Sentyabr ayının 25-də Karvansaray rayonu Haqqıxlı kəndinin fizika müəllimi İsmayıl İsmayılovun doğum günü idi.
Haqqıxlı kənd orta məktəbinin fizika müəllimi İsmayılov İsmayıl Camal oölu25 sentyabr 1929-cu ildə Qərbi Azərbaycanın füsunkar Dilican dərəsində, Karvansara (İcevan) rayonunun qədim Haqqıxlı kəndində dünyaya gəlib. Onun atası Naibli tayfasından olan öz halallığı və zəhmətsevərliyi ilə seçilən Camal İsmayıl oğlu, anası da Şərifilli tayfasından olan, el arasında xeyirxahlığı ilə hörmət qazanan Kərbalayi Yusif oğlu İbrahimin qızı Xanım idi. Yeddi uşaqlı ailənin üçüncü uşağı olan İsmayıl müəllim öz dayısının qızı Gülzarla ailə həyatı qurmuş və onların 7 övladları olmuşdur. Mayası halal zəhmətlə tutulmuş ailədə uşaqlarını da savadlı, zəhmətsevər böyütdülər. Böyük qızları Nigar tibb bacısı ixtisasına yiyələnmişdir, ailənin ikinci qızı Məlahət indiki Sumqayıt Dövlət universitetinin energetika mühəndisliyini bitirb uzun müddət energetika sahəsində işləyib. Sünbül Pedaqoji universitetin ibtidai sinif müəllimliyini bitirib, uzun müddətdir ki, Sumqayıt şəhərində müəllimə işləyir. Böyük oğlu Camal İsmayılov Bakı Dövlət universitetinin mexanika-riyaziyyat fakültəsini bitirib, texnika elmləri üzrə fəlsəfə doktorudur. Aero-kosmik tədqiqatlarla məşğul olur. Ailənin ikinci oğlu Kamal Texniki universiteti bitirib rabitəçidir. Eynulla Azərbaycan Memarlıq
və İnşaat Universitetinin bitirib inşaat mühəndisidir.Ailənin kiçik övladı Namiqdə çox isdedalı şagird olub. Əla qiymətlərlə oxuyurmuş, təəssüfki 9-cu sinfi bitirdikdən sonra amansız xəstəlikdən dünyasını dəyişib.
İsmayıl müəllim 1945-ci ildə haqqıxlı 7 illik məktəbi qurtarıb Gölkənd orta məktəbini, sonra da Qazax Müəllimlər İnstitutunun fizika -riyaziyyat fakültəsində oxudu.951-ci ildən İrəvan yaxınlığındakı Göygünbəz kəndində riyaziyyat müəllimi, 1954-cü ildə Basarkeçər rayonunun Çaxırlı və Daşkənd kəndində müəllim işlədi. Azərbaycan Pedoqoji İnstitutunun fizika riyaziyyat fakültəsinin 1961-ci il məzunudur.
Vətənin hər güşəsi doğmadır, əzizdir, amma doğulub böyüdüyün torpağın doğmalığı bir başqa olur.Göz açdığın, havasını, suyunu ilk daddığın yerlər həmişə insanı özünə çəkir.İsmayıl müəllim də imkan olduqca öz doğma kəndinə qayıtmağa çalışırdı, odur ki, 1962-ci ildə İcevan rayonunun qonşu Polad kənd orta məktəbinə ixtisası üzrə müəllim təyin ediləndə çox sevindi.Çünki bu kənd necə deyərlər Haqqıxlının qulağlının dibində idi, əlini uzatsan çatardı. O 1967-ci ilədək bu məktəbdə fəaliyyət göstərir və nəhayət 1967-ci ildə öz arzusuna çatır, axır ki, həsrətində olduğu doğma kəndinə, məktəbinə qovuşa bilir.Onu Haqqıxlı kənd orta məktəbinə müəllim təyin edirlər və düz 1988-ci ilə, məlum mənfur erməni məkriylə kütləvi sürgün olma zamanına qədər öz doğma kəndində fizika fənnini tədris edir. 1988-ci il hər kəsin taleyində bir qırılma nöqtəsi oldu, eləcə də İsmayıl müəllimin.
1988-ci ildə Qərbi Azərbaycanda yaşayan türklərin taleyi dəyişdi.Erməni məkri ilə təkmillətli dövlət yaratma siyasətini həyata keçirən hakimiyyət orada yaşayan türkləri məkr, hiylə və siyasətlə növbəti dəfə köçürdü, daha doğrusu ömürlük sürgün etdi. Noyabr ayının 28-də qədim və doğma Haqqıxlı kəndini türklərdən təmizlədilər və əhali min bir əziyyətlə, zəhmətlə qazandığı malı-mülkü, ev-eşiyi tərk edərək məcburi olaraq orada qoyub, silahlı əsgər dəstəsinin nəzarətində bir tək canlarını götürüb Azərbaycan sərhəddinə gətirildi. Bu kütləvi sürgündə hərə bir yerə dağıldı, İsmayıl müəllim də Bakıya gəldi. 1990-cı ildən ömrünün sonuna kimi Bakı şəhəri Xətai rayonunda yerləşən 263 saylı orta məktəbdə fizika müəllimi kimi pedaqoji fəaliyyətini davam etdirdi.
İsmayıl müəllim daim öz üzərində işləmiş, mütəmadi olaraq öz təcrübəsini artırmış, yeni qabaqcıl metodlar axtarmışdır. O daim şagirdlərdə öz fənninə məhəbbət yaratmış, onlara dərin bilik qazanmağa imkan verən keyfiyyətlər aşılamışdır. Dərs dediyi şagirdlərin dünyagörüşünün hərtərəfli inkişafına çalışır, buna nail də olurdu. Şagirdlərində əməyə maraq, elmə şüurlu münasibət formalaşdırırdı.
İsmayıl müəllim işlədiyi tədris ocaqlarında öz ixtisasını sevmiş və dərindən bilmiş, sənətinə bağlı olmuş, peşəkar və yüksək mənəvi keyfiyyətlərə malik bir müəllim olmuşdur. Tədris etdiyi dərsləri planlaşdırmağı bacarmış, pedaqoji-psixaloji sahədə biliklərini artırmış, şagirdlərə fərdi yanaşma metodlarından istifadə etmiş, əməyi inkişaf etdirmək vasitələrini aşılamaq bacarığına nail olmuş, dərslərdə şagirdlərin bilik bacarıq və vərdişlərinin qiymətləndirilməsinin öhdəsindən bacarıqla gəlmişdir.
Bioqrafiyası, mənalı ömrü çoxlarına örnək olan, yalnız tale qismətinə, arzularına sığınan, sevib seçdiyi peşəsi və yetirmələri ilə haqlı olaraq fəxr olunası İsmayıl müəllimin ömür yolu haqqında yazılar bir yox, bir neçə kitaba belə sığmaz.
Həqiqətən də İsmayıl müəllimin yetirmələri arasında cəmiyyətdə öz yerini tutan alimlər- akademiklər, dövlət qulluqçuları, iş adamları İsmayıl müəllimin adı gələndə qürur duyur. İsmayıl müəllimin şagirdləri olmaları ilə fəxr edirlər.
İsmayıl müəllim 20 İyun 2014-cü ildə Bakı şəhərində vəfat etmişdir.
Doğum gününüz və peşə bayramınız mübarək əziz İsmayıl müəllim!