
Bəzən bir neçə saniyəlik söhbətin içində bütöv bir millətin duyğuları, bir dövlətin özünəinamı, bir liderin diplomatik məharəti və tarixdən gələn böyük bir yaddaş gizlənir. Bişkekdə Azərbaycan Prezidenti İlham Əliyevlə İran Prezidenti Məsud Pezeşkian arasında baş verən qısa dialoq bunun ən əyani təzahürü idi.
Söhbət ilk baxışda çox sadədir. Pezeşkiana İran nümayəndə heyətinin biri, stolun üstündə Azərbaycan içkiləri olsa da, Pezeşkiana “Borjomi” süzür. Pezeşkian suyu içmək istəyəndə İlham Əliyev isə səmimi şəkildə deyir:
- “Borjomi” də yaxşı sudur. Amma Azərbaycan suyundan da için.
Sonra diqqəti Azərbaycanın öz sularına yönəldir:
- “Badamlı” var, “İstisu” var. Əla “İstisu” var, özümlə gətirmişəm.
Adi bir söhbət kimi görünür. Amma deyil. Bu bir neçə cümlənin içində İlham Əliyevin dövlət başçısı kimi xarakterindən çox şey görünür.
Əvvəlcə o, “Borjomi”yə münasibət bildirir: "yaxşı sudur", - deyir. Bu kiçik detal əslində böyük diplomatik mədəniyyətin göstəricisidir. Qarşısındakı ölkənin məhsulunu, onun milli simvollarından birini kiçiltmədən öz ölkəsinin nemətini təqdim edir. Yəni Azərbaycanı göstərmək üçün başqasını kölgəyə salmağa ehtiyac duymur.
Sonra isə söhbəti Azərbaycanın özünə gətirir: “Azərbaycan suyundan da için...”
Bu cümlənin ardınca “İstisu”nun adını çəkməsi sadəcə bir mineral suyun reklamı deyil. Çünki söhbət hər hansı yerdən gələn sudan yox, Azərbaycanın tarixində xüsusi yeri olan Kəlbəcərin suyundan gedir.
Kəlbəcər...
Bu ad Azərbaycan üçün yalnız coğrafi məkan deyil. Bu ad illərlə həsrətin, ağrının, mübarizənin və nəhayət, Qələbənin yaddaşıdır. İşğal altında qalmış Kəlbəcər bu gün Azərbaycanın dövlət başçısının səyləri, rəhbərliyi və Ali Baş Komandanlığı ilə azad edilmiş torpaqlardan biridir. Və həmin torpağın qoynundan çıxan “İstisu” artıq sadəcə mineral su kimi deyil, azad edilmiş Kəlbəcərin nəfəsi kimi təqdim olunur.
İlham Əliyevin “özümlə gətirmişəm” deməsi də bu baxımdan xüsusi səslənir.
Sanki o, özü ilə yalnız su gətirməyib. Kəlbəcərdən bir parça gətirib.
İllərlə həsrəti çəkilən dağlardan, yenidən Azərbaycan bayrağının dalğalandığı torpaqlardan bir nişanə gətirib.
Bir vaxtlar işğal altında olan Kəlbəcərin suyunu bu gün beynəlxalq görüşdə İran Prezidentinin qarşısına qoymaq, əslində, Azərbaycanın keçdiyi yolun səssiz, amma son dərəcə təsirli nümayişidir.
Və bunu İlham Əliyev uzun nitqlə izah etmir.
Bir cümlə ilə göstərir:
“Əla “İstisu” var, özümlə gətirmişəm".
Bəlkə də həmin anın ən böyük gücü elə bundadır.
Çünki böyük siyasətin bəzən ən təsirli dili sadə cümlələrdir.
Amma bu dialoqun daha incə, daha düşündürücü bir tərəfi də var.
İlham Əliyev Pezeşkiana Azərbaycan suyunu təqdim edir. Azərbaycan dilində danışır. Qarşısındakı insan isə azərbaycanlıdır. Lakin o, eyni zamanda İran İslam Respublikasının Prezidentidir. Yəni beynəlxalq görüşdə öz dövlətini təmsil edən dövlət başçısıdır.
İlham Əliyev bu həssaslığı çox yaxşı bilir.
O, Pezeşkianın azərbaycanlı kimliyinə toxunur, amma onun İran Prezidenti statusunu bir an belə kölgədə qoymur. Azərbaycan dilinin doğmalığını hiss etdirir, amma bunu siyasi nümayişə çevirmir. Qarşısındakı insana öz kimliyini xatırladır, amma onu hər hansı seçim qarşısında qoymur.
Əsl diplomatik məharət də elə budur.
Yaxınlıq yaratmaq, amma həddi keçməmək!
Milli duyğunu ifadə etmək, amma qarşı tərəfi narahat vəziyyətdə qoymamaq!
Özünü göstərmək, amma başqasını kiçiltməmək!
Və sonra gözəl bir mənzərə yaranır.
Pezeşkian Azərbaycan dilində danışır.
İran Prezidentinin Azərbaycan dilində danışması həmin anı daha da mənalandırır. Çünki bu, sadəcə dil seçimi deyil. Bu, bir azərbaycanlı dövlət xadiminin öz doğma dilində, başqa bir dövlətin başçısı kimi, Azərbaycan Prezidenti ilə səmimi ünsiyyətidir.
Burada heç bir ziddiyyət yoxdur.
Əksinə, çox incə bir uyğunluq var.
Pezeşkian İran Prezidentidir və İran dövlətini təmsil edir. Eyni zamanda Azərbaycan türkü olaraq Azərbaycan dilinin doğmalığını da daşıyır. İlham Əliyev isə bu həssas məqamı elə ustalıqla yaradır ki, Pezeşkian Azərbaycan dilində danışarkən nə siyasi statusundan uzaqlaşır, nə də protokol baxımından narahat vəziyyətdə qalır.
Bu, məcbur edilən bir dil deyil.
Bu, təbii doğan bir yaxınlıqdır.
İlham Əliyev ona Azərbaycan dilində danışmağı əmr etmir, tələb etmir, xüsusi olaraq vurğulamır. Sadəcə, elə bir səmimi mühit yaradır ki, Pezeşkian özü də həmin doğma dilə keçir.
Və həmin anda dünyanın müxtəlif ölkələrində yaşayan azərbaycanlılar üçün tamamilə başqa bir mənzərə yaranır.
İki prezident.
İki dövlət.
Bir dil.
Biri müstəqil Azərbaycanın Prezidenti İlham Əliyev!
Digəri İranın Prezidenti, Azərbaycan türkü Məsud Pezeşkian!
Və hər ikisi Azərbaycan dilində danışır.
Bu, dünyanın hər yerində yaşayan azərbaycanlılar üçün təbii olaraq qürur doğuran bir mənzərədir. Çünki Azərbaycan dili yalnız Azərbaycan Respublikasının dövlət dili deyil, bu dil milyonlarla insanın ailəsindən, yaddaşından, nənəsinin-babasının danışığından, milli duyğusundan keçərək bu günə gəlib çıxan böyük mənəvi sərvətdir.
Bişkekdə həmin dil beynəlxalq diplomatiyanın yüksək səviyyəsində səslənir.
Həm də çox təbii şəkildə.
Sanki heç nə planlaşdırılmayıb.
Sanki bu, sadəcə iki insanın söhbətidir.
Amma bəzən ən böyük siyasi və mənəvi məqamlar məhz belə təbii görünür.
İlham Əliyevin davranışında diqqət çəkən başqa bir məqam da budur: o, milli qüruru diplomatik nəzakətlə birləşdirə bilir. “Borjomi”ni pisləmir. Gürcüstanın xətrinə dəymir. Əksinə, “Borjomi”nin yaxşı su olduğunu etiraf edir və yalnız bundan sonra Azərbaycanın suyunu təqdim edir.
Bu, kiçik görünən, amma böyük mədəniyyət tələb edən davranışdır. İlham Əliyevin bir neçə cümləlik söhbətdə yaratdığı diplomatik balans da məhz budur: həm Azərbaycanı göstərmək, həm Gürcüstana hörməti saxlamaq, həm də İran Prezidentinə ehtiramı qorumaq!
Bu qədər həssas məqamı bir neçə sadə cümləyə sığdırmaq isə təsadüfi bacarıq deyil.
Bu, dövlət adamının davranış mədəniyyətidir.
İlham Əliyev Azərbaycanın Prezidentidir. Onun üçün Azərbaycanı dünyaya tanıtmaq böyük siyasi missiyanın bir hissəsidir. Lakin bu tanıtım yalnız rəsmi çıxışlarda, beynəlxalq tribunalarda, böyük layihələrdə və siyasi bəyanatlarda baş vermir. Ən xırda, ən kiçik nüanslarda əyaniləşir. Bişkekdə gerçəkləşən dialoq məhz belə bir məqam idi. İki dövlət başçısı arasında insani və milli-mədəni bir yaxınlıq yarandı.
Və o yaxınlığın dili Azərbaycan dili oldu!
Elnarə Akimova,
Milli Məclisin deputatı,
YAP İdarə Heyətinin üzvü,
Filologiya elmləri doktoru
Bu gün, 15:44
11