Bitməyən dərslik problemi: “İstixana üsulu ilə süni intellekt yetişdirmək fikrinə düşmüşük?” - ARAŞDIRMA


Son zamanlar dərsliklər və dərs proqramları ilə bağlı şikayətlər artıb.

Valideynlər bildirirlər ki, ikinci sinif uşağına kompüterlə bağlı kitab üzrə dərs keçirlər, amma uşağa kompüterə baxmaq ziyan olduğu üçün keçilən dərsin də bir mənası yoxdur. 
Eyni zamanda, yeddi yaşında uşağa musiqi dərsində temp, ritm barədə məlumat öyrədilir. Nəticədə uşaq artıq ikinci sinifdən informasiyanı beyninə yığa bilmədiyi üçün məktəbə nifrət edir.
Dərs proqramlarının bu qədər ağırlaşdırılmasında məqsəd nədir?
Bəs yeni tədris ilində dərsliklərdə, dərs proqramında bu nüanslar nəzərə alınacaqmı?
Təhsil Nazirliyindən Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, ümumtəhsil müəssisələri üçün dərsliklər Nazirlər Kabinetinin 2020-ci il 29 sentyabr tarixli 361 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında ümumi təhsilin dövlət standartları” əsasında hazırlanır:
“Dövlət standartlarının tələblərinə əsasən, “Təsviri incəsənət”, “Musiqi” və “İnformatika” fənni üzrə dərsliklər vasitəsilə şagirdlərdə zəruri bilik və bacarıqlar formalaşdırılır. Dövlət standartlarına əsasən, “İnformatika” fənni üzrə şagirdlər informasiya (formaları, mənbələri, xassələri, ötürülmə vasitələri) haqqında təsəvvürə malik olduğunu nümayiş etdirməli, kompüterdə sadə əməliyyatlar icra etməli, sadə alqoritmlər qurmağı bacarmalıdırlar”.
Qeyd edilib ki, “İnformatika” fənni üzrə təhsil proqramına (kurikuluma) əsasən, şagirdlərdə kompüterdə iş bacarıqları 3.3-cü - “Kompüterdə müxtəlif şəkillər çəkir” məzmun xətti üzrə formalaşdırılır:
“Altstandartlar əsasında şagirdlər Alətlər qutusundakı əsas alətlərdən və rənglər qutusundakı rənglərdən istifadə ba­ca­rığı nümayiş etdirir, müxtəlif  şəkillər və fiqurlar çəkir, çəkdikləri şəkil və fiqurlar üzərində sadə redaktə işlərini yerinə yetirir, çəkdikləri şəkillərə mətnlər daxil edir, kompüterin yaddaşındakı şəkilləri ekrana çıxarırlar. Eyni zamanda, dərslikdə adı çəkilən mövzu da məhz bu standartlar əsasında yazılıb”.
Təhsil eksperti Nadir İsrafilov saytımıza açıqlamasında bildirib ki, təhsilə baxış, yanaşma tərzi dəyişməlidir:
“Məktəbin vəzifəsi öz yetirmələrini müstəqil həyata hazırlamaqdır. Ümumtəhsil məktəbinin məqsədi yetirmələrinə sistemli bilik, bacarıq və vərdişlər aşılamaq, hərtərəfli və ahəngdar inkişaf etmiş şəxsiyyətyönümlü vətəndaş yetişdirməkdir. Mütəxəssis hazırlamaq isə bilavasitə ali təhsil müəssisələrinin vəzifəsidir.
Biz də əsasən bununla razılaşırıq, deyirik, yazırıq, ancaq əməl etmirik, ali təhsil müəssisələrinin görəcəyi işi ümumtəhsil məktəbinin, ümumtəhsil məktəbinin görəcəyi işi isə məktəbəqədər təhsilin üzərinə yükləyirik. Nəticəsi də o olur ki, valideyn artıq birinci sinifdən övladının ixtisaslaşması üçün repetitor axtarışına çıxır, müxtəlif hazırlıq kurslarına üz tutur. Nə baş verir? Hara tələsirik? İstixana üsulu ilə süni intellekt yetişdirmək fikrinə düşmüşük?..
Bir mühüm məqamı unuduruq ki, məktəb öz yetirmələrinə lazımi bilik, bacarıq və vərdişlər aşılamaqla yanaşı, həm də cəmiyyət üçün fiziki və mənəvi cəhətdən sağlam nəsil yetişdirmək qayğısına qalmalıdır”.
O qeyd edib ki, uşaqların dərs yükünün ağır olması, proqramların yüklülüyü, evə verilən tapşırıqların çoxluğu ilə bağlı şikayətlər uzun illərdən bəri müzakirə obyektinə çevrilsə də, ortaq məxrəci tapılmayan bir problem olaraq qalmaqdadır:
“Məktəblərdə tədris proqramının və dərsliklərin yüklü olmasını təkcə valideynlər deyil, psixoloqlar və təhsil mütəxəssisləri də dəfələrlə dilə gətiriblər. Hətta nazirlik rəsmiləri də zaman-zaman bunu etiraf ediblər. Ümumtəhsil müəssisələrinin tədris planına əsasən, I siniflər üzrə həftəlik dərs saatlarının miqdarı 21 saat və bir saat dərsdənkənar məşğələ də əlavə olunmaqla, 22 saat nəzərdə tutulub.
“Azərbaycan dili”, “Riyaziyyat”, “Təsviri incəsənət”, “Musiqi”, “Fiziki tərbiyə” və nəhayət “Həyat bilgisi” ilə yanaşı, “Xarici dil”, “İnformatika” və “Texnologiya”ya nə ehtiyac vardı? Bəlkə, hələ öz doğma dilimizi lazımi şəkildə mənimsəməmiş azyaşlılara əcnəbi dili öyrətmək barədə xaricilər qarşısında öhdəlik götürmüşük? Xarici dili V sinifdən də öyrənmək olar, necə ki, neçə illər ərzində bu belə olub.
Texnologiyalar əsrində yaşasaq belə, I sinifdə “İnformatika”ya heç bir ehtiyac yox idi. Bu gün məktəb yaşına çatmayanın belə, tablet, smartfon bir an belə əlindən düşmür. Musiqiyə həvəsi olan birincilər isə temp, ritm və ladı gedib musiqi məktəblərində də öyrənə bilərlər. Məktəb şəxsiyyətyönümlü vətəndaş yetişdirmədikcə, bu halı yaşamaq bir o qədər qaçılmaz olacaq.
Belə çıxır ki, antik filosof Senekanın hələ eramızdan əvvəl etdiyi “Əfsus ki, biz həyat üçün yox, məktəb üçün oxuyuruq” xəbərdarlığından bu gün də lazımi nəticə çıxarmamışıq. Biz hələ də “keyfiyyətli təhsil” adı ilə uşaqlarımızı ifrat dərəcədə yükləməklə onları bir növ istismar etmiş oluruq”.
“Əgər hansısa valideyn cəmiyyətə “Mən özüm ali təhsilliyəm, yeri gələndə uşaqlara dərslərində kömək edirəm, amma ikinci sinif materialına baxanda heç nə anlaya bilmirəm. Xüsusilə də, riyaziyyat fənnindən elə çətin, məntiqi suallar olur ki, heç mən həll edə bilmirəm, bu yazıq uşaq necə etsin? Hələ bunlar bəs deyilmiş kimi, dərsdən əlavə nə qədər test, oxu vəsaiti aldırılır. Uşaqları bu qədər yükləmək olmaz axı” mesajı verirsə, bu və digər çoxsaylı ümumi ictimai rəyi nəzərə almaq bu qədərmi çətindir?
Əslində, uşaqları ifrat dərəcədə yükləməklə onları bir növ öz uşaqlıq həyatlarını yaşamaqdan məhrum etmiş oluruq. Kimlərinsə uşaqları akademik yükləməklə daha yaxşı öyrənəcəklərini zənn etmələri düşüncəsi kökündən yanlışdır. 
Uşaqların dərs yükünün optimallaşdırılması üçün müəllimlərlə işləməzdən əvvəl proqramları yüngülləşdirməli, dərslikləri gələcək üçün lazımsız materiallardan azad etməliyik. Təhsil beyni inkişaf etdirməkdir, başı doldurmaq deyil. Beynəlxalq təhsil sisteminə inteqrasiya ediriksə, onu da nəzərə almalıyıq ki, dünyanın bir çox ölkələrində ibtidai sinif şagirdlərinə ümumiyyətlə ev tapşırığı verilmir.
Unutmayaq ki, ibtidai təhsilin məqsədi uşaqlarda oxu, yazı və hesablama vərdişləri yaratmaq və möhkəmləndirmək, uşaqlara insan, cəmiyyət, təbiət və onlar arasındakı qanunauyğunluqlar haqqında ilkin həyati biliklərin verilməsini təmin etmək, uşaqlarda məntiqi və yaradıcı təfəkkür elementlərini formalaşdırmaq, uşaqlara həssaslıq, estetik və bədii zövq, əxlaqi-mənəvi keyfiyyətlər aşılamaqdır.
Mövcud kurikulumun başlıca tələbi də ondan ibarətdir ki, şagirddə nitq mədəniyyəti, danışıq qabiliyyəti lazımi səviyyədə olsun. Əlavə yükləmələr isə, əksinə, uşaqları bu bacarıqlardan məhrum edir. İş dəftərlərinin sayının çox olması təkcə ailə büdcəsinə deyil, həmçinin uşaqların gündəlik vəsaitləri daşımasına da təsir göstərir, onlara ağırlıq edir. Uşaqlarımızın sağlamlığı bizim üçün onların təhsilindən heç də az əhəmiyyətli deyil.
Nazirin də son müsahibələrinin birində etiraf etdiyi kimi, bəzən lazım olmayan yük əsassız şəkildə çantalara yüklənilir. Həmin əlavələr nə tədrisin keyfiyyəti, nə də uşağın gələcəyi üçün lazımdır. Digər səbəblərdən biri də bəzi məktəblərin tələb etdiyi əlavə vəsaitlərdir. Heç də hər gün məktəbə aparılmayan əlavələrdir”, - deyə ekspert əlavə edib. 
Təhsil eksperti Elçin Süleymanovun sözlərinə görə, dərsliklər və dərs proqramları hər zaman tənqid mövzusu olub:
“Məktəb fəaliyyəti, uşaqların təhsili bütün ailələri əhatə edən prosesdir. Dərslik sayı çoxdur və müəyyən yenilik var. Hər il nəşr olunan dərsliklərin keyfiyyəti günü-gündən inkişaf edir və təkmilləşir. Təhsil Problemləri İnstitutunun fəaliyyəti alqışlanmalıdır. Orada pilot dərslikləri müzakirəyə çıxarırlar.
Eyni zamanda, Finlandiya və Sinqapur kimi ölkələrin orta məktəb dərsliklərinin tərcüməsi həyata keçirilir. “Musiqi” və “Xarici dil” fənlərində problemlərin olması ilə bağlı işlər görülməli, nəzəriyyə uşaqların səviyyəsinə uyğun verilməlidir. Zamanla həmin problemlər düzəlir”.
O qeyd edib ki, kurikulumda əsas fənlərə uyğun dərsliklər yazılır:
“Düşünürəm ki, gələcəkdə təkmilləşmə daha çox olmalıdır”.


12-05-2022, 12:30 272

Digər xəbərlər

Bakı-Sumqayıt qatarlarının müvəqqəti ləğv edilmiş reysləri bərpa olunur

Zakir Fərəcov Şəhər Günündəsəyyar qəbul keçirdi – FOTO

Sumqayıt Məhkəməsi avtоmоbilini təmir edən ustanı döyən şəxsin cəzasını azaltdı

50 milyonluq qızıl QALMAQALI: azərbaycanlı iş adamı AXTARILIR

DYP-dən sürücülərə MÜRACİƏT

Şahlar Əsgərovdan Ramiz Mehdiyevə ŞOK İTTİHAMLAR - Sirləri açdı!

Sələmçi qadını və onun ərini öldürən ömürlük məhkumla bağlı QƏRAR

"Sumqayıt" doğma meydanda "Şamaxı"ya qarşı itkilərlə çıxacaq

Sumqayıtda ər arvadını döydü

"Mehdi Hüseynzadə”də keçiriləcək tədbirin planı bəllidi – azarkeşlər meydanda yarışacaq

Sumqayıtda yataqxanada qadınlar arasında dava - TƏFƏRRÜAT

"Sənətçiyə elə pul verməlidir ki, evə ət alacağını düşünməsin" - Məşhur aktyor

*Bakıda yeni universitet korpusu və yaşayış binaları layihələrinin ekoloji qiymətləndirilməsi aparılıb*

Merkelin xatirələri: Rusiya, NATO və Ukrayna mübahisələri üzə çıxdı- SENSASİYA

Ərdoğandan xəbərdarlıq: “Putin buna sərt cavab verə bilər”

Türkiyədən ABŞ-a çağırış: “Siz qoşunlarınızı geri çəkin, biz də...”

Deputatın “Zəngimcell”i: “Balansınız bitmişdir…”

Müqayis Verdiyev yenidən məhkəmə qarşısında

Pensiya ödənişi niyə gecikir? – Nazirlikdən açıqlama

Sumqayıtdakı lisey direktorunun qardaşı rəhmətə gedib

1 2 3 4 5 6 7 8 9 10 ... 903
Dünən, 18:05
Dünən, 17:37
Dünən, 12:39
Dünən, 12:32
Dünən, 11:50
Dünən, 11:41
Dünən, 11:34
Dünən, 11:31
Dünən, 10:24
Dünən, 10:10
Dünən, 10:00
Dünən, 09:00
21-11-2024, 19:29
21-11-2024, 11:07
21-11-2024, 10:53
21-11-2024, 10:46
21-11-2024, 10:16
21-11-2024, 10:01
21-11-2024, 09:09
20-11-2024, 19:47
20-11-2024, 19:24
20-11-2024, 16:08
20-11-2024, 15:29
20-11-2024, 15:25
20-11-2024, 15:23
20-11-2024, 15:20
20-11-2024, 15:14
20-11-2024, 15:12
20-11-2024, 15:08
20-11-2024, 15:04
20-11-2024, 15:00
20-11-2024, 14:58
18-11-2024, 09:09
18-11-2024, 09:02
15-11-2024, 19:20
15-11-2024, 14:16
15-11-2024, 14:08
15-11-2024, 14:01
15-11-2024, 13:59
15-11-2024, 13:53
1 2 3 4 5 6 7 8 9 10 ... 903