Azərbaycan tarixindən ştrixlər... - Ermənistan dövləti necə yaradıldı?!
Azərbaycan dövlətçilik tarixində prosesləri araşdırıb analiz etdikcə maraqlı, həm də müxtəlif vaxtlarda acı mənzərənin şahidi oluruq. Müxtəlif tarixi dönəmlərdə xalqımızın zaman-zaman öz tarixi torpaqlarını, ərazilərini itirdiyini təsdiq edən faktlar hər birimizə bəllidir və indikindən dəfələrlə böyük, geniş ərazilər, xalqımıza məxsus torpaqlar təəssüf ki, indi artıq Azərbaycan ərazisi kimi xəritədə qeyd olunmur. Ən çox təəssüf doğuran məqam isə həmin ərazilərin ya zərurətin, ya xəyanətin sayəsində əldən verilməsi, itirilməsi faktlarıdır. Həqiqətən də Azərbaycan xalqına məxsus olan ərazilərin böyük hissəsi itirilib və tarixi xronologiyalar bunu təsdiq edir. Tarixi faktlar və acı həqiqətlər Bu araşdırmaya Azərbaycan coğrafiyasında min illər bundan öncə mövcud olan dövlətçilik tarixindən deyil, bizim tarixə ən yaxın Şah İsmayıl hakimiyyətindən başlamaq istəyirəm. Təqribən 2-ci minniliyin yarısından bugünə qədər olan tarixi-siyasi prosesləri araşdıraq. Azərbaycan dilini ilk dəfə dövlət dili elan edən Səfəvilər dövləti 22 dekabr 1501-ci ildən 8 mart 1736-cı ilə qədər bugünkü Azərbaycan, İran, Ermənistan, İraq, Əfqanıstan, qərbi Pakistan, Türkmənistan, sərqi Türkiyə, Özbəkistanın kiçik hissəsi, və Rusiyanın Dağıstan ərazilərini əhatə edən geniş torpaqlara sahib olub. Həmin dövlətin əsasını I İsmayıl, yəni Şah İsmayıl Xətai 1501-ci ilin iyul ayında Təbrizdə özünü şah elan etməklə qoyub və onun tərəfdarlarından ibarət olan qızılbaşlar ordusunun nüvəsini də türk tayfaları təşkil ediblər. Belə bir böyük, qüdrətli dövlət məhz sui-qəsd, yəni xəyanət nəticəsində Nadir Şahın öldürülməsindən sonra parçalanmalara məruz qalıb. Parçalanmalardan sonra da ortaya çıxan kiçik xanlıqlar isə heç də qüdrətli bir dövlət qədər güclü ola bilməzdilər. Elə bundan istifadə edən xəyanətkarlar da ərazilərimizin hissə-hissə itirilməsinə nail olmağa başlayıblar. Azərbaycan xalqına məxsus ərazilərdə dövlətlərin parçalanması, ərazilərin itirilməsi xəyanət sayəsində baş verib. Bunu həmin dövrdən sonrakı faktlar da bir daha təsdiq edir. Azərbaycan niyə bölündü? Sözsüz ki, Çar Rusiyası məhz Azərbaycana məxsus ərazilərdə xanlıqların yaranmasından, daha dəqiq desək zəifləmədən məharətlə və xaincəsinə istifadə etdi. Rus-Qacar müharibəsinin (Bəzi mənbələrdə bu Rus-İran müharibəsi adlandırılır) sonunda, yəni on doqquzuncu əsrin birinci yarısında Gülüstan və Türkmənçay müqavilələri bağlanılan, imzalanan zaman xalqımızdan "soruşmadan" belə ərazilərimiz iki hissəyə bölündü. Araz çayının cənubunda olan ərazilər, elə bil ki, bir növ öz əraziləri kimi ruslar tərəfindən İrana verildi. Beləliklə da torpaqlarımız parçalandı və həmin torpaqların böyük hissəsi əlimizdən alındı. Bununla kifayətlənməyən ruslar köçəri hay tayfalarının Azərbaycan ərazilərinə köçürülməsinə də bizdən soruşmadan qərar verdilər. Bu zaman həmin o zəif xanlıqlar iradə nümayiş etdirmək iqtidarında olmadılar. Ruslar bilərəkdən hay tayfalarını ərazilərimizə köçürdülər və gələcəkdə də bizim ərazilərimizdə onlardan istifadə edərək nifaq salacaqlarını elə həmin dövrdən planlamağa başladılar. Hansısa bir xalqın digərinə məxsus olan torpaqlar barədə belə qərarlar verməsi heç də qəbul edilən deyil və bunun acı nəticələri sonradan əlbəttə ki, bir-bir ortaya çıxmağa başladı. Xalq Cümhuriyyəti dövrü 1918-ci ildə Cənubi Qafqazda yalnız iki yerli xalqın, daha dəqiq desək, azərbaycanlıların və gürcülərin dövləti yaradıla bilərdi. Çünki ancaq bu iki xalqın müstəqil dövlət yaratmaq üçün tarixi etnik - ərazi bazaları var idi. Cənubi Qafqaza köçürülüb gətirilmiş və əsasən Azərbaycan torpaqlarında yerləşdirilmiş ermənilərin isə dövlət yaratmaq üçün burada ərazi bazaları qətiyyən yox idi. Amma təəssüf ki, buna fikir verilmədi və bunun əksi müşahidə olundu. Birinci Dünya müharibəsini aparan hərbi blokların hər ikisinin, Çar Rusiyası, İngiltərə, Fransa, ABŞ olmaqla, həm Antantanın, həm də Almaniya-Osmanlı blokunun üzvləri arasında ermənilərə dövlət yaratmaq barədə ümumi fikir artıq formalaşmışdı. Ən ikrah doğuran məqam isə, yaranmış tarixi şəraitdə Azərbaycan tərəfi, yəni Zaqafqaziya Seyminin Azərbaycan fraksiyasının nümayəndələri ermənilər üçün dövlət yaratmaqdan ötrü hansı Azərbaycan torpaqlarının verilməsini müəyyən etmək üçün Osmanlı dövlətinin vasitəçiliyi ilə erməni tərəfi ilə danışıqlara da girirdi. Danışıqlar Batum konfransı çərçivəsində aparıldı və aparılan danışıqlar isə tariximizdə ləkə olaraq qaldı. Beləliklə, ermənilər Azərbaycan Xalq Cümhuriyyətinin onlara verdiyi İrəvan və ətraflarını əhatə edən Azərbaycan torpaqlarında özlərinə dövlət yaratdılar. Azərbaycan ərazisində erməni dövlətinin yaranma prosesi... Xüsusilə diqqətə çatdırmaq yerinə düşərdi ki, sədrəzəm Tələt paşa və hərbi nazir Ənvər paşa Cənubi Qafqazda erməni dövləti yaradılmasının tamamilə əleyhinə idilər. Hətta bu mümkün olmadıqda "ermənilərin çox zəif və yaşaya bilməyəcək bir dövlət şəklində təşəkkül etməsini" təklif edirdilər. Lakin bu istəyə də məhəl qoyulmadı. Acınacaqlı hal o idi ki, o zaman cümhiryyət quranlar, Milli Şura yaradanlar Tələt paşa və Ənvər paşanın "çibanı kökündən təmizləmək" siyasətinin əleyhinə idilər və "kiçik bir erməni kantonunun" yaradılmasını sanki "israrla" təklif edirdilər. Belə bir təkliflə Batumda danışıqlar aparan Azərbaycan nümayəndələri Məmməd Həsən Hacınski və Məhəmməd Əmin Rəsulzadə hələ 1918-ci il mayın 23-də Ənvər paşaya xüsusi müraciətnamə də göndərmişdilər. Azərbaycan tərəfi belə bir təkliflə çıxış edərkən inanırdı ki, bu güzəşt müqabilində, yəni ermənilərə Azərbaycan torpaqları hesabına "kiçik bir kanton" yaradılacağı halda ermənilərin Osmanlı ərazilərindən Azərbaycan torpaqlarına, o cümlədən Bakıya axınının qarşısı alınacaq, ermənilər Azərbaycan xalqına qarşı soyqırımlarını dayandıracaq və bir daha ölkəmizə qarşı ərazi iddiaları irəli sürməyəcəklər. Azərbaycan tərəfi güman edirdi ki, bu addım, həm də, böyük dövlətlər tərəfindən rəğbətlə qarşılanacaq. Bir sözlə, hansısa böyük dövlətlərin "xoşlarına gəlsin deyə" ərazilər ermənilərə güzəşt edilir, bağışlanırdı ki, buna artıq nə ad qoymaq lazım olduğunu hamımız yaxşı bilirik. Amma qətiyyən bu barədə xalqın fikri, rəyi öyrənilmədi və heç xalq nəzərə belə alınmadı. Qərara qarşı protest - xalqın iradəsi ilə hesablaşılmadı Azərbaycan Milli Şurasının 1918-ci il 29 may tarixli qərarına əsasən İrəvanla birlikdə Basarkeçər adlanan cənub-şərq qismi istisna olmaqla Yeni Bayazit qəzası, Qəmərli-Gərnibasar, Uluxanlı-Zəngibasar və Vedibasar istisna olmaqla İrəvan qəzası, Sərdarabad istisna olmaqla Eçmiədzin qəzası və qəza mərkəzi Aleksandropol istisna olmaqla Aleksandropol qəzası ermənilərə dövlət yaratmaq üçün verildi. Həmin torpaqlar sadəcə olaraq bağışlandı. Beləliklə, yeni yaradılmış Ararat, yəni, Ermənistan respublikası Göyçə gölü ilə Osmanlı dövlətinin yeni sərhədləri arasındakı dar dağlıq ərazini əhatə etdi. Nəzərə çatdıraq ki, qərar qəbul olunarkən 28 nəfər Milli Şura üzvündən cəmi 20-si iştirak edib. Onlardan isə qərarın lehinə cəmi 16 nəfər səs verib, biri əleyhinə olub, 3-ü də bitərəf qalıb. Yəni qərar hətta üçdəiki səs çoxluğu belə olmadan qəbul edilib. İyunun 1-də İrəvandan olan deputatlar - Mirhidayət Seyidov, Bağır Rzayev, Nəriman bəy Nərimanbəyov protest veriblər ki, bu, qeyri-qanuni qərardır. Amma onların protest verməsinə də məhəl qoyan olmayıb. Beləliklə də, o zaman xalqın iradəsi ilə hesablaşılmadan Azərbaycan xalqına məxsus torpaqlarda İrəvan mərkəz olmaqla, bir erməni dövləti yaradılıb. Ermənistan ərazisi: 9 min kv.km-dan 29,743 min kv.km-ə 9 min kvadratkilometrlik Azərbaycan torpağında yaradılmış Ermənistan dövləti müxtəlif dövrlərdə sovet imperiyasının birbaşa köməyi ilə daha 20,8 min kvadratkilometr Azərbaycan torpağını ələ keçirərək ərazisini 29,743 min kvadratkilometrə qədər çatdırdı. Xatırladaq ki, Nəriman Nərimanovun Azərbaycana rəhbərlik etdiyi dövrdə Azərbaycanının ərazisi olan Zəngəzur rəsmən sovet Ermənistanının tərkibinə verildi. Ərazi problemləri bolşeviklərin siyasətində sovet hakimiyyətini qurmaq üçün şirnikdirici amil kimi istifadə olunurdu. Azərbaycanda sovet hakimiyyətinin qurulması ərəfəsində Naxçıvan, Qarabağ, Zəngəzur və Zaqatalanın Azərbaycan ərazisi olduğu dəfələrlə təsdiq və etiraf edilsə də, Gürcüstanın sovetləşmə növbəsi çatanda Rusiya artıq Zaqatalanın gürcülərin xeyrinə mübahisəli olduğu haqda saziş imzaladı, Ermənistanda sovet hakimiyyəti qurulduğu gün, yəni dekabrın 1-də Naxçıvanı, Zəngəzuru, Qarabağı onlara vermək haqqında Azərbaycanın bəyanatına nail olundu. 1920-ci il dekabrın 2-də Rusiya ilə artıq sovetləşmiş Ermənistan arasında imzalanan sazişdə Zəngəzur Ermənistan ərazisi kimi göstərilmişdisə də, Naxçıvan və Qarabağ haqqında heç bir qeyd olmamışdı. Etiraf edilməlidir ki, ötən əsrin əvvəllərində İrəvanın haylara verilməsi bağışlanılmaz səhv idi. Cümhuriyyətin İrəvanı ermənilərə verməsi kimi bağışlanılmaz səhvindən istifadə edənlər sonra da bunun ardınca, bizim qədim diyarımız Zəngəzuru da ələ keçirdilər. O zaman başa düşülmədi ki, Zəngəzurun verilməsi ilə böyük türk dünyasında coğrafi parçalanma baş verdi, Azərbaycanın əsas hissəsi Türkiyə ilə sərhəddən məhrum edildi. Bizim Türkiyə ilə sərhədimiz yalnız Naxçıvan Muxtar Respublikası ərazisində qaldı. Mövcud vəziyyətdən nəticə çlxaran ermənilər ruhlanmağa başladılar, yenə də torpaq iddiasına düşdülər və Qarabağı ələ keçirmək üçün mübarizə apardılar. Əbdürrəhman Vəzirov dövrünə nəzər salaq... Bütün bunlarla kifayətlənməyən təcavüzkar Ermənistan 1988-1994-cü illərdə Azərbaycanın Dağlıq Qarabağ və ətrafındakı rayonlarından ibarət daha 17 min kvadratkilometrlik ərazisini işğal etdi, insanlığa qarşı misilsiz vəhşilik aktı olan Xocalı soyqırımını törətdi. Azərbaycan xalqının başına gələnlərin və torpaq itkilərinin səbəkarı müxtəlif dövrlərdə ölkə rəhbərliyinin səriştəsizliyi, bacarıqsızlığı olub. 1988-ci ilin mayında SSRİ rəhbərliyi tərəfindən Azərbaycanda K.Bağırovun yerinə KP MK-nın birinci katibi postuna həmin vaxtadək Pakistanda səfir işləmiş və 10 ildən çox respublikada olmayan Əbdürrəhman Vəzirov təyin edildi. Respublikanın problemləri haqqında çox səthi təsəvvürə malik olan Vəzirov milli zəmində yaranan münaqişəyə artıq effektivliyini tamamilə itirmiş köhnə "beynəlmiləlçi" mövqeyindən yanaşdı ki, bu da, şübhəsiz, kobud səhv idi. Tarixi-siyasi hadisələr, obyektiv reallıqlar ermənilərin torpaq iddalarını gücləndirdi. SSRİ rəhbərliyinin Ermənistanı dəstəkləməsi və Vəzirovun alovlanan Qarabağ münaqişəsini, eləcə də Ermənistandan gələn qaçqınların problemini həll etmək əvəzinə xalqın diqqətini kadr probleminə, sosial və iqtisadi problemlərə yönəldirdi. Nəticədə Qarabağ münaqişəsi kimi 30 ildən artıq davam edən bir problemin bünövrəsini qoydu. Həmin dövrdə Qərbi Azərbaycandan daha dəqiq desək, Azərbaycan SSR ilə həmsərhəd olan Qafan şəhərindən ilk qaçqın axını 1987-ci ilin payızından başladı. Lakin respublika rəhbərliyi Ermənistandakı azərbaycanlıların faciəsini görmək istəmədi, qorxaqcasına susmağa üstünlük verdi. Prinsipsizlik və milli ruhun olmaması SSRİ xüsusi xidmət orqanları tərəfindən erməni əhaliyə qarşı qətliamın təşkil edildiyi Sumqayıt hadisələrinə gətirib çıxardı. 1988-ci ilin noyabr ayına qədər Azərbaycanda ictimai-siyasi gərginlik o həddə çatdı ki, erməni tərəfinin istənilən siyasi təxribatı dəhşətli nəticələrə gətirib çıxara bilərdi, çünki SSRİ rəhbərliyinin respublika ərazisində baş verən hadisələrə təsiri azaldıqca, yerli hakimiyyətə etimad da azalırdı. 1989-cu ilin yanvarında Moskva Vəzirovun susqun razılığı ilə Stepanakertdə (Xankəndi) Arkadi Volskinin başçılığı ilə Xüsusi İdarə Komitəsi (XİK) yaratdı. DQMV-nin hakimiyyət orqanları ilə paralel olaraq fəaliyyət göstərən bu inzibati orqanın yaradılması faktiki olaraq vilayəti Azərbaycanın tabeliyindən çıxararaq Ermənistanla əlaqələndirdi və Ermənistanın orada silahlı qruplar yaratmasına imkanı verdi. 1988-ci ilin sonu - 1989-cu ilin əvvəllərində Ermənistandan qaçqın axını getdikcə daha da gücləndi. Azərbaycanın sərhədyanı kəndlərinin Ermənistan ərazisindən intensiv atəşə tutulmasına başlanıldı. Ən nəhayət, A.Vəzirovun zəifliyi, bacarıqsızlığı nəticəsində Azərbaycan xalqına qarşı SSRİ rəhbərliyi ən sərt qərar verdi. Belə ki, əliyalın, dinc xalqa qarşı 20 Yanvar kimi qanlı faciənin törədilməsinə rəvac verdi və respublikadan qaçdı. İlk Azərbaycan kəndinin işğal edilməsi Ayaz Mütəllibovun məsuliyyətidir Ayaz Mütəllibovun da hakimiyyəti dövrü ermənilər üçün çox əlverişli oldu və məhz bu dönəmdə torpaqlarımıza sahib çıxmaq üçün aktiv fəaliyyətə keçdilər. Vəziyyətdən namərdcəsinə istifadə edən ermənilər məhz Ayaz Mütəllibovun hakimiyyətdə olduğu illərdə artıq öz plqnlarını əməli müstəvidə gerçəkləşdirməyə başalmışdılar və kəndlərimizə qarşı hücumlar edərək, həmin ərazilərə ələ keçirirdilər. Mütəllibovun başı özünə, kürsüsünə, özünün qoçu dəstələrinə qarışdığı vaxt Qazax rayonunun Bağanıs Ayrım kəndi 1990-cı il martın 23-dən 24-ə keçən gecə əvvəlcədən təşkil edilən plan əsasında hücuma məruz qaldı və martın 24-ü səhər saatlarında ermənilər tərəfindən işğal edildi. Məhz Bağanıs Ayrım kəndi ermənilərin işğal etdiyi ilk Azərbaycan kəndi kimi tarixə düşdü. Daha dəqiq desək, həmin kəndin ələ keçirilməsi ilə işğala başlanıldı. Ermənilər Azərbaycan hakimiyyətinin qətiyyətsizliyindən bacardıqca istifadə etməyə çalışdılar, buna nail də oldular və millətçilik dalğasını daha da alovlandıra bildilər. Ermənilər Azərbaycan ərazilərinin guya onlara məxsus olması barədə fikir formalaşdırmaq üçün münbit şərait əldə etdilər və çirkin kampaniyaya start veridilər. Onu da qeyd etmək lazımdır ki, Mütəllibovun hakimiyyəti illərində qərbi azərbaycanlılar öz ata-baba yurdlarından tam çıxardıldılar, torpaqlarımızın işğalı davam etdirildi və ermənilər tərəfindən "Xocalı" soyqırımı törədildi. Bu xəyanətlərdən sonra Ayaz Mütəllibovun artıq hakimiyyətdə qalması mümkünsüz idi və o, 15 may 1992-ci ildə ölkədən Moskvaya qaçdı... AXC - Müsavat cütlüyü dövrü... Ötən əsrin sonlarında hakimiyyətə gələn AXC-Müsavat cütlyünün fəaliyyətini təhlil edərkən daha fərqli mənzərə ilə qarşılaşırq. 1992-ci ildə çevriliş nəticəsində hakimiyyəti zəbt AXC-Müsavat cütlüyünün "fəaliyyəti" və yarıtmaz siyasəti işğalı şərtləndirən əsas amil oldu. Belə ki, bu cütlük hakimiyyətə gəlmək üçün işğal və soyqırım faktlarından istifadə etdi. Yada salaq ki, 1992-ci ilin əvvəllərində Xankəndi ətrafında yerləşən və azərbaycanlıların yaşadığı Kərgicahan, Xocalı, Qaradağlı, Meşəli kəndlərində faciələr yaşandı, Xocalıda soyqırım törədildi. Bundan bir neçə ay sonra Şuşa, ardınca Laçın işğal edildi və bu faciələr, işğallar "cəbhəçilər" üçün vasitəyə çevrildi və Ayaz Mütəllibovun hakimiyyətdən getməsində istifadə olundu. Tarixi-siyasi faktlar götərir ki, "bəy"lər hakimiyyətə gəldikləri zaman ancaq vəzifə kürsülərinin bölüşdürülməsinə çalışıblar. Onlar üçün vətən torpaqları zərrə qədər mahiyyət kəsb etməyib. Çünki döyüş şəraiti hökm sürdüyü bir zamanda sərhəd bölgəsində olmaq, orada vəziyyətə nəzarət etmək əvəzinə paytaxt Bakıda mitinqlər keçirir, xalqı meydanlara yığaraq, öz rəqiblərinə əzələ nümayiş etdirməyə çalışırdılar. Sərhəd zonasında döyüş getdiyi zaman oradakı əsgərlərin paytaxta gətirilməsi artıq son hədd demək idi. Hücuma keçən düşmən bilirdi ki, Azərbaycanda hakimiyyətdə olan qüvbələrin başı mürsü bölüşdürülməsinə qarışdığı və sərhəd zonasında baş verən hadisələri özbaşına buraxdığı vaxt kəsiyi onıar üçün tarixi fürsətdir və buna hörə də əminliklə işğalı davam etdirdilər. Nəticədə AXC-Müsavat cütlüyü də hakimiyyətdə çox qala bilmədi və vəziyyəti düzəltməyə çalışmaq əvəzinə 1993-cü ilin mayında hakimiyyəti qoyub qaçdı. Milli müstəqil dövlətin de-fakto yaranması dönəmi Tarixi faktlar göstərir ki, yalnız Heydər Əliyevin SSRİ rəhbərliyindən uzaqlaşdırılmas ilə ermənilər yenidən torpaq iddiasına, işgalçılığa start veriblər.1993-cü ildə xalqın təkidli tələbi ilə ikinci dəfə hakimiyyətə gələn Heydər Əliyev öz qətiyyəti, siyasi iradəsi, uzaqgörənliyi ilə ilk növbədə suverenliyi, milli maraqları ön plana çəkdi və uzun illərdən bəri Azərbaycan ərazisinə qarşı Ermənistanın təcavüzünü dayandırmağa nail oldu. Sonra isə hərc-mərcliyi, vətəndaş qarşıdurmasını, xaosu, anarxiyanı aradan qaldırdı və milli maraqların təmin olunması istiqamətində əməli fəaliyyətə başladı. De-yure qazanılmış müstəqilliyi de-fakto təmin etdi. Eyni zamanda, güclü bir hüquqi dövlətin, vətəndaş cəmiyyətinin təməlini qoydu, dövlətimizin güclənməsi, inkişafı istiqamətində böyük proqramlara, möhtəşəm layhələrə imza atdı. Beləliklə, Azərbaycanın dövlət müstəqilliyini təhdid edən əsaslı problemlər aradan qaldırıldı və ölkəmiz rəvan inkişaf yoluna qədəm qoydu. Yüzillərdən sonra suveren və Qalib Azərbaycan 2003-cü idən sonra prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda tam yeni mərhələ, yeni inkişaf dövrü başlandı. Bu mərhələdə Azərbaycan yüzillərdən bəri itirdiyi torpaqları geri qaytararaq Qalib Xalq, Qalib Dövlət statusuna nail oldu. Yeni, Müasir Azərbaycanın banisi İlham Əliyev hakimiyyətə gəlişi ilə özündən qabaqki hakimiyyətlərin ya zərurətdən, ya xəyanətdən Ermənistana verdikləri torpaqları xalqımızın həmrəyliyi, ordumuzun rəşadəti, şücaəti hesabına və "Dəmir Yumuruq"la işğaldan azad edərək geri qaytardı. Uzun illərdən sonra Azərbaycan dövləti İlham Əliyevin sayəsində bu qədər güclü, bu qədər suveren olmaqla "Qalib" kimi tarixə qızıl hərflərlə yazıldı. Xalqın gözü... Xalqın sözü... Bu araşdırmamızda daha bir tarixi fakt da diqqətinizə çatdıraq ki, Azərbaycanda xalqın hakimiyyətə gətirdiyi Heydər Əliyevə qədər, yəni həm cümhuriyyət, həm də sovet imperiyasının çöküşündən sonra, ikinci dəfə Azərbaycanın müstəqilliyi dönəmində dövlət rəhbərləri hakimiyyəti qoyub qaçıblar. Bu onu göstərir ki, Azəbaycan xalqı müdrik, siyasi yetkin, öz müqəddəratını həll etməyi bacaran və lazım gəldikdə öz liderinin arxasıda, xəyanət etdikdə isə qarşısında durmağı bacaran bir XALQDIR. Bu gün də Azərbaycan xalqı Bütöv Azərbaycan uğrunda Onu "Qalib", "Müzəffər" statusuna yüksəldən Liderinin arxasındadır. "Resurs" Analitik İnformasiya Mərkəzi