Bir adam düşünün ki, əmək fəaliyyətinə çobanlıqla, arı saxlamaqla başlasın, amma 5-6 il aradan sonra beynəlxalq miqyasda tanınan, milyardlarla dollar dövriyyəsi olan bankın, şirkətlərin sahibi olsun.Bu, qazax-nayman xalqının oğlu Marqulan Kaliyeviç Seysembaydır. O, ictimai xadim və iş adamıdır, 100-dən çox şirkətin səhmdarı (31 dekabr 2009-cu ilə qədər), Qazaxıstan Respublikası Şahmat Federasiyasının prezidenti (2007-2009) olub. Xeyriyyəçidir.
Marqulan Seysembay 2 noyabr 1966-cı ildə Qazaxıstanın Cezkazqan şəhərində anadan olub. Uşaqlığını və gəncliyini Cezkazqan vilayətinin Ulutau rayonunda keçirib. Nayman tayfasının Bağanalı soyundandır. Seysembayın atası aqronom işləyib, ailə Cezkazqan vilayətində bir sovxozdan digərinə köçüb. Məktəbi bitirdikdən sonra o, iki il Sarı Kengir sovxozunda çoban, həmçinin Cezkazqan vilayətinin Ulutau rayonunun Amangəldı sovxozunda arıçı işləyib.
Ancaq Marqulan ömrünü çoban və ya arıçı kimi başa vurmaq istəməyib, 21 yaşında o, Qazaxıstan Dövlət Universitetinə daxil olub, hüquqşünas ixtisasına yiyələnib. Seysembay küləyin hansı istiqamətdən əsdiyini vaxtında bilərək, müstəqil şəkildə ingilis dilini öyrənib, qazax dilindən ingilis dilinə və əksinə tərcüməçi kimi fəaliyyət göstərib. Onun erudisiyasının və iti zəkasının parlaq nümunəsi kimi 1991-ci ildə eksternat tələbə olaraq 4-cü və 5-ci kursları bir ildə keçməsini və universiteti vaxtından əvvəl qırmızı diplomla bitirməsini göstərmək olar.
Məzun olduqdan sonra Marqulan Seysembay özünü ticarət və biznes sahəsində sınamağa qərar verib. Bu, o vaxtlar idi ki, artıq SSRİ dağılır, sosialst iqtisadiyyatının yerini bazar iqtisadiyyatı, başqa sözlə, “başlı başını saxlasın” dönəmi alırdı. Seysembay öz başını saxlamağın yolunu Qazaxıstan buğdasının MDB ölkələrinə ixracı ilə məşğul olan “Seimar Commerce” adlı özəl ticarət firmasını açaraq tapıb. .
Daha sonra onun iş həyatı aşağıdakı mərhələlərdən keçib:
1992 -ci ildə "Seymar" konserni yaradıb;
1995-1997-ci illərdə bütün Qazaxıstanda quşçuluq təsərrüfatlarının alınmasına başlayıb və 1998-ci ildə Almatıkus şirkəti təsis edərək, qardaşı Əsgəri direktor təyin edib;
2000-2001 –ci illərdə “Seymar ASC-nin direktorlar şurasının sədri, sonra orezidenti olub;
2001-ci ildə regional İrtışbusinessbank-ın alıb və “Alliance Bank” adlandırıb;
2002-ci ildə Qazaxıstanın iki mobil operatorundan biri olan “Kartel”i 12 milyon dollara alıb;
2003-cü ildən “Rays Qazaxıstan” ASC-nin təsisçisi və səhmdarı, direktorlar şurasının sədri olub;
2003-2005 - "Alel Aqro" ASC-nin təsisçisi və səhmdarı, direktorlar şurasının sədri olub;
3 oktyabr 2003-2004-cü illərdə “Qazaxıstan Kagazy” SC-nin təsisçisi, səhmdarı, direktorlar şurasının üzvü olub;
2004-cü ildə "Kartel" mobil şirkətinin Rusiyanın "Vympelcom" şirkətinə 425 milyon ABŞ dollarına satıb;
2004-cü ildə Qırğızıstanın “Bitel” mobil operatorunda pay alıb;
2005-ci ildə “Bitel” mobil operatorundakı payını Rusiyanın MTS şirkətinə 320 milyon ABŞ dollara satıb;
17 iyul 2007-ci ildə “Alliance Bank” ASC London Fond Birjasında, LSE-də IPO-ya (İlkin İctimai Təklif) daxil olub. “Aliance Bank”-nin yerləşdirmə nəticələrinə görə dəyəri 4 milyard ABŞ dolları təşkil edib;
IPO nəticəsində “Seimar Alliance Financial Corporation Alliance Bank” ASC-də 17% paya görə 720 milyon dollar qazanıb;
2007-ci ilin yekunlarına əsasən, “Alliance Bank”ın səhmdar kapitalı 1 milyard 350 milyon ABŞ dolları təşkil edib;
2007-ci ildə “Seimar Alliance” Maliyyə Korporasiyası ASC-nin nizamnamə kapitalı 1 milyard 850 milyon ABŞ dollarına çatıb;
2 fevral 2009-cu ildə “Alliance Bank “ASC-nin nəzarət paketi “Samruk-Kazyna”nın etibarlı idarəçiliyinə verilib;
20 iyun 2009-cu idı M.Seysembay Qazaxıstanı tərk edib;
2 iyul 2009-cu ildə Lixtenşteynin dövlət ittihamçısı üçüncü şəxslərin tələbi ilə “Alliance Bank” ASC-yə qarşı mənimsəmə və çirkli pulların yuyulması ittihamı ilə cinayət işi açıb;
17 avqust 2010-cu ildə Lixtenşteyn knyazlığının rayon məhkəməsi Marqulan Seysembayın haqqında aparılan istintaqa qədərki yoxlamaya xitam verib;
15 oktyabr 2010-cu ildə Seysembay könüllü olaraq İnterpolun Dubay şöbəsinə təslim olub;
20 oktyabr 2010-cu ildə Dubayın dövlət prokuroru Seysembayın hərəkətlərində cinayət əməlinin olmadığını bəyan edib və onu azadlığa buraxıb;
26 oktyabr 2010-cu ildə Marqulan Seysembay istintaqa kömək etmək və istintaq fəaliyyətlərində iştirak etmək üçün könüllü olaraq Qazaxıstana qayıdıb;
8 yanvar 2011-ci ildə Seysembaya və Alliance Bank ASC-nin keçmiş top-menecerlərinə qarşı iş Almatı şəhərinin Medeuski rayon məhkəməsinə verilib;
5 aprel 2011-ci ildə İngiltərə Ali Məhkəməsi Seysembayın, qardaşlarının və onlara məxsus olan bankın bütün aktivlərinin dondurulması barədə qərar çıxarıb;
8 iyul 2011-ci ildə açıq məhkəmədə altı aylıq məhkəmə prosesindən sonra Medeuski məhkəməsi Seysembaya bəraət verib. Bununla belə məhkəmə ona 2 il müddətinə bank sektorunda rəhbər vəzifə tutma qadağası və "Alliance Bank" ASC-nin xeyrinə 192 milyard tenge ödəmək şərti ilə iki il müddətinə azadlıqdan məhrum edib;
15 sentyabr 2011-ci ildə Almatı Apellyasiya Məhkəməsi rayon məhkəməsinin "Alliance Bank" ASC-yə 192 milyard təngənin ödənilməsi ilə bağlı hökmünü ləğv edib;
14 dekabr 2011-ci ildə İngiltərə Ali Məhkəməsi Seysembayın, onun qardaşlarının və bankın keçmiş top menecmentinin lehinə qərar çıxarıb;
12 dekabr 2012-ci ildə Marqulan Seysembay İngiltərədəki Apellyasiya Məhkəməsində “Alliance Bank”a qalib gəlib;
Başı biznes qalmaqallarından, məhkəmə çəkişmələri və təqibindən açılan Seysembay böyük xeyriyyəçi kimi tanınır, bir sıra təşkilatların qəyyumlar şurasının sədiridr.
2018-ci ildə o, Sankt-Peterburq işində dindirilməyə çağırılanda yenidən Qazaxıstanı tərk edib.
Seysembay bir zamanlar Ukraynada dövlət vəzifəsi tutan Mixail Saakaşvilinin islahatçı komandası ilə yaxınlaşıb. 2020-ci ildə o, Ukrayna prezidenti Vladimir Zelenski ilə görüşüb və Ukraynaya kömək edəcəyini bildirib.
Hazırda o, Bakıdadır, internet resirslarından yaydığı videoda bildirir ki, Bakıda oteldə qalır. Bakını gözəl şəhər adlandıran M.Seysembay küçələrin təmiz, geniş, səliqəli olduğunu qeyd edir.
Araz Altaylı, Musavat.com