LOTEREYA  BİLETİ

 

Taleyimiz doğulduğumuz andan alnımıza yazılır. Böyüdükcə, yaşa dolduqca da həmin alın yazısını yaşayırıq. Baş verən hər bir şeyə də "alın yazımız" deyib, təsəlli tapırıq. Hərdən də Allahdan alnımıza ürəkdən keçən istəklərimizin yazılmasını arzulayırıq. Bəzən bu arzu o qədər "qəddar", amansız olur ki...

 

Bizim ailəmiz dörd nəfərdən ibarət idi - atam, anam, məndən 10 yaş böyük bacım və mən. Oğlan uşağı olduğumdan evdə mənə qarşı hələ uşaqlıqdan xüsusi rəğbətin, qayğının olduğunu hiss edirdim. Müəyyən yaşa qədər ürəyim nə istəyirdisə, onu edir, bacımdan fərqli olaraq nə arzulayırdımsa, onu mənə alırdılar. Bir sözlə, evdə hamı mənim ərköyünlüyümə dözür, nazımla oynayırdı. Atam orta məktəbdə müəllim, anam isə evdar qadın idi. Evin bütün yükü atamın çiyninə düşürdü. Pis də dolanmırdıq. Yaşadığımız məhlədə hamı atamın xətrini çox istəyirdi. Qonşuluğumuzda yaşayan bəzi kişilərin maşını olduğu halda atamın maşını yox idi. Bu da uşaq olmağıma baxmayaraq, məni qıcıqlandırırdı.  Ağlım kəsəndən atamla bu barədə tez-tez mübahisəmiz düşürdü. Atam da həmişə mənim başımı sığallayaraq deyirdi:

- Ağlama,  maşını sən məktəbi qurtaranda  alacam ki, sən bizi gəzdirəsən.
      Mən də ürəyimdə elə arzulayırdım ki, ay Allah, sənə qurban olum, elə elə ki, tez böyüyüm, məktəbi tez qurtarım, atam da mənə maşın alsın.

Amma onu da deyim ki, nə qədər nadinc və ərköyün uşaq olsam da, dərslərimi əla oxuyurdum. Valideynlərim, hətta bacım da belə təkcə dərslərimi oxumağımda mənə güzəşt eləmirdilər. Dərsdən gələn kimi yeməyimi yeyər, yarım saat dincələndən sonra dərslərimi hazırlamağa başlardım. Oxuduğum dərsləri bacıma danışandan, dəftərlərim yoxlanılandan sonra məni həyətdə futbol oynamağa buraxardılar. Futbol oyununa  yaman həvəsim vardı deyə, atam arabir mərkəzi stadionda keçirilən yarışlara bilet alıb,  məni də özü ilə stadiona aparırdı. 5-ci sinifdə oxumağıma baxmayaraq oyunçuların hamısını tanıyırdım. Kimin hansı nömrə ilə oynadığını əzbər bilirdim, bu da stadionda atam hansı nömrənin kim olduğunu soruşanda ona deməyim çox xoşuna gəlirdi.

Bugünkü kimi yadımdadır. Sentyabr ayının ortaları idi, yay tətilindən sonra məktəbdə dərslər təzə başlamışdı. Artıq 6-cı sinifdə oxuyurdum. Dərslərimiz xeyli çətinləşmişdi. Buna baxmayaraq, mən həyətdə uşaqlarla futbol oynamağımdan qalmırdım. Universitetin sonuncu kursunda oxuyan bacımın köməkliyi ilə dərslərimi hazırlayan kimi həyətə düşüb, futbol oynayan uşaqlara qoşulurdum. Bir gün yenə həyətə düşüb uşaqlarla təzəcə futbol oynamağa başlamışdım ki, baçımın eyvandan məni səsləməsi qanımı qaraltdı:

- Elman, evə gəl, ata səni çağırır.

Mən narazı səslə dilləndim:

- Dərslərimi oxumuşam da, niyə çağırır?

Bacım eyvandan əli ilə mənə yuxarı qalxmaq işarəsi verərək dedi:

- Ata səni futbola aparır, gedirsən?

Bacımın bu sözündən sonra oyunu yarımçıq qoyub, sevincək evə qaçdım.  Evdə anam atamın köynəyini ütüləyir, bacım isə atama yemək süfrəsi açmaqla məşqul idi. Atam məni görcək mehribancasına üzümdən öpüb dedi:

- Hə, oğul bala, əl-üzünü yu, gəl otur, tez çörəyimizi yeyək, gedək stadiona. Birazdan oyun başlayacaq.

Anam narazı halda dilləndi:

- Özün getməyin bəs deyil, hələ bir uşağı da özünlə aparırsan.

Atam cibindən nəsə  kağız çıxardıb anama göstərdi:

- Bax, bu kağızları görürsən, bunların hərəsinə üç manat pul vermişəm, deyirsən getməyim, batsın? Bəlkə elə bəxtimiz gətirdi?..

Anam ütüləyib qurtardığı köynəyi stulun söykənəcəyinə keçirib, atamın masanın üzərinə qoyduğu rəngli kağızları əlinə alıb maraqla oxumağa başladı. Heç nə başa düşməyib, kağızları masanın üzərinə ataraq söyləndi:

- Nədir ki bu? Adi biletdir dəə... Bəxtin bura nə dəxli var?

Atam yeməyini yeyib qurtaran kimi üzünü mənə tutub dedi:

- Elman, oğlum, bir qələm gətir görüm.

Mən cəld yazı masamın üzərində olan qələmi gətirib atama uzatdım. Atam qələmi götürüb, biletlərin birinin üzərinə mənim, o birinin üzərinə isə öz adını yazdı və ayağa qalxıb üzünü anama tutaraq təntənəli şəkildə dedi:

- Ay Tamam xanım, bu adi bilet deyil ey, həm də lotereyadır. Bugünki oyundan sonra stadionda lotereya oyunu keçiriləcək, uduş da maşın olacaq ey, maşın! Başa düşdün? Mən də biletin birinin üstünə oğlumuzun, o birinin də üstünə öz adımı yazdım, görək kimin bəxti gətirəcək.

- Səninki yüz faiz gətirməyəcək. Bəxtin olsaydı, gərək indi sənin bir oğlun yox, 4 oğlun olaydı, hardadır səndə o bəxt, - deyərək, dodağının altında mızıldandı.

Atam şəstlə əlini çiynimə qoyaraq, anama cavab verdi:

- Allaha qurban olum, o üç oğulu özü vermişdi, özü də aldı. Allah  buna dəyməsin! Buna da şükür, naşükür olma, arvad...

Biz stadiona çatanda tamaşaçıların çoxu öz yerlərini çoxdan tutmuşdular. Mən ilk dəfə idi ki, stadionun belə ağzına qədər dolu olduğunu görürdüm. Atamla oyuna baxmağa gəldiyimiz əvvəlki günlərdən fərqli olaraq, indiyə qədər tamaşaçıların bugünkü kimi çox olduğunu heç vaxt görməmişdim. Nədənsə ətrafımızda oturan azarkeşlərin hamısından tez-tez "lotereya" sözünü işlətmələrini eşidirdim. Mənə maraqlı gələn o idi ki, oyun başlanan kimi nədənsə hamı həyəcanla oyunun bitməsini gözləyirdi. Komandamız 2:1 hesabı ilə uduzurdu. Oyunun sonuna 15 dəqiqə qalmış qonaqlar bizim qapımızdan bir top da keçirtdilər. Əvvəlki oyunlardan fərqli olaraq heç kim yerindən tərpənmirdi, bu da məni sevindirirdi. Axı, futbolçularımızın ruhdan düşməməsi üçün tamaşaçıların stadionu vaxtından tez tərk etməməsi çox vacib idi. Amma nə olsun, sona bir dəqiqə qalmış qonaqlar yenidən bizim qapıdan daha bir top da keçirtməyə nail oldular. Beləliklə oyun 4:1 hesabı ilə qonaqların xeyrinə başa çatdı.

Mən dilxor halda getmək üçün ayağa qalxanda atam mənim qolumdan tutub yerimdə əyləşdirdi. Oyunun qurtarmasına baxmayaraq, tamaşaçıların stadionu tərk etməmələri mənə maraqlı gəlirdi. Bir az sonra hər tərəfi qırmızı lentlərlə bəzənmiş ağ rəngli “Jiquli” markalı maşın meydançanın ortasına sürüləndə tamaşaçılardan qulaqbatırıcı bir uğultu qopdu. Kimi qışqırır, kimi fit çalır, kimi isə maşını daha da yaxından görmək üçün yerini dəyişərək, qabaq sıralara keçib ayaq üstə dururdu. Sonra mərkəzə bir yeşik gətirdilər, bir neçə nəfər yeşiyin ətrafında dayanıb, növbə ilə mikrofonla nəsə danışmağa başladılar. Çox keçmədi ki, yeşiyin yanına bir qız yaxınlaşdı və yeşiyi fırlatmağa başladı. Mən adamların necə həyəcanla əllərində tutduqları biletlərə tamaşa etdiklərini görüb, maraqla atama baxdım. Atamın yerindən qalxıb, ayaq üstə duraraq həyəcanla biletinə baxması mənə qəribə gəlirdi. Mənə elə gəldi ki, atam mənim orda olmağımı tamamilə unutmuşdu. Qəfildən atamın əllərini yuxarı qaldıraraq, sevincək halda pillələrlə aşağı düşdüyünü görüb, mən də onun dalınca qaçdım. Atam əllərini yelləyərək, meydançanın mərkəzinə doğru qaçır və hamı da ona yol verirdi. Yeşiyin yanında dayanan kişilər atamın əlində olan kağızı yoxlayıb, mikrofonla maşının atam tərəfindən udulmasını elan edəndə, sanki stadionda tufan qopdu. Səs-küydən qulaq tutulurdu. Atam sevincindən gah məni öpür, gah da arabir əllərini yuxarı qaldırıb, tez-tez Allahın adını çəkərək nəsə deyirdi. Mən atamın dalınca qaçanda öz biletimi itirdiyimi atama desəm də, nədənsə o, buna heç əhəmiyyət vermədi...

Artıq iki il idi ki, atam udduğu həmin ağ rəngli maşını sürürdü. Maşını udduğumuz vaxtdan az sonra bacım da ailə quraraq, evimizdən köçmüşdü. Onların evləri bizdən xeyli aralı olduğundan, istirahət günlərində atam bizi maşınla onlara aparırdı. Mən həmişə maşının qabaq oturacağında, anam isə arxa oturacaqda əyləşərdi. Hər dəfə mən atamdan maşını sürməyi mənə də öyrətməsini xahiş edəndə ondan qəti olaraq “yox” cavabını alırdım. Belə hallarda anam da məni ovundurmaq üçün arxa oturacaqdan əli ilə başıma sığal çəkərək söyləyərdi:

- Elman, darıxma, bala, böyüyəndə sürərsən. Onsuz da bu ev-eşik, maşın hamısı bizdən sonra sənindir də.

Atam da gülümsünərək deyərdi:

- Ay oğul, bu maşını öləndə göruma aparmayacağam ki, o qədər sürəcəksən ki...

Mən də uşaq ağlımla bu qənaətə gəlirdim ki, deməli, atam ölməyincə mənim maşın sürməyib mümkün deyil. Bir gün bunu düşünərək, ürəyimdə "ay Allah, nə olardı atam tez ölərdi, maşın mənə qalardı, maşını mən sürərdim" demişdim.

Heç 6 ay çəkmədi ki, atam xərçəng xəstəliyindən dünyasını dəyişdi. Atamın ölümündən sonra da ehtiyac üzündən anam maşını satdırdı, iki il sonra da qəfildən anam dünyasını dəyişdi...

İndi mən özüm ailə başçısıyam, sədaqətli həyat yoldaşım, bir-birindən gözəl 5 qızım,  hətta son model maşınım da var. Hərdən ağsaqqalar mənə ürək-dirək verərək deyirlər ki, heç narahat olma, 5 qız böyüdən kişinin yeri cənnətdir. Bütün bunlara baxmayaraq,  mən özümü Allahın çox xoşbəxt bəndəsi sayıram... çünki mənim... Mənim  ölümümü arzulayan oğlum yoxdur!

ARİF ƏRŞAD


                                                                                                                                                      
                                                                                                                               

 

 

 

 


18-04-2026, 16:41 776

Digər xəbərlər

Sumqayıtda qətl hadisəsi baş verib - VİDEO

Sumqayıt Dövlət Universitetində “Microsoft” həlləri istifadəyə verilib-VİDEO

Əməkdar məşqçi Rafael Məmmədovun doğum günüdür

İyunun 7-də qəbul imtahanı keçiriləcək – vacib saat açıqlandı

Sumqayıt istiqamətində tıxac problemini azaldacaq yeni layihə - VİDEO

Enerji gücündən geosiyasi liderliyə: Azərbaycanın yazdığı uğur salnaməsi

Sumqayıtda 1 İyun münasibətilə tədbir keçirilib

Sumqayıtda avtobusda halı pisləşən sərnişin öldü

Sumqayıtda pensiya və sosial müavinətlərlə bağlı ictimai dinləmə keçiriləcək

İyun ayında 10 gün qeyri-iş günü olacaq

Birinci siniflərə qəbul üçün son 4 gün qaldı

İtkin düşən Azərbaycan vətəndaşlarının sayı yeniləndi

Azərbaycan Prezidenti amerikalı həmkarına təşəkkür edib - FOTO

Sarayda qohumunu xüsusi amansızlıqla öldürən şəxsə ağır cəza

Təbrik Quliyev vəzifədən ayrılması ilə bağlı iddialara münasibət bildirib - VİDEO

“BMT ciddi likvidlik problemi ilə üzləşə bilər”

Prezident “Baku Energy Forum”un rəsmi açılış mərasimində iştirak edir-FOTO

Sumqayıtda xəstənin həyatı həkimlərin operativ müdaxiləsi ilə xilas edilib – görüntülər yayıldı - VİDEO

Sumqayıtda aşan ağac yolu bağladı – sürücülər yolu özləri açdı- VİDEO

Sumqayıtda güclü külək iri ağacı aşırdı, piyada səkisi bağlandı - FOTOLAR

1 2 3 4 5 6 7 8 9 10 ... 1060
Dünən, 21:19
Dünən, 18:49
Dünən, 15:17
Dünən, 12:09
Dünən, 11:53
2-06-2026, 16:53
2-06-2026, 16:33
2-06-2026, 10:17
1-06-2026, 18:20
1-06-2026, 18:16
1-06-2026, 18:09
1-06-2026, 14:57
1-06-2026, 14:52
1-06-2026, 14:44
1-06-2026, 14:31
1-06-2026, 11:40
1-06-2026, 10:18
31-05-2026, 15:57
31-05-2026, 15:53
30-05-2026, 18:24
30-05-2026, 18:20
30-05-2026, 15:01
30-05-2026, 11:17
30-05-2026, 11:05
30-05-2026, 10:40
30-05-2026, 07:41
29-05-2026, 22:31
29-05-2026, 21:20
29-05-2026, 20:30
29-05-2026, 12:19
29-05-2026, 10:17
29-05-2026, 10:14
28-05-2026, 10:45
27-05-2026, 23:48
27-05-2026, 23:19
27-05-2026, 21:37
27-05-2026, 06:40
27-05-2026, 06:36
26-05-2026, 22:23
26-05-2026, 20:08
1 2 3 4 5 6 7 8 9 10 ... 1060