Prezident İlham Əliyev Azərbaycan Respublikası ilə Gürcüstan arasında əlamətdar tarix – diplomatik münasibətlərin qurulmasının 30-cu ildönümü münasibətilə Gürcüstan Prezidenti Salome Zurabişvili və Baş nazir İrakli Qaribaşviliyə təbrik məktubları ünvanlayıb.Bu barədə Prezident.az məlumat yayıb.
Azərbaycan lideri Salome Zurabişviliyə
məktubunda dost gürcü xalqına ən xoş və səmimi arzularını çatdırıb:
“Azərbaycan-Gürcüstan əlaqələrinin qədim ənənələri vardır. Tarixən dostluq, mehriban qonşuluq, qarşılıqlı anlaşma şəraitində yaşamış və daim bir-birinə dəstək olmuş xalqlarımızın iradəsi bu gün dövlətlərarası münasibətlərimizin təməlini təşkil edir. Ötən 30 il ərzində qarşılıqlı inam və etimada əsaslanan əlaqələrimizin yüksələn xətt üzrə inkişaf edərək strateji tərəfdaşlıq səviyyəsinə çatması xüsusi məmnunluq doğurur.
Dövlətlərarası münasibətlərimizin yüksək səviyyəsi, daim genişlənən siyasi dialoqumuz qarşılıqlı faydalı əməkdaşlığımızın bütün sahələrdə hərtərəfli inkişafına güclü təkan vermiş, irimiqyaslı enerji və nəqliyyat layihələrinin müvəffəqiyyətlə gerçəkləşməsinə əlverişli imkan yaratmışdır. Birgə həyata keçirdiyimiz önəmli layihələr bu gün dövlətlərimizin maraqlarına və xalqlarımızın mənafelərinə xidmət etməklə yanaşı, bölgəmizin rifahına, sabitliyinə və təhlükəsizliyinə töhfə verir və ümumiyyətlə bütün Avropa qitəsi üçün mühüm əhəmiyyət daşıyır.
Bu gün iqtisadi, ticari, enerji, nəqliyyat, humanitar və digər sahələrdə əməkdaşlığımız strateji tərəfdaşlığımızı səciyyələndirən mühüm amillərdir. Biz dost Gürcüstan ilə əlaqələrimizə böyük önəm verir və onları daha da dərinləşdirmək əzmindəyik. Hesab edirəm ki, Azərbaycan-Gürcüstan əməkdaşlığını genişləndirmək və inkişaf etdirmək üçün yaxşı imkanlar vardır.
Əminəm ki, mövcud imkanlardan yararlanaraq xalqlarımızın və ölkərimizin rifahı, regionumuzda sülh, sabitlik və tərəqqinin bərqərar olması naminə Azərbaycan ilə Gürcüstan arasında müstəsna xarakter daşıyan əlaqələrin, strateji tərəfdaşlığın birgə səylərimizlə daha da möhkəmlənməsinə nail olacağıq.
Fürsətdən istifadə edərək Sizə möhkəm cansağlığı, xoşbəxtlik və müvəffəqiyyətlər, dost Gürcüstan xalqına daim əmin-amanlıq və rifah diləyirəm”.
Dövlət başçısı İlham Əliyev həmçinin Gürcüstanın Baş naziri İrakli Qaribaşviliyə ünvanlandığı
məktubunda əsrlər boyu dostluq və mehriban qonşuluq şəraitində yaşamış xalqlarımızın iradəsinə uyğun olaraq Azərbaycan ilə Gürcüstan arasında münasibətlərin son otuz ildə hərtərəfli inkişaf edərək bugünkü səviyyəyə çatmasının böyük məmnunluq doğurduğunu qeyd edib:
“Diplomatik münasibətlərin qurulmasından ötən dövr ərzində ölkələrimiz arasında yüksək səviyyəli siyasi dialoq iqtisadiyyat, enerji, nəqliyyat-logistika, humanitar və digər sahələrdə əlaqələrimizin möhkəmlənməsi üçün mühüm zəmin olmuşdur. Qarşılıqlı səfərlər, müntəzəm təmaslar, müxtəlif sahələrdə imzalanan çoxsaylı sənədlər, reallaşmış birgə layihələr çoxşaxəli əməkdaşlığımızın genişlənməsində əhəmiyyətli rol oynamışdır. Etibarlı strateji tərəfdaş olan ölkələrimizin beynəlxalq strukturlar çərçivəsində də səmərəli əməkdaşlıq etmələrini yüksək qiymətləndirirəm.
Eyni zamanda, Avropa ilə Asiya arasında körpü rolunu oynayan regionumuzda rifaha, sabitliyə və təhlükəsizliyə töhfə verən irimiqyaslı nəqliyyat-kommunikasiya layihələrinin müvəffəqiyyətlə gerçəkləşdirilməsində sıx işbirliyimizi xüsusi qeyd etmək istərdim.
Qarşılıqlı hörmət və etimad üzərində qurulmuş Azərbaycan-Gürcüstan münasibətləri dinamik inkişaf edərək hazırda yeni məzmun kəsb etməkdədir. Hesab edirəm ki, bölgəmizin iqtisadi potensialını artırmaq üçün çox gözəl imkanlar vardır.
Əminəm ki, Azərbaycan ilə Gürcüstan arasında əlaqələrin daim genişləndirilməsi, xalqlarımızın rifahı, ölkələrimizin və regionumuzun çiçəklənməsi naminə əməkdaşlığımızın bütün sahələrdə dərinləşdirilməsi, strateji tərəfdaşlığımızın daha yüksək səviyyəyə qaldırılması istiqamətində birgə səylərimizi bundan sonra da uğurla davam etdirəcəyik.
Fürsətdən istifadə edərək Sizə möhkəm cansağlığı, xoşbəxtlik, işlərinizdə müvəffəqiyyətlər, dost Gürcüstan xalqına daim əmin-amanlıq, firavanlıq və rifah diləyirəm”.