Naqif Həmzəyev: “İnanıram ki, bu qurum gənc nəslin vətənprəvərlik tərbyəsinə bundan sonra da böyük töhfələr verəcək”
44 günlük Vətən müharibəsində ordumuzun bütün kontingenti kimi hərbi həkimlərimizin də cəsarətlə iştirak etdiyi, 8 Noyabr zəfərinə böyük töhfələr verdiyi şübhəsizdir. Məhz bu səbəbdən də bütün şəhidlərimiz kimi şəhid həkimlərimizin də cəmiyyətə tanıdılması, onların xatirəsinin əbədiləşdirilməsi bir zərurət olaraq meydana çıxmaqdadır.
Qürurvericidir ki, bu məsələdə Prezident Administrasiyası, Müdafiə Nazirliyi, yerli icra hakimiyyəti orqanları ilə yanaşı, digər dövlət qurumları da aktiv şəkildə iştirak edir ki, bunlardan biri də Sumqayıt Tibb Mərkəzidir. Qeyd edək ki, Vətən müharibəsində şəhid olan hərbi həkimlərin ictimaiyyətə tanıdılması, onların qəhrəmanlığının təbliği istiqamətində sistemli addımlar atan Sumqayıt Tibb Mərkəzində cari ilin aprel ayında şəhid hərbi həkim Eldar Abdullayevlə bağlı bədii-sənədli filmin təqdimatı keçirilmiş, film cəmiyyət tərəfindən böyük maraqla qarşılanmışdır.
Ümumiyyətlə, Elnur Azadxanovun Sumqayıt Tibb Mərkəzinin direktoru vəzifəsinə təyinatından sonra adıçəkilən qurumun fəaliyyətində ciddi dəyişikliklər, müsbət dinamika müşahidə edilməkdədir. Tibb müəssisələrinin işinin daha optimal şəkildə qurulması, vətəndaş məmnunluğunun təmin edilməsi istiqamətincə ardıcıl tədbirlərin görülməsi, müəssisələrin fəaliyyətində şəffaflığın artırılması, müasir tibbi texnologiyaların tətbiqi Elnur Azadxanovun adı ilə bağlıdır. Peşəkar həkimlərin Sumqayıt Tibb Mərkəzinin tabeçiliyindəki müəssisələrə cəlb edilməsi də yeni rəhbərliyin sözügedən qurumun həyatına gətirdiyi mühüm yeniliklərdəndir.
Veteran.gov.az-a açıqlama verən millət vəkili Naqif Həmzəyev, Sumqayıt Tibb Mərkəzinin şəhid hərbi həkimlərin xatirəsinin əbədiləşdirilməsi, onların tanıdılması istiqamətində atdığı adımların mənəvi-tarixi əhəmiyyətindən danışıb:
“Şəhidlərimizin xatirəsinin əbədiləşdirilməsi dövlətimizin qarşısında duran ən vacib məsələlərdən biridir. Həm Prezident İlham Əliyev, həm də Birinci vitse-prezident Mehriban xanım Əliyeva bu prosesi diqqətdə saxlayır, şəhdilərimizin xatirəsinin əbədiləşdirilməsi istiqamətində mühüm addımlar atır. Dövlətimiz şəhid adlarını əbəədiləşdirməklə yanaşı, onların ailələrinin sosial problemlərinin həll edilməsi, şəhid övladlarının hərtərəfli himayə olunması və s. kimi məsələlərlə bağlı da qətiyyətli siyasət yürüdür. Şübhəsiz, bu siyasət bundan sonra da davam edəcək. Çünki şəhidlərimiz elə bir fədakarlıq göstərib ki, heç nə bu fədakarlıqla müqayisə oluna bilməz.
44 günlük Vətən müharibəsində bizim həkimlərimiz, eləcə də hərbi həkimlərimiz cəsarətlə iştirak etdi, qələbəmizə böyük töhfələr verdi. Həkimlərimiz öz həyatlarını təhlükə altına qoyaraq öz hərbçi yoldaşlarının, döyüş yoldaşlarının həyatını xilas etdilər.
Mənfur düşmən müharibə zamanı hərbi konvensiyalara zidd olaraq tibbi maşınları da atəşə tuturdu. Ancaq buna baxmayaraq, həkimlərimiz müharibənin ən qızğın nöqtələrində fəaliyyət göstərmiş, öz müqəddəs missiyalarını əzmlə yerinə yetirmişdilər. Odur ki, bütün şəhidlərimiz kimi həkim şəhidlərimizin də xatirəsinin əbədiləşdirilməsi olduqca vacib və əhəmiyyətlidir. Bu mənada Sumqayıt Tibb Mərkəzinin şəhid həkimlərlə bağlı layihələri, onların xatirəsinin əbədiləşdiirlməsi, qəhrəmanlıqarının təbliği ilə bağlı atdığı addımlar son dərəcə önəmlidir. Bu addımlardan biri kimi Sumqayıt Tibb Mərkəzinin təşəbbüsü və dəstəyilə çəkilmiş, Vətən müharibəsi şəhidi, hərbi tibb qulluqçusu Eldar Abdullayevə həsr olunmuş “Şəhidlər evə qayıdır” qısametrajlı bədii-sənədli filmini göstərmək olar. Bu filmdə şəhid Eldar Abdullayevin həyat və döyüş yoluna nəzər salınıb, onun qəhrəmanlıqları, vətən uğrunda sərgilədiyi fədakarlıqlar yüksək peşəkarlıqla öz əksini tapıb. Sumqayıt Tibb Mərkəzinin şəhid həkimlərimizin cəmiyyətə tanıdılması, onların qəhrəmanlığının təbliğ edilməsi, xatirəsinin əbədiləşdirilməsi istiqamətində addımları təqdirəlayiqdir və şəxsən mən bu fəaliyyəti alqışlayıram.
Onu da qeyd etməliyəm ki, tanınmış jurnalist Ramil Zeynallının rəhbərlik etdiyi Sumqayıt Tibb Mərkəzinin İctimaiyyətlə əlaqələr bölməsi bu sahədə xüsusi ciddi aktivlik sərgiləyir, Mərkəzin fəaliyyətinin təkib hissəsi kimi şəhid həkimlərimiz xatirəsinin əbədiləşdirilməsi, onların cəmiyyətə tanıdılması istiqamətindəki yenilikləri cəmiyyətə çevik şəkildə çatdırır. Sumqayıt Tibb Mərkəzinin Mərkəz İctimaiyyətlə əlaqələr bölməsi həm media, həm də sosial şəbəkələr üzərindən geniş iş aparır, Sumqayıt Tibb Mərkəzinin həyata keçirdiyi hər bir yenilik kimi şəhidlərimizin xatirəsinin əbədiləşdirilməsi istiqamətindəki tədbirlər haqqında ictimaiyyəti operativ şəkildə məlumatlandırır.
İnanıram ki, başda hörmətli Elnur Azadxanov olmaqla Sumqayıt Tibb Mərkəzinin bütün dəyərli kolektivi bundan sonra da şəhidlərimizlə bağlı məlum fəaliyyəti uğurla davam etdirəcək, gənc nəslin vətənpərvərlik tərbiyəsinə yeni-yeni töhfələr verəcək”.