
Sumqayıt Dövlət Universitetinin (SDU) rektoru, professor Nurəli Yusifbəyli ali məktəblərə qəbul imtahanlarında IV ixtisas qrupu üzrə maksimum nəticə – 700 bal toplayan Sumqayıt şəhəri Təbiət Elmləri Təmayüllü Gimnaziyanın məzunu Samir Tağızadə ilə görüşüb.
Sumqayit.tv xəbər verir ki, rektor gənci yüksək nəticə münasibətilə təbrik edərək onun gələcək təhsil həyatında uğurlar arzulayıb.
Nurəli Yusifbəyli bildirib ki, yüksək mənəvi dəyərlərə və innovativ düşüncəyə malik gənclərin yetişməsi süni intellekt və rəqəmsal transformasiya dövründə ölkənin elmi potensialının inkişafına mühüm töhfə verir.
Görüş zamanı süni intellekt texnologiyalarının tibb sahəsində tətbiqinin əhəmiyyətindən də danışılıb. Qeyd olunub ki, bu texnologiyalar müalicə proseslərinin fərdiləşdirilməsi, cərrahi müdaxilələrin daha effektiv həyata keçirilməsi və gələcəyin rəqabətqabiliyyətli həkimlərinin hazırlanması baxımından mühüm rol oynayır.
Sonda rektor Samir Tağızadənin qazandığı uğurda əməyi olan müəllimlərə və valideynlərinə təşəkkürünü bildirib.
Görüş xatirə fotosunun çəkilməsi ilə yekunlaşıb.



Bu gün, 14:37
36