
“Hər bir xalqı onun mədəniyyəti ilə tanıyırlar”. Norveçin Stavanger şəhərində yaşayan, “Azərbaycan-Norveç lüğəti”nin müəllifi İrec İsmayıl belə deyir.
Urmiya şəhərindən olan İrec İsmayıl təhsilini Norveçdə davam etdirərək Stavanger Universitetini bakalavr və magistr dərəcələri ilə bitirib. Daha sonra Böyük Britaniyanın Heriot-Vatt Universitetində magistratura təhsili alıb. Müxtəlif illərdə Norveçin neft şirkətində mühəndis və rəhbər vəzifələrində çalışıb.
İrec İsmayıl uzun illərdir bədii tərcümə, elmi tədqiqat və leksikoqrafiya ilə məşğul olur. Bu sahədəki fəaliyyətinə görə ona fəxri elmlər doktoru adı verilib. Uzun illər davam edən bu fəaliyyətin nəticələrindən biri də “Azərbaycan-Norveç lüğəti” olub.
O, AZƏRTAC-a müsahibəsində ilk “Azərbaycan-Norveç lüğəti” üzərində iş, milli kimliyin qorunmasında dilin əhəmiyyəti və Norveçdəki fəaliyyəti barədə danışıb.
- İrec müəllim, sizi “Azərbaycan-Norveç lüğəti” hazırlamağa nə sövq etdi və sizcə, belə bir nəşrə nə üçün ehtiyac yarandı?
- Norveçdə yaşayan azərbaycanlıların sayının artması, eləcə də iki ölkə arasında əlaqələrin genişlənməsi belə bir lüğətə ciddi ehtiyac olduğunu göstərdi. Düşündüm ki, azərbaycanlılara Norveç dilini öyrənməkdə kömək edəcək, norveçlilərə isə Azərbaycan dili haqqında ilkin təsəvvür yaradacaq bir vəsait hazırlamaq faydalı olardı. Əsas motivlərdən biri də indiyədək “Azərbaycan-Norveç lüğəti”nin olmaması idi. Buna görə də bu ilk addımı atmaq mənim üçün xüsusilə vacib idi.
Hesab edirəm ki, dil yalnız ünsiyyət vasitəsi deyil, həm də xalqın tarixinin, dünyagörüşünün və mədəni yaddaşının qorunmasının ən mühüm vasitələrindən biridir. Buna görə də iki dil və mədəniyyət arasında belə bir körpünün yaradılması hər iki tərəf üçün əhəmiyyətlidir. Bundan əlavə, xaricdə yaşayan insan üçün doğma dilini qorumaq və eyni zamanda, yaşadığı ölkənin cəmiyyətini bu dillə tanış etmək xüsusilə vacibdir. Bu baxımdan lüğət yalnız dillərin öyrənilməsinə deyil, həm də azərbaycanlılarla norveçlilər arasında daha dərin qarşılıqlı anlaşmanın yaranmasına töhfə verə bilər.

- Lüğət üzərində iş nə qədər davam etdi və nəticədə lüğətə neçə söz daxil edildi?
- Lüğətin hazırlanması kifayət qədər çox vaxt və diqqət tələb etdi. Əslində, iş mənim düşündüyümdən də uzun çəkdi. Sözlərin seçilməsi, onların dəqiq qarşılıqlarının müəyyənləşdirilməsi, törəmə formalarının nəzərdən keçirilməsi və materialın sistemləşdirilməsi mərhələli şəkildə həyata keçirildi.
Ümumilikdə lüğətə 25 min əsas söz və törəmə forma daxil edilib. Birinci nəşr üçün bu həcm məqsədyönlü şəkildə seçilib. Mənim əsas məqsədim sözlərin sayını artırmaqdan daha çox seçilmiş söz və ifadələr üçün mümkün qədər dəqiq qarşılıqlar tapmaq olub.
- Lüğəti hazırlayarkən sözlərin qarşılığını tapmaqda hansı çətinlik oldu? Xüsusilə çətin olan söz və ya ifadələrlə rastlaşdınızmı?
- Bəli, belə çətinliklər yaranırdı. İki dil yalnız lüğət tərkibinə görə deyil, fikirlərin ifadə xüsusiyyətlərinə görə də fərqlənir. Bəzi sözlərin mənasını digər dildə bir sözlə tam ifadə etmək mümkün deyil. Törəmə formalar, məna çalarları, eləcə də mənası kontekstdən asılı olaraq dəyişən ifadələr xüsusi diqqət tələb edirdi.
Belə hallarda məqsədim hərfi tərcümə deyil, mənaca ən dəqiq qarşılığı tapmaq olub. Bu iş bir daha göstərdi ki, leksikoqrafiya yalnız sözlərin siyahısını tərtib etmək deyil, həm də iki dilin xüsusiyyətlərinin müqayisəli şəkildə öyrənilməsidir.
- Bu layihə üzərində işi davam etdirməyi planlaşdırırsınızmı? Gələcəkdə lüğətin elektron versiyasının hazırlanması nəzərdə tutulurmu?
- Bəli, bu istiqamətdə işi davam etdirmək niyyətindəyəm. Hazırkı nəşri daha əhatəli “Azərbaycan-Norveç lüğəti”nin yaradılması yolunda ilk mərhələ hesab edirəm. Gələcəkdə onun lüğət tərkibini genişləndirmək, daha çox törəmə forma, ifadə və onların işlənməsinə dair nümunələr daxil etmək istərdim.
Hesab edirəm ki, lüğətin elektron versiyasının yaradılması da çox faydalıdır. Bu gün insanlar, xüsusilə gənclər, dil materiallarından elektron formatda getdikcə daha çox istifadə edirlər. Belə versiya daha geniş auditoriyanı əhatə etməyə və Norveçdə Azərbaycan dilinin populyarlaşdırılmasına və öyrənilməsinə töhfə verəcək. Ümid edirəm ki, hazırkı nəşr gələcək iş üçün əsas olacaq və zaman keçdikcə lüğət genişləndiriləcək və təkmilləşdiriləcək.

- “Azərbaycan-Norveç lüğəti” sizin ilk işiniz deyil. Əvvəllər hansı kitabları nəşr etdirmisiniz və hazırda hansı layihə üzərində işləyirsiniz?
- Bundan əvvəl ABŞ-də “Müasir Azərbaycan nəsri” və “Müasir Azərbaycan qadın nəsri” antologiyalarını hazırlayıb nəşr etdirmişəm, Bakıda isə “Güney Azərbaycan nəsri” antologiyasını, həmçinin “Ana dili - milli varlığın təməli” və “Yeni dünya nizamı və Cənubi Azərbaycan problemi” adlı məqalələr toplularını çap etdirmişəm. “Müasir Azərbaycan nəsri” antologiyası müxtəlif redaktələrdə iki dəfə nəşr olunub.
Hazırda “Cənubi Azərbaycan problemi və Türk dünyası” adlı elmi məqalələr toplusunu nəşrə hazırlayıram. Burada Cənubi Azərbaycan məsələsinə Türk dünyasının tarixi, siyasi, mədəni və mənəvi birliyi kontekstində xüsusi diqqət yetirilir. Tədqiqatlarımda Cənubi Azərbaycanın xüsusi yer tutması tamamilə təbiidir. Mən Azərbaycanı vahid bir bütöv kimi qəbul edir və onu Türk dünyasının bir hissəsi kimi nəzərdən keçirməyin düzgün olduğunu hesab edirəm.
- Sonda daha bir mövzuya toxunmaq istərdim. Bilirəm ki, Norveçdəki Azərbaycan diasporunun fəaliyyətində fəal iştirak edirsiniz. Bu işdə hansı vəzifələri daha vacib hesab edirsiniz?
- Bizim əsas məqsədimiz Norveçdə yaşayan azərbaycanlıları birləşdirmək, milli və mənəvi dəyərlərimizi qorumaq, eləcə də Norveç cəmiyyətini Azərbaycanın zəngin tarixi, mədəniyyəti, adət-ənənələri ilə tanış etməkdir. Lakin diasporun fəaliyyəti yalnız soydaşlarımızın birləşdirilməsi deyil, həm də Azərbaycan kimliyinin qorunmasıdır.
İl ərzində müxtəlif mədəni proqramlar, görüşlər və tədbirlər keçiririk. Milli bayramlara xüsusi diqqət yetirir, Novruzu, 8 Noyabr - Zəfər Gününü qeyd edirik. Həmçinin 20 Yanvar faciəsi və Xocalı faciəsi də daxil olmaqla, əlamətdar tarixlərə həsr olunmuş tədbirlər keçirir, həlak olanların xatirəsini yad edirik. Milli bayramları və əlamətdar tarixləri Azərbaycandan uzaqda qeyd edərkən uşaqlarımızı xalqımızın tarixi, mədəniyyəti, milli və mənəvi dəyərləri ilə yaxından tanış etməyə çalışırıq. Norveçdə böyüyən gənc nəslin öz köklərini bilməsi və Azərbaycanla əlaqəsini qoruyub saxlaması bizim üçün vacibdir.
Vətəndən kənarda yaşayan hər bir insanın mənəvi borcu tərk etdiyi ölkəni unutmamaq, onunla əlaqəni qoruyub saxlamaq və gənc nəsli də bu ruhda tərbiyə etməkdir.
Bu gün, 10:46
15