
Ali təhsil pilləsində təhsilini başa vuran məzunlara elektron diplomların verilməsinə başlanılıb.
Sumqayit.tv xəbər verir ki, bu barədə Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi məlumat yayıb.
Bildirilib ki, "Təhsil haqqında" Qanuna və Nazirlər Kabinetinin təsdiq etdiyi müvafiq qaydalara əsasən, doktorantura istisna olmaqla, ali təhsilin bakalavriat, magistratura, rezidentura və əsas (baza ali) tibb təhsili səviyyələrini bitirən şəxslərə dövlət sənədi artıq "Təhsil Mərkəzləşdirilmiş İnformasiya Sistemi" (TMİS) üzərindən elektron formada təqdim edilir.
Qaydalara uyğun olaraq ilk mərhələdə Bakı Dövlət Universitetinin məzunlarına elektron diplomların verilməsinə başlanılıb. Diplomlar yaxın günlərdə "mygov" rəqəmsal hökumət platforması və Elm və Təhsil Nazirliyinin rəsmi edu.gov.az internet səhifəsi vasitəsilə məzunların istifadəsinə veriləcək.
Agentlikdən bildirilib ki, hazırda digər ali təhsil müəssisələrinin məzunlarına da elektron diplomların təqdim olunması prosesi mərhələli şəkildə davam etdirilir.
Bu gün, 17:11
10