
İnsanın doğulduğu torpaq həmişə onu özünə çəkir. Bir növ yoğrulduğun torpaq sayılır. Dünyaya göz açdığım Füzuli rayonu Qoçəhmədli kəndini 1-ci dəfə 2021-ci ilin yanvar ayında ziyarət etmişdim. Uzun aradan sonra 2026-cı il mayın 2-də yenidən kəndi ziyarət etmək üçün yola çıxdıq. Yolda kəndin cəfakeş insanlarından olan Abbas Məstəliyevlə avtomobillərin arxa-arxaya getməsi diqqət çəkdi. Beləcə Sabirabadda "Dostluq" restoranında çay fasiləsi verdikdən sonra Füzuliyə doğru istiqamət aldıq.
Qısa arayış verim ki kəndin tarixi orta çağdan başlayır. Yaşlı adamların söyləmələrinə görə kənd əhli Osmanlı torpağından, Ərzurum yörəsindən qan davası səbəbilə köçüb Qarabağda məskunlaşıb. 1593-cü il Osmanlı qaynağına görə Gəncə-Qarabağ əyalətinin Dizaq nahiyəsinə bağlı Qoçəhmədli kəndi mövcuddur.
Təbiətin canlandığı, ətrafın gül-çiçəyə büründüyü məmləkətin nəfəsini hiss etmək çox doğmadı. İnsan bu mənzərələri seyr etdikcə, 27 illik məcburi köçkün həyatını insanın kimsəsiz qalmasına bənzədir. İnsan dərindən köks ötürür. Bu illər ərzində dünyadan köçən kənd sakinlərini yada salır. Hansı ki bu torpaqda yaşayıb yaradıblar, bu topraq uğrunda döyüşüblər. Dolanbac yollarla Sərdarlı, Qoçəhmədli kəndi istiqamətinə hərəkət edirik. Azərbaycanın Milli Qəhrəmanı Salatın Əsgərovanın valideynlərinin yaşadığı evin üzərində lövhəsi diqqət çəkir. Silsilə dağlarla əhatə olunan bu yerləri gül-çiçək bürüyüb. Sanki təbiət özü palitradır - rənglər dünyasıdır. Hətta gül-çiçəklərin fərqli rəng çalarları insanı heyran edir. Yolboyu xarabalıq halda olan məktəb və klub binalarının qalıqları insanlarda 1993-cü ilə qədərki dövrün xatirələrini canlandırır. İlk dayanma nöqtəmiz Çinarbulaqdır. O yer ki vaxtilə SSRİ dövründə paytaxt Bakıdan Füzuliyə gələn müxtəlif nazirliklərin nümayəndələri lazımi işlərini gördükdən sonra istirahət etmək üçün buraya gələrdilər. Çinarbulaq: Adı gözəl, özü gözəl. Məhz bu nöqtədə Azərbaycanın müxtəlif bölgələrində yaşayan həmkəndlilər göz yaşlarına qərq olaraq rastlaşırlar, görüşürlər. Süfrə arxasında çinarbulağın suyu ilə qaynadılmış samovar çayından içə-içə köhnə günlərin komediya məzmunlu hadisələrini nəql edirlər. Öz doğma sakinlərini görən təbiət isə quşların cəhcəhi ilə insanlara xoş gəldin deyir. Çinarbulaqda hər kəs öz xurcununda olanları süfrəyə düzür. Necə deyərlər, pendir-çörək bal dadır. İmkan tapıb Arış kəndini də gəzirik. Hündürlüyü ilə seçilən əmənkömənci sahəsi xanımların marağıdı. Biz isə hündürlüyü 2 metrə çatan və qaraciyərin dərmanı sayılan qanqal sahəsinə baş vururuq. Bu ərazilərdə sanki dağlar dalğavari şəkildə rəqs edir. Göz oxşadıqca baxmaq istəyirsən. Hiss olunur ki bu coğrafiya gələcəkdə turizm üçün cəlbedici yerlər olacaq. Əvvəlki kimi yenə də qonaqlı-qaralı olacağıq. Qoçəhmədlidə Azərbaycan Respublikası tərəfindən qorunan Camal bulağına da baş çəkirik. Böyrək suyu kimi qəbul edilən bulaqdan kənd sakinləri təqdirəlayiq iş görərək yeni inşa olunan Şəhid bulağına qədər su çəkiblər. Camal bulağının yuxarı tərəfində yerləşən qayalıq hissələrdən kəklikotu tapmaq isə ayrı bir şadyanalıq idi. Ardınca dövlət tərəfindən qorunan 12 günbəzli 18-ci əsr Qoçəhmədli kənd məscidini də ziyarət edirik. Dövlət tərəfindən qorunan Şükür bəyin evi də bu ərazidədir. Evlərin inşasında qaya daşlarından və yanmış əhəng məhlulundan istifadə edilib. Əlavə edək ki kənd ərazisində 16 ədəd torpaqda qazılan yaşayış yeri (küfül), Çinarbulaq, Camal bulağı, Təzə kəhriz, Orta kəhriz (Şırran), Hacı Bayram kəhrizi, Hacı Bayram körpüsü, Hacı Əsgər kəhrizi, Sərdarlı kəhrizi, Arış kəhrizi, Mollavəli kəhrizi və kənd qəbiristanlığının aşağı tərəfində olan körpü dövlət tərəfindən qorunan abidələr siyahısındadır.
Camal bulağından sonra
simvolik mənada (bəy-gəlinsiz) kənd toyunun keçiriləcəyi rəhmətlik İsmayıl Sadıqovun evinə gəlib çıxırıq. Artıq çadır qurulur, ərzaqlar səliqə ilə yerbəyer edilir. Həmin günün axşamı kənd sakinləri gecəni Füzuli şəhərində keçirib səhər tezdən yenə məclisin baş tutacağı əraziyə gəlirlər. İnsanlar tədbir başlamamışdan öncə yeni inşa olunan Şəhid bulağı abidəsini ziyarət edirlər. Yeri gəlmişkən abidə 2 ay müddətində ustalar Əmrah Salahov və Bakir Əhmədov tərəfindən inşa edilmişdir. Əlavə edim ki mayın 2-də kənd ziyalıları - uzun müddət vətənə şərəflə xidmət etmiş polkovnik-leytenant İsmayıl Məmmədov, əməkdar artist Qoçaq Əsgərov başda olmaqla kənd sakinlərinin iştirakı ilə abidənin açılışı da baş tutub.
Beləcə 1-ci Qarabağ müharibəsi vaxtı şəhid olan kənd sakini Məhəmmədəli İsmayılovun, şəhidlərin və dünyadan köçən kənd sakinlərinin ruhuna dualar oxunur. Daha sonra insanlar toy mağarı qurulan yerə gələrək kəndin bir icmada toplandığını simvolizə edən toy məclisinə start verir. Kənd ağsaqqalı Barat Məmmədov tədbirdə açılış nitqi söyləyir. İnsanlara göz aydınlığı verir. Onların tezliklə bu ərazilərdə məskunlaşmasını arzulayır. Ardınca Qarabağın azad olunması uğrunda şəhid olan şəhidlərimizin ruhu 1 dəqiqəlik sükutla yad olunur və dövlət himni səslənir.
Kənd fəallarından Abbas Məstəliyev də öz səmimi fikirlərini çatdırır. Tezliklə el-obanın kəndə köçməsini, əvvəlki kimi mehriban kənd mühitinin formalaşmasını arzulayır. El-obanın ən yaşlı sakini olan İkinci Dünya Müharibəsinin (1941-1945) 102 yaşlı iştirakçısı, 69 il ibtidai sinif müəlliməsi kimi çalışmış əməkdar maarif xadimi, SSRİ vaxtı 4 dəfə rayon sovetinin deputatı seçilmiş Məstəliyeva Şərbanı Fərəc qızı da camaatı salamlayır, bu yaşda bitib-tükənməyən kənd eşqi ilə fikirlərini çatdırır. Azərbaycan Respublikasının prezidenti, Ali Baş Komandan İlham Əliyev və Silahlı qüvvələrimizə təşəkkür edir. Ölkə başçısı İlham Əliyevə müraciət edərək Qoçəhmədli kəndinin tez bir zamanda qurulması və insanların buraya köçməsi üçün öz xahişini çatdırır.
Bu torpaq uğrunda əziyyət çəkənlərin ön cərgəsində qazilər də var. 1988-1993-cü illər ərzində bu torpağı quş tüfəngi və məhdud silahlarla müdafiə edənlər səhnəyə dəvət olunur. 848 saylı hərbi hissənin sabiq komandiri, Azərbaycan Bayrağı Ordenli Zahir Həsənov, Qoçəhmədli kənd özünümüdafiə bölüyünün komandiri Valeh Əsgərov və digər əsgərlər sıra ilə öz gözəl fikirlərini səsləndirir. Təbii ki onların bu torpaqda çəkdiyi əziyyət insanların yaddaşından silinməyib. Tədbirin musiqili hissəsində isə insanlar bir araya gələrək öz sevinclərini ifadə edirlər. Həm ölkədə, həm də ölkə xaricində yaşayan kənd sakinləri çıxış edərək ən gözəl və ülvi hisslərini ifadə edirlər. Eyni zamanda Füzuli rayonu Qoçəhmədli kəndi inzibati ərazisi üzrə nümayəndəsi Sevindik Qasımov da ümumilikdə Qoçəhmədli, Sərdərli, Arış və Mollavəli kəndlərinə gözaydınlığı verərək bu cür məclislərin gələcəkdə gənclərin toy məclisləri ilə əvəz olunmasını arzuladı. Kənd ağsaqqallarından Mətləb Abbasov da ən xoş və səmimi arzularını çatdıraraq camaatı təbrik etdi. Beləcə şadyanalıq içərisində keçən məclis öz axarı ilə davam etdi. Çadırın ətrafında isə kənd sakinləri kəndsayağı baməzə xatirələrini bölüşməkdə davam edirdi. Tədbirin əvvəlindən sonuna kimi kəndi qatı duman bürüdü. Necə deyərlər qış dumanı qar gətirər, yaz dumanı bar gətirər. Ümid edək bu simvolik məna tezliklə kənd camaatının öz kəndinə köçməsi ilə daha da bərəkətli olacaq. İnsanlar yenə də əvvəlki kimi öz xoş günlərinə qovuşacaq. Beləcə xoş xatirələrlə dolu məclis axşamçağına qədər davam etdi.
Sonda isə sizi kəndimizin gənc şairi Salman Salmanovun kəndin toy məclisinə həsr olunmuş şeiri ilə baş-başa buraxırıq
Bir ağlayıb, elə bir də gülərdiz,
Hər bir yolu birlikdə gedərdiz,
Bir-birinizlə dərdi, qəmi bölərdiz,
Bax o həmin dərddən ötrü darıxdım.
Gəlin görün ay bu kəndə gəlməyən,
Bulaqdakı suyun dadın bilməyən,
Çinar bulağından səsi gəlməyən,
Bax o həmin nərddən ötrü darıxdım.
Yeyərdiz siz təmiz şoru, qaymağı,
Kaş qaytara biləydim mən o çağı,
Kənddə yanmır daha heç kimin ocağı,
Bax o isti ocaq üçün darıxdım.
Vüsal Hacısoy, xüsusi olaraq Sumqayit.tv üçün













11-05-2026, 22:32
149