
Sumqayıt şəhərinin 42-ci məhəlləsində yerləşən yataqxana binasında yanğın baş verib.
Sumqayit.tv xəbər verir ki, hadisə ilə bağlı Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə məlumat daxil olub. Məlumatdan sonra dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Sumqayıt Şəhər Yanğından Mühafizə İdarəsinin qüvvələri cəlb edilib.
Bildirilib ki, beşmərtəbəli yataqxana binasının 4-cü mərtəbəsində elektrik lövhəsində yaranan yanğın yanğınsöndürənlərin çevik müdaxiləsi nəticəsində qısa müddətdə söndürülüb və alovun mənzillərə yayılmasının qarşısı alınıb.
Hadisə nəticəsində 6 ədəd sayğac, 6 ədəd qoruyucu açar və 6 paqonometr elektrik naqili yanıb.
Təhlükəsizlik məqsədilə bina sakinləri təxliyə olunub. Hadisə zamanı xəsarət alan olmayıb.
FHN-dən bildirilib ki, mənzillər və yataqxana binası yanğından mühafizə olunub.
7-05-2026, 20:53
98