
Üç il olardı ki, ayağının biri ambutatsiya olduğundan evdən çölə çıxmağa çətinlik
çəkirdi. Nüsrət müəllim xəstəxanadan çıxandan sonra çətinliklə də olsa özü bir-iki dəfə liftlə
aşağı düşüb, binalarının yaxınlığındakı mağazadan lazım olan xırda ərzaqları alaraq güc-bəla ilə
evə qayıtmışdı. Amma indi evdən çıxmağa daha nə halı, nə də ki, həvəsi qalmışdı. Həyat yoldaşı
Güləndamın hələ dörd il bundan qabaq ürək çatışmamazlığı nəticəsində qəfil dünyasını
dəyişməsindən sonra, gümanı həftədə iki dəfə ona baş çəkməyə gələn “sobez” işçisinə qalmışdı.
Dövlət Sosial Müdafiə Fondu tərəfindən ona ayrılan işçinin qayğıkeş, səliqəli, təmizkar, ən
başlıcası isə doğru-dürüst birinin olmasına görə hər axşam Allaha təşəkkür edirdi. “Sobez işçisi”
hər gələndə onun üçün iki-üç günlük zəruri ərzaq mallarını mağazadan alıb soyuducuya
yerləşdirirdi. Ehtiyac olanda aptekdən iynə-dərmanları da alıb gətirir və hətta evin səliqə-
səhmanına da əl gəzdirirdi. Həftədə bir dəfə kişinin əynindən çıxan dəyişəkləri, iki hətədən bir
isə yataq ağlarını paltaryuyan maşınından çıxardıb qurutmaq üçün eyvandakı ipə sərər, qurumuş
paltarları ehtiyac olanda ütüləyib dolaba yığardı. Sonda aldığı ərzaqlardan iki-üç günlük iki cür
şorba bişirib soyuducuya qoyar və gəlməyəcəyi günlərdə xörəklərin mütləq yeyilib qurtarmasını
ona tapşırardı. Artıq uzun müddət “xəstə və tənha qocalara xidmət” sahəsində işləyən və öz
işinin peşəkarı olan bu qadının 42 yaşı olmasına baxmayaraq, xarici görünüşündən 50-55 yaşı
olan kimi görünürdü. Qara örpəyinin altından görünən ağappaq saçları qarabuğdayı üzünə çox
yaraşırdı. Qara rəngli paltarlar onun qarderobunda üstünlük təşkil edirdi. Geyindiyi paltarların
çox hissəsi nimdaş olsa da, yaraşıqlı bədən qurluşuna malik olduğundan qadının əynində səliqəli
görünürdü. O, əl kremindən başqa heç bir kosmetikadan və ya hansısa bəzək-düzəkdən istifadə
etmirdi. Danışdıqca səsi məlahətli, sözləri aydın, səs tembiri səlis də və gümrah eşidilirdi,
insanın qulağını yormurdu. Bir sözlə adama əsli-nəcabəti olan kübar qadın təsiri bağışlayırdı.
Yoxsa, bəzi iş yoldaşları kimi sızlayıb mızıldayaraq qulluğunda durduğu hansısa qoca və ya
yataq xəstəsinin əzizlərinin zəhləsini tökmür, görməli olduğu işlər üçün əlavə “hörmət” tələb
etmirdi. Lələtəpə yüksəkliyinin azad olunması uğrunda gedən ağır döyüşlərdə yeganə oğlunu
itirən Qaragilənin dərdi içini dağıtsa da, üzdə özünü nikbin aparır, başını dik tutaraq yaşamağa
və işləməyə davam edirdi. Evdə 14 və 16 yaşlı iki məktəbli qızları ilə şəhərin mərkəzindən xeyli
aralı qaldıqları bir otaqlı gecəqonduda rahat və mehriban dolandıqlarını söyləyər, söhbət
əsnasında bəzən heç kimə və heç nəyə ehtiyaclarının olmadığını deyərdi. Torpaqlarımızın
işğaldan azad olunması uğrunda gedən 44 günlük Vətən müharibəsində erməni faşistlərinin
üzərində qələbə çalmağımız onun da hamı kimi çoxdankı arzularının çin olacağına, yaxın
vaxtlarda doğma Şuşasına, doğma evinə qayıdacağına gümanını artırmışdı. Ən böyük arzusu
əzizlərinin orada qalan məzarlarını ziyarət etmək idi. Görəsən ordakı məzarları uçurtmayıblar ki?
Daşı-daş üstündə qoymayan ağzın ermənilər görən qəbirstanlığı şumlamayıblar ki?..
Tez-tez Şuşada keçən uşaqlıq və gənclik illərindən söhbət açardı. Hərdən oğlu haqqında da
maraqlı xatirələrini danışmağı sevər, onun uşaq vaxtı elədiyi dəcəllikləri yada salıb gülümsəyər,
sonra üzünü yana çevirib gözlərinin yaşını Nüsrət müəllimdən gizlətməyə çalışardı. Bəzən
söhbət əsnasında avtomabil qəzası nəticəsində dünyasını dəyişən həyat yoldaşı Qaraxanı da
hörmətlə xatırlayar, sonda onun da ruhuna dua edib salavat çevirərdi.
Nüsrət müəllim də Qaragilənin söhbətlərinə həmişə həvəslə qulaq asar, onu dinləməkdən
yorulmazdı. Qaragilənin növbəsi olan günləri sanki kişinin “çiçəyi çırtlayar”, ağrılarını az da
olsa unudardı, elə bil rəngi də açılardı. Həmin günü axşama qədər kişi özünü yaxşı hiss edər,
yeməyini az da olsa iştahla yeyər, dərmanlarının içmək vaxtına ciddi nəzarət edərdi. Çox vaxt
mətbəxdə iş görən Qaragiləyə mane olmamaq üçün qonaq otağına çəkilib sakitcə televizora
baxar və ya kitab oxuyardı. Mənzilin qonaq otağının bir divarı başdan-başa kitab rəfi idi.
Rəflərdə səliqə ilə yığılmış kitablar arasında milli yazarlarımızdan tutmuş avropa və dünya
klassiklərinin əsərlərinə qədər hamısına rast gəlmək mümkün olardı. Kitab rəflərinin orta
gözündə isə yan-yana düzülmüş on dörd bədii kitab onun öz yaradıcılığının məhsulu idi.
Sonuncu hekayələr kitabı düz bir il bundan qabaq işıq üzü görmüşdü. Artıq yazmağa nə fiziki
imkanı, nə də ki, həvəsi vardı. Düzünə qalsa zəhrimara qalmış şəkəri də ona yaradıcılıqla məşqul
olmağa imkan vermirdi. Ayağının ambutasiya olunmasının əsas səbəbi də elə qanda şəkərin
artması olmuşdu. Nə vaxtsa ayaq dırnaqlarını tutan zaman ehtiyatsızlıq səbəbindən barmağının
mayasını kəsmiş, sonradan yaranın gec sağalmasına məhəl qoymamışdı. Diqqətsizlik və
səhlənkarlıq səbəbindən açıq yaraya infeksiyanın düşməsi sonda, sağ ayağında qanqrenanın
əmələ gəlməsi ilə nəticələnmişdir. Son vaxtlar ürəyi də sözünə baxmırdı. Bütün bunlar azmış
kimi qan təzyiqi də təzə peyda olmuşdu, bu da tez-tez baş ağrılarının olması ilə özünü göstərirdi.
Bütün bunlara baxmayaraq şirniyatsız keçinə bilmirdi. Hərdən qapıbir qonşunun oğlunu paxlava
almaq üçün mağazaya göndərirdi. Həmişə də altı dilim paxlava aldırardı və gündə birini yeməklə
gözünün qurdunu öldürmüş olsa da, axşamlar əziyyət çəkəndə bir daha paxlava aldırmayacağını
özünə söz verirdi. Bir həftə keçəndən sonra isə yenidən, “Eh, bir dəfə yeməklə nə olasıdır ki? Bu
dəfə də yeyim, vəssalam, bu sonuncudur!”deyib, özünə ürək-dirək verirdi. Çox vaxt paxlavanı
aldırıb, Qaragilə görməsin deyə, öz çarpayısının yanındakı tumbuçkasında saxlayırdı. Elə yerdə
paxlavanın gizlədilməsi heç kimin ağlına gəlməzdi, o ki ola şəxsi saxlanc yerlərini eşələməyi
sevməyən Qaragilənin. Axı, Qaragilə paxlavanı görəndə yeyilməsinə imkan vermirdi, əks
təqdirdə “sabahdan mənim yerimə başqa qadın gələcək”, deyərək nimçəni Nüsrət kişinin
qabağından yığışdırırdı. Nüsrət kişi də nədən onun belə “şantaj”larına dözürdü, heç özü də
anlamırdı. Amma həmişə Qaragilənin elədiklərinin üstündən gülümsəməklə keçirdi və “nə
edirsə, mənim sağlamlığım üçün edir” deyə, öz-özünə mızıldanırdı.
Artıq təxminən üç ilə yaxın olardı ki, Qaragilə bu evə gəlib-gedir, həvəslə Nüsrət
müəllimə qulluq edirdi. Bu müddət ərzində nəinki o, elə Nüsrət kişinin özü də ona çox
öyrəşmişdi. Son vaxtlar hava xoş olanda bazar və ya bayram günləri Qaragilə qızlarını da özü ilə
gətirirdi. O, Nüsrət kişini arabasına otuzduraraq liftlə aşağı endirər, ehmalca itəliyərək arabanı
yaxınlıqdakı parka aparmalarını qızlarına tapşırırdı. Qızlar da Nüsrət kişinin qulluğunda həvəslə
dayanır, onun maraqlı söhbətlərini dinləyərək parkı dolaşırdılar. Parkda keçirdikləri iki-üç saat
ərzində o, qızlara Əziz Nesinin, Dostayevskinin, Çexovun və başqa yazıçıların hər hansı bir
hekayəsini danışıb qurtarandan sonra evə qayıdırdılar. Bu vaxt ərzində Qararagilə həm evləri
yığışdırıb qurtarır, hələ xörək bişirərək nahar süfrəsini açmağa da imkan tapırdı. Belə günlərdə
onların da süfrə başında əyləşib, naharı onunla birgə etmələrini Nüsrət kişi israrla rica edirdi. Bu
ritual get-gedə artıq bir ailə ənənəsinə çevrilirdi. Belə hallarda Nüsrətin əhvalı çox yüksək olurdu
və bu xoş ünsiyyət Qaragilənin də ovqatında özünü biruzə verirdi. Artıq demək olar ki, biri
digərinin xasiyyətlərini tam öyrənmiş, çox vaxt susmaqla da bir-birilərini anlayırdılar. Ən
başlıcası isə Nüsrət kişi Qaragiləyə ehtibar edir, ona inanır və onunçün darıxırdı. Bu hal sonda
bir neçə gün bundan qabaq evin açarlarını ona təqdim etməsi ilə nəticələndi və bunu “birdən
sənin üzünə qapını açmağa imkanım olmayanda evə daxil olmağın problem olmasın”, kimi fikiri
ilə əsaslandırdı. Açarları Qaragiləyə təqdim edəndən sonra, Nüsrət kişidə daxili rahatlıq əmələ
gəlmişdi, hətta özünü azacıq da olsa xoşbəxt hiss edirdi. Yeməyini, dava-dərmanlarını vaxtlı-
vaxtında qəbul eləməsini, şirin şeylərdən qəti olaraq uzaq durmasını tələb etməsi baxımından
Qaragilə ona həyat yoldaşı Güləndamı xatırladırdı. Eləcə mehriban, eləcə qayğıkeş, bəzən də
eləcə ötkəm ...
...Düz beş il bundan qabaq Nüsrət müəllimin 70 illik yubileyini sakit şəraitdə elə
evlərində keçirməyi qərara alanda şair Xəlil Dumanlını və tərcüməçi Fazil Sayadoğlunu da
xanımları ilə birgə məclisə dəvət etmişdilər. Böyük və yaraşıqlı qonaq otağında keçirilən
xüdmani məclisə Nüsrət müəllim tərəfindən dəvət olunan daha iki nəfər iş yoldaşı da təşrif
buyuracaqdılar. Onlar Nüsrət müəllimin işlədiyi universitetin professorları idilər.
İlk olaraq məclisə əllərində böyük gül buketi tutan şair dostu Xəlil Dumanlı xanımı ilə
birlikdə gəldi. Heç iki dəqiqə keçməmiş qapı yenidən döyüldü, Nüsrət müəllim eyni sevinclə də
qapıda görünən professor dostlarını da qarşılayıb masaya dəvət etdi. Sonra əllərində böyük tort
tutmuş Fazil müəllim xanımı ilə mənzilə daxil oldular. Vurmağa özünə yoldaş olacağını
gördükdə bayaqdan yerində sakitcə oturan Xəlil Dumanlının kefi açıldı. Axı, son on il olardı ki,
həkimlərin qəti göstərişləri və qadağaları sayəsində dostu Nüsrət müəllimin içkidən
uzaqlaşdığını bilirdi. Onsuz da gəncliyindən içkiyə elə də alüdə olmayan Nüsrət müəllim
həkimlərin qadağalarına ciddi əməl edirdi, amma bir şeydən başqa. Yüksək şəkərinin olmasına
baxmayaraq imkan olanda və ya süfrədə qabağına çıxanda, bəzən də küçədə getdiyi yerdə
kafelərin birinə daxil olub bir dilim paxlava ilə çay içməyi heç cürə özünə tərgitdirə bilmirdi.
Napalyon tortu üçün isə lap ürəyi gedirdi. Tortu görəndə nimçənin dibini “yalayıb” qurtarana
qədər şəkər xəstəsi olduğunu unudurdu, elə iştahla yeyirdi ki... Sonra da səhərə qədər əziyyət
çəkdiyini xanımından gizlətməyə çalışsa da, mümkün olmurdu. Hər yarım saatdan bir mətbəxə
gedib yanğısını su ilə söndürür, elə həmin sayda da ayaqyolunun qapısını cırıldadırdı.
Güləndamın - “şəkərin niyə qalxıb, yenə nə yemisən?” sualına isə, “şirin şey yeməmişəm, yəqin
havadandır” deyib, ciddi-cəhdlə yediklərini qəti olaraq boynuna almırdı. Ümumiyyətlə, Nüsrət
müəllimin evində söz-söhbət ancaq onun şirin şeylər yeməyinin üstündə düşürdü. Yoxsa, şəhərin
mərkəzində yerləşən üç otaqdan ibarət geniş evdə nələri əskik idi ki?! Belə vaxtlarda bu
topdağıtmaz evdə yüksəkdən çıxan ancaq Güləndamın səsi olurdu. O da nə edirdisə, canından
çox sevdiyi ərinin sağlamlığının qayğısına qalmaq üçün edirdi. Onun yediyini-içdiyini imkan
qədər nəzarətdə saxlamağa çalışan arvadı, Nüsrət müəllimi nə qədər danlasa da xeyri olmurdu.
Axşamlar yenə də narahatçılıq keçirəcəyini nəzərə almayan Nüsrət, Güləndamın gözündən
yayınan kimi cibində gizlincə gəzdirdiyi şokaladlı konfeti ağzına ataraq oğrun-oğrun çayını
içirdi. Şəkərinin qalxmasından narahat olduğu vaxtlarda xanımı başını bulayaraq çarpayısından
ayağa qalxar, insulinini vurandan sonra yarım stəkan abqoraya su qatıb ona içizdirər və haqlı
olaraq da deyinərdi:
-A kişi, sən kimi aldadırsan? Sən bu şirniyyatı yeməsən, şəkərin niyə qalxsın ki? Heç
havadan da şəkər qalxar? Özün bilərsən a kişi, canıva yazığın gəlsin. Allah eləməmiş şəkər
gözüvü kor eləsə, uzaq olsun, böyrəyin dialez olsa, dilim qurusun, birdən ayağını qanqrenadan
kəssələr, bəs onda necə olacaq? Sənə kim baxacaq, ay yetim, heç bunu fikirləşmisənmi? Vallah
heç kim sənə baxmayacaq!
-Sən baxacaqsan, aşqım! Mən ancaq səni sevmişəm və ölənə kimi də sevəcəm! Mənim
səndən başqa kimim var ki, ay arvad?! – Nüsrət kişi gülərək dillənərdi.
Güləndam da ümidsiz halda başını yellədərdi:
-Heç indi bu gündən sabaha ehtibar yoxdur. Bu zəhrimara dönmüş xəstəliklər o qədər
cavanlaşıb ki, bu gün görüşdüyün adamın sabah dünyasını dəyişdiyini eşidirsən. Mənə bel
bağlama, a kişi. Son vaxtlar ürəyim də mənə qarşı “namərdlik” eləyir. Mən də bu gün varam,
sabah yox. Öz sağlamlığının qayğısına özün qal ki, sonra heç kimə möhtac olmayasan. İlk olaraq
özünü sev, özünü sevməyən və öz sağlamlığının qayğısına qalmayan insanın, başqasını sevməyi
inandırıcı deyil. Eh... zamanında Allah bizə bir övlad da vermədi ki, heç olmasa qoca
vaxtımızda bizə baxsın... Bəxtimiz olsaydı uşaq evində böyüməzdik ki?!...
Havanın qaralmasına baxmayaraq məclis hələ də davam edirdi. Məclisi şənləndirən şair
Xəlil Dumanlı maraqlı tostlardan başqa, arada öz şeirlərindən də söyləyirdi. Bir sözlə masanın
üzərində olan araq butulkaları boşalıb qurtarandan az sonra şairin də səsi yavaş-yavaş eşidilməz
oldu. Qadınlar stolun üstünü yığışdırıb çay süfrəsinə hazırlıq görməyə başladılar. Stolun baş
tərəfində əyləşən Nüsrət müəllim həsrətlə tortun gəlməsini gözləyirdi. Bilirdi ki, arvadı
Güləndam bir belə qonaqların qabağında tortu yeməməyi ona qadağan edə biləcək hünərə malik
deyil. Üstü şamla bəzənmiş tortu masaya gətirdikdən sonra Fazil müəllimin xanımı şamları
yandıraraq Nüsrət müəllimi öz yanına səslədi. Alqış sədaları altında Nüsrət müəllim ona
yaxınlaşıb yanan şamları üfürərək söndürdü və yenidən öz yerinə qayıtdı. Güləndam tortu özü
doğrasa da, dilimləri nimçələrə qoyub paylayan şairin xanımı idi. O, ilk nimçəni etiketə uyğun
olaraq yubilyarın qabağına qoymaq istəyirdi ki, Güləndam gülümsəyərək dilləndi:
-A bacı, Nüsrət müəllim nəinki tort yemir, heç ümumiyyətlə şirin olan heç nəyə gözünün
ucu ilə də baxmır. O, şəkər həkiminin qadağasına ciddi əməl edir.
Xanım üzürxahlıq edirmiş kimi gülümsəyərək dinməzcə əlindəki nimçəni öz ərinin
qabağına qoydu. Çay süfrəsi də hardasa bir saat çəkdi. Hamı danışır, deyir-gülür, təkcə Nüsrət
müəllim üzündə süni gülüş olmaqla fikirli və yorğun görünürdü. Özündən asılı olmayaraq
qonaqlar tərəfindən ağıza qoyulan hər bir tort tikəsi ilə dolu olan qaşığı aralıdan gözü ilə
müşayiət eləmək artıq onu bezdirmişdi. Bu əsəbi prosesin tez başa çatması üçün Nüsrət
qonaqların getmələrini səbirsizliklə arzulayırdı. Bir qədər sonra qonaqlar getməyə hazırlaşanda
hələ tortun demək olar ki, toxunulmamış kiçik bir hissəsi süfrədə qalırdı və bu da onu
sevindirirdi. Qonaqlar dəhlizdə ayaqqablarını geyinməyə başlayanda Güləndam hamının
eşidəcəyi səslə kənardan onları süzən ərinə qayğıkeşliklə səsləndi:
-Nüsrət müəllim, pencəyini at çiynivə, sən də düş həyətə, həm qonaqları ötür, həm də bir
az gəziş kolorin azalsın.
Heç bir söz demədən Nüsrət pencəyini geyinib, ürəyində deyinə-deyinə qonaqlarla
birlikdə həyətə endi. Maşınların yanına çatanda professor dostları və Fazil müəllim onunla
xudahafisləşib hərəsi öz maşınlarına oturub getdilər. Maşınının qapısını açmaqda çətinlik çəkən
şair Xəlil Dumanlının halının dumanlı olması artıq kənardan daha aydın görünürdü. Məclisin
gözəl təşkil olunmasından xeyli razılıq bildirəndən sonra, yubiley münasibəti ilə Nüsrət
müəllimə bir şeir ithaf edəcəyinə də söz verdi. Qapını açıb maşına oturandan sonra başını
pəncərədən bayra çıxardıb dünən axşam yenicə yazdığı şeirlərindən birini əzbərdən söyləməyə
başladı. Onun bu halda maşını necə sürəcəyi yanında şəstlə əyləşən arvadını deyəsən heç narahat
da eləmirdi. Artıq iyirmi dəqiqə olardı ki, Nüsrətin özü şairin yanında olmasına baxmayaraq,
fikri süfrədəki tort parçasının yanında idi. Nəhayət, xanımının təpkisindən sonra şair başını içəri
salıb, sağollaşmadan maşınını sürüb getdi.
Nüsrət mənzilə daxil olanda artıq arvadı süfrəni yığışdırmış, qonaq otağını səliqəyə
salmışdı. Elə bil bayaqdan bu otaqda heç bir tədbir keçirilməmişdi. Nüsrət qonaq otağının işığını
söndürüb mətbəxə keçdi. Arvadı yuyulmuş qabları qurulayıb hərəsini öz yerlərinə yığmaqla
məşqul idi. Nüsrət nə masanın, nə də ki, mətbəx mebelinin üzərində tort nimçəsini görməyib
məyus oldu. Arvadının nimçəni soyuducuya qoyduğunu düşündü, amma onun yanında əlini ora
uzatmağa utandı. Həm də mənası yox idi, onsuz da yeməyə imkan verməyəcəkdi. O, yenidən
qonaq otağına qayıdıb televizoru işə saldı. Ekranda ona maraqlı gəlməyən xarici filim gedirdi.
Başqa əlacı yox idi, baxmalıydı, arvadının mətbəxdən çıxıb yatmağa gedəsi vaxta qədər oturub
gözünü ekrana zilləməyə məhkum idi. İyirmi dəqiqədən sonra arvadı işini qurtarıb, mətbəxin
işığını söndürərək ərinin yanına gəldi:
-Yatmaq istəmirsən?
-Yox, sən get yat. Maraqlı kino gedir, qurtarsın gələcəm.
Güləndam heç bir söz demədən sakitcə yataq otağına keçdi. Yerinə uzanıb gecə
lampasının altında kitab oxumaq onun tələbəlik adəti idi. Nə qədər yorğun olsa da hər axşam
yatmazdan qabaq 5 – 10 səhifə oxumasaydı yuxulaya bilməzdi. Nüsrətin isə bir gözü televizorda,
bir gözü yataq otağına sarı idi. Arvadının işığı söndürüb yuxuya getməsinə qədər maraqsız və
çox primitiv tərcümə olunan filmə baxmaq artıq onu əsəbləşdirirdi. Nəhayət saat 01-30
radələrində arvadı işığı söndürdü. Nüsrət tələsməməyə, arvadının tam yuxuya getməsi üçün ən
azından daha 10 dəqiqə gözləməyi qərara aldı. Bu vaxt ərzində kino da sona çatdı. Qonaq
otağının işığını söndürdükdən sonra o, əl telefonunun fənərini yandırıb barmaqlarının ucunda
mətbəxə keçdi. Həyacanla soyuducuya yaxınlaşdı, qapısını ehmalca açdıqda gördüyündən çaşıb
qaldı. Soyuducuda tort yox idi. Axı, arvadı bu dolu nimçəni hara qoya bilərdi? Ehtiyatla mətbəx
mebelinin bütün dolablarını bir-bir yoxladı. Gümanı eyvanda olan boş banka-balon yığılan şkafa
gəldi. Düzdür, xırda qarışqaların əlindən ora heç vaxt ərzaq qoyulmadığını bilsə də, yenə də
yoxlamağı qərarlaşdırdı. Fənərin işığı altında oranı da diqqətlə nəzərdən keçirdi, tortun heç izi-
tozu da yox idi. Eyvanın qapısını yenə də ehmalca bağlayıb mətbəxə qayıdaraq stulun üstündə
əyləşdi. Yorğun olsa da qızarmış gözlərində azacıq da olsa yuxu əlaməti hiss olunmurdu. Artıq
həyacanlanırdı, son gümanı giriş qapısının blok tərəfdən divardan asılmış zibil salafanına qalırdı.
Barmaqlarının ucunda qapıya yaxınlaşdı. Qapını açıb bloka çıxdı, blok qaranlıq olsa da telefonun
fənəri buranı əməllicə işıqlandırırdı. Fənərin işığını torbanın içinə saldı, dişlənmiş xırda ət-çörək
tikələrindən, çox da iri olmayan sümük parçalarından və işlənərək əzilmiş yağlı kağız
siləcəklərdən başqa gözünə heç nə dəymədi. Birdən arxadan gələn şıqqıltı səsi onu diksindirdi.
Telefonun işığını səs gələn tərəfə çevirdi. Tortun boş kardon qabının içini yalayan qara pişiyi
gördükdə bir balaca özünə gəldi. Sakit səslə - “Tfu sənə, elə bildim arvaddır, qorxutdun məni!”
deyib, içəri keçdi, qapını ehmalca bağlayaraq yenidən mətbəxə qayıtdı. Stul çəkib oturdu,
əsəbindən qaranlıq mətbəxin divarında bərq vuran mobil telefonun işığı ilə uşaq kimi
məzələnməyə başladı. Birdən gözü fənərin işıqları altında parlayan mikrodalğalı sobaya sataşdı.
Axı, necə olmuşdu ki, bunun içinə baxmaq onun ağlına gəlməmişdi? Bu onun son ümidi idi. Tort
burdan da çıxmasa, daha heç nə... Son olaraq özünü toplayıb ayağa qalxdı və mikrodalğalı
sobaya yaxınlaşdı. Sobanın qapısını açdıqda tort nimçəsini orada görcək gözləri işıqlandı.
Əslində həyacandan mətbəxin işığının yanmasına də əhəmiyyət vermədi. Nimçəni stolun üzərinə
qoyub elə qaşığı əlinə almaq istəyirdi ki, arvadının uzun gecə paltarında əllərini qoynuna
qoyduğu halda mətbəxin qapısına söykənib yazıq-yazıq ona tamaşa etdiyini gördü ...
Həmişəki kimi səhər saat 10-00-da Qaragilə qapının zəngini basdı. Daha iki dəfə zəngin
düyməsini basdıqdan sonra qapının açarını çıxartmaqdan ötəri sumkasını eşələməyə başladı. Bu
vaxt qonşunun qapısı açıldı. Qapıbir qonşuluqda yaşayan xanım əlindəki bağlı zərfi Qaragiləyə
uzadaraq dilləndi:
-Salam xanım. Axşam saat 12 olardı Nüsrət müəllimi xəstəxanaya apardılar. O bizə zəng
edib yoldaşımı evə çağıranda saat heç səkkiz olmazdı. Hə, olmazdı, çünki “Günün ekranı” hələ
başlamamışdı. Qapı örtülü olsa da içəridən kilidlənmədiyindən yoldaşımla birlikdə mən də içəri
keçdim. Kişinin vəziyyəti heç xoşa gələn deyildi. İnsulin iynəsini soyuducudan gətirilməsini
xahiş etdi. Gətirib verdik, özü iynəni qoluna vurandan bir qədər sonra, elə bil toxtadı. Amma
vəziyyətinin ağır olması rənginin ağappaq olmasından da məlum olurdu. Nəfəs almağı getdikcə
çətinləşsə də, həkim çağırmağa razılıq vermirdi. Kitab rəfində yerləşən özünün sonuncu
hekayələr kitabını gətirməyi məndən xahiş etdi. Kitabın içindən bu ağzı bağlı zərfi götürüb, sənə
çatdırmağı xahiş etdi. Az sonra halı qəfil dəyişdi. Kişi elə bil boğulurdu, gözləri bərəlmiş halda
yerində çabalayırdı. Biz artıq düşünmədən təcili yardıma zəng vurduq. Yaxşı ki, onlar da tez
özlərini çatdırdılar. Vəziyyətin ağır olduğunu deyib, onu xəstəxanaya apardılar.
-Bəs niyə mənə axşamdan xəbər eləmədiniz? Bilmirsiz hansı xəstəxanaya apardılar,
həkimlər demədilərmi?
Qadın nəyisə yadına salırmış kimi:
-Hə, dedilər, təcili yardım xəstəxanasına.
Qaragilə taksi ilə özünü xəstəxanaya çatdırdı. Xəstəxananın qəbul şöbəsindən Nüsrət
müəllimin ağır vəziyyətdə gətirildiyini və hal-hazırda üçüncü mərtəbədəki reanimasiya otağında
yerləşdirildiyini öyrənib liftin enməsini gözləmədən pilləkənlərlə yuxarı qalxdı. Reanimasiya
otağına yaxınlaşanda ordan çıxan həkim maraqla onu süzərək dilləndi:
-Siz təsadüfən Qaragilə xanım deyilsiniz ki?
Qaragilə daha da həyacanlandı, bu həkim mənim adımı hardan bilir, deyə düşündü:
-Yəqin bilirsiniz ki, xəstə bizə çox ağır vəziyyətdə daxil olub. Bir-iki dəfə “Qaragilə”
dedi və qəfildən komaya düşdü. Biz bütün gecəni səhərə qədər çalışsaq da, əlimizdən gələni
etsək də onu həyata qaytarmağa nail ola bilmədik. Allah yoldaşınıza rəhmət eləsin! Allahdan
sizə səbr diləyirəm. Möhkəm olun!
Həkim divara söykənərək ağlayan Qaragiləni sakitləşdirməyə çalışdı:
-Ağlamayın xanım, bir az səbrli olun. Mən sizə bir şeydə kömək edə bilərəm. Əgər indi
yoldaşınızın meyitini xəstəxanadan çıxardıb evə aparmasanız, bir saatdan sonra yarılmaq üçün
onu “morqa” göndərəcəklər.
Qaragilə son üç ildə ona çox əziz olan adamını itirmişdi. O, heç nə dərk etmir, həkimin
söylədikləri ona çatmırdı:
-Siz tək gəlmisiz, xanım? Gəlin onda belə edək. Siz indi təcili gedin evə, mənzili
hazırlayın. Yarım saat sonra mən təcili yardım maşını ilə yoldaşınızın meyitini evinizə yola
salacam.
Həkim Qaragiləni liftə qədər ötürüb, özü geri döndü. Qaragilə yenidən taksiyə minib
Nüsrət müəllimin nənzilinə qayıtdı. Açarla qapını açıb özünü güclə mətbəxdə olan stulun üstünə
saldı. Başı dumanlı idi, heç nə dərk eləmirdi. Stolun üzərindəki nimçənin içində iki dilim paxlava
vardı. Dişlənmiş üçüncü paxlava tikəsi isə çay stəkanı olan nəlbəkinin içində idi. Bütün bunları
görəndə onu hönkürtü ilə ağlamaq tutdu. Qaragilə bir stəkan su içib çantasındakı məktubu
çıxartdı, tələsmədən zərfi açıb ağlaya-ağlaya oxumağa başladı; “Əzizim Qaragilə. Nə vaxtsa sən
bu məktubu açıb oxuyanda mən artıq həyatda olmayacam. Mən bir vaxtlar evimdə səni adi
“sobez” işçisi kimi qarşıladım. Amma sonra sənin mənə qarşı təmənnasız xidmətin, insan kimi
rəftarın məni bu qənatə gətirdi ki, mən bu addımı atım. Sənə demişdim axı, biz Güləndamla
uşaq evində tanış olmuşuq və o gündən də onun ömrünün sonuna kimi bir-birimizdən
ayrılmamışıq. Amma sevgi ilə yaranmış bu ailənin uşaq dünyaya gətirmək, onların qayğısına
qalmaq, oxutmaq, vaxtı gələndə oğul evləndirib, qız köçürmək, sonra da bütün xoşbəxt baba-
nənələr kimi nəvə oynatmaq, onları sevərək əzizləmək və sonda bu dünyadan rahat və arxayın
köçmək kimi xoşbəxtlik bizə nəsib olmadı. Amma mən səni görəndən sonra özümü başqa bir
ampulada hiss elədim. Bu çox qəribə bir hiss idi ki, sən hər bizə gələndə mən o hissləri
keçirirdim. Həyatımın belə bir vaxtında bu hissi mənə yaşatdığına görə sənə minnətdaram.
Əziz qızım Qaragilə! Aşağıda yazdığım telefon nömrəsi küçəmizin sonunda yerləşən
notariusun nömrəsidir. Sən ən başlıcası özünü ələ al, darıxma. Sən igid, qəhrəman oğul və həm
də zəhmətkeş ər itirən bir qadınsan! Dəfnlə bağlı lazım olan bütün işlər bitəndən sonra həmin
nömrəyə zəng elə və mənim dünyadan köçdüyümü onlara söylə. Mən evimi, binanın altında
yerləşən qarajımı, maşınımı sənə vəsyyət eləmişəm. Vəsiyyətnamənin bir nüxsəsi komotun
içərisindədir. Komotun içində həm də sizin bundan sonra da hələ uzun müddət rahat yaşamağınız
üçün kifayyət qədər vəsait var. Bütün bunları məndən “atanın qızına verdiyi cehiz” kimi qəbul
elə. Halal xoşun olsun, qızım!”
Arif Ərşad
yazıçı, publisist.
Bu gün, 10:42
77