
Torpaqlarımız işğaldan azad edildikdən sonra müqəddəs şəhərimiz Şuşa Beynəlxalq forumların və tədbirlərin mərkəzinə çevrilmişdir.
Sumqayit.tv xəbər verir ki, 23 iyul 2026-cı ildə Şuşa şəhərində Azərbaycan 4-cü Beynəlxalq Elmi Tədqiqatlar Konfransı keçirilmişdir. Konfransda ABŞ, İtaliya, Türkiyə, Səudiyyə Ərəbistanı, Polşa, Albaniya, Rusiya, Qazaxstandan və Azərbaycanın müxtəlif Universitetlərindən, Elmi-Tədqiqat İnstitutlarından 300-ə yaxın alim-tədqiqatçılar, doktorantlar üzbə-üz və onlayn formatda təmsil olunmuşlar. Konfransın açılışında Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin nəzdində fəaliyyət göstərən İqtisadi Elmi Tədqiqat İnstitutunun İdarə Heyətinin sədri, professor Şahin Sadıqov, İKSAD İnstitutunun Baş direktoru Mustafa Lətif Əmək (Türkiyə), Qırğızıstan Dövlət Texniki Universitetindən Çinara Asanbekova, Mingəçevir Dövlət Universitetinin rektoru Anar Eminov, Azərbaycan Dövlət İqtisad Universitetinin Elmi-Tədqiqat İnstitutunun direktoru, professor Yadulla Həsənli, İKSAD Azərbaycanın baş direktoru Əlvan Cəfərov çıxış etmişlər.
Konfransın əsas mövzuları sırasında davamlı inkişaf, Regional inkişaf və rəqəmsal iqtisadiyyat və s. istiqamələr prioritetlik təşkil etmişdir. Konfransın Plenar iclasında əsas məruzəçilər kimi İqtisadi Elmi Tədqiqat İnstitutunun İdarə Heyəti sədrinin birinci müavini, prof. Arzu Hüseynova “Azərbaycanda rəqəmsal transformasiyanin iqtisadi nəticələrə çevrilmə mexanizmi” və Sumqayıt Dövlət Universitetinin professoru, iqtisad elmləri doktoru, UNEC Qarabağ İqtisadi Araşdırmalar Mərkəzinin Rəhbəri prof. Şəfa Əliyev “Qarabağda iqtisadiyyat quruculuğunun strateji aspektləri” adlı məruzələrlə çıxış etmişlər.
Professor Şəfa Əliyev məruzəsində Qarabağda iqtisadiyyat quruculuğunun strateji aspektlərini açıqlamışdır. Məruzəçi Ölkə Prezidenti İlham Əliyevin rəhbərliyi ilə Qarabağ iqtisadi rayonunda aparılan bərpa və dirçəliş layihələrinin əsas məqamlarını və əhəmiyyətini təhlil etmiş, yüksək texnologiyalar əsasında həyata keçirilən işlərin iqtisadi-təşkilati, hüquqi və maliyyə aspektlərini diqqətə çatdırmış, “Ağıllı şəhər” və Ağıllı kənd” layihələrinin üstün cəhətlərini qeyd etmişdir. Daha sonra prof. Şəfa Əliyev Qarabağ iqtisadi rayonunun resurs potensialını təhlil etmiş Şuşa, Xankəndi, Ağdam və Füzuli şəhərlərinin inkişaf etdirilməsi prioritetlərinə toxunmuş və müvafiq təkliflər vermişdir.
Konfransın plenar iclası diskussiya ilə baş çatmışdır və konfrans öz işini aktual problemlər üzrə bölmələrdə davam etdirmişdir. Professor Şəfa Əliyev əsas bölmələrdən birinin Moderatoru olmuşdur.
Konfrans iştirakçıları Şuşa, Xankəndi və Laçının tarixi yerlərini ziyarət etmiş, intensiv şəkildə davam edən quruculuq və dirçəliş tədbirləri ilə tanış olmuşlar.






Bu gün, 20:11
75