüşə bildiniz?.. - Çox təəssüf ki, cənab nazir Adil bəylə görüşməyimiz mümkün deyil. Amma cəhd edirəm. Görüşmək ümidim də var. Mədəniyyət Nazirliyinə dəfələrlə məktublar yazsam da bu görüşü reallaşdırmaq mümkün olmadı. Cəhd elədim ki, rayonlarda insanlarla görüşəndə, heç olmasa, orda onunla görüşüm, o da alınmadı. O da mütləqdir ki, sənin qeydiyyatın rayon qeydiyyatı olsun. Əslində, hörmətli nazirimizlə dövlət tədbirlərində görüşürəm. Mən onu tədbirlərdə görürəm. Ona yaxınlaşıb sözümü də deyə bilərəm. Sadəcə, mən bunu özümə yaraşdırmıram. Etik hesab etmirəm. 30 ilə yaxındır ki, bu sənətdəyəm, həm tədris, həm mədəniyyət sahəsində müəyyən xidmətlərim var. Nazirimizlə dövlət kino forumunda, tədbirlərdə görüşmüşəm. Yaxınlaşıb sözümü desəm, mənə elə gəlir ki, bizim nazirimiz bunu normal qəbul edər. Sadəcə, bunu özümə yaraşdırmıram deyə, elə salamlaşıb keçirəm. Amma ümid edirəm ki, bizim nazirlə görüşümüz baş tutacaq. Bu yaxınlarda Milli Məclisin Mədəniyyət Komitəsinin sədri Fazil Qəzənfəroğlu ilə görüşdüm. Onunla biraz dərdləşdik. Problemlərimi dedim. Hətta problemlərimi yazılı şəkildə də ona təqdim etdim. Görək, ümid edirəm ki, nə vaxtsa görüşümüz baş tutacaq. - Hazırda yaradıcılığınızda hansı yeniliklər var? - Yaradıcılıq da öz axarıyla davam edir. “Xəzər TV”-də yayınlanan "Xəyanət" filmində iştirak edirəm. Çəkilişlərimiz bitib, amma efirdə serialımız yayınlanır. İnşallah, ikinci sezona gedəcəyik. Bir də layihələr olur. Mən də həmin layihələrdə iştirak edirəm. Bu yaxınlarda Az TV-nin Ədəbi dram verilişlərinin Məhsəti Gəncəvi ilə bağlı layihəsi var, orda çəkilişimiz olacaq. - Böyük səhnəyə ilk gəlişinizi necə xatırlayırsınız? - Mən 1989-cu ilə qədər Sumqayıt şəhərində yaşamışam. Sumqayıt şəhərində də doğulmuşam. Orda Nəriman Nərimanov adına Mədəniyyət evi var idi, ilk fəaliyyətimə orda başlamışam. Hətta onuncu sinifdə oxuya-oxuya çalışırdım, yəni maaş alırdım. Sizə deyim ki, baxmayaraq Mədəniyyət evində xalq teatrıdır, professional olmasa da, orda professional insanlar var idi. Tədbirlər keçirilirdi. Biz tədbirlərdə həmişə görüşürdük. Məsələn, Rasim Balayevlə görüşlər olurdu. Mən həmişə o cür tədbirlərin aparıcısı olurdum, bədii qiraət nümunələri ilə çıxışlar edirdim, rayonlarımıza gedirdik və s. Bax, elə o vaxtdan başlamışam. Şeir müsabiqələrində, xalq yaradıcılığı festivallarında çıxışlar edirdim. Sonra, 1989-cü ildə Mədəniyyət Universitetinə qəbul oldum. Həmin proses də orda davam etdi. Əla oxuduğuma görə, tələbə ola-ola Səməndər Rzayevin anadan olduğu kənd sovxozu mənə adlı təqaüd göndərirdi. Həm də universitetdə Cəfər Cabbarlı adına təqaüd almışam. Bu da mənim fəal, ictimai, sosial, mədəni tədbirlərdə yaxşı iştirak etdiyimə, ən əsası da əla oxuduğuma görə verilirdi. Universiteti bitirəndən sonra universitetdə qaldım, orada işlədim. Aspiranturanı oxudum, sonra müdafiə etdim. O dövrdən də bədii qiraət nümunləriylə dövlət tədbirlərində iştirak edirəm. Universitetdən ayrılandan sonra bir neçə il İrəvan Dövlət Azərbaycan Dram Teatrında işlədim. Amma böyük səhnəyə çıxdığım ili xatırlaya bilmirəm. - Bu sənəti özünüzün istəyinizlə, yoxsa kənar təsir nəticəsində seçməyiniz? - Yox, öz seçimimdir. - Nə üçün məhz bu sənəti seçdiniz, sizdə teatra həvəs necə yaranmışdı? - Mənim uşaqlıqdan teatra böyük sevgim olub. O vaxt 1 may tədbirləri olurdu. Atam məni həmin tədbirlərə aparırdı. Mən 1 may tədbirlərində vətənlə bağlı şeirlər söyləyirdim. Zəhmətkeşlərin 1 may bayramında, 7 noyabrda. Xəlil Rza Ulutürkün 80-ci illərdə partiyaya aid bir şeirini heç unutmuram. Bir dəfə festivalda həmin şeiri necə ürəklə dedimsə, bütün zal ayağa qalxdı. Şeirin özü də qüdrətli bir şeirdir. Əslində, atam bu sənətə gəlməyimi istəyirdi, dayılarım imkan vermirdi. Onlar heç istəmirdi. Mədəniyyət evi də onların evlərinin yanında idi. İnanın, yolumu çox uzadırdım ki, Mədəniyyət evinə girib-çıxanda onlar məni görməsinlər. Düzdür, indi onlar mənimlə, işimlə, sənətimlə fəxr edirlər, qürurlanırlar. Amma o dövrdə çox çətinlik çəkmişəm. - Bir aktrisa kimi formalaşmağınızda kimə borclusunuz? - Mən İncəsənət Universitetində çalışanda ətrafımızdakıların hamısı Xalq artistləri idi. Mən onların mühitində böyüdüm. Professorların nəzəri biliklərini, onların dediklərini aclıqla qəbul edirdim. Mən Gülşad Baxşıyeva ilə, Xalq artisti Həmidə xanımla sənətdən söhbət edirdim, Nadir Hüseynovla qiraət haqqında danışırdım. İndinin özündə də mənə elə gəlir ki, hələ öyrənəcəyimiz çox şeylər var, onlar ustaddırlar. Onların yanında olub, onlardan bəhrələnmək lazımdır. İncəsənət Universitetində korifey sənətkarlar çalışırdı. Əzizağa Quliyev, Kəmalə Mehdiyeva var idi, çox gözəl müəllimlər idi. Müəllimliyi də onlardan öyrənmişəm. Həmişə sənətkarların ətrafında olmuşam. Yadıma düşdükcə adlarını çəkirəm. Adlarını çəkməyəndə də o birilərinin xətrinə dəyir. Hal-hazırda yadıma düşən bunlar oldu. - Siz uzun illərdir səhnədəsiniz. Görkəmli teatr islahatçısı K.S.Stanislavskinin bir gözəl deyimi var: "Teatr asılqandan başlanır". Sizin üçün teatr hardan başladı? - Bu çox gözəl deyimdir. K.S.Stanislavskinin bir gözəl deyimi də var: "Hər şey nizam-intizamdan başlayır". Görkəmli teatr islahatçısı K.S.Stanislavski həm də deyirdi ki, teatrda dəmir nizam-intizam qaydaları olmalıdır. Teatrda nizam-intizam asılqandan başlayır. Teatra mənim çox böyük sevgim olub. Amaliya xanıma Allah rəhmət eləsin! Həmidə xanım görürdü ki, mən teatrla nəfəs alıram. Özüm xahiş etdim, məni Amaliya Pənahovanın yanına apardı. Amaliya xanım bizi çox yaxşı qəbul etdi. Onun bizi qarşılamağını hələ də unutmuram. Mənə ilk sualı bu oldu: "Sən teatrda çalışmağa tab gətirə biləcəksən?" Teatrda çalışmaq çox çətindir. Həmin vaxt uşaqlarım balaca idi, onları məktəbə aparıb-gətirirdim. O, teatrdan elə şeylər danışırdı ki, mən həm həyəcanlanırdım, həm də özlüyümdə düşünürdüm ki, görəsən, doğrudan da tab gətirə biləcəyəm? Həmin ərəfədə mən müdafiə edəcəkdim. Kitabxanaya gedirdim. Özünüz bilirsiniz ki, yazı-pozu işi çox çətindir, məqalələr dərc etdirmək lazım idi. Bu işlərlə üst-üstə, mən bir müddət teatra getdim. İşdən çıxırdım, sonra gedib teatrda məşq etmək çox çətin məsələ idi. Gördüm ki, mənə çox çətindir, orda da bəzi məqamlar oldu, Amaliya xanımın da heç bundan xəbəri olmadı. Tutaq ki, paltar lazım idi, mənə vermədilər. Həmin gün Mirzə Cəlilin "Ölülər" əsərində çıxış edəcəkdim. Düşündüm ki, yox, çalışa bilməyəcəm. Bəzi məqamlar da mənə çox toxundu, bunlar haqda danışmayacam. Odur ki, mən universitetə qayıtdım. İkinci dəfə teatra qayıdışım isə İrəvan Teatrına oldu. Belə ki, İftixar Piriyev dəvət etdi, mən də çox böyük məmuniyyətlə getdim. Çünki teatra böyük sevgim var idi. İlk illərdə çox yaxşı oldu, gözəl tamaşalar hazırladım. Sonra qalmaqal baş verdi. O qalmaqalda da mənim adımı hallandırdılar. Halbuki, o qalmaqalların heç birində mənim imzam, əlim yox idi. Bir ajiotajın içinə düşdüm. İftixar Piriyevin özü də bilirdi ki, mənim heç bir günahım yoxdur. Sadəcə, sonradan o qalmaqallar şiddətlənəndə Əjdər Zeynalovun işdən çıxmaq məsələsi oldu, ona da mən qol çəkmədim. Buna görə də direktorun “qara siyahı”sına düşdüm. Teatra sevdam da dağıldı, bitdi. - Zülfiyyə xanım, ancaq o biri teatrlarımızda işləyə bilərsiniz. - Əlbəttə, işləyə bilərəm. Akademik Milli Dram Teatrına müraciət etməmişəm. Bilirəm ki, orda da biraz çətindir. Biri var teatrda sıfırdan başlayasan, biri də var sonradan o teatra gedəsən. Onu da bilmirəm, mənə ora çətin olar. Başqa teatrlarımızda da işləyə biıərəm. Hələ o potensialı özümdə görürəm. O potensial məndə var. İşləmək də istəyirəm. Elə nazirimizlə ona görə görüşmək istəyirəm. Görüşüb xahiş etmək istəyirəm ki, teatrların birində işə düzəlməyimə kömək etsin. - Sizin səhnədə yaratdığınız rollar göz önündədir. Onların hər birində ürəyinizin odu, atəşi duyulur. Elə bir surət varmı ki, onu canlandırmaq istəmisiniz, ancaq hələlik müyəssər olmayıb?! - Ağılımda, xəyalımda bir neçə obraz var. Sözün düzü, adını çəkmək istəmirəm. Hələ arzu olaraq qalıb. Ümumiyyətlə, beynimdə düşündüyüm bir neçə layihə var. Onları ancaq teatrda reallaşdırmaq mümkündür. Ümid edirəm ki, mən yaxın zamanlarda teatra qayıdacağam. - Siz əslən Laçındansınız. İşğaldan azad olunandan sonra o torpaqlara baş çəkə bildinizmi? - Mən Sumqayıtda doğulsam da, bəli, düz vurğuladınız, əslən Laçın rayonundanam. Atam, anam, babam, nənəm soy-kök etibarilə Laçındanam. Hələ Laçına getmək qismətim olmayıb. Keçən il bu zamanlar getməliydim, nəsə problem oldu. Adımı nəyə görəsə siyahıdan çıxarmışdılar. İnşallah, bu yay mütləq gedəcəm. Amma orda qohumlarım var, hər Laçından gələndə mənə Laçının suyunu gətirirlər. Hələ doğma Laçınımızı kadrlardan görürəm. - Nə vaxtsa dəvət gəlsə, gedib Laçinda fəliyyətinizi davam etdirə bilərsiniz? - Mən bu yaxınlarda Şuşaya getdim. Şuşada çox qəribə hisslər keçirdim. Xocalıdan keçəndə məndən bir dəhşətli hönkürtü gəldi, çox ağladım. Şuşaya daxil olandan sonra bir hiss sanki məni ağuşuna aldı. Cıdır düzünə qalxandan sonra mənə bir qürur hissi gəldi. Daşlara, qayalara baxdım, orda şəhidlərimizin ruhunu hiss etdim. Amma Şuşa mənə çox kədərli gəldi. Bilmirəm, bəlkə də mən gedən dönəmdə insanlar az idi, hələ yaşamağa dönməmişdilər. Amma Şuşa mənə çox kədərli göründü. İndi bilmirəm Laçın necədir, amma Laçının gələcəyinə inanıram. Deyirlər ki, indi orda gözəl tikinti işləri gedir, islahatlar aparılır. Mən Laçına gedib-gələndən sonra sizin o sualınızı dolğun, təfsilatıyla cavablandıra bilərəm. - Qeyd etdiyimiz kimi, siz həm aktrisa, həm də qiraətçisiniz. Aktrisalıq, yoxsa qiraətçilik: hansı sənəti özünüzə daha yaxın bilirsiniz? - Bunların hər ikisi bir-birinə o qədər bağlıdır ki... Aktyor rəqs etməyi, mahnı oxumağı bacarmalı, plastikası olmalıdır. Şeir deməyi mütləq bacarmalıdır. Bu yaxınlarda Bakı Bələdiyyə Teatrında “Xan qızı” tamaşasına baxdım. Mərahim müəllim çox gözəl tamaşa qurmuşdu. Aktyorlar bir saat iyirmi dəqiqə ərzində Natəvanın qəzəllərini, şeirlərini bədahətən deyirdilər. Bu aktyor üçün mütləqdir. Ona görə, mən onu ayıra bilmərəm ki, hansına üstünlük verirəm. Stolumun üstündə şeir kitabları var ki, hər gün o şeir kitablarını açıram, vərəqləyirəm. Xüsusi müəlliflər var ki, istər müasir ədəbiyyat, istər klassik ədəbiyyat, istərsə də son illərdə yazan şairlər olsun. Şeir mənim həyatımın bir hissəsidir. - Əsasən hansı şairlərin şeirlərini qiraət edirsiniz? - Yaxşı şairlərin şeirlərini oxuyuram və bəyənirəm. Repertuarımda Bəxtiyar Vahabzadənin, Nüsrət Kəsəmənlinin, Nəriman Həsənzadənin, Əli Kərimin, Cabir Novruzun, Musa Yaqubun, Ramiz Rövşənin şeirləri var. Müasir ədəbiyyatımızda da bir çox gənclərin şeirlərini oxuyuram. O gün sosial şəbəkədə, adını unutdum, bir şeir rastıma çıxdı. O şeiri paylaşmışdım da. Rasim Balayev təəccüb etdi. Papaq altında yatan yaxşı şairlərimiz var ki, heç onlar o qədər də gündəmdə deyil. Amma gözəl şeirlər var. - Teatrda nələrin dəyişməsini istərdiniz, sizi qane etməyən nələr var? - Nəyisə dəyişmək qüdrətində deyiləm. O səlahiyyət məndə deyil. Amma istəyərdim ki, teatrlarımızda yeniliklər olsun. Görürəm ki, islahatlar da aparılır. Son dönəmdə cənab Prezidentimizin sərəncamıyla Gənc Tamaşaçılar Teatrına “Milli” sözü də əlavə olundu. Bir də Gəncə Dövlət Teatrına. Yaxşı islahatlar aparılır. Yaradıcı mühit də baş rejissora tapşırıllsa, daha yaxşı olar.“Teatr direktorları” sözü aradan qaldırılsa, bu da yaxşı olar, aparıcı prosesə yaxşı təsir göstərə bilər. Gözəl əsərlər qoyulsun. Təbii ki, teatrdan nə gözləmək olar, yaxşı əsərlər. Bu yaxınlarda mən bir neçə tamaşaya baxdım. Mehriban Ələkbərzadənin “Vətən xainlərinin arvadları” adlı tamaşa idi, inanın ki, o dörd saatlıq tamaşada necə hisslər yaşadım, bunu bir göydəki Allah bilir. Çox adam deyir uzundur. Düzdür, orda müəyyən xırda şeylər var idi ki, heç mən onu dilimə də gətirmərəm. Çünki o boyda işin qabağında xırda şeyləri dilə gətirmək doğru deyil. Amma çox gözəl tamaşa idi. Tamaşaya baxmağa qızımla ikimiz getmişdik. Həqiqətən də, qızım dedi ki, ana, son illərdə belə tamaşaya baxmamışam. Mehriban xanım hal-hazırda çox gözəl dövrün, zamanın nəbzini tutan bir rejissordur. - İllərini sənətə həsr edən Zülfiyyə Eldarqızını sənətdən küsdürmək asandır? - Asan deyil, küsməmişəm, amma içimdə bir həssas məqam var, geriyə çevirilib baxanda gördüyüm işlər… Yetişdirdiyim tələbələrlə hal-hazırda Mədəniyyət Nazirliyin xatirə kitabıyla birgə bütün rayonları gəzirik, bütün şəhid tədbirlərində iştirak edirəm. Azərbaycan kino tarixinin oçerklər kitabının həmmüəlliflərindən biriyəm. Nəriman Əbdürrəhmanlının Azərbaycan kino sənəti ilə bağlı dörd cildlik kitabının redaktoruyam. Hərdən baxanda, görəndə ki, kimlərəsə mükafat verirlər, kimlərsə təltif olunur, kimlərsə fəxri ad alır, onda mən də inciyirəm, küsürəm. Deyirəm ki, mən niyə diqqətdən kənarda qaldım?! Düzdür, bu bir gün, iki gün çəkir, qayıdıb yenə də işimi görürəm. Çünki işimi, sənətimi sevirəm. - Zülfiyyə xanım, sizdən müsahibəni doğum gününüz ərəfəsində götürürəm. Bu doğum gününüzdə nə arzu edərdiniz?
- Biz bu gün azad dövlətin, azad vətəndaşlarıyıq. Mən özüm hər günümə şükür edən insanam. Bu gün bizim torpaqlarımız işğaldan azad olub. Bundan böyük xoşbəxtlik yoxdur. İnsanın xoşbəxt olması üçün az şeylər lazımdır. Bu gün səhər yuxudan duranda gözümüzə gün düşürsə və biz o günün işığını görürüksə, o zaman hər günümüzə şükür etməliyik. Özüm də içində olmaqla, hamıya, sizlərə cansağlığı arzu edirəm. Təşəkkür edirəm ki, belə bir gündə məni yad etdiniz. Sizin saytın rəhbərliyinə, sizə sonsuz təşəkkürümü bildirirəm. Bu gün azərbaycanlı olmağımla, Azərbaycanda yaşamağımla fəxr edirəm. Qalan şeylər zaman-zaman düzələcək. //Hürriyət.az