5 aprel 2024-cü il tarixində Ermənistanın baş naziri, ABŞ dövlət katibi və Avropa Komissiyasının prezidenti arasında Ermənistan üçün təhlükəsizlik zəmanətinə dair imzalanması nəzərədə tutulan sənəd faktiki olarak hərbi paktdır. Bu pakt isə regionda heç vaxt olmadığı qədər yaxın və real olan sülhün bərqərar olunmasına qarşı atılacaq çox təhlükəli bir addımdır.
Ümumulikdə isə ABŞ və Avropa İttifaqının Qarabağla bağlı mövqeyinin xarakteri müharibədən əvvəl və sonrakı dövrlə ilə oxşarlıq təşkil edir.
Azərbaycan 30 ilə yaxın silahlı təcavüzün, işğalın və etnik təmizləmənin qurbanı olduğu halda və hətta BMT Təhlükəsizlik Şurasının Ermənistanın işğalçı qüvvələrinin dərhal, tam və qeyd-şərtsiz çıxarılmasını tələb edən 4 qətnaməsinə baxmayaraq, nə ABŞ, nə də Avropa İttifaqı Azərbaycana bu formada qeyd-şərtsiz dəstək olmayıb, görünür heç Qarabağ probleminin həllini də istəməyib. Onların bu məsələdə fəaliyyətsizliyi ABŞ-ın keçmiş prezidenti Vudro Vilsonun “Böyük Ermənistan” arzusunun tərkib hissəsi olub.
Azərbaycan öz ərazi bütövlüyünü və suverenliyini bərpa etdikdən sonra nə ABŞ nə də Avropa İttifaqı bu vəziyyətlə barışmaq və Azərbaycanın güclənməsini istəmir. Çünki regionda real və praktiki sülh istəyən vasitəçi Ermənistanla hərbi pakt imzalayaraq, öldürücü və hücum tipli silah vədi verərək onu revanşa hazırlamaz.
ABŞ və Avropa İttifaqının 2-ci Qarabağ müharibəsindən sonrakı addımlarının məqsədi də aşkardır. Misal üçün 6 oktyabr 2022-ci il tarixli dördtərəfli Praqa görüşü zamanı delimitasiya edilməmiş sərhədin Ermənistan tərəfi boyunca Azərbaycan və Ermənistan arasında etimadın yaradılmasına töhfə verməsi güman edilən 40 nəfər mülki monitorinq ekspertindən ibarət qısamüddətli Avropa İttifaqı Monitorinq Potensialının (AİMP) yerləşdirilməsinə razılıq verilməsi Azərbaycan tərəfindən xahiş olunub. Təəssüf ki, ilkin iki aylıq müddətdən sonra Azərbaycanın razılığı olmadan AİMP əhəmiyyətli dərəcədə uzadılmış müddət və daha çox müşahidəçi sayı ilə Aİ-nin Ermənistandakı Missiyasına (AİEM) çevrilib. Bu missiya o vaxtdan etibarən anti-Azərbaycan təbliğat aləti kimi fəal şəkildə istismar edilməkdədir. Bundan əlavə, Kanadanın AİEM-ə qoşulması ilə o, de-fakto NATO missiyası xüsusiyyətinə malikdir.
Digər tərəfdən ABŞ və Avropa ölkələrinin parlamentlərində, BMT-nin Təhlükəsizlik Şurasında, AŞPA-da, Avropa Parlamentində və beynəlxalq platformalarda təxirəsalınmadan gündəliklərə saılnan və haqqında qətnamələr qəbul edilən “Humanitar fəlakət” ssenarisi işə salındı, “Kosovo variantı” hazırlandı.
Məhz Azərbaycan Prezidenti İlham Əliyevin qətiyyəti ilə bu plan iflasa uğradı. Buna görə də qərb mediası və qərbin kəşfiyyat qurumlarına bağlı olan fondlar tərəfindən Azərbaycanda qeyri-qanuni yolla yaradılan informasiya resursları şəxsən İlham Əliyevə qarşı misli görünməmiş sistemli və total kampaniya apardılar.
Bu ssenarilər Mərkəzi Kəşfiyyat İdarəsinin sabiq direktoru, böyük beynəlmiləl şirkətlərin korporativ maraqlarının qoruyucusu Allan Dullesin 1950-ci illərdə İrana, Qvatamelaya qarşı həyata keçirdiyi dövlət çevrilişləri ilə bağlı icra edilmiş qara propaqadandını xatırladırdı. Lakin Azərbaycanın hüquq mühafizə orqanlarının peşəkar fəaliyyəti nəticəsində Fransanın casuş şəbəkəsi, qərbin ölkəmizdə qeyri-qanuni yollarla təsis etdiyi informasiya resursların fəaliyyəti ifşa edildi.
Əmin olsunlar ki, Azərbaycanın suverenliyinə, ərazi bütövlüyünə qarşı yönələ biləcək və ya onun legitim təhlükəsizlik maraqlarına bu və ya digər şəkildə təsir edəcək istənilən fəaliyyətin qarşısının alınması üçün bütün zəruri tədbirlər görüləcək.
Ancaq bu hərbi pakt təkcə Azərbaycana qarşı deyil. Bu paktın digər məqsədi Rusiyaya qarşı Ukraynadan sonra Ermənistanda yeni cəbhə açmaqdır. Çünki Ermənistan bu paktın məntiqi davamı olaraq, KTMT və Avrasiya İqtisadi İttifaqından çıxmalı, rus hərbi bazasını ölkəsindən çıxarmalıdır. Bütün iqtisadi, enerji və nəqliyyat resursları rus şirkətlərinin nəzarətində olan Ermənistana NATO qüvvələrinin birinci hədəfinin Rusiya olacağı heç bir şübhə doğurmur.
Bu hərbi paktın digər hədəfi isə İrandır. Çünki ən yaxın sərhədində NATO-nun möcvudluğu və təsir imkanı İranın təhlükəsizliyi üçün ciddi təhdiddir.
Hərçənd nə Rusiya Federasiyası, nə də İran Ermənistanın 5 aprel tarixində ABŞ və Avropa İttifaqı ilə imzalaması nəzərdə tutduğu hərbi paktla bağlı rəsmi mövqe bildirməyiblər. 2-ci Qarabağ müharibəsi zamanı Ermənistanın ərazi bütövlüyünü qırmızı xətt hesab edən və bunu müharibənin ilk günlərində dəfələrlə ifadə edən İranın hələ də rəsmi mövqe bildirməməsi diqqətlə müşahidə edilir.
Bütün bunların fonunda daim böyük dövlətlərin istifadə etdiyi alətə çevrilmiş Ermənistan Qərbin Ukrayanaya göstərdiyi “dəstəyi” bir daha xatırlamalı, illuzyalara qapılmamalıdır. Çünki Ukrayna nümunəsində 3 variant var. Ya Qərb Ukraynaya verdiyi vədə əməl etmir, ya verdiyi vədi yetirməyə hərbi gücü çatmır, ya da ki, elə məqsəd Rusiya ilə davamlı münaqişə ocağı yaratmaqdır. İstənilən versiya Ermənistan üçün dərs xarakteri daşımalıdır.
Çünki əks halda bu cür hərbi münaqişə nəticəsində Ermənistan 2-ci Dünya Müharibəsindən sonra Almaniyanın taleyini yaşaya bilər. İrəvanda yeni Berlin divarı inşa edilə bilər. Ermənistan ərazisi parçalanaraq müxtəlif dövlətlərin təsir dairələrinin altına düşə bilər.
Bu gün Azərbaycan regionda sabitlik istəyir və beynəlxalq hüququn əsas norma və prinsipləri əsasında praktiki sülhə nail olmaq üçün real imkan təklif edir. Sülh müqaviləsinin təşəbbüskarı da Azərbaycan olub, hazırda müzakirə olunan prinsiplərin müəllifi də Azərbaycandır.
Bu gün isə regionumuzda sülhə ən çox ehtiyacı olan Ermənistandır. Ermənistan rəhbərliyi bir hamidən küsüb, başqa haminin qucağına qaçmaq əvəzinə səmimi olsa və İlham Əliyev kimi müzəffər liderin ədalətli şərtləri ilə razılaşsa bu gün fərqli Ermənistan, fərqli Qafqaz olar.
Və əminik ki, əgər Cənubi Qafqazda real və praktiki sülh olacaqsa, ona da məhz İlham Əliyevin iradəsi ilə nail olunacaq.
Kamal Cəfərov,Milli Məclisin deputatı