Sumqayıt şəhərində 1971-ci il təvəllüdlü Nərmin mübahisə zəminində yaranan münaqişə zamanı həyat yoldaşı Ayxana (adlar şərti verilib – red.) xəsarət yetirib.
Sumqayit.tv əldə etdiyi məlumata görə, hadisə Sumqayıt şəhəri, 15-ci məhəllədə baş verib. Nərminlə həyat yoldaşı Ayxan arasında mübahisə baş verib. Bu zaman Nərmin Ayxana bıçaqla xəsarət yetirib.
Hadisəni törədən Nərminin barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa xəsarət yetirmə) maddəsi ilə ittiham elan edilib.
Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Nərmin ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O bildirib ki, 2006-ci ildə Ayxan ilə rəsmi olaraq ailə həyatı qurub, həmin nikahdan 2008-ci ildə qızı, 2013-cü ildə oğlu dünyaya gəlib: “Bizim münasibətlərimiz normal olsa da, hər ailədə olduğu kimi bizim də ailəmizdə bəzən söz- söhbətlər olub. Ayxan mütəmadi olaraq spirtli içki qəbul edib. Buna öz iradımı bildirən zaman Ayxan mənimlə mübahisələr edib, münaqişələr yaradıb”.
Təqsirləndirilən şəxsin sözlərinə görə, hadisə baş verən günü, təxminən saat 00.05-də yaşadığı ünvanda olan zaman Ayxan yenə spirtli içki qəbul etdiyi üçün ona öz iradını bildirib: “Bu onun xoşuna gəlmədi, mənimlə mübahisə etdi. Aramızda münaqişə baş verdi. Həmin vaxt Ayxan qəflətən yumruqla burun, dodaq, çənə, sifət və bədən nahiyəmin digər yerlərinə vuraraq mənə xəsarət yetirdi. Bu zaman Ayxan məni döydüyü üçün əsəbləşdim. Stolun üzərində mətbəx bıçağını götürdüm və onun üzərinə getdim. Bıçaqla Ayxanın sol qol nahiyəsinə vurdum. Ayxan cəld həmin an əlimdən bıçağı aldı və kənara atdı, özü isə mənə tərəf gəlməyərək kənara çəkildi”.
Təqsirləndirilən şəxs deyib ki, ara sakitləşdikdən sonra Sumqayıt şəhər Təcili Tibbi Yardım Stansiyasına məlumat verib: “Həkimlər gəldikdən sonra bizə ilkin tibbi yardım göstərildi. Bizim aramızda dava-dalaş təxminən 7-8 dəqiqə davam etdi. Ayxanın həmin vaxt bıçağı götürərək mənə xəsarət yetirə bilsə də, bunu etmədi. Bunu o, həm xəsarət almamışdan əvvəl, həm də xəsarət aldığından sonra, eyni zamanda məni döyən zaman da edə bilmək imkanı olsa da, etmədi. Ayxan məni döydükdən sonra burun nahiyəmdən qan gəldi. Bu mənə pis təsir etdiyi üçün, eyni zamanda Ayxanın mütəmadi olaraq spirtli içki qəbul edərək münaqişlər yaratdığı yadıma düşdüyü üçün bir anlıq əsəbləşdim. Bunun əvəzini çıxmaq qərarına gəldim. Buna görə bıçağı götürərək ona xəsarət yetirdim, özümü müdafiə etmək üçün etmədim. Sadəcə bütün olanlardan bezdiyim üçün anidən əsəbləşdim, bunu etdim”.
Təqsirləndirilən şəxs deyib ki, əvvəllər əri tərəfindən döyülməsi, şiddət görməsi ilə bağlı Sumqayıt şəhər Polis İdarəsinnin 3-cü polis bölməsinə müraciət edib. Bildirib ki, Ayxanın onu döyməsi ilə əlaqədar 11 iyul 2023-cü ildə Sumqayıt şəhər Məhkəməsinin hökmü ilə altı ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilib.
Bu cinayət işinə Sumqayıt şəhər Məhkəməsində baxılıb.
Məhkəmə təqsirləndirilən şəxsin zərərçəkmişlə barışmasını, zərərçəkmiş şəxsin ondan şikayətçi olmamasını nəzərə alıb.
Bu səbəbdən Nərminin barəsində olan cinayət təqibinə xitam verilib. O, cinayət məsuliyyətindən azad edilib.