Acıdərə Türk şəhidliyinə yürüş keçirilib - VİDEO




XX əsr Azərbaycan tarixinin ən şərəfli səhifələrindən biri olan Bakının işğaldan azad edilməsinin 103-cü ildönümü münasibətilə Qobustan rayonu ərazisindəki Acıdərə Türk şəhidliyinə vətənpərvərlik yürüşü keçirilib.
Müdafiə Nazirliyinin təşkil etdiyi yürüşdə Azərbaycan Ordusunun hərbi qulluqçuları, Türkiyə Silahlı Qüvvələrinin Azərbaycanda akkreditə olunan hərbi attaşelik aparatı əməkdaşları, respublikamızda keçirilən beynəlxalq təlimdə iştirak edən türkiyəli əsgər və zabitlər, Vətən müharibəsinin iştirakçıları və qazilər iştirak ediblər.
Türkiyə və Azərbaycanın Dövlət bayraqları ilə bəzədilən avtomobil karvanı yola düşməzdən öncə layihənin müəllifi polkovnik Abdulla Qurbani Azərbaycan-Türkiyə qardaşlığının tarixi barədə ətraflı məlumat verərək deyib: “Azərbaycan və Türkiyə tarixin müxtəlif mərhələlərində eyni taleyi, eyni faciələri yaşayıb. Dəfələrlə bu ölkələr işğalçılar tərəfindən parçalanmaq, onların aralarında bölüşdürülmək təhlükəsi ilə üzləşsə də, zamanın sərt sınaqlarından hər iki ölkə uğurla çıxmağı bacarıb.
“Torpaq su ilə qarışanda palçıq, qanla qarışanda Vətən olar” düşüncəsi ilə yaşayan ulu əcdadlarımız bugünkü müstəqil yeni Azərbaycanı və qüdrətli Türkiyə dövlətini bizlərə əmanət edərək əbədiyyətə qovuşublar. Bu, tarixdir və tarixdən heç nəyi silmək olmaz. Tarixinə biganə olan millət öz gələcəyini də sual altında qoyar. Azərbaycan və Türkiyə dar günün, qara günün dostudur, qardaşıdır. Dünən də belə idi, bu gün də belədir, gələcəkdə də belə olacaqdır.  
Türkiyə Cümhuriyyətinin qurucusu Mustafa Kamal Atatürkün “Azərbaycanın sevinci bizim sevincimiz, kədəri bizim kədərimizdir” və ulu öndər Heydər Əliyevin “Biz bir millət, iki dövlətik” fikirlərini bir daha yürüş iştirakçılarına xatırladan polkovnik A.Qurbani qeyd edib ki, Nuru Paşanın və türk qoşun hissələrinin Azərbaycana gəldiyi vaxtdan 103 il keçir. Lakin, bu qardaşlıq köməyi, Bakının və digər bölgələrin erməni-bolşevik işğalından azad edərək şəhidlik zirvəsinə ucalan türk qardaşlarımızın qəhrəmanlıqları heç vaxt yaddan çıxmır, xatirələri həmişə əziz tutulur, onlar hörmətlə, ehtiramla yad edilir.
Azərbaycan xalqı xilaskar Qafqaz İslam Ordusuna minnətdardır. Böyük Azərbaycan sevdalısı Nuru Paşanın bu kəlamlarına nəzər salmaq kifayətdir ki, türk qardaşlarımızın hansı niyyətlə ölkəmizə gəldiklərinin mənasını dərindən dərk edə biləsən: “Qardaş Azərbaycan türkünün mənafeyi hər bir türk üçün müqəddəsdir. Əgər Azərbaycanın azadlığı yolunda yeni qurbanlar lazım olarsa, ona da hazırıq”.
Bu kəlamların deyildiyi vaxtdan bir əsrdən də çox vaxt ötməsinə baxmayaraq yenə də aktualdır, müasirdir.
 Bu fikirlərin təsdiqinin biz ötən ilin həm Tovuz döyüşləri, həm də Vətən müharibəsinin ilk günlərindən şahidi olduq, ədalət və haqq savaşımızda yenə də qardaş Türkiyənin böyük dəstəyini hiss etdik. Bu isə bizə daha böyük güc verdi, qələbəyə inamımızı daha da artırdı. Təcavüzkar Ermənistan üzərində qələbə qazanaraq düşməni utancverici məğlubiyyətə uğratdıq.
1918-ci ilin sentyabr ayının 15-də də Türkiyə və Azərbaycanın birgə səyləri nəticəsində ölkəmizi parçalamaq istəyən qüvvələr niyyətlərinə çatmadılar. Bakının işğaldan azad edilməsi haqqın nahaq, müstəqilliyin isə köləlik üzərində qələbəsi idi. Bu, ədalət və müstəqillik uğrunda birgə savaşımızın qələbəsi idi.
Daha sonra A.Qurbani  Bakının işğaldan azad edilməsinin 100 illiyinə həsr olunan hərbi paradı yada salıb: “1918-ci il sentyabrın 15-də Azadlıq meydanında keçirilən hərbi parad Azərbaycan və qardaş Türkiyənin müştərək Zəfər bayramı idi. Bakının qurtuluşunun 100 illiyi ilə bağlı bu möhtəşəm təntənəyə nəinki azərbaycanlılar, eləcə də Anadolu türkləri, bütün Türkiyə sevinirdi. 100 il öncə olduğu kimi, türk əsgəri azərbaycanlı qardaşları ilə birgə yenidən Bakı təntənəsinə qoşulmuş, bu böyük zəfəri qeyd edirdi. Həmin gün qardaş Türkiyənin Prezidenti cənab Rəcəb Tayyib Ərdoğanın dediyi kimi “Azərbaycanın sevinci bizim sevincimiz, qüruru bizim qürurumuzdur, dərdi, ağrısı, problemi də bizim problemimizdir. Azərbaycan kədərlənərsə, biz də kədərlənərik, Azərbaycan sevinərsə, biz də sevinərik. Azərbaycanın ən böyük problemi olan Dağlıq Qarabağ məsələsi bizim üçün də eyni dərəcədə ağrılı problemdir” fikirləri yəqin ki, hər birimizin xatirindədir.
Bəli, biz bu problemi də birlikdə həll etdik. Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandanımız İlham Əliyevin təbirincə desək, həqiqətən də, bu gün Türkiyə-Azərbaycan əlaqələri ən yüksək zirvədədir.  Dünyada ikinci belə nümunə yoxdur ki, iki ölkə bir-birinə bu qədər yaxın olsun, bu qədər bir-birinə arxa-dayaq olsun. Türkiyə nə qədər güclü olarsa, Azərbaycan da bir o qədər güclü olacaqdır.
“Dünyanın 34 ölkəsində 78 türk məzarlığı var, Türkiyədən sonra Azərbaycan ən çox türk şəhidinin uyuduğu bir ölkədir. Sovet dönəmində sərt qadağalara baxmayaraq Azərbaycan xalqı bu torpaqlar uğrunda şəhid olan türk əsgər və zabitlərinin məzarlarını qoruyub saxlayıb, onları itib-batmağa, dağılmağa qoymayıb və ziyarətgaha çeviriblər. İndi Azərbaycanın bir çox bölgələrində, o cümlədən paytaxt Bakıda, Naxçıvanda, Göyçayda, Neftçalada, Hacıqabulda, Salyanda, Şəkidə, Şamaxıda şəhid türk əsgərlərinin şərəfinə abidələr ucaldılıb. Bu gün biz Qobustan rayonu ərazisindəki Acıdərə “Türk şəhidliyi”nə yürüş edəcəyik. Türkiyə Prezidenti hörmətli Rəcəb Tayyib Ərdoğanın dediyi kimi, buradakı məzarlarda yanaşı uyuyan şəhidlərimiz, eyni zamanda, ölkələrimiz arasında birgə taleyin təmsilçiləridir. Türkiyə və Azərbaycan tarixi bir, mədəniyyəti bir, dili bir, dini bir iki qardaş ölkədir. Uğur olsun qardaşlar! Yürüşümüz başlanır!”.
Polkovnik Abdulla Qurbaninin bu sözlərindən sonra hərbi orkestrin ifa etdiyi məşhur “Mehtər” və “Qələbə” marşlarının sədaları altında avtomobil karvanı Acıdərə şəhidliyinə yola düşür.
Acıdərə Türk şəhidliyinə gələn yürüş iştirakçılarını Qobustan və Şamaxı rayonlarının ağsaqqalları, ictimaiyyət nümayəndələri, din xadimləri, Vətən müharibəsi qaziləri və gənclər qarşılayıblar.
Əvvəlcə Osmanlı İmperatorluğunun ən güclü birliklərindən seçilərək qurulan Qafqaz İslam Ordusunun 1130 şəhidinin xatirəsinə ucaldılan abidənin qarşısına Müdafiə Nazirliyinin adından əklil qoyulub.  Ziyarətçilər abidə qarşısına qərənfillər düzüblər. Sonra hərbi orkestrin müşayiəti ilə Türkiyə və Azərbaycan respublikalarının Dövlət himnləri ifa olunub.
Anım mərasimində polkovnik Abdulla Qurbani ermənilərin Şamaxı qəzasında törətdikləri qırğınlardan, erməni quldur dəstələrinin başında duran Stepan Lalayanın insanlığa yaraşmayan bəd əməllərindən, günahsız insanların, qadınların, uşaqların amansızlıqla qətlə yetirilməsindən, Şamaxı Cümə məscidinin, eləcə də kənd məscidlərinin vandalcasına yandırılmasından, yaşayış məntəqələrinin viran edilməsindən, var-dövlətin taranmasından ətraflı danışıb, Fövqəladə Təhqiqat Komissiyasının araşdırdığı tükürpədici erməni-bolşevik vəhşiliklərindən söhbət açıb. Nuru Paşanın komandanlıq etdiyi Qafqaz İslam Ordusunun Azərbaycan Milli Ordusunun döyüşçüləri ilə birləşərək 1918-ci ilin iyul ayının 20-dək bütün bu qətliamlara, soyqırımı hadisələrinə son qoyduğu və Şamaxının düşmən işğalından azad edildiyi iftixar hissi ilə xatırlanıb.
İdeoloji İş və Mənəvi-Psixoloji Təminat İdarəsinin rəisi general-mayor Bəkir Orucov çıxış edərək deyib: “103 il öncə qəhrəman türk sərkərdəsi Nuru Paşanın komandanlığı altında qəhrəman türk əsgəri Azərbaycanın igid oğulları ilə birlikdə burada erməni-daşnaklarına qarşı mərdliklə vuruşaraq, düşmənin layiqli dərsini veriblər. Burada yüzlərlə türk qardaşımız şəhidlik məqamına yülsəlib, neçəsi sağlamlığını itirib, sağ qalanlar isə qələbə əzmi ilə odlardan keçərək Bakıya doğru inamla irəliləyiblər. Savaş meydanında iki dövlət bir millət olan Türkiyə və Azərbaycanın igid övladlarının qanı bir-birinə qarışıb. Biz qardaşlığımızı bundan sonra daha da möhkəmləndirəcək və dünyaya əsl qardaşlığın necə olduğunu göstərəcəyik. Azərbaycan Ordusu qardaş Türkiyənin qüdrətli ordusu ilə birlikdə daha güclüdür, daha qüdrətlidir. Bu birlik, bu həmrəylik isə əbədidir, sarsılmazdır.
Vətən Müharibəsi Qəhrəmanı general-mayor Kənan Seyidov Vətən müharibəsinin ilk günündən qardaş Türkiyənin mənəvi dəstəyini hiss etdiyimizi vurğuluyaraq qeyd edib ki, bu gün Türkiyə Silahlı Qüvvələrində qəhrəman Nuru Paşaların on minlərlə, yüz minlərlə davamçıları var və onlar Azərbaycanın haqq savaşında bizimlə bir yerdə olacaqlarını dəfələrlə bütün dünyaya bəyan ediblər. Biz ayrılmaz dostlar, əbədi qardaşlarıq. Bu gün digər sahələrlə yanaşı, Azərbaycan-Türkiyə əməkdaşlığı ən yüksək səviyyədədir.
Qafqaz Müsəlmanları İdarəsinin Şirvan bölgəsi üzrə qazisi, Şamaxı Cümə məscidinin axundu Hacı Mərhəmət Cənubi Qafqazda ən qədim məscid kompleksi olan Şamaxı Cümə məscidinin tarixi barədə məlumat verərək bildirib ki, 103 il əvvəl silahlı erməni-daşnak dəstələri tərəfindən törədilən qırğınlar zamanı Şamaxı əhalisinin xeyli hissəsi məscidə sığınmışdır. Lakin azğınlaşan erməni quldurları heç nəyə məhəl qoymadan məscid binasını insanlarla bərabər yandırmaqdan belə çəkinməyiblər. Əsrlərboyu təbii fəlakətlərə, dağıdıcı müharibələrə sinə gərən Cümə məscidi erməni qaniçənləri tərəfindən törədilən yanğına da davam gətirib. Qafqaz İslam Ordusunun Şamaxını erməni işğalından azad etməsindən sonra bir müddət müsəlmanların üz tutduqları bu müqəddəs ziyarətgah uzun müddət sovet rejiminin qadağalarına məruz qalıb. Lakin XX əsrin sonlarında ulu öndər Heydər Əliyevin sayəsində yenidən təmir edilib, kül altından boy ataraq dini memarlıq abidəsinə çevrilib. Bu gün Şamaxı Cümə məscidini Azərbaycana qonaq gələn, bu diyarda yaşayan türk qardaşlarımız da dəfələrlə ziyarət edir və burada namaz qılırlar.
Şamaxı rayon Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri Ağarza Bayramov və Qobustan rayon Ağsaqqalar Şurasının sədri Şahbala Bayramovun çıxışları, babalarından eşitdikləri xatirələr yürük iştirakçıları tərəfindən maraqla qarşılanıb.
Sonra Acıdərə Türk şəhidliyindəki Naməlum türk zabitinin məzarı ziyarət olunub, önünə çələng qoyulub, qərənfillər düzülüb, dualar oxunub. Burada Vətən müharibəsi qazısı əsgər Qorxmaz Abdurəşidov məzar qarşısında and içib ki, Vətən uğrunda döyüşlərdə bir gözünü itirsə də, bədənində onlarla qəlpə gəzdirsə də, Vətən uğrunda mübarizəyə, şəhidlərimizin ruhunu şad etməyə yenə də hazırdır.
Qardaş Türkiyədən gələn yürüş iştirakçıları Qafqaz İslam Ordusunun şəhid döyüşçülərinə göstərilən böyük ehtirama görə Azərbaycan Prezidentinə, Müdafiə Nazirliyinin rəhbərliyinə və yürüşün təşkilatçılarına minnətdarlıq ediblər.
Yürüş Türkiyə və Azərbaycanın milli marşlarının səsləndirilməsi ilə başa çatıb.






16-09-2021, 11:58 200

Digər xəbərlər

Bakı-Sumqayıt qatarlarının müvəqqəti ləğv edilmiş reysləri bərpa olunur

Zakir Fərəcov Şəhər Günündəsəyyar qəbul keçirdi – FOTO

Sumqayıt Məhkəməsi avtоmоbilini təmir edən ustanı döyən şəxsin cəzasını azaltdı

50 milyonluq qızıl QALMAQALI: azərbaycanlı iş adamı AXTARILIR

DYP-dən sürücülərə MÜRACİƏT

Şahlar Əsgərovdan Ramiz Mehdiyevə ŞOK İTTİHAMLAR - Sirləri açdı!

Sələmçi qadını və onun ərini öldürən ömürlük məhkumla bağlı QƏRAR

"Sumqayıt" doğma meydanda "Şamaxı"ya qarşı itkilərlə çıxacaq

Sumqayıtda ər arvadını döydü

"Mehdi Hüseynzadə”də keçiriləcək tədbirin planı bəllidi – azarkeşlər meydanda yarışacaq

Sumqayıtda yataqxanada qadınlar arasında dava - TƏFƏRRÜAT

"Sənətçiyə elə pul verməlidir ki, evə ət alacağını düşünməsin" - Məşhur aktyor

*Bakıda yeni universitet korpusu və yaşayış binaları layihələrinin ekoloji qiymətləndirilməsi aparılıb*

Merkelin xatirələri: Rusiya, NATO və Ukrayna mübahisələri üzə çıxdı- SENSASİYA

Ərdoğandan xəbərdarlıq: “Putin buna sərt cavab verə bilər”

Türkiyədən ABŞ-a çağırış: “Siz qoşunlarınızı geri çəkin, biz də...”

Deputatın “Zəngimcell”i: “Balansınız bitmişdir…”

Müqayis Verdiyev yenidən məhkəmə qarşısında

Pensiya ödənişi niyə gecikir? – Nazirlikdən açıqlama

Sumqayıtdakı lisey direktorunun qardaşı rəhmətə gedib

1 2 3 4 5 6 7 8 9 10 ... 903
Dünən, 18:05
Dünən, 17:37
Dünən, 12:39
Dünən, 12:32
Dünən, 11:50
Dünən, 11:41
Dünən, 11:34
Dünən, 11:31
Dünən, 10:24
Dünən, 10:10
Dünən, 10:00
Dünən, 09:00
21-11-2024, 19:29
21-11-2024, 11:07
21-11-2024, 10:53
21-11-2024, 10:46
21-11-2024, 10:16
21-11-2024, 10:01
21-11-2024, 09:09
20-11-2024, 19:47
20-11-2024, 19:24
20-11-2024, 16:08
20-11-2024, 15:29
20-11-2024, 15:25
20-11-2024, 15:23
20-11-2024, 15:20
20-11-2024, 15:14
20-11-2024, 15:12
20-11-2024, 15:08
20-11-2024, 15:04
20-11-2024, 15:00
20-11-2024, 14:58
18-11-2024, 09:09
18-11-2024, 09:02
15-11-2024, 19:20
15-11-2024, 14:16
15-11-2024, 14:08
15-11-2024, 14:01
15-11-2024, 13:59
15-11-2024, 13:53
1 2 3 4 5 6 7 8 9 10 ... 903