
Sumqayıt Dövlət Universitetində (SDU) yeni kadr təyinatı həyata keçirilib.
Sumqayit.tv xəbər verir ki, mayın 18-də universitetin rektoru, texnika elmləri doktoru, professor Nurəli Yusifbəyli yeni təyin olunan Rektor müşaviri Hüseynqulu Quliyevi kollektivə təqdim edib.
Təqdimat mərasimində universitetin professor-müəllim heyəti və struktur rəhbərləri iştirak ediblər.
Rektor çıxışı zamanı texnika elmləri doktoru, dosent Hüseynqulu Quliyevin uzun illər energetika sahəsində mühüm vəzifələrdə çalışdığını bildirib. Qeyd olunub ki, o, “Azərenerji” ASC-nin Azərbaycan Elmi-Tədqiqat və Layihə-Axtarış Energetika İnstitutunda direktor müavini vəzifəsində fəaliyyət göstərib, bir sıra iri enerji layihələrinin icrasında yaxından iştirak edib.
Bildirilib ki, Hüseynqulu Quliyev 2021-ci ildən Azərbaycan Texniki Universitetində Energetika və Avtomatika fakültəsinin dekanı vəzifəsində çalışıb. O, həmçinin çoxsaylı elmi-metodik işlərin, dərslik və monoqrafiyaların müəllifidir.
Professor Nurəli Yusifbəyli yeni təyin olunan Rektor müşavirinin Sumqayıt Dövlət Universitetində elmi və tədris sahəsində mühüm töhfələr verəcəyinə əminliyini ifadə edib, ona gələcək fəaliyyətində uğurlar arzulayıb.


Bu gün, 20:58
57