Məmurlar niyə xalqın yaddaşında bağışlanmır?

 
İki gün əvvəl keçmiş deputat Fəzail Ağamalı dünyasını dəyişdi. Ölüm xəbəri cəmiyyət üçün təbii olaraq kədər doğurmalı idi. Lakin sosial şəbəkələrdə baş verənlər bunun əksini göstərdi. Nifrət dolu rəylər, istehzalar, açıq lənətlər… Bu mənzərə təkcə mərhum Fəzail Ağamalı ilə bağlı deyil. Azərbaycan cəmiyyətinin mütləq əksəriyyəti ondan əvvəl dünyasını dəyişən bir çox məmur və deputatların ardınca da eyni reaksiyanı göstərib.


Daha təhlükəli məqam isə ondan ibarətdir ki, cəmiyyətin əhəmiyyətli hissəsi təkcə ölən şəxslə kifayətlənmir, sağ qalan məmur və deputatlara da eyni aqibəti arzulayır. Bu artıq sadəcə etiraz deyil, ciddi sosial riskdir.


Əslində Fəzail Ağamalı sıradan bir siyasi fiqur deyildi. O, 1980-ci illərin sonlarında Azərbaycanın müstəqilliyi uğrunda başlanmış Milli Azadlıq Hərəkatının iştirakçılarından olub, altı dəfə Milli Məclisin deputatı seçilib, 1993-94-cü illərdə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin birinci müavini və nazir səlahiyyətlərinin müvəqqəti icra edib. Müstəqillik tariximizin ilk siyasi partiya yaradanlardan olub. Yəni müasir Azərbaycan siyasi tarixində — yaxşısı ilə, pisi ilə — izi olan, rolu olan bir şəxs idi. Buna baxmayaraq, onun ölümü də cəmiyyətin əksər hissəsində mərhəmət yox, aqressiya doğurdu.


Belə olan halda sual yaranır - Azərbaycanda niyə ölən məmura cəmiyyətin böyük hissəsi rəhm etmir?

Bu davranışı həssaslığın itməsi ilə izah etmək asandır, amma yetərli deyil. Çünki, cəmiyyətin məmurlara qarşı bəlli reaksiyası birdən-birə yaranmayıb. Məmurlara qarşı insanlarda empati prinsiplərinin ortadan qalxması, illərlə yığılıb qalmış ədalətsizlik hissinin, cavabsız qalan şikayətlərin və itirilmiş etibarın nəticəsidir.


Vətəndaş üçün məmur əlçatmaz fiqur olmamalıdır. Əksər ölkələrdə cəmiyyətin düşncəsində məmur, hər kəs kimi gündəlik həyatda qarşılaşdığı real insandır. Acı olsa da etiraf olunmalıdır ki, bizim insanların yaddaşında məmur çox vaxt süründürən, vətəndaşa qulaq asmayan, haqqı güc hesabına əzən biri kimi formalaşıb. Məhz bu amillər cəmiyyətin xatirələrindən silinmir. Ölüm xəbəri gələndə isə mərhəmət yox, yığılıb qalmış qəzəbi üzə çıxarır.


Azərbaycanda maraqlı bir istisna da var. Xatırladığım qədər xalqın rəhmətlə yad etdiyi nadir vəzifəli şəxslərdən biri keçmiş energetika naziri Natiq Əliyev idi. Onun ölümü zamanı ictimai reaksiya fərqli olmuşdu. Bu fakt göstərir ki, problem cəmiyyətin bütövlükdə nifrət dolu olmasında deyil. Cəmiyyət yaxşı ilə pisi ayırd edə bilir. Sadəcə, belə nümunələr azdır.


Digər hallarda isə mənzərə eynidir. Hansısa məmur dünyasını dəyişəndə və ya həbs ediləndə, təəssüf ki, insanlar sanki illərlə yığılmış enerjini boşaldırmış kimi davranır, lənətləyir, nifrətini açıq şəkildə ifadə edir. Bu, sevinc deyil, güman ki, uzun müddət susdurulmuş narazılığın təzahürüdür.


Cəmiyyətdə İllərdir formalaşmış bir düşüncə var. Məmur sağ ikən toxunulmazdır. Şikayət mexanizmləri işləmir, hesabatlılıq yoxdur, onlar üçün cəzasızlıq əlahəddə hala çevrilib. Bu şəraitdə cəmiyyətin şüuraltında ölüm yeganə “hesablaşma anı” kimi qavranılır. Əlbəttə, bu sağlam düşüncə deyil, amma sistemin insanları saldığı psixoloji vəziyyəti də qəbullanmalıyıq.


Əgər problem yalnız pis məmurlarda olsaydı, cəmiyyət yaxşıları ayırd edərdi. Amma etmir. Çünki, sistem məsuliyyətsizi qoruyur, vicdanlını isə ya susdurur, ya da sıradan çıxarır. Nəticədə cəmiyyətin gözündə “yaxşı məmur” anlayışı yoxa çıxır.


Burada gördüyümüz mənzərə sevinən cəmiyyət deyil, əlacsız və yorulmuş cəmiyyətdir. Ədaləti sağ ikən görməyən, dəyişikliklərə inamını itirmiş insanların yorğunluğu. Bu yorğunluq isə zamanla təhlükəli emosional həddə çatır.


Əgər bir cəmiyyətdə ölən məmura belə rəhm edilmirsə, bu artıq fərdi faciə kimi qəbul olunmamalıdır. Bu, dövlət institutlarına olan etibarın ciddi şəkildə sarsıldığının göstəricisidir. Etibar olmayan yerdə islahatlar inandırıcı olmur, çağırışlar cavabsız qalır.


Ən acınacaqlısı isə odur ki, sağ qalan məmurlar illərdir şahidi olduqları mənzərədən nəticə çıxarmır. "Külli ixtiyar" sahibi düşüncəsindən əl çəkib, şəxsi maraqları deyil, vətəndaşların hüquq və ədalət hissini prioritet etmirlər. Nəticədə dünyadan köçdükdən sonra özləri ilə bərabər arxalarınca  burxdıqları ailə üzvlərinə cəmiyyətin nifrətini yükləyirlər.


Hesabatlılıq, şəffaflıq və vətəndaşlarla düzgün kommunikasiya mexanizmlərinin işləməsi yalnız ictimai etibarı bərpa etməyin yolu deyil, həm də cəmiyyətin etimadını qazanmağın yeganə üsuludur. Ədalət sağ ikən təmin edilməlidir ki, ölüm xəbərindən sonra həm özləri üçün, həm də ailə üzvləri üçün qəzəb yox, hörmət qalsın.


Problem nə təkcə məmurdadır, nə də xalqda. Problem hesabat verməyən, cəzasızlığı norma halına gətirən sistemdədir. Cəmiyyət mərhəməti itirməyib — sadəcə ədaləti tapa bilmir.


Ədalət bərpa olunmadan mərhəmət tələb etmək reallıqdan uzaqdır; ölüm isə hər bir halda haqqdır.

Elçin ABDULLAYEV
Sumqayit.tv


Dünən, 16:42 89

Digər xəbərlər

44 saylı Sumqayıt üçüncü seçki dairəsində vətəndaş qəbulu keçirilib - FOTO

U-19 Azərbaycan çempionatında Sumqayıt boksçuları mübarizəni davam etdirir

AFFA-dan qərar: “Sumqayıt”la oyuna görə “Zirə” klubu cərimə olundu

Strateji tərəfdaşlıqdan geosiyasi ittifaqa: Bakı–Vaşinqton xəttində yeni mərhələ

Məmurlar niyə xalqın yaddaşında bağışlanmır?

Sumqayıtlı təqaüdçülərin yeni artımla pensiya alma tarixi açıqlandı - RƏSMİ

Sumqayıt Apellyasiya Məhkəməsinin hökmü Ali Məhkəmədə təsdiqləndi

Prezident sosial şəbəkə hesablarında Ceyms Devid Vens ilə görüşündən görüntülər paylaşıb - VİDEO

Sumqayıt–Sınıq Körpü avtobus marşrutu üzrə müsabiqənin qalibi müəyyənləşdi

Sumqayıtda yol-nəqliyyat hadisəsi ölümə səbəb oldu

Sumqayıtda avtovağzal əməkdaşı iş başında öldü

Sumqayıtdakı 7 nömrəli marşrut avtobuslarından şikayət - "Sürücülər qaydaları saymır"

Sumqayıtda çalışmış şəhid alimin oğlu Dövlət Statistika Komitəsinin sədrinə təyin olundu

Deputat Elnarə Akimova vətəndaşlarla növbəti qəbulu keçirib-FOTO

Artımlarla birgə fevral pensiyaları Sumqayıtda BU TARİXDƏ veriləcək

Sumqayıtın bu ərazisində yaşayan 2500 abonent qazsız qalacaq

Bir sutkadır Yaşıldərə sakinləri susuzluqdan əziyyət çəkir – ŞİKAYƏT

Sumqayıtda qazılan yol sürücüləri çətin duruma salıb

Təhsil mühitində böhran: Psixoloqlar məktəblərdəki risklər barədə xəbərdarlıq edir

Sumqayıt bulvarında tapılan meyitin Vətən müharibəsi iştirakçısı olduğu məlum oldu

1 2 3 4 5 6 7 8 9 10 ... 1017
Dünən, 23:54
Dünən, 23:43
Dünən, 17:42
Dünən, 17:35
Dünən, 16:42
Dünən, 15:20
Dünən, 11:57
Dünən, 11:52
Dünən, 11:47
Dünən, 11:30
Dünən, 08:54
10-02-2026, 15:38
10-02-2026, 15:38
10-02-2026, 15:25
10-02-2026, 14:52
10-02-2026, 12:28
10-02-2026, 12:02
9-02-2026, 17:16
9-02-2026, 15:46
9-02-2026, 14:41
9-02-2026, 14:37
9-02-2026, 14:05
9-02-2026, 12:12
9-02-2026, 12:02
9-02-2026, 11:29
9-02-2026, 11:11
9-02-2026, 08:23
8-02-2026, 22:56
7-02-2026, 09:32
6-02-2026, 14:28
6-02-2026, 13:02
6-02-2026, 12:58
6-02-2026, 12:52
6-02-2026, 12:49
6-02-2026, 12:43
6-02-2026, 12:23
6-02-2026, 12:04
6-02-2026, 12:02
6-02-2026, 11:59
6-02-2026, 11:56
1 2 3 4 5 6 7 8 9 10 ... 1017