Məlik Rza. Sum – şəhərin ruhu


Bəzən Bakıdakı dostlarım məndən şəhərimi soruşurlar. Bu an özümü əsrarlı nağıl aləmində hiss edir, gözlərimi yumub onlara sinəmə dolmuş qərib əfsanələri danışıram. Gözlərimi ümidlə təzədən dünyaya açarkən qarşılaşdığım üzlərdəki inamsızlıq məni gecənin hüznünə batırır. Heç kim yetmiş yaşlı, gənc şəhərin ruhunun daş tikililərin labirintində azmamışdan əvvəl var olmasına inanmaq istəmir. Mən isə uşaqlığımdakı ilk qəribəlik anından bu yana şəhərimin hansısa vücuda məhkum olub yaza bilmədiyindən öz səsini bağrındakılara çatdırmaqdan ötrü ruh qardaşının axtarışında itkin düşdüyünə inanmışam. İlk qarşılaşmadan illər sonra “Robinzon Kruzo”nu oxuyarkən yaşıl dəftərimdəki sözlərin arasından mənə baxan cüt gözdə ruhuma inancı, zaman keçdikcə şəhərimi yazacaq gücün pak işartısını görmüşəm. İndi, gecənin sükutunda çox uzaqlardan yük qatarlarının təkanları eşidilir. “Ta-tak, ta-tak, ta-tak”. Təkanlar sürətləndikcə zülmətə düşmüş yad əl sanki canımdan aylardır yaza bilmədiyim romanın ağırlığını qoparıb yüngüllüyümlə məni indiki zamanın adiliyindən keçmişin sehrinə, həmin işartıya tərəf dartır. Qaranlıqda xəyalımda kimsəsiz, boş çöl görürəm. Çünki şəhərim röyalarıma pıçıldayır ki, tənhalıq üfüqlü, hamar çölün düzlüyü kimi bir şeydir.

Evimiz bank tərəfindən müsadirə olunan gün anam qapıda mənə “Sabah evimizi qaytaracam” dedi. Ağlamırdı. Bilirdi. Ağlasa, inanmayacam. Hiss edirdim ki, anam bəbəklərindəki yaşları dondurmaq üçün məni öpmək istəyir. Öpdü. Sonra şkafdan məktəb paltarımı gətirib “Bacıngildə gözlə. Dərsi buraxma. Sabah məktəbə gedərsən. Qayıdanda evə gəl, qorxma işıqlar yanacaq, qapı da açıq olacaq” dedi.
Bacımgilin evi şəhərin mərkəzindəki məhəllədə idi. Gedirdim. Küçələrdə adamlar, yollarda maşınlar vardı. Ağlaya bilmirdim. Ağlasam anama inamımın üstünə əminlik möhürü vurulacaqdı. Onda mən boz asfaltda heykəl kimi dayandım. Ruhumda başqa, yad ruhun şəfqətini, nəfəsini duyurdum. O şəfqət izlədiyim damları torpaq rəngli, köhnə sovet binalarından qəribə şəkildə ayaqlarıma, ayaqlarımdan beynimə axırdı. İnanırdım ki, gözlərimi yumub açanda nə maşınlar, nə adamlar olacaq. Bunu ad günlərimdə tort qarşısında gözlərimi yumub arzu dilədiyim kimi elədim. Açdım, toranlıqda küçə fənərlərini kimsə üfürüb söndürmüş, şəhərim zamanı, məkanı dondurub ağacların xışıltısını kəsmiş, maşınlar və adamlar toza çevrilib uçmuşdu.
O qəribəlik dəqiqələrində yaşadığım şəhərin ruhunun olduğuna, ruhun məni çox sevdiyinə, öz müdafiə çənbərində qoruduğuna inandım. Ağladım. Ağlamağım kəsəndə sanki sehrli bir çubuq havaya toxunub hər şeyi yerinə qaytardı. O gecə röyamda çöl gördüm. Oyananda özümə yox, şəhərimə ağlamışdım.
Növbəti gün evimizdə işıqlar yanmırdı, amma tərəddüdlə qapına açanda qaranlıq otaqda anamın səsini eşitdim. Ağlayırdı. Balaca boyumla yerimdə tullanıb otağın işığını yandıra bilməməyim bir neçə saniyə çəkdi. Sonra əlimin üstünə anamın yumşaq əli qondu. İşıq yandı. Çöhrəsində nə yaş vardı, nə kədər. Gülümsəyirdi. Masada şokoladlı tort yeyib bütün axşam doyunca güldük. Gecələri isə yuxularımda yenə çölü görür, anamın ağlamağını eşidirdim.
Bu hadisədən 11 il əvvəl, 1999-cu ilin soyuq fevral gecəsində ölkənin üçüncü böyük şəhərində doğuldum. Atam dövlət xəstəxanasının həyətində anamın çox sevdiyi qərənfilləri əlində hazır tutmuş, iki qız övladın ardından məni səbirsizliklə gözləyirdi. Babamın adını qulağıma pıçıldayacaqdı. Sonradan anamın dediyi kimi qucağında ehtiyatla tutduğu bədənim çox cılız, arıq, hərəkətsiz idi. İlk eşitdiyim səs illər sonra sökülüb dəmiryol vağzalının arxivinə veriləcək tramvayın taqqıltıları oldu. Uşaqlıq illərimin ilk röyalarında bu ovsunlu taqqıltılar məni dəfələrlə yuxularıma aparmış, əllərindən qəribə bir şirinliyə batırıb yox olmuşdu. Mən o tramvayın ləngərlə hərəkət etməsini, şəhər mənzərələrinin yavaşca gözlərimin önündən axmasını indi də hüznlə xatırlayıram. Bu yavaşlıqda, astagəllikdə elə bir qəriblik vardı ki, adamların cisminə hopub onları da özünə çevirirdi. Şəhər sanasan, adamlarında vücudlaşır, nəfəs alır, yaşayırdı. Tramvay yerindən götürüləndə şəhərin ruhu sakinlərindən iraq düşdü, onun dəmir relsləri isə uzun illər yollarda qaldı. Mən o yollarda addımladım, tənhalaşdım və fəhmimlə hiss etdim ki, yaxınlarda şəhərin görüntüsündən silinəcək mənzərələrin astagəlliyini yaddaşıma bərkitməliyəm.
O gecə dünyada, məmləkətimdə baş verən hadisələri, körpə yaddaşımla şəhərimin aylar sonrakı bürkülü yayının tənha görüntüsünü az-çox xəyal edə bilirəm. İranın “İnqilabın ixracı” siyasətindən ölkəmizə körpü salmış siyasi islam yəqin ki, məscidlərin gizlinində öz moizələrini oxuyur, şimalımızdakı mücahid çeçenlər respublikalarının müstəqilliyini zəbt etməyə tələsən rus tanklarına qarşı döyüşə hazırlaşır, məşhur amerikalı milyarderin Tiflisdəki kazinosunun kassasını Abxaziyalı seperatçılar oğurlayıb təyyarəyə daşıyır, Türkiyədə hərbçilərin iki il əvvəlki fevral çevrilişinin, notalarının zəhmi hələ də demokrat siyasətçiləri yuxusuzluqla “müjdələyirdi”. Məmləkətimin cəbhəsində isə snayperdən açılan atəş arzuları, sevgilisi olan bir gənci dünyadan köçürmüş, bəlkə də onun ölümü mənim doğumumun qapısını açmışdı. Kim bilir?
İmperiyanın süqutundan sonra bütün postsovet respublikalarının üçüncü böyük şəhərləri kimi mənim şəhərim də yoxsulluğun, ehtiyacın ağırlığı altında əzilirdi. Amma bu yoxsulluqda müdhiş bir şirinlik, möcüzəli donmuşluq vardı. Axşamlar kişilər həyətimizin torpaq meydançasında volleybol oynayar, qadınlar skamyalarda söhbətləşər, belləri dəsmallı uşaqlar yeməklərini bayırda yeyib gizlənqaça, tut ağacına tələsərdi. Həyətin ən uzaq, tənha küncündə torpaqların taleyindən gileylənən qocalar nərd oynayardılar. Sonra gecə binaların üstünə çökər, analar uşaqların kirli, yapış-yapış olmuş ayaqlarını yuyar, atalar televizorda filmlər izləyər, nənələr qız nəvələrinin hörüklərini açar, babalar iri eynəklərinin şüşələrini silərdi. Hamı ləngərlə yuxularına gedərdi. Yalnız həsrət çəkən adamlar keçən axşamın ötəri şirinliyini unudardılar. Gecə yarısı siqaret çəkib təkəmseyrək fənərlərin işıqlandırdığı boş həyətlə kimsəsizliyini bölüşər, kimyəvi zavodların borularından öskürən şəhərin xırıltısını, zülmətin içindən keçən qatarların səsini eşidərdilər.
Başqa xiffət çəkənlər də vardı. Mən heç vaxt əlilliyinə görə verilmiş təqaüddən imtina edən, Füzulidə yaralanmış Əfqan dayını, onun müharibə əhvalatlarını, evsizlikdən dövlət binalarının, fasadlarına xoruzlar, dovşanlar çəkilmiş rəngli bağçaların çirkabında yaşayan, torpaqlarından didərgin düşmüş köçkünləri unutmayacam. Onları daim xatırladığım kimi köçkünlərə yardım edən uca adamları, onları şəhərin sivilliyini, beynəlmiləlliyini pozmaqda günahlandıran qaramatları da xatırlayacam.
Həyatımın ilk yayını yaşadığım günlərdə şəhərim beləcə şirin yoxsulluqda uyuyur, xiffətli adamlar eyvanlarda təkləşirdilər. Əfqan dayı qalın filtirli siqaretini çəkib susurdu. O hələ bir neçə il susacaq, mənim saflığıma inananda öz məhrəmini, dərdini danışacaqdı. Şəhərimdəki doğma şirinlik, sükutlu qəriblik damları torpaq rəngli sovet binalarının, yaşıllıqların arasına kapitalist nağıllarından div göydələnlər düşən gün acılıqla, yadlıqla əvəzlənəcəkdi. İndi mən sadəcə tavana ağlayan, şəhərin gələcəyindən xəbərsiz, bir qucaqlıq uşaq idim.
Universitetə hazırlaşdığım, bütün abituriyentlərin məşğələ dediyi hazırlıqların birindən digərinə piyada getdiyim günlərdə beynimdə ikinci qəribəlik anı başlamışdı. Yol puluma yaşıl köşkdən dörd “Prima” alıb hətta bürkülü yay aylarında belə işlək olmayan “fontan”-a qədər əvvəlcə uşaqlığımda ancaq bayramlarda ailəmlə getdiyim Bakının cazibəsini düşünər, sonra fontandan yayda göbələyə bənzər böyük qırmızı çətirlərin açıldığı parkacan hissiyat quyumun dibində mənlə bütövləşmək istəyən başqa, saf bir Məlikin yaşamasını hiss edərdim. Bu, şəhərin tökülən, öz tüstüsəndə boğulan sarı, qırmızı, mavi sovet avtobuslarının, türk “arabesk”inin dilimizdəki variantlarını kif qoxulu salonlarında səsləndirən qazellərin yeni, daha iri, müasir avtobuslarla dəyişdirildiyi vaxtlar idi. İlk qəribəlik anından iki il sonra üzləşdiyim, heç kimə söyləmədiyim, bəzən yazılarımda xırda işartısını göstərdiyim hadisənin qorxusu canımı nifrətlə yükləmiş, əynimə “kombat” şalvar geyindirib, saçlarımı dibinəcən kəsdirmiş, məni radikal millətçiyə, qatı faşistə çevirmişdi. Bəzəkli, zəhmli görüntümün qorxumu pərdələmək üçün istifadə etdiyim “kamuflyaj” olmasını məndən başqa heç kim bilmirdi. Amma bağrımda şəhərimə qarşı həqiqi nifrət yaranmışdı. Mən o hadisənin günahını şəhərimdə görür, Bakını bozluqdan, şəhərin seyrəkliyindən qurtuluşum kimi mənimsəyirdim. Hadisənin dəhşəti şüurumdakı ilkin tənhalıq hissinin üstündən yekə bir xətt çəkmiş, məndə təklik qarşısında ölçüyəgəlməz, qanlı nağılları oxuyan uşaqların qorxusu kimi kütlə içinə qaçmaqla azalan qorxu yaratmışdı. Uzun illər həmin qorxunu dəf etmək üçün başqaları kimi yaşamağa, dostlarımla çayxanalarda vaxt keçirməyə, parklarda qızlarla gəzməyə, onların zarafatlarına gülməyə çalışdım. Çünki saatlarla tavana baxmaqla keçən təklik zamanlarımda qorxu şüurumu, bütün gövdəmi toruna salıb titrədir, kirində boğur, məni təlaşlandırırdı. Ancaq o uzun, incə yollardakı gecələrim istisna idi. Gecənin içində tənhalığın əsl, şirin tamını dadar, məni qorxunun caynaqlarından xilas etməyə vəd verən, yaşamımın mənasızlıqla dolduğunu söyləyən başqa, Saf Məlikin sözlərini dinləyərdim.
İki il ümidsizliklə addımladığım, işıqlı xəyallardan xumarlanıb zövqlə siqaret çəkdiyim, içimdəki başqa Məliki beynimə zəncirlənmiş axmaqlıqların arasında axtardığım yollardakı günləri həyatımın ən xoşbəxt anı kimi xatırlayıram. Bəzən düşünürəm ki, ömrümdəki bütün uca dəyərləri dəfələrlə keçdiyim eyni yollarda tapmışam. Universitetin ikinci kursunda yaxın dostumla kafedəki uzun söhbətlərdən birinin sonunda “Elmlər Akademiyası”nın yağışdan qaralmış səkilərində addımlayarkən sanki beynimə yollardan yenə mavi, təmiz sular axdı və mən nifrətin ruhumdan ayrılmasını, başqa-saf Məliklə bütövləşdiyimi hiss etdim. Siqaret yandırdım. Anladım ki, Bakının amansız, sərt ruhunu yox, şəhərimin sığal dolu, yumşaq ruhunu sevirəm.
Şəhər nə idi? Bu sual şəhərim haqqında indi yazdığım və yazacağım mətnlərin səbəbidir. “İvanın uşaqlığı”nı bitirib dincəldiyim zülmətlərin birində şəhərimin ruhu beynimə şimşək kimi çaxıb öz tarixçəsini xoş bir sadəliklə mənə danışmışdı.
“13-cü əsrdə çölümə gəlmiş yad tayfaların sədasıyla doğuldum. Gəlişlərindən iki yüz il sonra Xəzərdə itkin düşdülər.1933-ün fevralına qədər tənha qaldım. Çölümdə susuzluqdan pələnglər öldü, bitkilər köklərini qurudan şoranlıqdan bezib torpaqlarımdan qaçdılar.1946-da müxtəlif millətlərin adamları 13 illik tikintini yekunlaşdırıb sinəmdə şəhər saldılar. Daş binaların labirintində azdım. Zavodların tüstüsü ruhumu zəhərlədi, xəstələndim. İndi əsrlərdir gözlədiyim, taleyimi yazacaq adamı, səni tapmışam. Yalvarıram, ruhumun pıçıltısını onlara çatdır qardaşım!”
Əgər məndən həyatımı soruşsan, eyni sadəliklə cavab verərdim əziz oxucum.
“99-da Sumqayıtda doğulmuşam. Uşaqlığım xəyal qurmaqla keçibmiş. Sonra necə olmuşsa, hekayələr yazmağa başlamışam”
Şəhərimdəki xatirələrimi, eşitdiyim sirli əhvalatları bəzən hadisələrin içinə özümü cücərdərək, bəzən də kənardan nağıl danışırmış kimi sənə yazacam. Mənimtək mətnlə tiryəklənmiş adamların əsl həyatı mətndə yaşanan həyatdır əziz oxucum. Bu həyatı dəyərləndirməyi isə sənin diqqətinə əmanət edirəm. Çünki zülmət otağımın küncündə yaratdığım, yazılarımı daim həyəcanla oxuduğum xəyalətin adı sənsən.
sim-sim

24-01-2022, 10:17 566

Digər xəbərlər

“Sumqayıtın inkişafında Qərbi azərbaycanlıların iştirakı” mövzusunda tədbir keçirilib-FOTO

İlham Əliyev Sumqayıtın inkişafında xidmətə görə bir qrup şəxsi təltif etdi

Bakı-Sumqayıt qatarlarının müvəqqəti ləğv edilmiş reysləri bərpa olunur

Zakir Fərəcov Şəhər Günündəsəyyar qəbul keçirdi – FOTO

Sumqayıt Məhkəməsi avtоmоbilini təmir edən ustanı döyən şəxsin cəzasını azaltdı

50 milyonluq qızıl QALMAQALI: azərbaycanlı iş adamı AXTARILIR

DYP-dən sürücülərə MÜRACİƏT

Şahlar Əsgərovdan Ramiz Mehdiyevə ŞOK İTTİHAMLAR - Sirləri açdı!

Sələmçi qadını və onun ərini öldürən ömürlük məhkumla bağlı QƏRAR

"Sumqayıt" doğma meydanda "Şamaxı"ya qarşı itkilərlə çıxacaq

Sumqayıtda ər arvadını döydü

"Mehdi Hüseynzadə”də keçiriləcək tədbirin planı bəllidi – azarkeşlər meydanda yarışacaq

Sumqayıtda yataqxanada qadınlar arasında dava - TƏFƏRRÜAT

"Sənətçiyə elə pul verməlidir ki, evə ət alacağını düşünməsin" - Məşhur aktyor

*Bakıda yeni universitet korpusu və yaşayış binaları layihələrinin ekoloji qiymətləndirilməsi aparılıb*

Merkelin xatirələri: Rusiya, NATO və Ukrayna mübahisələri üzə çıxdı- SENSASİYA

Ərdoğandan xəbərdarlıq: “Putin buna sərt cavab verə bilər”

Türkiyədən ABŞ-a çağırış: “Siz qoşunlarınızı geri çəkin, biz də...”

Deputatın “Zəngimcell”i: “Balansınız bitmişdir…”

Müqayis Verdiyev yenidən məhkəmə qarşısında

1 2 3 4 5 6 7 8 9 10 ... 903
23-11-2024, 17:05
23-11-2024, 16:33
22-11-2024, 18:05
22-11-2024, 17:37
22-11-2024, 12:39
22-11-2024, 12:32
22-11-2024, 11:50
22-11-2024, 11:41
22-11-2024, 11:34
22-11-2024, 11:31
22-11-2024, 10:24
22-11-2024, 10:10
22-11-2024, 10:00
22-11-2024, 09:00
21-11-2024, 19:29
21-11-2024, 11:07
21-11-2024, 10:53
21-11-2024, 10:46
21-11-2024, 10:16
21-11-2024, 10:01
21-11-2024, 09:09
20-11-2024, 19:47
20-11-2024, 19:24
20-11-2024, 16:08
20-11-2024, 15:29
20-11-2024, 15:25
20-11-2024, 15:23
20-11-2024, 15:20
20-11-2024, 15:14
20-11-2024, 15:12
20-11-2024, 15:08
20-11-2024, 15:04
20-11-2024, 15:00
20-11-2024, 14:58
18-11-2024, 09:09
18-11-2024, 09:02
15-11-2024, 19:20
15-11-2024, 14:16
15-11-2024, 14:08
15-11-2024, 14:01
1 2 3 4 5 6 7 8 9 10 ... 903