
Azərbaycanda şəhərsalma sahəsində yeni yanaşmaların tətbiqi və şəhərlərdə “yaşıl dəhlizlər”in yaradılması nəzərdə tutulur.
Sumqayit.tv xəbər verir ki, bunu Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Şəhərsalma və ərazi planlaşdırılması şöbəsinin müdir müavini Şahnaz Bədəlova Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunda (WUF13) bildirib.
Onun sözlərinə görə, gələcəyin şəhərləri yalnız memarlar və urbanistlər tərəfindən deyil, psixoloqlar, ictimai səhiyyə və nəqliyyat mütəxəssislərinin iştirakı ilə planlaşdırılmalıdır.
Şahnaz Bədəlova qeyd edib ki, şəhərsalma zamanı insanların gündəlik davranışları və yaşayış vərdişləri nəzərə alınmasa, hazırlanan layihələr effektiv olmayacaq.
Mütəxəssis çıxışı zamanı Sumqayıtı da nümunə göstərib. Bildirib ki, hazırda əhali sayına görə Azərbaycanın ikinci böyük şəhəri Sumqayıt hesab olunur. Bununla yanaşı, yeni baş plan çərçivəsində Gəncədə xüsusi yaşıl dəhlizlərin yaradılması nəzərdə tutulur.
Onun sözlərinə görə, park və ictimai məkanların aktiv istifadəsi üçün həmin ərazilərə rahat piyada keçidləri və yaşıl bağlantılar formalaşdırılmalıdır.
Qeyd olunub ki, bu yanaşma şəhərlərin daha dayanıqlı, insan yönümlü və yaşana bilən mühitə çevrilməsinə xidmət edəcək.
Bu gün, 18:54
5