
Sumqayıt şəhərinin İnşaatçılar qəsəbəsində, “Betonzavod” adlanan ərazidə yaşayan sakin yaxınlıqda aparılan tikinti işlərinin evlərə ziyan vurduğunu iddia edir.
Sumqayit.tv Baku.tv-ə istinadən xəbər verir ki, şikayətçi Səbuhi Həsənovun sözlərinə görə, təxminən 4 ay əvvəl ərazidə yeni obyektin inşasına başlanılıb və bundan sonra bir neçə evdə çatlar yaranıb.
Onun iddiasına görə, ən ciddi ziyan öz evinə dəyib:
“Ərazidə güclü axıntı baş verdi və bir neçə evə ciddi ziyan dəydi. Ən böyük zərər isə mənim evimə vurulub. Otaqlar bir-birindən aralanıb, hamısında çatlar əmələ gəlib”.
Tikinti aparan tərəf isə səsləndirilən iddialarla razılaşmır. Şirkət nümayəndəsi Vasif İsmayılov bildirib ki, obyektlə yaşayış evləri arasında kifayət qədər məsafə var və çatların yaranması tikinti ilə bağlı deyil.
“Bu iddialar qeyri-realdır. Bir neçə dəfə mütəxəssislər baxış keçirib. Evlər bataqlıq zonada və tikinti normalarına uyğun olmayan şəkildə inşa edildiyi üçün çatlayıb. Tikilən obyektlə həmin ev arasında təxminən 40 metr məsafə var”.
Məsələ ilə bağlı Fövqəladə Hallar Nazirliyindən də açıqlama verilib. Nazirliyin şöbə rəisinin müavini Ehtiram Xəlilov bildirib ki, Sumqayıt şəhəri İnşaatçılar yaşayış massivi, Koroğlu prospekti, giriş 82 ünvanında inşa olunan qeyri-yaşayış obyektinin layihəsi aidiyyəti qurumlarla razılaşdırılıb və Sumqayıt Şəhər İcra Hakimiyyəti tərəfindən tikintiyə icazə sənədləri alınıb.
Qurum rəsmisinin sözlərinə görə, aparılan baxış zamanı fərdi yaşayış evlərində yaranan çatların səbəbi kimi göstərilən obyektin evlərdən uzaq məsafədə yerləşdiyi müəyyən edilib və iddialar təsdiqini tapmayıb.
Hadisə ilə bağlı araşdırmalar davam edir.
Bu gün, 19:28
15