“Mao üçün unitaz” – qeyri-adi və təəccüblü görünsə də əməliyyatın adı belə adlandırılıb. Reallıqda da Mao Tzse Dunun 1949-cu ildə SSRİ-yə səfəri zamanı Çin liderinə xüsusi unitaz hazırlanıb. Məqsəd heç də qonağın “rahat”lığını təmin etmək olmayıb, sovet liderləri çinli həmkarlarının xarakterini məhz unitaz vasitəsilə öyrənmək istəyiblər.
1940-cı illərdə “NKVD”-də məxfi laboratoriya fəaliyyət göstərməyə başlayıb ki, bu məxfi qurum insan xarakterlərinin öyrənilməsi ilə məşğul olub. Laboratoriyanın fəaliyyətinə birbaşa Lavrenti Beriya nəzarət edib. Mütəxəssislər əsasən insanın sağlamlıq durumuna görə onların xarakterlərini öyrəniblər. Qeyd edək ki, bu cür laboratoriya Amerika Birləşmiş Ştatlarının Mərkəzi Kəşfiyyat İdarəsində də fəaliyyət göstərib.
1940-cı illərin sonlarında laboratoriya əməkdaşları Beriyaya yeni bir eksperiment təqdim ediblər. Bu eksperiment insan nəcisini analiz etməklə onun xarakterini, psixoloji portretini öyrənməkdən ibarət olub.
Beriya yeni eksperiment haqqında Stalinə məlumat verib. Kremldə Stalin, Molotov və Beriya tərəfindən qərara alınıb ki, eksperiment ilk olaraq SSRİ-yə səfər edəcək Mao Tzse Duna tətbiq edilsin.
Beləliklə, hazırlıq işləri başlanıb. Çin lideri üçün xüsusi unitaz hazırlanıb. Bu unitaza suyu buraxdıqdan sonra “tullantı” kanalizasiya deyil, ayrıca bir qaba yığılıb.
Çin nümayəndə heyəti üçün Uspenskaya şossesində yerləşən dövlət bağında yer ayrılıb. Xüsusi unitaz Mao Tzse Dunun qalacağı yerdəki tualetə quraşdırılıb. “NKVD” əməkdaşları hər şeyi dəqiqliklə icra edib.
Bütün işlər plan üzrə getsə də, elə ilk gündən gözlənilməyən bir problem yaranıb. Belə ki, çinlilər unitazdan təyinatına görə istifadə etməyiblər. Onlar ağ parıltılı bu “əşya”ya su mənbəyi kimi baxıblar, böyük və kiçik “tələbat”larını isə bağın ərazisində ödəyiblər.
Yerli mühafizə bu haqda Beriyaya məruzə edəndə “NKVD” şefi çıxış yolu axtarmağa başlayıb. Nəyin bahasına olursa-olsun Mao Tzse Dunu unitaza otuzdurmağa çalışan Beriya bu məsələnin də yolunu tapıb.
Səfərin üçüncü günü Çin nümayəndə heyəti bütün gününü Kremldə keçirib. Onlar Mərkəzi Komitənin ayrı-ayrı şöbələrində görüşlər keçiriblər. Səfərin dördüncü günü də belə keçib. Stalin həmkarını bu iki gün ərzində narahat etməyib. Kremldə Mao Tzse Dunun şərəfinə hər üç saatdan bir süfrə açılıb. Məqsəd Çin liderini daha çox yedirtmək olub ki, o, məhz Kremldə tualetə getsin. Təbii ki, Mao Tzse Dun Kremlin həyətində öz “iş”ini görməkdən çəkinib və tualetə getməyə məcbur olub, yəni Çin liderinin başqa çıxış yolu qalmayıb.
Beriyanın planı baş tutub. Mao Tzse Dun “rahatlıq” istəyəndə Kremlin mühafizəçiləri onu tualetə aparıblar və hər şeyi ona izah ediblər. Beləliklə də Beriyanın məxfi laboratoriyasının əməkdaşları lazım olan “kütlə”ni əldə edə biliblər.
Uzun illər “NKVD”-də (sonra DTK-da) yüksək vəzifələrdə xidmət edən İqor Atamanenko sonralar bu eksperiment haqqında jurnalistlərə fikirlərini belə bölüşüb:
“Bu cür eksperimentləri biz tibbi kəşfiyyat adlandırırdıq. Anoloji eksperimentlər Amerika Birləşmiş Ştatlarında da aparılırdı. Mao Tzse Dunun üzərində keçirilən eksperiment isə çox uğurlu bir əməliyyat idi. Düzdür, lazım olan “kütlə”ni əldə etməkdə problem yaranmışdı. Amma iki-üç gün ərzində Beriya bu problemi də aradan qaldıra bildi. Hətta sonralar bunu Stalinin Mao Tzse Duna hörmətsizliyi kimi də qiymətləndirənlər oldu. Amma Stalinin Mao Tzse Dunu Kremldə ləngitməsinin səbəbi məhz “sehrli” unitazla bağlı idi...”
Mao Tzse Dunun SSRİ-yə rəsmi səfəri öncəsi SSRİ-dəki Çin mütəxəssisləri onun xarakteri ilə bağlı Stalin üçün xüsusi arayış hazırlayıblar. “NKVD”-nin məxfi laboratoriyası da səfərin 5-ci günü nəticələri Stalinə təqdim edib. Hər iki arayışda Çin liderinin xarakteri eyni göstərilib.
Stalin bu nəticələri əsas götürərək SSRİ ilə Çin arasında əməkdaşlıqla bağlı əvvəlcədən hazırlanmış sənədlərin bir qisminə imza atmayıb. Sovet lideri Mao Tzse Dunu turpa bənzədib: “O, üzdən qırmızı, içəridən isə ağdır...”
Bütövlükdə Stalin “NKVD”-nin məxfi laboratoriyasının eksperimentini yüksək qiymətləndirib. Bu əməliyyata görə Beriya sovet liderinin yazılı təşəkkürünü də alıb.
Sonralar bir neçə xarici dövlət başçılarının da üzərində “unitaz” əməliyyatları keçirilib və nəticələr özünü doğruldub.
Qeyd edək ki, 1954-cü ildə Nikita Xruşovun göstərişi ilə məxfi laboratoriya ləğv edilib, sənədlərin bir qismi arxivə verilsə də, əsas hissəsi məhv edilib.
Musavat.com