
Buraxılış və qəbul imtahanlarına qanunsuz texniki vasitələrin keçirilməsi ilə bağlı cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.
Sumqayit.tv APA.Az-a istinadən xəbər verir ki, Gəncə Şəhər Məhkəməsində hakim Elçin Məmmədovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən Kamran Əsədov və Gündüz Abbasov ifadə veriblər.
Bildirilib ki, dövlət ittihamçısı, hakim və Dövlət İmtahan Mərkəzinin nümayəndələri onların ifadələri arasında ziddiyyətlər olduğunu qeyd ediblər. DİM nümayəndələri əlavə şahidlərin dindirilməsi ilə bağlı vəsatət də qaldırıblar.
Məhkəmə prosesi iyunun 11-də davam etdiriləcək.
İş materiallarına əsasən, ali məktəblərə qəbul və buraxılış imtahanlarında iştirak edən şəxslərə gizli texniki vasitələrdən istifadə etməklə qanunsuz köməklik göstərildiyi iddia olunur.
İstintaq zamanı müəyyən edilib ki, Sumqayıt şəhəri ərazisində Sənan Hüseynov tərəfindən xüsusi icazə olmadan gizli informasiya almaq üçün nəzərdə tutulmuş 31 ədəd texniki vasitənin satışı həyata keçirilib.
Toplanmış sübutlar əsasında bir neçə şəxsə Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə ittiham elan olunub.
Xatırladaq ki, Kamran Əsədov bu ilin yanvarın 23-də keçirilən məhkəmə prosesi zamanı həbs edilib.
Bu gün, 19:03
10