1979-cu ilin dekabr ayının ilk günlərində Sov.İkp MK-nın Siyasi Bürosunda bir neçə gün davam edən gərgin müzakirələrdə büro yekdil qərara gələ bilməyib. Leonid Brejnevin sədrliyi ilə keçirilən iclasda məhdud sovet hərbi kontingentinin Əfqanıstana yeridilməsini DTK sədri Yuri Andropov, Mərkəzi Komitənin katibi Mixail Suslov, xarici işlər naziri Andrey Qromıko, müdafiə naziri Dmitri Ustinov vacib saysalar da, SSRİ Nazirlər Sovetinin sədri Aleksey Kosıgin və Baş Qərargah rəisi marşal Nikolay Oqarkov bu məsələnin qəti əleyhinə çıxıblar.
Nəhayət, dekabrın 9-da Nikolay Oqarkov baş katibin kabinetinə dəvət olunub. Qeyri-rəsmi keçirilən görüşdə Siyasi Büronun bir neçə üzvü də iştirak edib. Bu görüşdə də baş qərargah rəisi qoşunların Əfqanastına yeridilməsinə qarşı çıxıb və Əfqanıstanla bağlı SSRİ-ni narahat edən məsələləri diplomatik yolla həll edilməsini məqsədəuyğun sayıb. Marşalın çıxışı Siyasi Büro üzvlərini qıcıqlandırıb. Yuri Andropov Oqarkovun fikirlərinə sərt münasibər bildirib:
- Biz sizi bura ona görə çağırmamışıq ki, sizin fikirlərinizə qulaq asaq. Siz bura ona görə dəvət olunmusunuz ki, Siyasi Büronun göstərişlərini özünüzdə qeyd edəsiniz və dərhal onların icrasına başlayasınız.
Brejnev də Andropovun dediklərinə dəstək verib:
- Andropovun dediklərinə əməl etməlisiniz.
Beləliklə, sovet hərbi kontingentinin Əfqanıstana yeridilməsinə hazırlıq işləri başlayıb. Dekabrın 25-də sovet qoşunları Əfqanıstanda dislokasiya olunublar.
Maraqlıdır, sovet hərbi kontingentinin Əfqanıstana yeridilməsi hansı zərurətdən doğub? Brejnev və Siyasi Büro bu məsələdə niyə bu qədər israrlı olublar?
İki güc dövlətinin SSRİ-nin və ABŞ-ın II dünya müharibəsindən sonra dünyaya nəzarət yarışmasında Kreml bütün imkanlarından istifadə edərək Əfqanıstanı sosialist blokuna salmağa cəhd edib.
Əfqanıstanda baş verən hadisələr, daha dəqiq ifadə etsək, baş verən hadisələrdə SSRİ-nin əlinin olması bu ölkəni Kremldən asılı vəziyyət həddinə çıxarıb. Belə ki, 1965-ci ildən Əfqanıstan Xalq Demokratik Partiyası Mərkəzi Komitəsinin baş katibi Nur Məhəmməd Təraki ölkədə sosializm cəmiyytinin yaradılmasını partiyanın əsas funksiyalarından biri sayıb. Moskvanın adamı kimi tanınan Təraki həmin ərəfədə müalicə adı ilə SSRİ-yə səfər edib və 42 gün SSRİ-də qalıb. Bu səfəri zamanı onun Mərkəzi Komitə üzvləri ilə çoxsaylı görüşləri keçirilib. SSRİ-də olarkən Bakıda Tərakinin dari dilində (Əfqanıstanda yaşayan taciklərin, aymaqların və digər etnik qrupların dili) “Yeni həyat” kitabı çap olunub və gizli yolla Əfqanıstana göndərilib.
SSRİ-dən hərtərəfli dəstək alan Təraki 1978-ci ilin aprel ayında Saur inqilabından sonra yeni yaradılmış Əfqanıstan Demokratik Respublikasının İnqilab Şurasını sədri və baş nazir seçilib.
Təraki hakimiyyəti repressiyalarla, keçmiş hakimiyyət üzvlərinin həbsləri ilə başlayıb. Onun yetirmələrindən biri olan, Əfqanıstanın xarici işlər, daha sonra müdafiə naziri Hafizulla Əmin Tərakinin rejimini dəstəkləyən ən fəal nazirlərdən biri olub. O, Tarakini “Şərqin ulduzu” adlandırıb, onun şəklinin Əfqanıstanın pul əskinazlarının birində əks olunmasının təşəbbüskarı olub. Eyni zamanda Təraki də Hafizulla Əmini özünün ən uğurlu kadrlarından biri sayıb. Ancaq çox keçməmiş Təraki ilə Əmin arasında ixtilaflar yaranıb. Əmin Tərakini hakimiyyətdən devirmək üçün yollar axtarıb, planlar cızıb. Bu planlardan isə Təraki xəbərsiz olub. Yalnız Brejnevin xəbərdarlığından sonra Təraki məsələnin nə yerdə olduğunu anlayıb.
Belə ki, 1 sentyabr 1979-cu ildə Təraki Havanada keçirilən konfransdan geri dönərkən qısa müddətə SSRİ-də dayanıb. Onu Moskvada böyük ehtiramla qarşılayıblar. Təraki ilə Brejnevin təkbətək görüşü keçirilib. Həmin görüşdə Brejnev ona sui-qəsdin ediləcəyi planının hazırlandığını söyləyib, bu məlumatın mötəbər mənbələrdən alındığını bildirib.
Təyyarə Moskvadan Kabula istiqamət alanda Təraki elə təyyarənin salonunda onu müşayiət edən nümayəndə heyətinə Brejnevin xəbərdarlığını danışıb. Tərakinin əsas mühafizəçilərindən biri Hafizulla Əminə işləyib və təyyarə Əfqanıstana çatandan sonra mühafizəçi dərhal Əminlə görüşüb və onu məlumatlandırıb. Hafizulla Əmin həyata keçirəcəyi “tədbir”in tarixini bir az da önə çəkib.
Sözsüz ki, Brejnevin xəbərdarlığından sonra Təraki zərbənin Əmin tərəfindən olacağına şübhə etməyib.
Sentyabrın 14-də Təraki Hafizulla Əminə görüş təklif edib. Əmin təklifdən imtina etməyib. O, çoxsaylı mühafizəçilərlə Tərakinin iqamətgahına gəlib. Əmin içəriyə ümimi girişdən yox, arxa girişdən, Tərakinin mənzilinə olan girişdən girib. Birinci mərtəbənin foyesində dayananda, mühafizəçilər ikinci mərtəbəyə qalxıb. Bir neçə saniyədən sonra isə iqamətgahda atışma başlayıb. Bu məqamda Əmin maşınına minərək ərazidən uzaqlaşıb. Atışma zamanı bir neçə mühafizəçi həlak olub. Həmin gün axşam Əmin hökumət üzvlərini və partiyada yüksək vəzifə tutanları inandırmağa çalışıb ki, Təraki ona sui-qəsd hazırlayıb. Səhərisi günü isə o, Tərakiyə yazılı surətdə mühafizəçilərinin silahı yerə qoyması xahişi ilə müraciət edib.
Hafuzalla Əmin daha çox tərəfdar toplayaraq partiyanın ümumi yığıncağını tankların əhatəsində olan iqamətgahda keçirməyə nail olub. Təraki baş katib vəzifəsindən uzaqlaşdırılıb və Əmin yeni baş katib seçilib. Eyni zamanda o, baş nazir kürsüsünə də sahib olub.
Mətbuat bu tədbiri aşağıdakı kimi işıqlandırıb:“Plenum diqqət və həssaslıqla Tərakinin xahişini dinləyərək, onun səhhəti ilə bağlı bütün vəzifələrindən azad olunmasını yekdilliklər qəbul edib...”
Tərakini vəzifələrindən uzaqlaşdırdıqdan sonra Əminin qarşısında duran vəzifə onu fiziki cəhətdən məhv etmək olub.
Tərakinin ölüm tarixini dəqiqləşdirməkdə tarixçilər və araşdırmaçılar çətinlik çəkiblər. Məlum olan odur ki, Təraki 14 sentyabr – 9 oktyabr tarixləri arasında məhv edilib.
Aylar sonra Tərakinin ölümü ilə bağlı aparılan istintaqda Hafizulla Əminin tapşırıqlarını icra edənlərdən biri ifadəsində aşağıdakıları söyləyib: "Dəqiq tarix yadımda deyil. Amma oktyabrın ilk günləri idi. Bizim qrupa tapşırıq verilmişdi. Biz Tərakini iqamətgahına getdik, ona bildirdik ki, iqamətgahı boşaltmalıdır. Harada qalacağı yeri də ona söylədik. O, xahiş etdi ki, bəzi əşyalarını götürmək üçün ona vaxt verək. Qrupumuzun başçısı bildirdi ki, əşyalarınızı daşıyacaqlar və onu aşağı, birinci mərtəbədə olan otaqlardan birinə apardı. Təraki su istədi, mən ona su gətirmək istəyəndə dəstə başçımız mənə imkan vermədi, qapını çırparaq bağladı. O, Tərakini divana uzandırdı, divanın üstündə olan döşəkçəni onun üzünə basdı. Təraki ayaqları ilə divanı döycələyəndə dəstə başçısı mənə göstəriş verdi ki, onun ayaqlarını bağlayım. Ancaq buna ehtiyac olmadı. Təraki ölmüşdü...”
Tərakinin məhv edilməsi Kremli şoka salıb. Brejnev bu hadisədən son dərəcə mütəəssir olub. Hadisə Siyasi Büro iclasında müzakirəyə çıxarılıb. Büro Tərakinin məhv edilməsini SSRİ-yə zərbə kimi qiymətləndirib və sovet hərbi kontigentinin Əfqanıstana yeridilməsi zəruri sayılıb.
Dekabrın 27-də 700 nəfərdən ibarət DTK əməkdaşları və “Alfa” qrupunun üzvləri Hafizulla Əminin iqamətgahınada əməliyyat keçiriblər. Əməliyyat 43 dəqiqə davam edib. Əminin mühafizəsinin güclü müqaviməti sovet hərbçiləri üçün gözlənilməz olub. Əməliyyat zamanı 11 nəfər “Alfa” üzvü həlak olub. Hafizulla Əmin, iki oğlu, mühafizəçələri məhv edilib, digər müqavimət göstərənlər həbs olunublar.
Bu ərəfədə isə Yuri Andropovla telefon danışığından sonra Babrək Karməl Əfqanıstanın yeni rəhbəri kimi sovet xüsusi təyinatlılarının mühafizəsi altında Kabula istiqamət alıb.
Sonralar o da məlum olub ki, Hafizulla Əmin ABŞ-da təhsil alarkən Mərkəzi Kəşfiyyat İdarəsi tərəfindən əməkdaşlığa cəlb olunub.
İlham Cəmiloğlu, Musavat.com