Sumqayıt Apellyasiya Məhkəməsində Xızıda AMEA-nın Dendrologiya İnstitutunun (Mərdəkan Dendrarisi) direktoru Tofiq Məmmədovun ölümü ilə nəticələnən yol qəzası törətməkdə təqsirləndirilən Ramil Hüseynovun barəsindəki hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.
Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Məhəmmədəli Rzayevin sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.
Qərara əsasən, şikayət təmin edilməyib.
İttihama görə, hadisə 19 may 2022-ci il tarixdə, saat 08:50 radələrində Xızı-Giləzi yolunun 24-cü kilometrliyində Xızı rayonunun Təzəkənd kəndindən keçən hissəsində qeydə alınıb.
Belə ki, DİN-in Baş Mühafizə İdarəsinin Siyəzən Regional Şöbəsinin əməkdaşı, polis baş serjantı, 1987-ci il təvəllüdlü Ramil Hüseynovun idarə etdiyi "Daewoo Nexia" markalı avtomobillə Sahib Eyvazovun sürdüyü “VAZ-2121-Niva” toqquşub. Nəticədə S.Eyvazovun sükanı arxasında olduğu avtomobil zərbənin təsirindən idarəetmədən çıxıb və yolun kənarına doğru hərəkət edərək piyada, 1957-ci il təvəllüdlü Məmmədov Tofiq Sadıq oğluna çırpılıb. Baş nahiyəsindən ağır xəsarət alan Tofiq Məmmədov hadisə yerində vəfat edib.
Məlumata görə, hadisə polis baş serjantının istirahətdə olduğu vaxt baş verib.
Faktla bağlı cinayət işi açılıb və materialları Xızı Rayon Prokurorluğuna göndərilib.
Xızı Rayon Məhkəməsinin hökmü ilə o, 5 il müddətinə azadlıqdan məhrum edilib. Barəsində seçilmiş başqa yerə getməmək barədə iltizam növündə qətimkan tədbiri dəyişdirilib və onun barəsində həbs növündə qətimkan tədbiri seçilərək məhkəmə iclas zalından həbs olunub. Cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməklə, cəzaçəkmə müddətinin əvvəli 24 may 2023-cü il tarixdən hesablanıb. Hökmdən narazı qalan dövlət ittihamçısı apellyasiya protesti verib, təqsirləndirilən şəxs və zərərçəkmişin hüquqi varisi apellyasiya şikayəti verib. Sumqayıt Apellyasiya Məhkəməsi isə təmin etməyib. Daha sonra onlar Ali Məhkəməyə müraciət edib. Qərara əsasən, kassasiya şikayəti təmin edilməyib, kassasiya protesti və zərərçəkmiş şəxsin hüquqi varisinin kassasiya şikayəti təmin olunub. Sumqayıt Apellyasiya Məhkəməsinin çıxardığı qərar ləğv edilib, cinayət işi həmin məhkəmədə yeni apellyasiya baxışına təyin olunub.
Qeyd: Tofiq Məmmədov 1986-cı ildə AMEA-nın Botanika İnstitutunda direktor müavini vəzifəsinə işə qəbul olunub, 1996-cı ildən isə Dendrologiya İnstitutuna direktor təyin edilib. O, 2015-ci ildə Prezident İlham Əliyevin sərəncamı ilə “Şöhrət Ordeni”nə layiq görülüb.