Polislərimiz azad edilən ərazilərdə qanun keşiyindədir - VİDEO
Daim ayıq-sayıq xidmətdə olan polislərimiz işğaldan azad edilən torpaqlarda Azərbaycan qanunlarının keşiyindədir.
Sumqayit.tv xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) hərbi qulluqçuları və polis əməkdaşlarının 44 günlük Vətən müharibəsində və post müharibə dövründə fəaliyyətini özündə əks etdirən videoçarxda qeyd edilib. Bildirilib ki, videoçarx 8 Noyabr - Zəfər Gününə həsr olunub: "Tarixdə müharibələr məqsəd və məzmununa görə iki yerə ayrılır: ədalətsiz və ədalətli müharibələr. Başqasının torpağında, sərvətində, dövlətində gözü olanlar həmişə təcavüzkar niyyətlərini həyata keçirmək üçün ədalətsiz müharibələrə başlayıblar. Azərbaycan da müstəqilliyinin ilk illərində mənfur qonşusu tərəfindən müharibəyə cəlb olundu. Bu müharibədə Azərbaycan ədalətli tərəf olduğundan onun oğul və qızları Vətəni düşmən işğalından qorumaq üçün silaha sarıldılar. Həmin dövrdə silaha sarılanların cərgəsində Daxili İşlər Nazirliyinin hərbi qulluqçuları və polis əməkdaşları da var idi. Birinci Qarabağ müharibəsində cəbhənin müxtəlif istiqamətlərində gedən döyüşlərdə polis və daxili qoşunların hərbi qulluqçuları igidliklə döyüşərək qəhrəmanlıqlar göstərdilər. Amma yağı düşməni müqəddəs torpaqlardan birdəfəlik qovmaq, tarixi ədaləti bərpa etmək, düşmənə sarsıdıcı zərbə vurmaq üçün tarixi zəmin 2020-ci ci ilin sentyabr ayının 27-də yarandı. Azərbaycan polisi və daxili qoşunların hərbi qulluqçuları hər bir azərbaycanlının uzun illərdir həsrətində olduğu torpaqlarımızın azad olunması uğrunda başlayan Vətən müharibəsində əsl fədakarlıq nümunəsi göstərdilər. 2020-ci il sentyabr ayının 28-dən ölkə ərazisində hərbi vəziyyət elan edildi. Bundan əlavə, paytaxt Bakı, eləcə də bir neçə iri şəhər və rayonlarda hərbi vəziyyət dövründə komendant saatı elan olundu. Bununla da gərgin iş rejimində xidmət aparan polisin fəaliyyət sahəsi bir qədər də genişləndi. 2020-ci ilin payızını Azərbaycan polisinin imtahan dönəmi də adlandıra bilərik. Belə ki, Daxili İşlər Nazirliyinin hərbi qulluqçuları cəbhədə bir düşmənə qarşı döyüşürdüsə, polis əməkdaşları eyni anda ikinci bir düşmənlə mübarizə aparırdı. Söhbət “COVID-19” virusundan gedir. Gözlə görünməyən bu düşmən hər yerdə idi. Qürurla deyə bilərik ki, bu imtahandan da asayiş keşikçilərimiz üzüağ çıxdılar. Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi altında möhtəşəm qələbə ilə nəticələnən 44 günlük Vətən müharibəsində Daxili İşlər Nazirliyinin hərbi qulluqçuları vahid komandanlıq altında xüsusi rəşadət və qəhrəmanlıq nümunələri göstərdilər. Bir-birinin ardınca azad olunan rayonlarımıza, kəndlərimizə ilk ayaq basanların, o torpaqlarda bayrağımızı dalğalandıran oğullarımızın arasında Daxili İşlər Nazirliyinin şəxsi heyəti də var idi. Ağır döyüşlərdə onlardan: 1. Mayor- Şıxamir Qaflanov 2. Kapitan- Türkay Hüseynli 3. Kapitan- Şamil Babayev 4. Baş leytenant- Kamran Kazımov 5. Baş leytenant- Təhmasib Mustafayev 6. Leytenant- Qəzənfər Məmmədov 7. Gizir- Faiq Həsənov 8. Gizir- Sərxan Abdullayev 9. Gizir- Cahid Tağızadə 10. Gizir- Mais Səmədov 11. Gizir- Vüqar Ələkbərov 12. Gizir- Emil İsgəndərov 13. Kiçik gizir- Anar Məmmədov 14. Baş çavuş- Fərid Hüseynov 15. Baş çavuş- Tofiq Həsənov 16. Baş çavuş- Tural Abdullayev 17. Baş çavuş- Vüqar Cəfərov 18. Baş çavuş- Ruslan Qurbanov 19. Baş çavuş- Əsgər Əhmədov 20. Baş çavuş- Sahib Məmmədov 21. Baş çavuş- Surxay Mehdiyev 22. Baş çavuş- Ruslan Sadıqov 23. Baş çavuş- Elçin Nadirov 24. Baş çavuş- Məhəmməd Hüseynov 25. Baş çavuş- Vüsal Allahyarov 26. Baş çavuş- Seymur Həsənli 27. Baş çavuş- Şahlar Məmmədov 28. Baş çavuş- Elvin Abbasov 29. Baş çavuş- Orxan Babayev 30. Baş çavuş- İsmayıl Qəsəbov 31. Baş çavuş- Səid Cəfərov 32. Baş çavuş- Anar Vəlizadə 33. Baş çavuş- Vüqar Əkbərov 34. Çavuş- Ramiz Ağayev 35. Çavuş- Orxan Ömərov 36. Çavuş- Orxan Mirzəyev 37. Çavuş- Ceyhun Rzayev 38. Çavuş- Cəlil Xeyrullayev 39. Çavuş- Sənan Ələsgərzadə 40. Çavuş- Emil Fətəliyev 41. Çavuş- İbrahim Cəbrayıllı 42. Çavuş- Hilal İmanzadə 43. Çavuş- Həsən Abdullayev 44. Çavuş- Elvin Məmmədov 45. Çavuş- Rauf Süleymanov 46. Çavuş- Tərlan Eyniyev 47. Çavuş- Abbas Şahbazov 48. Çavuş- Sabir Əbdürrəhmanlı 49. Çavuş- Mirsəfa Mirəşrəfbəyli 50. Çavuş- Asif Talıblı 51. Çavuş- Afər Orucov 52. Çavuş- Cavad İbadov 53. Çavuş- Ramazan Vəliyev 54. Çavuş- Elsevər Piriyev 55. Kiçik çavuş- Mikayıl Mikayılzadə 56. Baş əsgər- Kamran Fərəcov 57. Baş əsgər- Pərviz Həsənov 58. Əsgər- Fərid Seyfullayev 59. Əsgər- Nəzir Osmanov 60. Əsgər- Cahangir Surxayzadə 61. Əsgər- Tural Bayramlı 62. Əsgər- Elnur Bağırov 63. Əsgər- Ayaz Abasov 64. Əsgər- İsmayıl Məmmədov 65. Əsgər- Fərid Vəliyev 66. Çavuş- Elşən Quluzadə, ümumilikdə 66 nəfər şəhid oldular. 346 hərbi qulluqçu yaralandı, 4 nəfər Vətən Müharibəsi Qəhrəmanı adına layiq görüldü. Vətən müharibəsində qazanılan zəfərdə Daxili İşlər Nazirliyinin hərbi qulluqçuları və polis əməkdaşlarının igidliyi müzəffər Ali Baş Komandan İlham Əliyev tərəfindən də yüksək qiymətləndirilib. Ali dövlət mükafatları ilə təltif edilənlər arasında Daxili İşlər Nazirliyinin hərbi qulluqçuları və polis əməkdaşları da var idi". "Müharibə zamanı və post-müharibə dönəmində Daxili İşlər Nazirliyinin əməkdaşları bütün şəhər və kəndlərimizdə, o cümlədən işğaldan azad edilən ərazilərdə təhlükəsizliyin təmin olunmasında mühüm rol oynamaqdadır. Bu mühüm məsələnin əsas məsuliyyəti məhz onların üzərinə düşür. Bir sözlə polis və hərbi qulluqçular işğaldan azad edilmiş ərazilərdə öz xidmətlərini yüksək səviyyədə həyata keçirir, təhlükəsizliyimizi möhkəmləndirirlər. Təmkinli, cəsur, daim ayıq-sayıq xidmətdə olan polislərimiz işğaldan azad edilən torpaqlarda Azərbaycan qanunlarının keşiyindədir. 30 ilə yaxın düşmən tapdağında olan torpaqları azad etmək hər bir azərbaycanlının ən vacib arzusu və diləyi idi. Sevindirici haldır ki, artıq həmin şəhər və rayonlarımızda polis əməkdaşları illərdir həsrətində olduqları ərazilərdə xidmət aparırlar. Bu gün əsasən məqsədlərindən biri vətəndaş məmnunluğunu təmin etmək olan Azərbaycan polisi cəmiyyətin hər bir üzvünün güvənc yeri, əminliklə kürəyini söykədiyi bir dayaqdır. Azərbaycan polisi Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında ölkənin tərəqqisinə, inkişafına layiqli töhfələr vermək üçün bu gün də yorulmadan, ayıq-sayıq dövlətə və dövlətçiliyə xidmət edir", - videoçarxda bildirilib.