“Kristal Abşeron”u bir də belə tanıyaq – əyri bina, bataqlıqda tikinti və…
Azərbaycanda tikinti şirkətləri hər zaman öz maraqlarını prioritet tutur. Vətəndaş məmnuniyyəti, alıcının hüquqları, müştərinin arzu-istəkləri sonranın işidir. Bura tikintinin keyfiyyəti, mənzillərin bölgüsü, alqı-satqı müqaviləsində üstünlüyün şirkətə verilməsi daxildir. Misal üçün “Kristal Abşeron” şirkəti bu cəhətdən çox tanışdır. Devalvasiya nəticəsində yüzlərlə ailə zərərə salındı. Niyə?Çünki şirkətin hüquqşünası “Kristal Abşeron”un maraqlarını əhəmiyyətli hesab edərək ödənişləri dollar ekvivalenti ilə olmasını müqaviləyə əlavə etmişdi. Mənzil alarkən sevincli olan çox ailələr heç müqavilənin bəndlərinə normal diqqət yetirməmişdilər, bundan sui-istifadə edən firma əksəriyyəti müflis etdi. Devalvasiya nəticəsində dollar bahalaşdı və bir çox ailələr evlərini dəyər-dəyməz qiymətinə satmalı oldular. Çünki ödəniş etmək mümkün deyildi. Məsələn, ikiotaqlı mənzil 60-70 minə başa gələcəkdisə, dollar bahalaşanda bu məbləğ gəlib 120-140 civarında oldu. Yəni “Kristal Abşeron” ölkənin milli valyutası olduğu halda, qanunsuz şəkildə dollarla ödəniş tələbi qoymaqla yüzlərlə ailənin həyatını puç etdi. Onların arasında mənzilini su qiymətinə satıb köhnə həyət evlərinə köçməyə məcbur qalanlar belə var. Əlbəttə, rəsmi izah, oluna bilər ki, o zaman müqavilə şərtləri belə idi, amma söhbət ondan gedir ki, yuxarıda qeyd etdiyimiz kimi – “Kristal Abşeron” və onun müftəxor hüquqşünası müqavilənin şərtlərini işləyərkən öz maraqlarını üstün tutub, nəinki vətəndaşların. Bu da azmış kimi, son illərdə də şirkətin tikdiyi binalardan az şikayət olmayıb. Anaxeber.info mediada yayılan məlumatlara istinadla bildirir ki, “Kristal Abşeron” şirkəti daha yüzlərlə sakini bataqlığa qərq etməyə hazırlaşır. Bundan əvvəl “Qobu Park 2” layihəsində əyri bina tikib vətəndaşların həyatını təhlükəyə atan tikinti firması indi də Yasamal rayonu ərazisində, MiDA evlərinin yaxınlığında bataqlığı qurudub yeni binalar inşa etməyə başlayır. Halbuki Azərbaycan bu ilin payızında möhtəşəm COP29 tədbiri həyata keçirməklə bütün dünyaya yaşıl enerji, yaşıl layihə mesajlarını verəcək. Amma “Kristal Abşeron” üçün ölkə rəhbərliyinin hazırlaşdığı beynəlxalq layihə COP29 tədbirinin təşkilinə heç bir məhəl qoyulmadan, bataqlıq bir ərazidə minlərlə vətəndaşın od qiymətinə, yüksək faizlərlə alacağı mənzillərin tikintisi üçün yeni binalar inşa olunmaqdadır. KİV-də gedən xəbərlərə görə, bu ərazidə tikinti işlərinin aparılması ciddi müzakirələrə səbəb olub. Ekspertlər, müxtəlif tikinti mütəxəssisləri, eləcə də ayrı-ayrı sosial media fəalları sual edirlər ki, belə bir bataqlıq ərazinin qurudulub yerində mənzillər, binalar inşa edilməsi nə dərəcədə tikinti normativlərinə uyğundur. Amma “Kristal Abşeron” şirkəti izahat vermir və öz işinin başındadır. Şirkət artıq işlərə start da verib. Gecə-gündüz bilmədən ərazidə iş aparılır ki, bataqlıq tez qurudulsun. Əraziyə torpaq daşınır, bataqlıq doldurulur. Bataqlıq doldurulduqdan sonra ərazidə hündürmərtəbəli binaların inşasına başlanılacaq. Artıq təxmin etmək olur ki, bataqlıq üzərində tikiləcək binada vəziyyət necə olacaq. “Kristal Abşeron”un indiyə qədər inşa etdiyi digər bütün binalarda sakinlərin ən çox şikayəti həmişə mənzillərin nəm olması, divarların kif olması ilə bağlı olub. Bataqlıq üzərində inşa ediləcək binadakı mənzillərdə indidən vəziyyəti təsəvvür etmək mümkündür. Axı əyri bina tikmiş şirkətdən nə gözləmək olar ki?! Başqa bir fakt – “Kristal Abşeron” tikinti şirkəti reklamlarından biri ilə özünü biabır edib. Şirkət reklamda yeni tikilməkdə olan evlərdə səs keçirməyən materiallardan istifadə etdiyini bildirir. Ancaq həm də etiraf edir ki, bu günə qədər tikdiyi binalarda bu qayda qorunmayıb, divarlar səs keçirir, qonşunun adi danışığı da digər evdə aydın duyulur. Bundan əlavə, bu ilin yanvarında Sumqayıt şəhəri, 10-cu mikrorayonda “Kristal Abşeron” yaşayış kompleksində çəkilən görüntülərdən mənzillərin necə keyfiyyətsiz tikildiyi, bir müddətdən sonra yararsız hala düşdüyü məlum olur. Belə ki, tikinti zamanı kafel-metlaxın ara məsafəsi boş saxlanılıb, izolizasiyası olunmayıb. Bu da mənzillərə su sızmasına, rütubətə səbəb olub. Nəticədə divarda nəmişlik yaranıb, divar kağızları sıradan çıxıb. Qeyd olunur ki, binadakı bir neçə mənzilə baxış keçirilib, hamısında eyni mənzərə ilə qarşılaşılıb. Kristal Abşeron” tikinti şirkəti indi də “Park Yasamal” layihəsini bəh-bəhlə reklam etdirir. Ölkə KİV-lərində layihənin piarı elə aparılır ki, bilməyənlər yaponların, yaxud almanların proyekti kimi qəbul edəcək. Amma şirkətin sosial media səhifəsində paylaşımlarına verilən reaksiyalardan, yazılan şərhlərdən görünür ki, vətəndaşlarımız heç də avam deyil. Xatırladaq ki, Kristal Abşeron” tikinti şirkətinin Lökbatan ərazisində inşa etdiyi “Qobu Park-2” yaşayış kompleksində 17-ci bina əyilib, çoxmərtəbəli binanın uçmaq təhlükəsi yaranmışdı. Millət vəkili Tahir Rzayev də aşma təhlükəsi ilə üz-üzə olan binanın sakinlərinin köçürülməsini tələb etmişdi. Deputat bildirmişdi ki, baş verəcək istənilən faciənin məsuliyyəti tikinti şirkətinin boynundadır. Həmçinin, şirkət feysbuk səhifəsində reklama çıxardığı elanda “Əcəmi 3 layihəsi”ndə 3 otaqlı 75.2 kv.m mənzili ilkin ödəniş 27824 AZN, 20 illik aylıq ödənişi 1074 AZN-ə təklif edir. Bu isə ümumilikdə 285 min manatdan artıq edir. Şirkətin təklif etdiyi bu qiymətlərə isə vətəndaşlar haqlı olaraq etiraz edirlər. Gülər Nəsibli adlı vətəndaş “Kristal Abşeron”-un qiymət təklifinə cavab olaraq yazır: “70 kv.m lik mənzilin 1 kv.m qiyməti təqribən 4000 manata başa gəlir, özü də Əcəmidə. Şəhərin mərkəzində Dəniz panaramalı mənzilin qiymətindən də baha. Bu qədər fantastik rəqəmlərin səbəbini necə izah edə bilərsiniz?” Qeyd edək ki, yerli mediada yazılanlara görə “Kristal Abşeron” şirkəti Milli Məclisin deputatı Ağalar Vəliyevə məxsusdur. Ağalar Vəliyev eyni zamanda “Azəraqrartikinti” Açıq Səhmdar Cəmiyyətinin Müşahidə Şurasının sədridir.