
Şahmat üzrə beynəlxalq qrossmeyster, dünya və Avropa çempionu Kürdəmir YPX postunda yaşadığı hadisə ilə bağlı paylaşım edib.
Sumqayit.tv xəbər verir ki, Zeynəb Məmmədyarova şəxsi sosial şəbəkə hesabında paylaşdığı açıqlamada yol polisi əməkdaşının qanunsuz hərəkətləri ilə qarşılaşdığını iddia edib.
Onun sözlərinə görə, avtomobillə yol hərəkəti qaydasının pozulması — 1.1 xəttinin tapdanması səbəbilə polis əməkdaşı Orxan Yolçuyev tərəfindən sənədlər yoxlanılıb və daha sonra kameraya baxış keçirilib.
Z.Məmmədyarova bildirib ki, sonradan polis əməkdaşı avtomobilin etibarnaməsinin həyat yoldaşının adına olduğunu əsas gətirərək cəriməni sürücüyə deyil, başqa şəxsə yazmağa çalışıb:
“Polis əməkdaşı sürücünün həyat yoldaşım olmadığını görürdü. Buna baxmayaraq, qanunsuz şəkildə bizdən həyat yoldaşımın sürücülük vəsiqəsini gətirməyimizi tələb edirdi”, – deyə paylaşımda qeyd olunub.
Şahmatçı qeyd edib ki, hadisə ilə bağlı 102 xidmətinə üç dəfə zəng etsə də, onunla əlaqə saxlanılmayıb. 902 qaynar xəttinə edilən müraciətin isə yalnız “şikayət qeydə alındı” cavabı ilə nəticələndiyi iddia olunur.
Zeynəb Məmmədyarovanın sözlərinə görə, onlar təxminən 1 saat postda saxlanılıblar və sonradan heç bir cərimə tətbiq edilmədən buraxılıblar.
“Əgər mən özümü təqdim etdiyim halda belə münasibətlə qarşılaşdımsa, sıravi vətəndaşların vəziyyətini təsəvvür etmək çətin deyil”, – deyə o bildirib.
Qeyd edək ki, məsələ ilə bağlı qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.
Bu gün, 10:47
70