36 il öncə İrəvandan gəldilər, düzəni pozdular - indi yiyə durmurlar

 

Ötən həftə Samvel Şahramanyanın qondarma və süqut etmiş “De-qe-er”in ləğvinə dair fərmanını ləğv etməsi azərbaycanlı və erməni politoloqların dərin düşüncələrə dalmasına səbəb olmadı, demək olar ki, hamısı dərhal bəyan etdilər ki, bu, İrəvandan yox, Moskvadan verilən tapşırığın məhsuludur.
Bir müəmmalı ekstremal-kriminal hadisə baş verəndə kriminalistlər adətən “bu kimə sərf edir” sualı qoyur, ona cavab axtararaq həqiqətin üstünə çıxdıqları kimi, politoloqlar da yekdilliklə bu fikrə gəldilər ki, indiki halda “De-qe-er”in xortladılması nə İrəvana, nə də Bakıya sərfəli deyil, bu yalnız və yalnız Kremlə sərfəlidir.
Paşinyan iqtidarının ayrı-ayrı üzvlərinin Şahramanyanın avantürasına kəskin reaksiyası da göstərdi ki, Azərbaycanla sülh müqaviləsi imzalamaq üçün ticari səriştələrindən yararlanmaq istəyən Ermənistan hakimiyyəti bu məsələnin qabardılmasında maraqlı deyil. Separatçı qurumun bərpa edilməsi sülh sazişini torpozlayan, üstəlik, Qarabağı tərk etmiş ermənilərin xoşluqla geriyə qayıtmasını əngəlləyən hərəkətdir.
Moskvanın Şahramanyanı “xod”a salmasının motivi isə üzdədir. Ermənilər Qarabağı tərk etdikdən sonra rusiyalı sülhməramlıların bölgədə işi qalmayıb, bir ay tez, üç ay gec, onları buranı tərk etməlidirlər. Kreml isə bunu istəmir, Qarabağda, Ermənistanla Azərbaycanın arasında, bir yerdə ilişib qalmaq, hərbi qüvvə saxlamaq istəyir. Bunu onun neoimperiya ambisiyaları tələb edir.
İndi işə baxın, erməni cəmiyyəti son 36 ildə necə bir dəyişikliyə məruz qalıb.
1988-ci ilin bu vaxtlarında Qarabağda separatizm dalğası yavaş-yavaş ləpələnməyə başlayanda hərəkatın avanqard qüvvəsi Ermənistan erməniləri idi. Onlar ya tək-tək, ya da kiçik qruplarla, amma intensiv şəkildə Qarabağda kompakt yaşayan ermənilərin yanına gəlir, “Böyük Ermənistan”, “türklərin erməniləri soyqırıma uğratması”, “miatsum” təbliğatı aparır, yerli əhalini qızışdırıb Bakının üstünə qaldırmağa cəhd edir, iki xalq arasında nifaq salmaq üçün xırda-para (dava-dalaş) təxribatlar törədirdilər.
Bu, o zaman idi ki, Xankəndi ermənilərindən fərqli olaraq ətraf rayonların qəsəbə və kəndlərində ermənilər və azərbaycanlılar dinc, yanaşı, içə-içə yaşayır, bir-birinin xeyir-şərində iştirak edir, demək olar ki, mehriban dolanırdılar. Ermənistan erməniləri kütləvi şəkildə muxtar vilayətə ayaq açandan sonra isə münasibətlər sürətlə pozuld. Qarabağda ilk mitinqləri də onlar təşkil etdilər. İrəvanda isə günlərlə sürən nümayişlər keçirdilər. Onların sayəsində Bakıya qarşı qaldırılan separatçı qiyam əvvəlcə münaqişəyə, sonra qanlı müharibəyə çevrildi.
Burası birmənalıdır: ortalığa qan-qadanı Ermənistan erməniləri saldılar, Qarabağ erməniləri isə onlara qoşuldular. Azərbaycanın torpaqlarının işğalında da əsas və həlledici rolu məhz Ermənistan erməniləri oynadılar. 
Daha sonra, ötən əsrin 90-cı illərinin axırlarında isə Qarabağ erməniləri hərbi-siyasi arenada təşəbbüsü ələ aldılar və Ermənistanda hakimiyyəti götürdülər, “Qarabağ klanı” yaratdılar. Bir neçə ildən sonra Ermənistan erməniləri fərqinə vardılar ki, Qarabağı işğal etmək onlara heç bir fayda verməyib, əksinə, bu mahal Ermənistan dövlətinin orqanizmindəki parazitə çevrilib, onun qanını sorur, üstəlik, Qarabağ ermənilərindən ibarət məmurlar ordusu varlandıqca varlanır, yerli erməniləri istismar edir, ayrı-seçkiliyə məruz qoyur.
Adi bir jurnalistin, Nikol Paşinyanın hakimiyyətə gəlməsi sırf “Qarabağ klanı”nın hakimiyyətindən bezar olan xalqın ayağa qalxmasına görə baş verdi. Xalqa Koçaryan-Sarkisyan tandeminin hakimiyyətinə son qoyacaq bir cürətli adam lazım idi. Həmin vaxt yaxınlıqdakı cürətli oğlan Paşinyan oldu və xalq, eləcə də ruspərəst iqtidarı hakimiyyətdən uzaqlaşdırmaq istəyən xarici dairələr ona dəstək verdilər.
Hakimiyyətə yeni gəldiyi vaxtlarda bir dəfə Paşinyan Ermənistanın “De-qe-er” ballastından xilas olmasının vacibliyinə eyham vurdu, üstünə yeridilər, geri çəkildi. Amma sonrakı vaxtlarda da hiss olunurdu ki, onun niyyəti eləcə də qalır. Adam anlayırdı ki, Dağlıq Qarabağdakı separatçı və tanınmamış qurumun mövcudluğu Ermənistanı inkişaf etməyə qoymayacaq.
Sonra körpünün altından çox sular axdı. 2020-ci ilin oktyabrında və noyabrın əvvəllərində Ermənistan ordusunun əsgərləri ona görə kütləvi şəkildə (10 mindən çox) fərarilik etdilər ki, onlar Qarabağ erməniləri üçün vuruşub-ölmək istəmirdilər.
Onlar bunu heç indi də istəmirlər.
36 il öncə Azərbaycana qarşı daha mötədil olan Qarabağ erməniləri, daha dəqiqi, onların başbilənləri isə hazırda daha radikaldırlar. Erablur panteonunun ləbə-ləb dolduran hərbçi məzarlarını görən Ermənistan ermənilərinin tasa-pasası yatıb, amma Qarabağ erməniləri hesab edirlər ki, münaqişə, düşmənçilik, müharibə davam etməlidir.
Bu üzdən Qarabağ erməniləri Ermənistan ermənilərinə (onlar da eynilə Qarabağ ermənilərinə) qarşı xeyli qəzəblidirlər və haqlıdırlar. Çünki məhz onlar Azərbaycanda rifah içində, təhlükəsizlik şəraitində yaşayan soydaşlarının isti aşına soyuq su caladılar və düzənlərini pozdular.// Musavat.com

26-12-2023, 14:00 165

Digər xəbərlər

Deputat Elnarə Akimova seçicilərlə görüş keçirdi - FOTO

"Sumqayıt" klubu baş məşqçisi ilə əməkdaşlığı davam etdirəcək

Sumqayıt sənaye zonası Azərbaycanın qeyri-neft ixracının əsas mərkəzinə çevrilib

Prezident ŞƏT tədbirində çıxış etdi

Sumqayıtda məktəb yaxınlığında anti-sanitariya vəziyyəti – sakinlər narazıdır -FOTO

Sumqayıtın mərkəzində ağır tonnajlı maşın problemi – "Qarabağ" kinoteatrının qarşısı dayanacağa çevrilib - FOTO

Sumqayıtda 13 yaşlı uşaq boğulma nəticədə həyatını itirdi

Sumqayıtlı avtomobil həvəskarı klassik maşını ilə Bakı sərgisində - FOTO

Sumqayıtda dənizkənarı evlər kirayə mənzil proqramına daxil edildi

Sumqayıtlı cüdoçular U-14 Liqa yarışında 4 medal qazandılar - FOTO

Sumqayıtda torpaq hərracları keçiriləcək

Sumqayıtdan digər regionlara sərnişin daşınan avtobusların 45 %-i yenilənib

AFFA Sumqayıtda azyaşlı futbolsevərlərə dəstək oldu

Sumqayıt Kimya Sənaye Parkının rezidentləri 10 ildə 15 milyard manatlıq məhsul satıb

Şahmatdan tibbə: Uğurla dolu bir yol-FOTO

Qaz və işıq limiti ilə bağlı ÖNƏMLİ XƏBƏR - Yaxın aylarda..

Sumqayıtda evli kişi sevgilisinin keçmiş ərini döydü – MƏHKƏMƏ

Sumqayıt–Quba marşrutu üzrə yeni daşıyıcı müəyyən edilib

677.2 balla Tibb Universitetinə qəbul olan Davıdov Uğur – Məktəbimizin fəxri - FOTO

Sabah "Sumqayıt" – "Şamaxı"nı qəbul edəcək

1 2 3 4 5 6 7 8 9 10 ... 963
Bu gün, 15:22
Bu gün, 15:16
Bu gün, 15:13
Bu gün, 15:04
Bu gün, 10:28
Bu gün, 09:32
30-08-2025, 22:21
30-08-2025, 17:04
30-08-2025, 12:13
30-08-2025, 09:26
29-08-2025, 20:15
29-08-2025, 20:10
29-08-2025, 20:05
29-08-2025, 14:57
29-08-2025, 14:14
29-08-2025, 09:39
29-08-2025, 09:27
28-08-2025, 17:55
28-08-2025, 13:11
28-08-2025, 12:59
28-08-2025, 12:33
28-08-2025, 10:24
27-08-2025, 17:12
27-08-2025, 16:29
27-08-2025, 16:08
27-08-2025, 14:50
27-08-2025, 14:42
27-08-2025, 13:43
27-08-2025, 13:22
27-08-2025, 12:02
26-08-2025, 14:43
26-08-2025, 13:28
26-08-2025, 13:20
26-08-2025, 11:38
26-08-2025, 11:28
25-08-2025, 18:26
25-08-2025, 16:49
25-08-2025, 16:45
25-08-2025, 15:35
25-08-2025, 12:57
1 2 3 4 5 6 7 8 9 10 ... 963