Şəhid Taleh Cabbarovun anası Tamara Cabbarovanın insult nəticəsində vəfat etdiyi bildirilir, mərasim Sumqayıtda keçiriləcək.

Sumqayit.tv redaksiyasına daxil olan məlumata görə, Sumqayıt şəhər sakini, şəhid anası Tamara Cabbarovanın vəfat etdiyi bildirilir. Qeyd olunur ki, 88 yaşlı Tamara Cabbarova insult keçirərək dünyasını dəyişib.
Verilən məlumata əsasən, mərhumənin 3 və 7 mərasimin 14 mart tarixində Sumqayıt şəhərində yerləşən Mirvari mərasim evində keçiriləcəyi qeyd olunur.
Qeyd edək ki, Taleh Cabbarov 1971-ci il sentyabrın 23-də Laçın rayonunun Dəyhan kəndində anadan olub. Orta məktəbi bitirdikdən sonra 1989-1991-ci illərdə Bakı şəhərində həqiqi hərbi xidmət çəkib. Ordudan təxris olunduqdan sonra 1991-ci ildə Laçın rayonuna qayıdır və Laçın rayon DİŞ-də sıravi heyətə milis xidmətinə qəbul edilir. Laçın rayonunun Köhnəkənd, Dəyhan, Mazutlu, Səfiyan, Suarası, kəndləri uğrunda gedən döyüşlərdə fəal iştirak edib. Komandirlərinin ona verdiyi hərbi döyüş tapşırıqlarını məharətlə yerinə yetirərdi.
Kəlbəcər və Goranboy rayonlarının ərazisində gedən döyüşlərdə şəxsi igidlik nümunəsi göstərib. 1994-cü il yanvarın 17-də Füzuli rayonunun Horadiz qəsəbəsini erməni quldurlarından azad edən zaman şəhid olub. Subay idi.
Sumqayıt şəhər Şəhidlər Xiyabanında dəfn olunub.
Sumqayit.tv olaraq mərhuməyə və şəhidimizə Allahdan rəhmət, yaxınlarına səbir diləyirik.
13-03-2026, 14:53
112