
Sumqayıt şəhərində fəaliyyət göstərən Kimya Sənaye Parkı ərazisində yerləşən “Azerbaijan Energy Automotive Factory” MMC ilə “BakuBus” MMC arasında avtobusların alınması üzrə müqavilə imzalanıb.
Sumqayit.tv xəbər verir ki, layihənin ümumi dəyəri 16 milyon 675 min 640 manat təşkil edir.
Qeyd olunur ki, müqavilə çərçivəsində işğaldan azad edilmiş rayonlar üçün elektrik mühərrikli avtobuslar tədarük ediləcək. Avtobusların istehsalı Sumqayıt Kimya Sənaye Parkında həyata keçiriləcək və Çinin qabaqcıl texnologiyası əsasında lokallaşdırılacaq.
“Azerbaijan Energy Automotive Factory” MMC ötən ilin noyabrında Çinin “BYD Company Limited” şirkəti ilə Azərbaycanda elektrik avtobus istehsalının lokallaşdırılması üzrə əməkdaşlıq müqaviləsi imzalayıb. Layihənin investisiya dəyəri 29 milyon manatdan çox olub və illik 500 ədəd elektrik avtobus istehsalı planlaşdırılır.
Beləliklə, Sumqayıt həm ölkənin sənaye mərkəzlərindən biri kimi, həm də ictimai nəqliyyat sahəsində ekoloji təmiz elektrik avtobuslarının istehsal və tədarük mərkəzinə çevrilir. Bu layihə həm şəhərin sənaye potensialını, həm də regionda ictimai nəqliyyatın modernləşdirilməsini dəstəkləyir.
9-12-2025, 16:09
33