Qənirə Paşayeva ağır vəziyyətdədir, huşu özündə deyil, komadadır. Həkimlər onun həyatı üçün çalışır.Ötən gecə evində olarkən qəfildən bu vəziyyətə düşüb: TƏBİB açıqlamasında yazır ki, 03:01-də təcili tibbi yardıma çağırış daxil olub.
03:01-də...
***
Qənirə Paşayevanın xəstəliyi nədir? Niyə 48 yaşlı xanım deputat komaya düşür?
Məşhur həkim Rəşad Mahmudov bu gün dolayısı ilə buna işarə etdi: ağır iş rejimi, stressli həyat...
Qənirə Paşayevaya azdan-çoxdan bələd olanlar, onu tanıyanlar və yaxud mediadan izləyənlər yaxşı bilirlər: gecə-gündüz çalışır, görüşlər keçirir, kimsəni diqqətdən kənarda qoymamağa çalışır, yubileyində, ad günlərində kimsəni yaddan çıxarmır: Mədəniyyət Nazirliyinin “unutduğu” sənət adamlarını belə yad edir; hər kəsin, hamının yanında olmaq istəyir... Hətta dünyasını dəyişən böyük sənətkarların da anım-doğum günlərində xatırlayır və hər kəsə xatırladır...
Şəhid ailələrinə xüsusi diqqəti, onları az qala hər gün yoluxması, onların dərdini-ağrısını almağa çalışması, dinləməsi, arxa olmasınün özünün Qənirə xanıma nələrə başa gəldiyini təsəvvür etmək olar.
Hamının əlinin çatdığı, telefonunu heç vaxt dəyişməyən, hər kəsə açıq olan millət vəkilidir – təkcə seçildiyi dairə üçün yox, hər kəsə, hamıya dəstək olmağa tələsir, əlinin çatmadığına da səsini, ününü çatdırır.
Yüzlərlə, minlərlə şəxsin müalicəsində birbaşa rol oynayıb: həkimlər tapıb, xahiş edib, yerləşdirib, həyata qaytarıb...
Yüzlərlə, minlərlə şəxsin qayğısını üstünə çəkib...
Onun bu xasiyyətini bilənlər öz ətraflarına da yardım lazım olanda Qənirə xanıma üz tutub, o da imtina etməyib və günbəgün, aybaay Qanirə xanımdan istəklər də çoxaldıqca çoxalıb.
O isə ondan saatbasat, günbəgün, aybaay - həndəsi silsilə ilə artan istəkləri, gözləntiləri doğrultmağa çalışır – nəticədə isə gecə 3, 4, 5-ə qədər oyaq qalmalı olur; bəzən heç yatmır, dincəlmir, rahatlanmır.
Məzuniyyətdə olduğu zaman da telefonları açıqdır: hər zaman yardıma qaçan vəziyyətdə...
Təbiəti elədir, xasiyyətidir – özünü fəda etməkdir həyatının mənası...
Həm də saysız-hesabsız səfərlər: bu səfərlərin böyük əksəri də türk ölkələrinə. Hər getdiyi ölkədə görüşlər, çıxışlar, sevgi izharı, dayanmadan işləmək və qayıdandan sonra təəssüratlar, araşdırmaları qələmə almaq...
Bütün siyasi proseslərə münasibət bildirir, hər ciddi hadisə haqda mütləq yazır, fikirlərini bölüşür;
Hər müraciəti cavablandırmağa çalışır – həm də necə həssaslıqla...
İllər öncə bir həssas siyasi olayla bağlı zəng etmişdim, xeyli danışdıq, sonda bunları müsahibə halına salmağıma razılıq verməsini xahiş etdim. “Diktafona yazırdınmı” soruşdu; “Yox, - dedim, - indi ağlıma gəldi ki, bu söhbətinizi gərək paylaşaq. Yaddaşıma güvənəcəm”.
“Amma dərc olunmamış mütləq baxım” dedi.
Yazdım, göndərdim və saatlarla gözlədim.
Onlayn medianın xarakterinə uyğun, tez paylaşmağa çalışırdım, səbirsizlənib, 2-3 dəfə zəng etdim, hər dəfəsində “Qardaş, redaktə edirəm, göndərəcəm” dedi. Gecə yarısından keçəndən sonra göndərdi.
Ardınca zəng etdi ki, bu cür həssas məsələlərdə millət vəkili gərək hər sözü yerində desin, sinonimləri belə dəqiq seçmək lazımdır.
Dünən Fərid Şəfiyevin məlum açıqlamasında məsuliyyətsiz bir ifadə ilə düşmənə necə fürsət verdiyini görəndə bir daha Qənirə xanımın o sözlərini xatırladım.
İşinə, siyasi proseslərə, üzərinə götürdüyü yükə bu qədər məsuliyyətlə yanaşır: ona görə gecəsi-gündüzü yoxdur...
***
Qənirə Paşayevaya qardaş ölkədə qeyri-adi sevgini 2017-ci ildə İzmirdə görmüşdüm. Ətraf bölgələrdən, 200-300 km məsafədən Qənirə Paşayevanın konfransına qatılmaq üçün millətçilər dəstə-dəstə gəlmişdilər, zalda oturmağa yer yox idi: pilləkənlərdə oturdular, ayaq üstə qaldılar – amma sona qədər dinlədilər.
Konfransın keçirildiyi mədəniyyət evinin böyük həyətində izdihamın çıxışı monitorlarla izlədiyini görəndə isə heyrətə gəldim.
Millətçilərlə həmsöhbət olduq, “Ablamız üçün gəldik” deyirdilər...
Özünə bunları danışıb, “sizi Türkiyədə bu qədər sevdiklərini yəqin ki, Bakıda heç kəsə izah edə bilməyəcəm” dedim, güldü...
***
Qənirə Paşayeva xəstədir: millət xəstəsi, insanlıq xəstəsi, dövlətçilik xəstəsi...
Bu xəstəliyin isə “müalicəsi” yoxdur; bu, "sağalmaz" xəstəlikdir; bu, fitrətdir, Tanrı lütfüdür!
Onun insana, millətinə, dövlətinə sevgisi tükənməzdir: insan övladına qismət olan ömürə inanılmaz dərəcədə xidmətlər yükləyib – insana, dövlətə, xalqa qulluq...
Bir insan bu qədər ağırlığa necə dözsün?
Bir insan onlarla, yüzlərlə şəhid ailəsinin dərdini çiyinlərində necə daşısın?
***
Bu qədər işin, gərginliyin içində analarını itirən və xalaları heç əvvəldən olmayan qızlarıma da xalalıq etməyə çalışıb, “Qardaş, götür gəl uşaqları, xala darıxdı onlar üçün” dediyi də olub. Fürsət düşdükcə onlara ana sevgisini, xala sevgisini iki-üç saat içində daddırmağa çalışıb.
Bu görüşlərdən birində kənddəki evlərimizdən (ailələrimizin evindən) söhbət düşdü. Mən insan nəfəsi, doğma tumarından məhrum qalan evimizdən danışdım, o isə...
Dedi ki, böyük, yaxşı həyəti olan evimiz var, amma təmirsizdir. Bakıda ailəmizin bir evi də var, boşdur, vaxt edib, onu satacam, onun pulu ilə rayondakı evimizi qəşəng təmir edib, uşaq bağçasına çevirəcəm, verəcəm insanların ixtiyarına: “Beş günlük dünyadır, neyləyəcəyik o evi? Niyə qalmalıdır? Qoy balalara xidmət etsin də...”
Bu, ayrı təfəkkürdür; bu, ayrı yanaşmadır: bu dünyagörüşdə içində yaşayan olmamasına baxmayaraq, rayonlarda villa tikdirib, divarlarını mərmərdən bəzəyib, 6 metrlik hasar qaldırıb, topdağıtmaq qalaya çevirib, ildə bir dəfə 2-3 satlıq ora baş çəkmək düşüncəsi yoxdur.
Bu dünyagörüşdə yalnız millət var – Tanrının sənə verdiklərini, hətta canını da bu yolda qoymaq var...
Bu dünyagörüşdə Vətənə sonsuz sevgi var – xəstəlik dərəcəsində...
***
...İndi - bax təsəvvürümdə olan və heç mində birini ifadə edə bilmədiyim əziz bacım Qənirə Paşayeva ağır vəziyyətdədir, huşu özündə deyil, komadadır. Həkimlər onun həyatı üçün çalışır.
Bizim əlimizdən gələn ancaq duadır: İlahi, Qənirəni bu millətə çox görmə!